• çərşənbə axşamı, 19 mart, 12:15
  • Baku Bakı 8°C

Bakı məhəllələrindən Avropaya aparan həvəs - Portret

25.06.17 10:30 7981
Bakı məhəllələrindən Avropaya aparan həvəs - Portret
Azərbaycan idman ölkəsidir. Avropa oyunları, ardınca ötən il Rio Yay Olimpiya Oyunları və bu il paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandığı uğurlar bunun əsl sübutudur. Güləş, karate, cüdo, taekvondo, boks və s. kimi idman növləri ölkəmizin beynəlxalq yarışlardakı əsas medal gözləntisi olan sahələrdir. Lakin son illərdə bu idman növlərindən başqa, ölkəmiz üçün ənənəvi olmayan idman növləri də özünü göstərməkdədir. Belə idman növlərindən biri də velosiped idmanıdır. Artıq bir neçə ildir velosipedçilərdən ibarət milli komandamızın və əsas klubumuz olan "Sinerji Baku” komandasının çıxışları yerli idmansevərlər tərəfindən maraqla izlənir. Əsas sevindirici məqam isə bu komandalarda yetişməkdə olan gənc azərbaycanlı idmançıların da yer almasıdır. Düzdü, hazırda bu komandaların liderləri legionerlərdir. Lakin onlarla çiyin-çiyinə pedal çevirən gənc azərbaycanlı velosipedçilərin nəticələri gələcək üçün inam verir. Bu gənclərdən biri də Musa Mikayılzadədir.
Hobbidən peşəkarlığa
Musa Mikayılzadə 1998-ci il, iyulun 16-da Bakıda anadan olub. Ailəsində idmançı olmamasına baxmayaraq, o, hələ kiçik yaşlarından idmana meyl salıb. Lakin Musa idmana heç də velosiped növündə başlamayıb. Hər bir uşaq kimi, o da kiçik yaşlarından məhəllədə dostları ilə futbol oynamağı sevirdi. Bu sevgi onu yaşıl meydançalara aparır. Musa 13 yaşında dostu ilə birgə futbola yazılır. Lakin onun futbolçu karyerası alınmır. Belə ki, "Rəvan” və "Əlincə” komandalarında yarımmüdafiəçi kimi top qovan Musa, 2015-ci ildə futbolu buraxır. İdmana həvəsi olan Mikayılzadə, futbolla yanaşı, güləşlə də məşğul olub. Həvəskar şəkildə sərbəst güləşlə məşğul olan Musa, burda da çox qalmır.

Gənc idmançı özünü velosiped idman növündə tapır. Ancaq onun bu idman növü ilə peşəkar şəkildə məşğul olması bir qədər gec, 2015-ci ilə təsadüf edir. Bunadək isə o, artıq məhəllədə dostlarla birgə velosiped sürməyi hobbi halına gətirmişdi. Son illərdə ölkəmizdə geniş yayılmış velosiped sürmək sevgisi Musadan da yan keçmir.2014-cü ilin əvvəllərindən mütəmadi olaraq velosiped sürməyi vərdiş halına gətirən Mikayılzadə, 2014-cü ilin yayında, "Velopark”da həvəskarlar arasında dağ velosipedi üzrə yarışda iştirak edir və qalib olur. Elə məhz bu yarışdan sonra məşqçi Asif Həsənovun diqqətini cəlb edir. Növbəti, 2015-ci ildən isə peşəkar şəkildə məşqlərə başlayır.Velosiped idmanına həddən artıq həvəsi olan Musa, burda uğur qazanacağına inanır. O, yarışlara qatılarkən idman ləvazimatlarını, hətta velosipedi belə özü alır. Öz velosipedi ilə qatıldığı yarışlarda nəticə qazanan Musada, bu idman növündə uğur qazanacağına inam yaranır. O, güləş və futboldan sonra nəhayət, uğur qazanacağı idman növünü tapır.
Velosiped idman növü ilə gec məşğul olmasına baxmayaraq, Musanın nəticələri özünü çox gözlətmir. Bu idman növü ilə məşğul olmağa başladıqdan qısa müddət sonra Xocahəsən Dağ Velosipedi Parkında keçirilən yarışda 1-ci olur. Daha sonra şose yarışlarında 2-ci, "Velopark”da keçirilən kriterium yarışında isə 4-cü olan gənc velosipedçi, millinin məşqçisi Əbülfəz Məmmədovun da diqqətini cəlb edir. O, millinin İsmayıllıda keçirilən təlim-məşq toplanışına dəvət alır. Toplanışdan sonra isə həmin ilin aprel ayında İtaliyada və Sloveniyada keçirilən yarışlarda çıxış edir. Musa 2015-ci ilin avqustunda Slovakiyada keçirilən beynəlxalq yarışda 8-ci olur.

Beləliklə, həvəskar velosipedçi bu idman növü ilə peşəkar məşğul olmağa başladıqdan çox qısa müddət sonra millinin üzvünə çevrilir. Həvəskar üçün heç də pis nəticə deyil.
"Sinerji Baku”

Beynəlxalq və ölkədaxili yarışlardakı nəticələri Azərbaycanın əsas velosiped klubu olan "Sinerji Baku”nun da qapılarını onun üzünə açır. Bu ilin yanvarın 10-da klubun idman direktoru Eldar Cəbrayılov perspektivli idmançını komandaya dəvət edir. "Sinerji Baku”nun Türkiyədəki 1 aylıq toplanışında iştirak edən Musa, məşqçilərin rəğbətini qazanır və ölkənin əsas velosiped klubunun üzvünə çevrilir. "Sinerji Baku”nun heyətində beynəlxalq yarışlarda debütü isə bu ilin aprel ayına təsadüf edir. Sloveniyada keçirilən yarışda ölkənin əsas klubunu təmsil edən Mikayılzadə, finişə çata bilməsə də, bu, onun üçün böyük təcrübə olur.
Ölkədaxili yarışların daimi mükafatçısı
Musa medal sarıdan korluq çəkmir. Belə ki, o, ölkə daxilində keçirilən yarışlarda bir neçə dəfə mükafatçılar sırasına düşüb. Gənclərdən böyüklərə kimi, hər bir yarışda nəticə göstərib. 2015-ci ildə elit kateqoriyada dağ velosipedi üzrə Azərbaycan çempionatında 3-cü olan Musa, gənclər arasında keçirilmiş 3 analoji yarışın 2-də 1-ci olur. O, ötən il "Velopark”da elit kateqoriya üzrə yarışda və Xocahəsəndə keçirilən analoji yarışda 2-ci olub. Bu il isə böyüklər arasında ölkə çempionatının şose yarışını 3-cü pillədə başa vurub.
Hobbi, yoxsa iş?
Musa velosiped idmanı ilə həvəskar formada məşğul olmağa başlayıb. Qısa müddətdə həvəskardan peşəkara çevrilən gənc idmançı, bir çox peşəkarlardan fərqli olaraq, məşğul olduğu idman növünə sadəcə, iş kimi baxmır. Belə ki, bu idman növünə hədsiz marağı olan gənc idmançı, velosipedə təkcə idman vasitəsi yox, hələ də hobbi kimi baxır. O, məşqlərdən, yarışlarda sonra da öz sevimli "dəmir atından” uzaq qalmır. Musa idmandan kənarda da, nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir. O, Bakıda hər yerə özünün dağ velosipedi ilə gedir. Musa hətta xaricdə yarışda olarkən belə, bu vərdişindən əl çəkmir. Bir sözlə, gündəlik bir neçə saat çəkən ağır məşqlər, yarışlar, gənc idmançını sevimli nəqliyyat vasitəsindən heç də soyutmur.
Futbola sevgi qalır, ancaq...
Vaxtilə futbolla məşğul olmuş Musa, top oyununu atsa da, bu idmana sevgisi hələ də qalır. Belə ki, o, hələ də, boş vaxt tapan kimi dostları ilə birgə futbol oynayır. Düzü, buna onun elə də vaxtı olmur. Özünün sözlərinə görə, o, yalnız qışda, yarışlar keçirilməyən vaxtda futbol oynamağın zövqünü yaşaya bilir. Musiqi və film izləmək də onun əsas məşğuliyyətləri sırasına daxildir. Hər bir idmançının olduğu kimi, Musanın da təmsil etdiyi idman növündə kumiri var. "Sinerji Baku”nun 28 yaşlı velosipedçisi Kiril Pozdnyakov Mikayılzadənin əsas kumiridir.
Portret

Musanın portretini müəyyənləşdirərkən əsas xüsusiyyət kimi inam, əzmkarlıq diqqət cəlb edir. Velosiped idmanından öncə futbol və güləşlə məşğul olan Mikayılzadə, burdakı uğursuzluqdan sonra ruhdan düşmədi. O, çox gec, 16 yaşında başladığı velosiped idman növündə özünü çox tez göstərməyi bacardı. Yığmaya düşməyə isə ona cəmi bir neçə ay kifayət etdi.

Bu sürətlə davam edəcəyi təqdirdə, cəmi 18 yaşı olan Musanın əsas uğurları hələ irəlidədir. Elə məşqçiləri də bu fikirdədir. Onlar Mikayılzadədən yalnız 3-4 il sonra uğur gözləyirlər. Uğur üçün isə yaxşı bünövrə, təcrübə olmalıdır. Musa hazırda gələcək uğurların bünövrəsini qurmaqdadır. Onun millinin və "Sinerji Baku”nun heyətində qatıldığı hər yarış isə bu bünövrənin təməl daşlarıdır. Hazırda Musa kumiri Kiril Pozdnyakov kimi idmançı ilə çiyin-çiyinə mübarizə apararaq, təcrübə toplamaqdadır. 16 yaşına kimi həvəskar şəkildə pedal fırladan Musa, bu gün millinin və "Sinerji Baku”nun üzvü kimi Sloveniya, Slovakiya, İtaliya kimi ölkələrdə, nüfuzlu yarışlarda məşhur velosipedçilərlə çiyin-çiyinə mübarizə aparır. Gənc idmançının qısa müddətdə əldə etdiyi yüksəliş inanılmazdı. O, "sükanı” belə saxlayacağı halda, bu təcrübənin bəhrəsini yaxın gələcəkdə görəcək.
Elnur
banner

Oxşar Xəbərlər