Badmintonda azərbaycanlı izi - Portret

1873-cü ildə İngiltərədə yaranan, 1992-ci ildə isə Yay Olimpiya
Oyunlarının proqramına salınan badmintonda bu günədək böyük uğurlar qazanmasaq
da, son vaxtlar atılan addımlar, gələcəyə nikbin baxmağa əsas verir.
Perspektivləri götür-qoy etdikdə, görürük ki, dördilliyin ən mötəbər yarışında
iştirak belə, əlçatmaz deyil. Belə ki, iki il sonra Tokioda baş tutacaq
olimpiadaya lisenziyalar uğrunda iddia ortaya qoyduğumuz növlərdən biri də
tennisin "kiçik qardaş"ıdır.
Öncədən qeyd edək ki, yığmamızın lideri Edi Reski Dviçayodan fərqli
olaraq, qəhrəmanımızın "gündoğar ölkə"yə yollanmaq şansı yoxdur. 18 yaşlı
Səbuhi, digər gənc həmkarları kimi, 2024-cü ildə Parisdə təşkil olunacaq zirvə
yarışını hədəfləyib.
Badmintona gəlişi və
qayıdışı...
Hüseynov Səbuhi Habil oğlu 2000-ci ildə Bakıda dünyaya gəlib.
Valideynləri Zəngilan rayonundan məcburi köçkün olan Səbuhi, orta təhsilini
Bakıda yerləşən 260 saylı məktəbdə alıb. Badmintonun sıralarına da elə bu təhsil
ocağında qoşulub. Badmintonçu qonşusunun məsləhətinə əsasən, SSRİ idman ustası
Cavanşir Əlizadənin yanında ilk addımlarını atan on yaşlı Səbuhi, çox keçməyib
ki, məşqlərini dayandırmalı olub. Belə ki, bronxlarındakı problemi əsas gətirən
həkimi, ona başqa idman növünə - üzgüçülüyə üz tutmağı tövsiyə edib. Beləcə,
valideynlərinin də təkidi ilə bir il üzgüçülüyə gedib-gəlib. Qısa müddətdə o,
bu növ üzrə keçirilən yarışlarda iştirak edərək, mükafata layiq yerlər tutub.
Bununla belə, heç cür su ilə "dostlaş"a bilməyib. Həmin arada sadəcə,
badmintona qayıtmaq arzusu ilə yaşayıb. Uzun sürən təkidlərdən sonra üzgüçülüyə
də davam etmək şərti ilə, ata-anasının razılığını alan Səbuhi, 2011-ci ilin
sonlarından sevimli idman növünə dönüb. Ünvan isə dəyişməz olaraq qalıb. O, bu
günədək Əlizadənin rəhbərliyi altında çalışır. Xüsusi vurğulayaq ki, millimizin
məşqçilər korpusunda da yer alan sözügedən mütəxəssis, onunla yanaşı, yığmanın
bir neçə üzvünə badmintonun "əlifba"sını öyrədib.

Tezliklə bərpa olunan forma
Fasiləyə rəğmən, uğurlar özünü çox gözlətmir. Tezliklə vərdişlərini
bərpa edən Hüseynov, şəhər birinciliklərində, o cümlədən respublika
çempionatlarında mükafata layiq nəticələr göstərməyə başlayır. Yeniyetmələr
arasında həm fərdi, həm qoşa, həm də qarışıq qoşa kateqoriyada 2012-ci ildən
başlayan nailiyyətlər, 2016-cı ilə qədər davam edir. Bu arada o, gənclərin və
böyüklərin yarışında da çıxış edərək, özünü yaxşı tərəfdən göstərir. 2017 və
2018-ci illərdə universitetlərarası yarışda baş mükafata sahib çıxan Səbuhi,
ötən il həm də böyüklər arasında respublika çempionatında dördüncü nəticə
göstərib, gənclərdə isə ölkənin ən güclüsü olub. Beynəlxalq turnirlərdəki
iştirakına gəldikdə, o, 2015-ci ildə komandanın tərkibində Türkiyənin Konya
şəhərində keçirilən Dünya Uşaq Oyunlarının bürünc, Rusiyada baş tutan
beynəlxalq turnirin bürünc medalını qazanıb. Mütəmadi olaraq İranda təşkil
olunan nüfuzlu beynəlxalq turnirdə özünü yaxşı tərəfdən göstərən Hüseynov,
ölkəmizi Kazanda baş tutan Avropa çempionatında təmsil etmək şərəfinə də nail
olub. Bir sözlə, haqqında bəhs etdiyimiz gənc, Azərbaycanın ən perspektivli
badmintonçularından hesab olunur. Belə ki, o, hazırda dünya reytinqində ən
yaxşı göstəriciyə malik dördüncü azərbaycanlıdır.

Qələbəyə bərabər iştirak...
General olmaq istəməyən əsgər, əsgər deyil deyirlər. İdmanda da ali
"rütbə" olimpiya çempionluğudur. Dünyanın hər yerində olduğu kimi,
ölkəmizdə də bu arzu ilə yaşamayan idmançı yoxdur. Lakin nəzərə almaq lazımdır
ki, indiki məqamda güləş, cüdo, taekvondo kimi növlərlə müqayisədə, badmintonda
bu pilləyə çatmaq, qat-qat çətindir. Gələcəyini badmintonsuz təsəvvür
etmədiyini deyən, uzun illər bu idman növü ilə məşğul olmağı hədəfləyən Səbuhi
hesab edir ki, onun üçün olimpiya oyunlarında iştirak, elə qələbəyə bərabərdir.
"Bu, 2024-cü ildə mənə qismət olmasa belə, yenə də idmanı
atmayacağam" deyir.
Yaxın gələcək üçün əsas məqsədi isə dünya çempionatında çıxış
etməkdir. Bunun üçün də o, reytinqini yüksəltməlidir.

Solaxay oyun tərzi
İlk baxışdan çətin təəssürat yaratmasa da, badminton bir sıra
mürəkkəb komponentləri özündə birləşdirən idman növüdür. İdmançıdan tələb
olunan əsas xüsusiyyət isə sürətdir. Təsadüfi deyil ki, badminton ən sürətli idman
növlərindən hesab olunur. Bəzi mütəxəssislərin fikrincə isə bu növ, cəldliyin
əhəmiyyətinə görə, ilk sıradadır. Az yaşına rəğmən, yetərincə adından söz
etdirən Hüseynovun, şübhəsiz ki, üstün tərəfləri az deyil. Cavanşir müəllimdən
"Səbuhinin hansı cəhətlərini xüsusi vurğulamaq olar" deyə,
soruşduqda, "sürətini və solaxay olmağını" cavabını aldıq.

Danimarkada mükəmməl
təcrübə
Badminton Avropada yaransa da, növ üzrə hegemon ölkələr Asiya
qitəsini təmsil edir. Çin, İndoneziya, Malayziya və Yaponiyanın xüsusi çəkisi
olduğu bu idman növündə, Avropadan Danimarkanı xüsusi fərqləndirmək lazımdır.
Nəzərə çatdıraq ki, sözügedən ölkədə badmintonun Avropada inkişafı, "köhnə
qitə"dən olan raketka ustalarının Tokio olimpiadasına daha böyük tərkiblə
qatılması üçün Avropa Badminton Yüksək Performans Komissiyası tərəfindən
"BEC Mükəmməlik Mərkəzi" adlı layihə həyata keçirilir. Holberk
şəhərində yerləşən mərkəz, 2016-cı ildən fəaliyyət göstərir. Ötən müddət
ərzində bir neçə təmsilçimiz buraya dəvət alıb ki, onların arasında Səbuhi də
var. Özünün dediyinə görə, bu təcrübə proqramından yararlanmaqla, ustalığını
xeyli artırıb.
Qeyd edək ki, hazırda İranda təşkil olunacaq "İnternational
Challenge" kateqoriyalı turnirə hazırlaşan Hüseynov, fevralın yeddisində
yenidən Danimarkaya üz tutacaq.

Kumir: Üzgüçü, futbolçu və
cüdoçu
Onun bir neçə hobbisi, kumiri var. Əsas məşğuliyyəti isə
fotoqraflıqdır. Səfərlərdəki işini yarışla məhdudlaşdırmayan Hüseynov, rast
gəldiyi maraqlı hadisələri, şəhərin təbiətini və tarixi abidələrini kameranın
yaddaşına köçürməkdən xüsusi zövq alır.
Öz idman növündə yaponiyalı dünya və Asiya çempionu Kento Momotanı
kumir seçib. Son mundialın 24 yaşlı qalibi ilə onu birləşdirən bir cəhət var
ki, bu da hər ikisinin solaxay olmasıdır.
Üzgüçülük üzrə respublika əhəmiyyətli yarışların qalibi olan Səbuhi,
bu növün canlı əfsanəsi Maykl Felpsə, misirli futbolçu Məhəmməd Salaha, o
cümlədən, cüdo üzrə ikiqat paralimpiya çempionumuz İlham Zəkiyevə böyük rəğbət
bəslədiyini deyir.
Gələcəyini idmansız təsəvvür etməyən Səbuhi, ali təhsilini də bu
istiqamətdə alır. 18 yaşlı qəhrəmanımız, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının ikinci kurs tələbəsidir.

Portret
Badminton onun üçün sadəcə, idman növü deyil. Bu oyunu həyat tərzi
adlandıran Səbuhi, başqa növdə özünü təsəvvür etmədiyini deyir. Bu gün o,
qarşısına qoyduğu məqsədə doğru səbir və qətiyyətlə addımlayır. Öz dili ilə
desək, hədəfə çatmaq çətin olsa da, mümkünsüz deyil. Uğura gedən yolun gərgin
məşqlərdən keçdiyini dərk edən Hüseynov, hazırlığını bir an da olsun, axsatmır.
Sabit xarakterə, möhkəm iradəyə sahib olması, bizi, gələcəyi barədə nikbin
düşünməyə sövq edir.
İdmandankənar planda diqqətçəkən tərəfi yardımsevərliyidir. Yaşı az
olsa da, "hər şeydən öncə insanlıq" prinsipini özünə təlqin edib. Bu,
onun həyat devizidir. Orta məktəbdə oxuyarkən, mütəmadi olaraq, uşaq evlərinə
yardım aksiyaları təşkil edən Səbuhi, indi də imkan düşdükcə, bu ənənəni davam
etdirir.
Sahib
