• cümə, 26 Aprel, 06:20
  • Baku Bakı 12°C

“Bakı“nın baş məşqçisi: “Əsas diqqətimizi Çempionlar Liqasına yönəldəcəyik“

04.10.13 13:59 1197
“Bakı“nın baş məşqçisi: “Əsas diqqətimizi Çempionlar Liqasına yönəldəcəyik“
“Azəryol” voleybol klubunun braziliyalı baş məşqçisi Ancelo Vercesinin apasport.az saytına müsahibəsi
- Yeni mövsümə hazırlıq necə gedir? Türkiyədəki təlim-məşq toplanışını necə dəyərləndirirsiz?

- İstanbulda 4 yoxlama matçı keçirdik. Bu oyunların nəticələri bizim üçün o qədər də vacib deyil. Biz fiziki, texniki və taktiki hazırlıqla bağlı çox faydalı proseslər keçdik. Bütün oyunçularımızı müxtəlif zonalarda sınamaq imkanlarımız oldu.
- Komanda nə dərəcədə formalaşıb?

- Voleybolçular və bütün əməkdaşlar arasında vahid ailə yarada bilmişik. Mən klubumuzdakı inkişafdan çox razıyam. Lakin hələ də istədiyimiz səviyyəyə çatmamışıq. Komandamızda yaxşı oyunçular və səviyyəli legionerlər var.
- Yeni formalaşdırdığınız kollektivlə hədəflərinizə çatmaq nə dərəcədə realdır?

- Məqsədlərimiz həmişə olduğu kimi eynidir. Çıxış edəcəyimiz turnirlərin qalibi olmaq istəyirik. Fikrimcə, bunları reallaşdıracağıq.
- Son transferlərinizdən Almaniya millisinin kapitanı Marqareta Kozuxun zədəli olması və hazırlıqlarda iştirak etməməsi komanda yoldaşlarına uyğunlaşmasına necə təsir edəcək?

- Düzdür, o, Avropa çempionatının yarımfinalında sağ əlinin barmağını sındırdığından bir neçə həftə hazırlıqlardan kənar qalıb. Lakin artıq almaniyalı da məşqlərə qoşulacaq. O, daha çox fiziki və topla hazırlıqlara diqqət yetirəcək.
- Transferlərinizi artıq tam yekunlaşdırmısınızmı? Komandanın dominikalı yeni transferi Anneris Varqas düşərgənizə nə vaxt gəlir?

- Varqas bu həftəsonu Bakıya gələcək və növbəti təlim-məşq toplanışında bizlə olacaq.
- Bəs amerikalı ulduz Tom Loqan bərədə nə deyə bilərsiz? Bəzi mənbələr onun son anda “Azəryol”da oynamayacağını bildirirlər...

- Xeyr, Loqanla müqavilə bağlamışıq və həqiqətən, “Azəryol”da çıxış edəcək.
- Vaxtilə ölkəmizdə “Bakı”nı çalışdırmısız. Bu komandanı indiki klubunuzla müqayisə edə bilərsizmi?

- “Bakı”nın baş məşqçisi olmağım mənim üçün yaxşı təcrübə idi. Komandam yaxşı mövsüm keçirdi. Klub rəhbərliyi mənim üçün cür şərait yaratmışdı ki, komandada iş yaxşı getsin. Bunun nəticəsində də mövsümi uğurlu başa vurduq.
- Bəs yeni komandanız...

- “Azəryol” çox yaxşı struktura malik güclü bir komandadır. Orada qalib gəlmək üçün işləmək lazımdır. Mən “Azəryol” kimi komandadan təklif aldığım və burada çalışacağım üçün fəxr edirəm. Biz indi planlaşdırırıq ki, qarşıdakı mövsümü uğurla başa vuraq. Əlbəttə, bu, asan olmayacaq. Mənim iş sistemim bir az fərqlidir. Bu, oyunçular üçün bir yenilikdir. Deməzdim ki, sistemim başqa məşqçilərin iş prosesindən yaxşı və ya pisdir. Sadəcə, tam fərqlidir. Bu üzdən də voleybolçulara mənim oyun fəlsəfəmi tam qavramaq üçün müəyyən qədər vaxt lazımdır. Ümumilikdə, biz düzgün yoldayıq.
- Yeni mövsümdən nə gözləyirsiz? Super Liqa heç də asan olmayacaq. Həmçinin Çempionlar Liqasında “Qalatasaray”, “Konegliano” və “Yamamay”la eyni qrupda yer almısız. Rəqiblərinizi necə dəyərləndirərdiz?

- Biz əsas diqqətimizi Çempionlar Liqasında yönəldəcəyik. Güclü qrupda yer aldığımız söyləyə bilərəm. Hər klub qalib gəlib, qrupu birinci pillədə də başa vura və ya uduzub sonuncu da ola bilər. Əlbəttə, qrupumuzda “Qalatasaray” favoriti sayılır. Çünki onlar mövsümlərarası fasilədə transferlərə böyük pullar xərcləyib, heyətə yeni voleybolçular cəlb ediblər.
- Bəs komandanızın belə güclü rəqiblərin olduğu qrupda nəyə ümid edəcəyini demədiz...

- Mən, həqiqətən, ümid edirəm ki, biz də oyunumuzu artırıb, yeni mövsümdə yaxşı nəticələr əldə edə bilərik. Həm də “Azəryol” azarkeşləri və Azərbaycan xalqının dəstəyinə inanıram. Onlar da komandamıza kömək etməlidir ki, əla mövsüm keçirək.
banner

Oxşar Xəbərlər