AZE | RUS | ENG |

Badmintonda azərbaycanlı izi - Portret

Badmintonda azərbaycanlı izi - Portret
Onun həyat devizi nədir?

1873-cü ildə İngiltərədə yaranan, 1992-ci ildə isə Yay Olimpiya Oyunlarının proqramına salınan badmintonda bu günədək böyük uğurlar qazanmasaq da, son vaxtlar atılan addımlar, gələcəyə nikbin baxmağa əsas verir. Perspektivləri götür-qoy etdikdə, görürük ki, dördilliyin ən mötəbər yarışında iştirak belə, əlçatmaz deyil. Belə ki, iki il sonra Tokioda baş tutacaq olimpiadaya lisenziyalar uğrunda iddia ortaya qoyduğumuz növlərdən biri də tennisin "kiçik qardaş"ıdır.
 
Öncədən qeyd edək ki, yığmamızın lideri Edi Reski Dviçayodan fərqli olaraq, qəhrəmanımızın "gündoğar ölkə"yə yollanmaq şansı yoxdur. 18 yaşlı Səbuhi, digər gənc həmkarları kimi, 2024-cü ildə Parisdə təşkil olunacaq zirvə yarışını hədəfləyib.
 
Badmintona gəlişi və qayıdışı...
 
Hüseynov Səbuhi Habil oğlu 2000-ci ildə Bakıda dünyaya gəlib. Valideynləri Zəngilan rayonundan məcburi köçkün olan Səbuhi, orta təhsilini Bakıda yerləşən 260 saylı məktəbdə alıb. Badmintonun sıralarına da elə bu təhsil ocağında qoşulub. Badmintonçu qonşusunun məsləhətinə əsasən, SSRİ idman ustası Cavanşir Əlizadənin yanında ilk addımlarını atan on yaşlı Səbuhi, çox keçməyib ki, məşqlərini dayandırmalı olub. Belə ki, bronxlarındakı problemi əsas gətirən həkimi, ona başqa idman növünə - üzgüçülüyə üz tutmağı tövsiyə edib. Beləcə, valideynlərinin də təkidi ilə bir il üzgüçülüyə gedib-gəlib. Qısa müddətdə o, bu növ üzrə keçirilən yarışlarda iştirak edərək, mükafata layiq yerlər tutub. Bununla belə, heç cür su ilə "dostlaş"a bilməyib. Həmin arada sadəcə, badmintona qayıtmaq arzusu ilə yaşayıb. Uzun sürən təkidlərdən sonra üzgüçülüyə də davam etmək şərti ilə, ata-anasının razılığını alan Səbuhi, 2011-ci ilin sonlarından sevimli idman növünə dönüb. Ünvan isə dəyişməz olaraq qalıb. O, bu günədək Əlizadənin rəhbərliyi altında çalışır. Xüsusi vurğulayaq ki, millimizin məşqçilər korpusunda da yer alan sözügedən mütəxəssis, onunla yanaşı, yığmanın bir neçə üzvünə badmintonun "əlifba"sını öyrədib.
 
 
Tezliklə bərpa olunan forma
 
Fasiləyə rəğmən, uğurlar özünü çox gözlətmir. Tezliklə vərdişlərini bərpa edən Hüseynov, şəhər birinciliklərində, o cümlədən respublika çempionatlarında mükafata layiq nəticələr göstərməyə başlayır. Yeniyetmələr arasında həm fərdi, həm qoşa, həm də qarışıq qoşa kateqoriyada 2012-ci ildən başlayan nailiyyətlər, 2016-cı ilə qədər davam edir. Bu arada o, gənclərin və böyüklərin yarışında da çıxış edərək, özünü yaxşı tərəfdən göstərir. 2017 və 2018-ci illərdə universitetlərarası yarışda baş mükafata sahib çıxan Səbuhi, ötən il həm də böyüklər arasında respublika çempionatında dördüncü nəticə göstərib, gənclərdə isə ölkənin ən güclüsü olub. Beynəlxalq turnirlərdəki iştirakına gəldikdə, o, 2015-ci ildə komandanın tərkibində Türkiyənin Konya şəhərində keçirilən Dünya Uşaq Oyunlarının bürünc, Rusiyada baş tutan beynəlxalq turnirin bürünc medalını qazanıb. Mütəmadi olaraq İranda təşkil olunan nüfuzlu beynəlxalq turnirdə özünü yaxşı tərəfdən göstərən Hüseynov, ölkəmizi Kazanda baş tutan Avropa çempionatında təmsil etmək şərəfinə də nail olub. Bir sözlə, haqqında bəhs etdiyimiz gənc, Azərbaycanın ən perspektivli badmintonçularından hesab olunur. Belə ki, o, hazırda dünya reytinqində ən yaxşı göstəriciyə malik dördüncü azərbaycanlıdır.
 
 
Qələbəyə bərabər iştirak...
 
General olmaq istəməyən əsgər, əsgər deyil deyirlər. İdmanda da ali "rütbə" olimpiya çempionluğudur. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də bu arzu ilə yaşamayan idmançı yoxdur. Lakin nəzərə almaq lazımdır ki, indiki məqamda güləş, cüdo, taekvondo kimi növlərlə müqayisədə, badmintonda bu pilləyə çatmaq, qat-qat çətindir. Gələcəyini badmintonsuz təsəvvür etmədiyini deyən, uzun illər bu idman növü ilə məşğul olmağı hədəfləyən Səbuhi hesab edir ki, onun üçün olimpiya oyunlarında iştirak, elə qələbəyə bərabərdir. "Bu, 2024-cü ildə mənə qismət olmasa belə, yenə də idmanı atmayacağam" deyir. 
Yaxın gələcək üçün əsas məqsədi isə dünya çempionatında çıxış etməkdir. Bunun üçün də o, reytinqini yüksəltməlidir.
 
 
Solaxay oyun tərzi
 
İlk baxışdan çətin təəssürat yaratmasa da, badminton bir sıra mürəkkəb komponentləri özündə birləşdirən idman növüdür. İdmançıdan tələb olunan əsas xüsusiyyət isə sürətdir. Təsadüfi deyil ki, badminton ən sürətli idman növlərindən hesab olunur. Bəzi mütəxəssislərin fikrincə isə bu növ, cəldliyin əhəmiyyətinə görə, ilk sıradadır. Az yaşına rəğmən, yetərincə adından söz etdirən Hüseynovun, şübhəsiz ki, üstün tərəfləri az deyil. Cavanşir müəllimdən "Səbuhinin hansı cəhətlərini xüsusi vurğulamaq olar" deyə, soruşduqda, "sürətini və solaxay olmağını" cavabını aldıq.
 
 
Danimarkada mükəmməl təcrübə
 
Badminton Avropada yaransa da, növ üzrə hegemon ölkələr Asiya qitəsini təmsil edir. Çin, İndoneziya, Malayziya və Yaponiyanın xüsusi çəkisi olduğu bu idman növündə, Avropadan Danimarkanı xüsusi fərqləndirmək lazımdır. Nəzərə çatdıraq ki, sözügedən ölkədə badmintonun Avropada inkişafı, "köhnə qitə"dən olan raketka ustalarının Tokio olimpiadasına daha böyük tərkiblə qatılması üçün Avropa Badminton Yüksək Performans Komissiyası tərəfindən "BEC Mükəmməlik Mərkəzi" adlı layihə həyata keçirilir. Holberk şəhərində yerləşən mərkəz, 2016-cı ildən fəaliyyət göstərir. Ötən müddət ərzində bir neçə təmsilçimiz buraya dəvət alıb ki, onların arasında Səbuhi də var. Özünün dediyinə görə, bu təcrübə proqramından yararlanmaqla, ustalığını xeyli artırıb.
Qeyd edək ki, hazırda İranda təşkil olunacaq "İnternational Challenge" kateqoriyalı turnirə hazırlaşan Hüseynov, fevralın yeddisində yenidən Danimarkaya üz tutacaq.
 
 
Kumir: Üzgüçü, futbolçu və cüdoçu
 
Onun bir neçə hobbisi, kumiri var. Əsas məşğuliyyəti isə fotoqraflıqdır. Səfərlərdəki işini yarışla məhdudlaşdırmayan Hüseynov, rast gəldiyi maraqlı hadisələri, şəhərin təbiətini və tarixi abidələrini kameranın yaddaşına köçürməkdən xüsusi zövq alır.
Öz idman növündə yaponiyalı dünya və Asiya çempionu Kento Momotanı kumir seçib. Son mundialın 24 yaşlı qalibi ilə onu birləşdirən bir cəhət var ki, bu da hər ikisinin solaxay olmasıdır.
 
Üzgüçülük üzrə respublika əhəmiyyətli yarışların qalibi olan Səbuhi, bu növün canlı əfsanəsi Maykl Felpsə, misirli futbolçu Məhəmməd Salaha, o cümlədən, cüdo üzrə ikiqat paralimpiya çempionumuz İlham Zəkiyevə böyük rəğbət bəslədiyini deyir.
Gələcəyini idmansız təsəvvür etməyən Səbuhi, ali təhsilini də bu istiqamətdə alır. 18 yaşlı qəhrəmanımız, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsidir.
 
 
Portret
Badminton onun üçün sadəcə, idman növü deyil. Bu oyunu həyat tərzi adlandıran Səbuhi, başqa növdə özünü təsəvvür etmədiyini deyir. Bu gün o, qarşısına qoyduğu məqsədə doğru səbir və qətiyyətlə addımlayır. Öz dili ilə desək, hədəfə çatmaq çətin olsa da, mümkünsüz deyil. Uğura gedən yolun gərgin məşqlərdən keçdiyini dərk edən Hüseynov, hazırlığını bir an da olsun, axsatmır. Sabit xarakterə, möhkəm iradəyə sahib olması, bizi, gələcəyi barədə nikbin düşünməyə sövq edir.
İdmandankənar planda diqqətçəkən tərəfi yardımsevərliyidir. Yaşı az olsa da, "hər şeydən öncə insanlıq" prinsipini özünə təlqin edib. Bu, onun həyat devizidir. Orta məktəbdə oxuyarkən, mütəmadi olaraq, uşaq evlərinə yardım aksiyaları təşkil edən Səbuhi, indi də imkan düşdükcə, bu ənənəni davam etdirir.
 
Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916