• cümə, 29 Mart, 06:19
  • Baku Bakı 5°C

“Bakıdan gələn hər kəs mütləq dolma və paxlava gətirir” - Xaricdə təhsil

17.01.20 15:04 6159
“Bakıdan gələn hər kəs mütləq dolma və paxlava gətirir” - Xaricdə təhsil
Türkan Yarıyeva: İnsan öz ailəsindən dəstək gördükdə, bütün qapılar üzünə açıq olur
Müsahibimiz Macarıstanda təhsili alan həmyerlimiz Türkan Yarıyevadır. 1996-cı ildə anadan olub. Deyir ki, uşaqlıqdan çalışqanlığı ilə həmyaşıdlarından seçilib.

Olimpiadalarda iştirak edən, aktiv şagird olub: "Hər zaman texniki fənlərə daha çox marağım olub. Ən sevdiyim fənlər riyaziyyat, kimya, fizika idi. Qəbul imtahanlarında riyaziyyat sevgim qalib gəldi və ikinci ixtisas qrupu üzrə imtahan verdim. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetin maliyyə fakültəsi üzrə aldım. SABAH qruplarında oxuyurdum və SABAH-ın ilk maliyyə məzunlarındanam. Magistr təhsilimi isə Təhsil Nazirliyinin xaricdə təhsil proqram çərçivəsində Macarıstanda Szent İstvan Universitetində davam etdirdim”.
"Çünki bizim məqsədimiz var idi”
Türkan deyir ki, onu xaricdə təhsil almağa SABAH qruplarındakı müəllimləri ruhlandırıb: "Məktəbdə təhsil alarkən xaricdə oxuyacağımı düşünmürdüm. Bakalavr təhsilindən sonra qrup yoldaşlarımızla xaricdə təhsil almağa qərar verdik. Müəllimlərimizin əksəriyyəti cavan kadrlar idi. Onların məsləhətləri bu idi ki, əgər siz magistratura təhsili almaq istəyirsinizsə, mütləq xarici təhsili üstün tutun. Çünki onlar da xaricdə təhsil alan müəllimlər idi və təcrübələri çox idi. Aramızda 4-5 yaş fərq olmasına baxmayaraq, istər öz işləri, istərsə də savadları ilə doğrudan da örnək olacaq müəllimlər idilər. Bunlar mənə motivasiya verirdi. Mən də ikinci kursdan başlayaraq dil kurslarına gedirdim. Dərslərimizdə də daim ballarımızı yüksək tutmağa çalışırdıq. Çünki bizim məqsədimiz var idi”.

"Atam sevincindən sükanı necə tutacağını bilmirdi”
Türkan artıq 2-ci kursdan işləməyə başlayıb. Deyir ki, əslində, maaşı və karyerası xaricə getməyə bəs eləməsə belə, qənaətbəxş olub. Amma iş onu məqsədindən yayındıra bilməyib: "Qrupumuzda işləyən tək mən deyildim. Qrup yoldaşlarımın əksəriyyəti həm oxuyub, həm işləyirdi. Bu iş isə məni həvəsləndirmək əvəzinə, əks təsir göstərdi. Fikirləşdim ki, xaricdə təhsil alıb gəlsəm, daha yaxşı işdə işləyərəm. Əslində, belə də oldu. Macarıstanda universitetə qəbul olduğumu eşidəndə, atamla maşında idik, atam sevincindən sükanı necə tutacağını bilmirdi (gülür - A.Ə). İnsanın ailəsi ona dəstək olduqdan sonra bütün qapılar üzünə açıq olur”.
"Valideynlərimə "şir ürəyi yeyənlər” kimi baxırdılar”
Türkan əvvəlcə, ailəsinin ona xaricdə tək təhsil almağa icazə verməyəcəyini düşünüb. Nəsildə, kökdə xaricdə təhsil alan olmadığı üçün bu arzu əvvəlcə onun üçün imkansız görünüb: "Birinci kursda oxuyanda, bu fikir mənə uzaq gəlirdi. Əmin idim ki, ailəm "yox” deyəcək. Düşünürdüm ki, atam, qardaşım nə deyər? Bizim nəsil çox böyük nəsildir və xaricdə gedib təhsil alan kimsə yox idi ki, nümunə kimi göstərim. Universiteti bitirəndə, hamı sual verirdi ki, magistraturaya sənədlərini verəcəksən? Həmişə cavab verirdim ki, mən magistr təhsilimi xaricdə alacağam. Bunu atamın da, qardaşımın da yanında deyirdim. Heç vaxt mənə "yox” demirdilər və həmişə də kurslara getməyimə pul verirdilər. Amma "get” də demirdilər. İELTS imtahanlarına hazırlaşırdım. İşə qəbul olunmağımda kömək oldu. Atam o imtahana da hazırlaşmağıma icazə verirdi. Atam fikirləşirdi ki, xaricə qoymasam da, oxusun da. Oxumağın pis heç nəyi yoxdur, başını başqa şeylərlə qatmaqdansa, dərsləri ilə məşğul olsun. Yenə də heç kim düşünmürdü ki, mən xaricdə qəbul oluna bilərəm. Ehtimalları çox az idi. Onlardan heç vaxt "hə” cavabını gözləmirdim. Çox qəribə oldu. Sənədlərimi verib gəldim və ailəmi məlumatlandırdım. Dedilər ki, heç nə olmaz, yaxşı etmisən. Sonra müsahibəyə getdim, gəlib dedim ki, müsahibəyə də getdim. Dedilər ki, yaxşı etmisən. Sonra müsahibələrdən keçmişdim, amma universitetlərdən qəbul cavabını almamışdım, onda mənə dedilər ki, getməyinə razı deyilik. "Necə olacaq” deyə narahatlıqları var idi. Universitetə qəbul oldum, həmin müddət Macarıstanın Azərbaycandakı səfirliyi işləmədi. O vaxt mən çox pis oldum ki, hamı qəbul oldu, dostlarım gedir, mən isə gedə bilmirəm. Atam gördü ki, çox pis olmuşam, mənimlə Gürcüstana getdi. O vaxt turizm mövsümü olduğundan, Gürcüstana da bilet tapmaq olmurdu. Qatarla Gürcüstana getdik. Oradan atam vizamı aldı. Geri, Bakıya qayıtdıq. Bizi əməlli-başlı yollarda süründürmüşdülər. O vaxt gördüm ki, ailə dəstəyi başqadır. Ailəmin dəstəyi olmasaydı, mən bu işin öhdəsindən gələ bilməzdim. Çünki nəslimizdə hələ bunu qavramamışdılar. Dayıma, bibimə deyəndə ki xaricə oxumağa gedirəm, deyirdilər ki, qız uşağının xaricə gedib orada iki il qalmağı düzgün deyil. Valideynlərimə "şir ürəyi yeyənlər” kimi baxırdılar. Evimiz daim qonaq-qaralı olurdu. Bir dəfə evimizdə yığıncaq idi. Mən də o vaxta kimi heç kimə açıqlamamışdım ki, gedirəm. Orda dedim ki, mən qəbul olmuşam, oxumağa gedirəm. Böyük dayım dedi ki, qızım, aslanın erkəyi-dişisi olmaz. Get, Allah yolunu açıq eləsin, alnıaçıq, üzüağ qayıt gəl, bu birilərə də yol aç. O söz mənim ailəmə motivasiya oldu. Atam da, anam da, qardaşım da həmişə deyirdilər ki, biz sənə güvənirik. İnsan ağıllı olduqdan sonra öhdəsindən gəlməyəcəyi heç nə yoxdur”.

"O təyyarədə həm sevincli olursan, həm də kədərli...”
Türkanın sözlərinə görə, ailəsindən heç vaxt ayrılmadığı üçün bir müddət xaricdə çətinlik çəkib: "Məncə, bu hiss bütün tələbələrdə var. Adam həmin ana kimi çalışır, düşünür ki, oraya böyük bir sevinc hissi ilə gedəcək. Amma sən ailəndən heç vaxt o qədər uzun müddətli ayrılmamısansa, aeroporta gedəndə insanın qəlbində çox qəribə bir içinə çökmə hissi olur. O təyyarədə həm sevincli olursan, həm də kədərli. Təyyarədən düşəndə özümə dedim ki, istədiyim bu idi. Daim ailə nəzarətində olan adam sanki birdən-birə güclənməyə başlayır. Elə bil bu hiss səndə hava limanında düşdüyün yerdən başlayır. Artıq hər şeyə fikir verməyə başlayırsan. Fikirləşirsən ki, bura məni udmasın, mən buranı udum, istədiyimi əldə edim və uğurlu olum. Beynində ancaq arzular, gələcəklə bağlı planlar yaranır. Hətta həmin gün artıq sabah nə edəcəyini düşünməyə başlayırsan. Səni əsas düşündürən özünə əhatə yığmaq, insanlarla necə yola getmək kimi fikirlərdir. Ora gedənə kimi şəkillərə baxırsan, amma ora çatdıqdan sonra ətraf mühit insanı daha çox maraqlandırır. Getdiyim gün qrup yoldaşlarımla görüşümüz oldu. Çox xoşuma gəldi. Hər şey gözlədiyim kimi idi. Biz bir-birimizə elə baxırdıq ki, iki il ərzində burada bizdən başqa kimsəmiz olmayacaq. Ancaq biz olacağıq və bir-birimizə dəstək olacağıq. Belə bir ab-hava var idi və bu mənim çox xoşuma gəlmişdi. Bütün uşaqlar yataqxanada qalırıq. Yataqxana dörd mərtəbəlidir, elə bil evimizdi, hamı bir-birinin otağına girib-çıxır. İlk təəssüratım çox yaxşı oldu. Öz-özümə "nə yaxşı ki, gəlmişəm” demişdim. Ən pis şey tək olmaqdır. Tək olmadığını bilirsənsə, onda hər şey daha rahat olur”.

"Orada sərbəstliyi, sözümü deyə bilməyi öyrəndim”
Macarıstanda təhsilin vəziyyətinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, təhsillə təcrübənin paralel olması ona öyrənmək üçün daha geniş imkanlar verib: "Onlar təcrübəni təhsilə uyğunlaşdıra bilən insanlardır. Oxuduğun kitabların nağıl olduğunu hiss etmirsən. Oxuduğunu həmin yerdə çalışan əməkdaşlar əyani izah edirlər. Müəllimləri çox sərbəstdirlər. Nə qədər çalışsaq da, bizim təhsil sistemimizdə bunu alındıra bilmirik. Təkcə universitetlərdən deyil, orta məktəblərdən başlamaq lazımdır ki, uşaqlar da bir az sərbəst olsunlar. Əgər sən orta məktəbdə müəllimindən çox qorxmusansa, universitetdə müəllimin nə qədər mülayim olsa da, ondan müəyyən qədər çəkinirsən. Bu həm də bir az mədəni dəyərlərdən də gələn məqamdır. Oradakı uşaqlarda həddən artıq sərbəstlik var idi, yaxşı mənada müəllimin üzünə nə lazımdısa, deyə bilirdilər. Məsələn, "mən filan şeyi bəyənmədim, bu dərsdə filan şey yox” idi. Bunun da qarşılığında müəllimdən sərt reaksiya görmürdülər. Hiss edirdin ki, müəllim dərsi motivasiya edən nələrsə axtarıb tapırdı və gələn dərsə kimi artıq bu problem olmurdu. Mənim bakalavrda müəllimlərimlə heç vaxt problemim olmayıb. Sadəcə, biz tələbə olaraq müəllimlərimizdən çəkinirdik. İçimizdə bir çəkinmə hissi var idi ki, o, xaricdə itdi. Orada sərbəstliyi, sözümü deyə bilməyi, auditoriyada öz sözünü insanlara qəbul etdirməyi öyrəndim”.
Türkan "xaricdə olarkən daha çox çox nə üçün darıxırsan” sualımıza belə cavab verdi: "Dolma üçün darıxırdım. Çünki orada üzüm yarpağı və qoyun əti tapmaq çətindir. Bakıdan gələn hər kəs mütləq dolma və paxlava ilə gəlir. Həmin gün qonaqlıq olur, bütün dostlar yığışıb bayram edirik”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər