Azərbaycanın ən gənc xanım prorektoru – Uğur hekayəsi
İşi təhvil
vermək üçün son tarix məsələsinə yanaşması fərqlidir. Deyir ki, adətən, işi təhvil
vermək üçün qoyulan son tarixdən 3 gün öncə hazır edəcək. Bu işdə onun köməyinə
gələn daha bir faktor isə riyaziyyatçı olmağıdır. Yəni zamandan səmərəli
yararlana bilib. İşə bu cür yanaşması sayəsində isə karyerasında irəliləmələr
sürətli gedib. Müsahibimiz gənc yaşda Memarlıq
və İnşaat Universitetinin prorektoru təyin olunan Ülkər Səttarovadır.
- Ülkər xanım, ilk olaraq sizi tanıyaq...
-
1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbin son illərini Bakı
Texniki Kollecində oxudum, orda informasiya texnologiyalarına sevgim yarandı və
bu istək mənim Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil
almağıma gətirib çıxardı. Yüksək balla universitetə daxil oldum və fərqlənmə
diplomu ilə bitirdim. Hətta bir dənə belə "4”-üm olmadı. Sonra klassik
riyaziyyatdan uzaqlaşıb İT texnologiyalara bir az da yaxınlaşmaq qərarı verdim.
Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri
ixtisası var idi, orda magistr təhsili almağa başladım. Sonra Azərbaycan Milli
Elmlər Akademiyasına keçdim. Öz elmi işlərimi davam etdirmək istəyirdim. Bir
xeyli orda işlədim, elmi işimi müdafiə edəndən sonra rektorumuz Gülçöhrə Məmmədova
məni universitetdə işləməyə dəvət etdi.
- Universitetdə, akademiyada fəaliyyətiniz olub.
Şirkət mühitində çalışmamısınız?
- Fərdi
sifarişlər, böyük layihələrlə bağlı şirkətlərlə əməkdaşlıq etmişəm. Hazırda Dövlət Neft Şirkətinin Elm Fondu üçün real tətbiqi layihələr işləyirik.
Amma hansısa şirkətdə işləməmişəm. Yəqin ki, bu, ailədən də gəlir. Çünki ailədəkilər
də əsasən, müəllim, akademiklərdir. Yəqin ki, bunun da rolu olub (Gülür).
- Dediniz ki, sizi universitetdən dəvət ediblər. Bu
dəvət nəyin sayəsində olmuşdu?
- Mən
bir tədbirdə iştirak edirdim. Orada bizim nüfuzlu adamlara sual vermək
imkanımız var idi, mən də aktiv iştirak edirdim. Həmin tədbirə bizim
universitetin rektoru Gülçöhrə xanım da qatılmışdı. El dili ilə desək, onun
gözü məni tutdu və dedi ki, sənin deyəsən, bizim universitetlə əlaqən olub.
Magistraturanı orda oxuduğumu, həm də orda müəllim kimi çalışdığımı dedim. İşlərimlə
maraqlandı. Pedaqoji fəaliyyətdən uzaqlaşmaq istədiyimi dedim. Həmin vaxt mənə
sırf öz ixtisasım olan rabitə, informasiya texnologiyalarına uyğun iş təklifi gəlmişdi.
Bu haqda ona dedim. Gülçöhrə xanım da dedi ki, universitetə gəlməyini istəyirəm,
buna görə sənə elə iş təklif edəcəyəm ki, "yox” deyə bilməyəcəksən. 1-2 gün
sonra köməkçisi mənimlə əlaqə saxladı və universitetin idarə heyətinin
komandasında işləməyə başladım. Eyni zamanda müəllimlik fəaliyyətimi də davam
etdirdim. Bu gün də prorektor olmaqla yanaşı, müəllim kimi çalışıram. Bizim
üçün əsas səhnə auditoriyadır. Məncə, tələbələrin içində olmadan universitetin
administrativ heyətində tam məhsuldar işləmək çətin olar.
- Müəllim kimi neçə ildir çalışırsınız?
-
2010-cu ildən müəllim kimi fəaliyyət göstərirəm. Təbii ki, çox balaca işdən
başlamışam, artıq kafedranın dosentiyəm və elmlər doktoru dissertasiyamı da
müdafiə etmişəm.
- İşə başladıqdan nə qədər vaxt sonra baş müəllim təyin
olundunuz?
-
2010-cu ildə texnika üzrə fəlsəfə doktoru olmuşam. 2014-cü ildə artıq
universitetdə baş müəllim idim.
- Müəllimin gənc olması ümumiyyətlə, tələbələrə nə
qazandırır?
- Cavan
nəslin nümayəndəsi olduğumuz üçün onların problemlərini daha yaxşı başa
düşürük. Yəni ünsiyyətimiz daha yaxşı alınır. İşə gəlincə, gənc müəllimlərin
bir üstünlüyü də əlavə xarici dil bilmək qabiliyyətləridir. Əgər yaşlı nəsil
üçün xarici dil rus dili idisə, mənim üçün bundan əlavə ingilis dili də var.
İngilis dilini bilmək mənim bir çox ədəbiyyatlara daha yaxşı yiyələnməyimə,
beynəlxalq layihələrdə, mübadilə proqramlarında daha aktiv iştirakıma səbəb
olur və s. Məsələn, mən "Erasumus” proqramı çərçivəsində ən azı 6-7 dəfə mübadilə
proqramlarında iştirak etmişəm. Heç vaxt fikirləşməmişəm ki, gənc yaşda baş müəllim
oldum, bəsimdir, mən artıq hər şeyi bilirəm.
- Universitetə gəldikdən neçə il sonra prorektor
oldunuz?
-
2013-cü ildən universitetin administrativ heyətində işləyirəm. 5 il sonra
2018-ci ildə prorektor olmuşam. Belə baxanda bu, universitet üçün uzun müddət
deyil.
- Hansı sahə üzrə prorektorsunuz?
- Məndə
strateji inkişaf sahəsidir. Bu, müasir istiqamətdir. Dünyada bir çox
universitetlərdə bu sahə var, bizdə də bir neçə universitetdə təzə-təzə açılır.
Bundan əvvəl strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdım. Şöbəmizin
nəticələri gözəçarpan dərəcədə yaxşı olduğundan rektorumuz belə qərara gəldi
ki, bu sahədə ayrıca prorektor olsun. Amma səbəb yalnız bu da deyildi, həm də
bizim gördüyümüz iş heç bir prorektorun istiqaməti ilə kəsişmirdi. Özümüzün
sırf bir istiqamətimiz var. Biz praktika və karyera, universitetdə şirkətlərin
laboratoriyalarının, mərkəzlərinin açılması, şirkətlərlə birgə tədbirlərin -
beynəlxalq konfrans, işgüzar görüşlərin, master-klassların keçirilməsi və s.
istiqamətlərdə işləyirik. Bu istiqamət bugünkü ali təhsil sistemində çox önəmlidir.
Universitet tənha qurum kimi yox, ölkənin iqtisadiyyatında sözünü demiş böyük
şirkətlərlə, dövlət qurumları ilə birgə iş aparmalıdır. Bu, bizim istiqamətlərimizdən
biridir. İndiyə kimi heç bir prorektorluq şirkətlərlə universitetin əlaqələrinin
qurulmasına birbaşa məsuliyyət daşımırdı. Siz universitetlərin nizamnamələri və
strukturlarına baxsanız görəcəksiniz ki, belə bir vəzifə borcu yoxdur.
- Necə düşünürsünüz, bu yaşda prorektor vəzifəsinin
sizə həvalə olunmasının səbəbi nədir? İşgüzarlığınız necə idi?
- Şirkətlərdə
ola bilər, amma akademik sistemdə irəliləmə yavaş-yavaş gedir. Məndə bu sürət bir
az çox olub. Səbəblərə gəlincə, hələ universitetdə oxuyarkən özünü inkişaf
etdirmək cəhətdən daim aktiv idim, treninqlərə qatılırdım. TOEFL imtahanını tələbə
olarkən 2-3 dəfə vermişdim. Universitetə gələn dövrdən də öz üzərimdə həmişə
işləmişəm. Hətta, hərdən elmi rəhbərim deyir ki, bu gecələr də işləyir, mən nə
edim?! Həmişə məni danlayıblar ki, "bəsdir, dərs oxudun”, "bəsdir, işlədin”.
Uşaq olanda da ailədə mənə heç vaxt "get dərs oxu” deməyiblər. Hər şey insanın
özündən asılıdır. Bir faktoru da gərək qeyd edim ki, qarşıma həmişə yaxşı
insanlar çıxıb. Yaxşı elmi rəhbərim, dekanım, rektorum olub. Hər rektor Gülçöhrə
xanım kimi cavanlara şərait yaratmır ki, inkişaf etsinlər. Mənimlə eyni vaxtda
universitetə gələn çox gənc burada inkişaf edib. Bunun üçün münbit şərait var.
- Dediniz ki, dərslərinizi həmişə özünüz
oxumusunuz, "get oxu” deyən olmayıb. Amma məncə, uşaq üçün valideynin necə
formalaşdırmasından da çox şey asılıdır.
- Mənə
elə gəlir ki, insan üçün ən böyük dərs ailədə yaxşı nümunələrin, örnəklərin
olmasıdır. Əgər valideyn evdə kitab oxuyursa, evdə böyük kitabxana varsa,
uşaqların 99 faizi kitaba, oxumağa meyilli olacaq. Bir faiz da istisnalardır.
Düz deyirsiniz ki, valideyn də böyük rol oynayır. Mənə elə gəlir ki, tək oxumaq
da azdır. Məqsədyönlü çalışmaq, bir işi bitirib nöqtə qoymaq da önəmlidir.
Babam həmişə bizə deyir ki, bir məsələni edəndə nöqtə qoymağı bacarın. Bu,
böyük bir şeydir. Adam var ki, bir kitabı oxumağa başlayır, nöqtə qoymamış o
birisinə keçir. Bir işə başlayıb onu axıra çıxarmaq qabiliyyəti hər adamda
yoxdur. İşi təhvil vermək üçün son tarix məsələsi ilə bağlı yanaşma da önəmlidir.
Adam var ki, elə son anda təhvil verir, adam da var üstündən bir az keçəndən
sonra. Amma mən 3 gün əvvəl hazır edirəm. Burda vaxt bölgüsünü düzgün etmək məsələsi
önəmlidir, zamandan səmərəli şəkildə yararlanmaq lazımdır. Bu işdə yəqin ki
riyaziyyatçı olmağım mənə kömək edir.
- Ailəlisiniz?
- Bəli,
21 yaşımda ailə qurmuşam. Bir qızım var. Hətta bəzən xarici səfərlərə gedəndə
onu da özümlə aparıram. Çünki çox balaca olanda deyirdi ki, ana, sən gedirsən,
mən darıxıram. Ona görə səfər uzun olanda onu da aparırdım. Qızım mənimlə gedəndə
anamı da aparıram ki, mən olmayanda ona baxsın.
- Həyat yoldaşınızın sizə dəstəyi necədir?
-
Düşünürəm ki, ailədə balans, vəhdət, harmoniya olmalıdır. "Yalnız elmlə məşğul
olacam, bundan başqa məni heç nə maraqlandırmır” demək düzgün deyil. Ona görə də
deyirəm ki, qarşıma həmişə yaxşı insanlar çıxıb. Həyat yoldaşım mənə çox böyük
dəstək olub. O da tətbiqi-riyaziyyat fakültəsini bitirib, texnika üzrə fəlsəfə
doktorudur. Sahələrimiz yaxındır, kifayət qədər müasir insandır, ziyalı ailədəndir
və s. bu kimi faktorlar hamısı öz sözünü deyir. Qadın evdən çıxanda ona «Get,
narahat olma, hər şey yaxşı olacaq» deyən yoxdursa, inkişaf etmək çətindir. Əgər
insan bütün günü məişət problemləri ilə məşğul olursa, karyerada da yaxşı
inkişaf edə bilmir. İşdə oturanda da fikri evdə qalır. Amma evdən arxayındırsa,
hər şey qaydasındadırsa, münasibətlər mehribandırsa, onda o adam uğurlu olur.
Bu həm kişiyə aiddir, həm də qadına. Uğurlu insanlara həmişə yarının dəstəyini
görürük. Dünya çapında böyük mükafat alanlar, nailiyyəti olanların çıxışlarında
birinci ailələrini qeyd etməsi də bunun əyani sübutudur.
- Sizə görə uğurun sirri nədir?
- Burada
riyaziyyatçı kimi formula çıxarmaq lazımdır. Çünki bu, bir kəmiyyətdən asılı ola
bilməz. Burda insanın zəhmətkeşliyi önəmlidir. Zəhmət çəkməkdən qorxmaq lazım
deyil. Zəhmətkeşliklə yanaşı, ailədən gələn dəstək də çox önəmlidir. Bu iki
komponent bir yerdə olanda insan müəyyən nailiyyətlər qazana bilir. Sözsüz ki,
burada genetika, mühit və bəxt də rol oynayır.
Aygün Asimqızı