Bakıda saç ustası ayda 4-5 min manat pul qazanır

Bakıda saç ustası ayda 4-5 min manat pul qazanır

Gənclik qəzeti
11 Fevral 2014, 13:20 14272
Saç ustası: “Bizim xanımların saçını 3 santimetr kəsmək üçün 6 ay dil tökməlisən”

Ölkəmizdə ali savadlı, diplomlu gənclərlə yanaşı, orta məktəbi, yaxud peşə məktəbini bitirib alın təri ilə özlərini, ailələrini dolandıran gənclərimiz az deyil. Düzdür, ölkəmizdə diplom, görüntü xatirinə məcburən övladlarının ali təhsil almasına çalışan xeyli valideyn var. Amma mütəxəssislərin də vurğuladığı kimi, oxumaq, təhsil almaq əsas deyil. Əsas olan öz işinin, peşəsinin bilicisi, peşəkarı olmaqdır. Peşəkarsansa, həmişə hər yerdə sənin üçün “yaşıl işıq” yanır.

Müsahibimiz Zahir də işinin ustasıdır. Kiçik yaşlarından oxumağa marağı olmadığından uğur qazana biləcəyi peşənin arxasınca getməyi üstün tutub. Hazırda “Kirşan Gözəllik Mərkəzi”ndə saç ustası kimi çalışan 24 yaşlı Zahir Mehdiyev 6 ildir bu sənətlə məşğuldur. Gənc olmasına baxmayaraq, işinin bilicisi olan həmsöhbətimiz xanımların tez-tez müraciət etdiyi ustalardandır.

“Səbrli və zövqlü olmalısan”

Müsahibimizin sözlərinə görə, hələ orta məktəb dövrlərindən saç ustası olmağa marağı yaranıb: “Orta məktəbdə yaxşı oxumadığım üçün ali təhsil haqda düşünmürdüm. Saçım hər zaman uzun olurdu və saçımla çox oynayırdım. Bununla yanaşı, telekanallarda, jurnallarda xarici aktrisaların, aktyorların geyimləri, saç düzümləri ilə maraqlanırdım. Artıq bu, məndə adət halını almışdı və bu sənətə marağım oyanmışdı. Xalam qızı saç ustası olduğundan onun dəstəyi ilə orta məktəbi qurtarandan sonra bu sənəti öyrənməyə başladım. İlk dəfə stilist Eyvaz müəllimin yanında kurs keçdim və sonra saç ustası kimi fəaliyyətə başladım.
Düzdür, əlimdə diplomum, ali savadım yoxdur, amma öz həyatımı normal şəkildə qurmağıma kömək edən sənətim var və mən bu sənətdə olmağımdan çox məmnunam. Çünki, sənətimi çox sevirəm, işimdən zövq alıram”.

Sənətinin incəliklərindən danışan müsahibimin sözlərinə görə, bu sənətin ustası üçün səbirli və zövqlü olmaq əsas şərtdir: “Ümumiyyətlə, təkcə saç ustası deyil, istər vizajist, istərsə də stilst olsun, bu sənətdə uğur qazanmaq üçün zövq və səbir lazımdır. İşini yaxşı bilən usta həm də psixoloq rolunu oynamalıdır. Çünki, insanın zövqünü oxşayarkən həm də onun könlünü oxşayırsan”.

Sənətin çətinliyi kaprizli müştərilərdir

Həmsöhbətimiz deyir ki, sənətinin çətin tərəfi “kaprizli” müştərilərlə işləməsidir: “Tanınmış insanlar xüsusilə kaprizli olur və onlarla işləmək çətindir. Amma çətin olsa da, onlarla dil tapmağı bacarmaq lazımdır. Müştəriyə bu və ya digər rəngin, saç düzümünün yaraşıb-yaraşmadığını elə söyləmək lazımdır ki, buna inansın və qətiyyən inciməsin. Bəzən müştəri özü də nə istədiyini bilmir və üstəlik, sənin təklifini də bəyənmir. Belə hallarda yenə də müştəriylə dil tapmağı bacarmaq, onu razı salmaq lazımdır. Bizim sənətin çətinliyi kaprizli insanlarla işləməkdir”.

Zahir xanımlarımızın zövqlü olduğunu desə də, saç düzümü, saç rəngləri barədə riskə getməyi sevmədiklərini bildirdi: “Azərbaycan xanımlarının saçını 3 santimetr kəsmək üçün gərək 6 ay dil tökəsən. Çünki, qızlarımız uzun saçı çox xoşlayırlar. Xarici qızlar kimi çox dəyişik saç kəsimlərinə, rənglərə o qədər də üstünlük vermirlər”.

Saç ustasının gəliri

Azərbaycanda hər addımbaşı gözəllik salonlarının açıldığından şikayətlənən müsahibimiz vurğuladı ki, bu sahədə vəziyyət yaxşı deyil: “İndi hara baxırsan gözəllik salonu açıblar. Bu sahəni bilən də, bilməyən də salon işlədir. Çünki, bəzi “ustalar” eşidiblər ki, bu sənətdə yaxşı pul qazanmaq mümkündür. Təəssüflər olsun ki, ölkəmizdə çox yaxşı, sənətinin bilicisi olan ustalarla yanaşı, pul qazanmaq xatirinə bu sənətdə olanlar da az deyil. Hər kəs saç ustası ola bilməz. Bu sahə xüsusi bacarıq, istedad tələb edir. Usta hər zaman öz üzərində işləməli, dünya dəbini izləməli, dünyagörüşü olmalıdır ki, onda müəyyən zövq formalaşsın”.

Müsahibimiz söhbət əsnasında peşəkar saç ustasının aylıq qazancından da danışdı. Onun sözlərinə görə, işini yaxşı bilən, normal usta ay ərzində 4-5 min manat pul qazana bilər: “Hətta ay ərzində 10 min manata yaxın pul qazanan ustalar da var”.

Sonda gənc saç ustası üzünü övladlarını ali təhsil almağa məcbur edən valideynlərə tutaraq bildirdi ki, övladlarına sənət seçməkdə azadlıq versinlər: “Ətrafımda o qədər qırmızı diplomlular var ki, ya işləmirlər, ya da aya 300-500 manat maaş alırlar. Düşünürəm ki, ali məktəb oxumadan sevdiyi işlə məşğul olan peşəkar insan onlarla universitet oxuyan savadlı insandan daha yaxşı yaşaya bilər. Sənətini bacarığına uyğun seçmək əsas şərtdir”.

Aygün ƏZİZ