AZE | RUS | ENG |

Azərbaycanın ən gənc xanım prorektoru – Uğur hekayəsi

Azərbaycanın ən gənc xanım prorektoru – Uğur hekayəsi
Ülkər Səttarova: “Qadın evdən çıxanda ona “Get, narahat olma, hər şey yaxşı olacaq” deyəni yoxdursa, inkişaf etmək çətindir”

İşi təhvil vermək üçün son tarix məsələsinə yanaşması fərqlidir. Deyir ki, adətən, işi təhvil vermək üçün qoyulan son tarixdən 3 gün öncə hazır edəcək. Bu işdə onun köməyinə gələn daha bir faktor isə riyaziyyatçı olmağıdır. Yəni zamandan səmərəli yararlana bilib. İşə bu cür yanaşması sayəsində isə karyerasında irəliləmələr sürətli gedib. Müsahibimiz gənc yaşda Memarlıq və İnşaat Universitetinin prorektoru təyin olunan Ülkər Səttarovadır.
 
- Ülkər xanım, ilk olaraq sizi tanıyaq...
- 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbin son illərini Bakı Texniki Kollecində oxudum, orda informasiya texnologiyalarına sevgim yarandı və bu istək mənim Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil almağıma gətirib çıxardı. Yüksək balla universitetə daxil oldum və fərqlənmə diplomu ilə bitirdim. Hətta bir dənə belə "4”-üm olmadı. Sonra klassik riyaziyyatdan uzaqlaşıb İT texnologiyalara bir az da yaxınlaşmaq qərarı verdim. Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası var idi, orda magistr təhsili almağa başladım. Sonra Azərbaycan Milli Elmlər Akademiyasına keçdim. Öz elmi işlərimi davam etdirmək istəyirdim. Bir xeyli orda işlədim, elmi işimi müdafiə edəndən sonra rektorumuz Gülçöhrə Məmmədova məni universitetdə işləməyə dəvət etdi.
 
- Universitetdə, akademiyada fəaliyyətiniz olub. Şirkət mühitində çalışmamısınız?
- Fərdi sifarişlər, böyük layihələrlə bağlı şirkətlərlə əməkdaşlıq etmişəm. Hazırda Dövlət Neft Şirkətinin Elm Fondu üçün real tətbiqi layihələr işləyirik. Amma hansısa şirkətdə işləməmişəm. Yəqin ki, bu, ailədən də gəlir. Çünki ailədəkilər də əsasən, müəllim, akademiklərdir. Yəqin ki, bunun da rolu olub (Gülür).
 
- Dediniz ki, sizi universitetdən dəvət ediblər. Bu dəvət nəyin sayəsində olmuşdu?
- Mən bir tədbirdə iştirak edirdim. Orada bizim nüfuzlu adamlara sual vermək imkanımız var idi, mən də aktiv iştirak edirdim. Həmin tədbirə bizim universitetin rektoru Gülçöhrə xanım da qatılmışdı. El dili ilə desək, onun gözü məni tutdu və dedi ki, sənin deyəsən, bizim universitetlə əlaqən olub. Magistraturanı orda oxuduğumu, həm də orda müəllim kimi çalışdığımı dedim. İşlərimlə maraqlandı. Pedaqoji fəaliyyətdən uzaqlaşmaq istədiyimi dedim. Həmin vaxt mənə sırf öz ixtisasım olan rabitə, informasiya texnologiyalarına uyğun iş təklifi gəlmişdi. Bu haqda ona dedim. Gülçöhrə xanım da dedi ki, universitetə gəlməyini istəyirəm, buna görə sənə elə iş təklif edəcəyəm ki, "yox” deyə bilməyəcəksən. 1-2 gün sonra köməkçisi mənimlə əlaqə saxladı və universitetin idarə heyətinin komandasında işləməyə başladım. Eyni zamanda müəllimlik fəaliyyətimi də davam etdirdim. Bu gün də prorektor olmaqla yanaşı, müəllim kimi çalışıram. Bizim üçün əsas səhnə auditoriyadır. Məncə, tələbələrin içində olmadan universitetin administrativ heyətində tam məhsuldar işləmək çətin olar.
 
- Müəllim kimi neçə ildir çalışırsınız?
- 2010-cu ildən müəllim kimi fəaliyyət göstərirəm. Təbii ki, çox balaca işdən başlamışam, artıq kafedranın dosentiyəm və elmlər doktoru dissertasiyamı da müdafiə etmişəm.
- İşə başladıqdan nə qədər vaxt sonra baş müəllim təyin olundunuz? 
 - 2010-cu ildə texnika üzrə fəlsəfə doktoru olmuşam. 2014-cü ildə artıq universitetdə baş müəllim idim.
 
 
- Müəllimin gənc olması ümumiyyətlə, tələbələrə nə qazandırır?
- Cavan nəslin nümayəndəsi olduğumuz üçün onların problemlərini daha yaxşı başa düşürük. Yəni ünsiyyətimiz daha yaxşı alınır. İşə gəlincə, gənc müəllimlərin bir üstünlüyü də əlavə xarici dil bilmək qabiliyyətləridir. Əgər yaşlı nəsil üçün xarici dil rus dili idisə, mənim üçün bundan əlavə ingilis dili də var. İngilis dilini bilmək mənim bir çox ədəbiyyatlara daha yaxşı yiyələnməyimə, beynəlxalq layihələrdə, mübadilə proqramlarında daha aktiv iştirakıma səbəb olur və s. Məsələn, mən "Erasumus” proqramı çərçivəsində ən azı 6-7 dəfə mübadilə proqramlarında iştirak etmişəm. Heç vaxt fikirləşməmişəm ki, gənc yaşda baş müəllim oldum, bəsimdir, mən artıq hər şeyi bilirəm.
- Universitetə gəldikdən neçə il sonra prorektor oldunuz?
- 2013-cü ildən universitetin administrativ heyətində işləyirəm. 5 il sonra 2018-ci ildə prorektor olmuşam. Belə baxanda bu, universitet üçün uzun müddət deyil.
 
- Hansı sahə üzrə prorektorsunuz?
- Məndə strateji inkişaf sahəsidir. Bu, müasir istiqamətdir. Dünyada bir çox universitetlərdə bu sahə var, bizdə də bir neçə universitetdə təzə-təzə açılır. Bundan əvvəl strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdım. Şöbəmizin nəticələri gözəçarpan dərəcədə yaxşı olduğundan rektorumuz belə qərara gəldi ki, bu sahədə ayrıca prorektor olsun. Amma səbəb yalnız bu da deyildi, həm də bizim gördüyümüz iş heç bir prorektorun istiqaməti ilə kəsişmirdi. Özümüzün sırf bir istiqamətimiz var. Biz praktika və karyera, universitetdə şirkətlərin laboratoriyalarının, mərkəzlərinin açılması, şirkətlərlə birgə tədbirlərin - beynəlxalq konfrans, işgüzar görüşlərin, master-klassların keçirilməsi və s. istiqamətlərdə işləyirik. Bu istiqamət bugünkü ali təhsil sistemində çox önəmlidir. Universitet tənha qurum kimi yox, ölkənin iqtisadiyyatında sözünü demiş böyük şirkətlərlə, dövlət qurumları ilə birgə iş aparmalıdır. Bu, bizim istiqamətlərimizdən biridir. İndiyə kimi heç bir prorektorluq şirkətlərlə universitetin əlaqələrinin qurulmasına birbaşa məsuliyyət daşımırdı. Siz universitetlərin nizamnamələri və strukturlarına baxsanız görəcəksiniz ki, belə bir vəzifə borcu yoxdur.
 
- Necə düşünürsünüz, bu yaşda prorektor vəzifəsinin sizə həvalə olunmasının səbəbi nədir? İşgüzarlığınız necə idi?
- Şirkətlərdə ola bilər, amma akademik sistemdə irəliləmə yavaş-yavaş gedir. Məndə bu sürət bir az çox olub. Səbəblərə gəlincə, hələ universitetdə oxuyarkən özünü inkişaf etdirmək cəhətdən daim aktiv idim, treninqlərə qatılırdım. TOEFL imtahanını tələbə olarkən 2-3 dəfə vermişdim. Universitetə gələn dövrdən də öz üzərimdə həmişə işləmişəm. Hətta, hərdən elmi rəhbərim deyir ki, bu gecələr də işləyir, mən nə edim?! Həmişə məni danlayıblar ki, "bəsdir, dərs oxudun”, "bəsdir, işlədin”. Uşaq olanda da ailədə mənə heç vaxt "get dərs oxu” deməyiblər. Hər şey insanın özündən asılıdır. Bir faktoru da gərək qeyd edim ki, qarşıma həmişə yaxşı insanlar çıxıb. Yaxşı elmi rəhbərim, dekanım, rektorum olub. Hər rektor Gülçöhrə xanım kimi cavanlara şərait yaratmır ki, inkişaf etsinlər. Mənimlə eyni vaxtda universitetə gələn çox gənc burada inkişaf edib. Bunun üçün münbit şərait var.
 
- Dediniz ki, dərslərinizi həmişə özünüz oxumusunuz, "get oxu” deyən olmayıb. Amma məncə, uşaq üçün valideynin necə formalaşdırmasından da çox şey asılıdır.
- Mənə elə gəlir ki, insan üçün ən böyük dərs ailədə yaxşı nümunələrin, örnəklərin olmasıdır. Əgər valideyn evdə kitab oxuyursa, evdə böyük kitabxana varsa, uşaqların 99 faizi kitaba, oxumağa meyilli olacaq. Bir faiz da istisnalardır. Düz deyirsiniz ki, valideyn də böyük rol oynayır. Mənə elə gəlir ki, tək oxumaq da azdır. Məqsədyönlü çalışmaq, bir işi bitirib nöqtə qoymaq da önəmlidir. Babam həmişə bizə deyir ki, bir məsələni edəndə nöqtə qoymağı bacarın. Bu, böyük bir şeydir. Adam var ki, bir kitabı oxumağa başlayır, nöqtə qoymamış o birisinə keçir. Bir işə başlayıb onu axıra çıxarmaq qabiliyyəti hər adamda yoxdur. İşi təhvil vermək üçün son tarix məsələsi ilə bağlı yanaşma da önəmlidir. Adam var ki, elə son anda təhvil verir, adam da var üstündən bir az keçəndən sonra. Amma mən 3 gün əvvəl hazır edirəm. Burda vaxt bölgüsünü düzgün etmək məsələsi önəmlidir, zamandan səmərəli şəkildə yararlanmaq lazımdır. Bu işdə yəqin ki riyaziyyatçı olmağım mənə kömək edir.
 
- Ailəlisiniz?
- Bəli, 21 yaşımda ailə qurmuşam. Bir qızım var. Hətta bəzən xarici səfərlərə gedəndə onu da özümlə aparıram. Çünki çox balaca olanda deyirdi ki, ana, sən gedirsən, mən darıxıram. Ona görə səfər uzun olanda onu da aparırdım. Qızım mənimlə gedəndə anamı da aparıram ki, mən olmayanda ona baxsın.
 
- Həyat yoldaşınızın sizə dəstəyi necədir?
- Düşünürəm ki, ailədə balans, vəhdət, harmoniya olmalıdır. "Yalnız elmlə məşğul olacam, bundan başqa məni heç nə maraqlandırmır” demək düzgün deyil. Ona görə də deyirəm ki, qarşıma həmişə yaxşı insanlar çıxıb. Həyat yoldaşım mənə çox böyük dəstək olub. O da tətbiqi-riyaziyyat fakültəsini bitirib, texnika üzrə fəlsəfə doktorudur. Sahələrimiz yaxındır, kifayət qədər müasir insandır, ziyalı ailədəndir və s. bu kimi faktorlar hamısı öz sözünü deyir. Qadın evdən çıxanda ona «Get, narahat olma, hər şey yaxşı olacaq» deyən yoxdursa, inkişaf etmək çətindir. Əgər insan bütün günü məişət problemləri ilə məşğul olursa, karyerada da yaxşı inkişaf edə bilmir. İşdə oturanda da fikri evdə qalır. Amma evdən arxayındırsa, hər şey qaydasındadırsa, münasibətlər mehribandırsa, onda o adam uğurlu olur. Bu həm kişiyə aiddir, həm də qadına. Uğurlu insanlara həmişə yarının dəstəyini görürük. Dünya çapında böyük mükafat alanlar, nailiyyəti olanların çıxışlarında birinci ailələrini qeyd etməsi də bunun əyani sübutudur.
- Sizə görə uğurun sirri nədir? 
- Burada riyaziyyatçı kimi formula çıxarmaq lazımdır. Çünki bu, bir kəmiyyətdən asılı ola bilməz. Burda insanın zəhmətkeşliyi önəmlidir. Zəhmət çəkməkdən qorxmaq lazım deyil. Zəhmətkeşliklə yanaşı, ailədən gələn dəstək də çox önəmlidir. Bu iki komponent bir yerdə olanda insan müəyyən nailiyyətlər qazana bilir. Sözsüz ki, burada genetika, mühit və bəxt də rol oynayır.
Aygün Asimqızı
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311