Azərbaycanda təkrarolunmaz hisslər yaşayan almaniyalı - Əcnəbi

Azərbaycanda təkrarolunmaz hisslər yaşayan almaniyalı - Əcnəbi

Gənclik qəzeti
27 Sentyabr 2019, 14:30 1207
O da digər əcnəbilər kimi ölkəmizi sevir. Qonaqpərvərlik, tolerantlıq, Azərbaycanda qorxusuz yaşamaq, dadlı mətbəx… Bu  kimi xüsusiyyətlər onu ölkəmizə bağlayır. Amma ən əsas məqam sevdiyi azərbaycanlı qızdır. Məhz o qıza görə, təhsilini bitirsə də, Azərbaycandan "qopa” bilmir.

"Əcnəbi” rubrikamızın qonağı Almaniya vətəndaşı Aleksej Andruşkindir. Özü haqqında məlumat verən həmsöhbətimiz deyir ki, atası alman, anası rus əsillidir: "30 yaşım var. Qazaxıstanın Pavlador şəhərinin yaxınlığındakı qəsəbədə doğulmuşam. Uşaqlığımın bir neçə ili orada keçib. Sonra ailəmlə birgə Rusiyanın sərhədə yaxın qəsəbəsinə köçmüşük.  2001-ci ildən isə Almaniyada yaşayırıq. Atam alman, anam isə rus əsillidir. Almaniyada əvvəlcə balaca bir şəhərdə yaşayırdıq. Təhsilimlə bağlı böyük şəhərə köçəsi oldum. Hazırda Drezden və Berlin arasında Kottbus şəhərində qardaşımla bir qalırıq. Yaşadığımız şəhərin təxminən 100 min əhalisi var”. 
 
"Həm oxudum, həm təcrübə keçdim”
 
Aleksej Azərbaycana Erasmus mübadilə proqramı vasitəsilə gəlib. Deyir ki, Almaniyada işlədiyi müddətdə daha geniş təcrübə və biliyə yiyələnmək üçün bu proqrama qatılıb: "Həmin şirkətdə mexaniki mühəndislik peşəsi üzrə işləyirdim. Amma mən həmişə nələrisə öyrənmək, yeni bilik və vərdişlər əldə etmək marağında olmuşam. Bu səbəbdən uzun müddət Azərbaycanda qaldım, həm oxudum, həm də təcrübə keçdim”. 

Aleksejin sözlərinə görə, proqrama müraciət etməsinin səbəblərindən biri, heç vaxt görmədiyi və tanımadığı bir ölkəni görmək, gəzmək imkanı idi: "Azərbaycan mənim üçün çox maraqlı ölkə idi. Bilirdim ki, tam fərqli bir mədəniyyətlə tanış olacağam. Və təbii ki, Azərbaycanda insanların necə olduqlarını, eləcə də, təhsilin səviyyəsini öyrənmək istəyirdim. Həqiqətən bu ölkənin mənə qatqısı gözlədiyimdən də böyük oldu. Ölkə haqqındakı fikirlərimi dəyişdi və öyrəndiklərim çox oldu. Azərbaycana gəlməmişdən əvvəl Almaniyada təhsil alan qız dostumla görüşüb söhbət etdik. Azərbaycanlı idi. Ölkəniz barədə ondan məlumat aldım. Azərbaycan barədə heç nə təsəvvür etmirdim və öz gözlərimlə görmək istəyirdim”.
 

 
"Heç vaxt düşünmürdüm ki, Azərbaycanda kimsə mənə pislik edər”
 
Əcnəbi müsahibimizin sözlərinə görə, Azərbaycanda ən çox sevdiyi nüans burada əcnəbinin belə, öz ölkəsindəki kimi qorxusuz yaşamasıdır: "Azərbaycana ilk gəldiyimdə insanların tanımadığı şəxslərə belə, tolerant yanaşması, kömək etməyə çalışmasını gördüm və bu, məni çox təəccübləndirdi. Avtobusda, metroda gənclərin yerlərini böyüklərə, yaşlılara verməsini ilk dəfə görürdüm . Və insanlarınızın belə xoş münasibətini görəndə, heç vaxt düşünmürdüm ki, Azərbaycanda kimsə mənə pislik edər, yaxud oğurluqla rastlaşaram. Öz ölkəmdəki kimi sərbəst idim. Ən əsası, qorxu-hürküsüz, istədiyim saatda şəhərə çıxa bilirdim”. 
"Azərbaycanda təhsil fərqli və bir az da çətindir”
 
Digər əcnəbilər kimi Aleksejin də çətinliyi ünsiyyətlə bağlı olub: "Azərbaycanda insanlarla ünsiyyətim dil baxımından bəzən çətin alınırdı. Onlarla nə rus dilində, nə də alman dilində ünsiyyət qura bilirdim. Ancaq metro, yaxud hansısa məkanın ünvanını soruşanda, məni anlayıb köməklik edirdilər. Hətta soruşduğum ünvana kimi mənimlə birlikdə gedirdilər. Bir dəfə Ukraynadan olan şəxs mənə kömək etmişdi. Rus dilində biri ilə ünsiyyət qura bildiyim üçün özümü çox xoşbəxt hiss edirdim. Əksərən də, evində kirayə yaşadığım şəxs mənə bütün işlərimdə köməklik edirdi”.

Aleksej ölkəmizdə yaşadığı müddətdə Almaniya üçün darıxmayıb. Deyir ki, dərslərin ağırlığından darıxmağa vaxtı olmayıb: "Azərbaycanda olanda, başım təhsilə o qədər qarışmışdı ki, ev üçün darıxmırdım. Ancaq son həftələr artıq darıxmağa başladım. Onu da deyim ki, Azərbaycanda təhsil fərqli və bir az da çətindir. Müəllimlərim hər zaman mənə kömək edib. Eləcə də, qrup yoldaşlarım dəstəyini əsirgəmirdilər. Almaniyada professorlar tələbəyə kömək etməyə can atmırlar. Vaxt azlığından şikayətlənirlər. Ona görə də, tələbəyə kömək üçün zaman ayıra bilmirlər”. 
 

 
"Gözümə yaxşı görünən yeməklərdən sifariş verirdim”
 
Təbii ki, Azərbaycan mətbəxi Aleksejin də ağız dadına uyğun olub. Müsahibimizin sözlərinə görə, yeməklərimizə o qədər etibar edib ki, hansı yeməyin şəklini bəyənibsə, sifariş edib: "Azərbaycanın mətbəxini çox xoşlayıram. Milli yeməklərin hamısını dadmışam. Restorana gedəndə, əsasən gözümə yaxşı görünən yeməklərdən sifariş verirdim.

Eyni zamanda, Bakıda binaların arxitekturasını çox bəyənirdim. Hava limanı möhtəşəmdir. Qədim Bakı sayılan İçərişəhərdə gəzməkdən zövq alırdım. "Azdrama”da tamaşalara baxmışam. Çox bəyənmişəm.

Təbii ki, xoşlamadığım şeylər də olub. Amma qəbul edirəm ki, bütün bunlar hər bir böyük şəhərin problem sayılır. Məsələn, həmişə avtobus və metro dolu olurdu. Dərsə getmək üçün dayanacaqda avtobus gözləyirdim, avtobus gəlirdi, amma ona minmək mümkün olmurdu. Və mən minə bilməyib, başqasını gözləməli olurdum. Eləcə də, metroda eyni hal yaşanırdı.  Mənə görə, avtobusların planına uyğun zamanda gəlməməsi və dolu olması normal bir hal deyildi, çünki Almaniyada belə bir şey yoxdur.  Orada avtobusun gəlmə saatı qeyd edilir və gecikmir də. Bir nüansı da qeyd edim ki, mən küləkli havanı sevirəm. Bakı küləklər şəhəri olduğu üçün bəzən çətinliklərim olurdu. Bizim regionda çox nadir hallarda Bakıdakı kimi küləkli  hava ola bilər”.
 

 
"Azərbaycanlı qızla münasibət barədə düşünməmişdim”
 
Aleksej ölkəmizi o qədər sevib ki, hətta azərbaycanlı qızla evlənib, qohumluq əlaqələri də qurmaq istəyir: "Azərbaycanlı qızlar gözəldirlər. Onlar avropalı xanımlardan fərqlənirlər. Hətta Azərbaycanda tanış olub və sevdiyim bir xanım da var. Düzünü desəm, Azərbaycana gəldiyimdə,  azərbaycanlı qızla hansısa bir münasibət barədə düşünməmişdim. Çünki sizin adət-ənənə, mentalitet məsələləri barədə eşitmişdim. Eşitmişdim ki, azərbaycanlı qızların  əcnəbi oğlana ərə getməsinə yaxşı baxılmır. Və buna hörmət edirəm.  Ancaq o qızla tanış olduqdan sonra bu düşüncənin hamıya şamil olunmadığını öyrəndim. Sevdiyim qız Azərbaycanda yaşayır. Mən isə Almaniyadayam. Uzaqdan uzağa münasibət saxlamaq çətin olur, çünki bir-birimiz üçün çox darıxırıq. Onu ilk gördüyüm gün bəyənmişdim və düşündüm ki, bu, mənim uzun zamandır axtardığım o qadındır. Ancaq onunla münasibətə başlamaq barədə Almaniyaya geri döndükdən sonra qərar verdim.  Əvvəlcə dost olaraq yazışmağa başladım və əmin oldum ki, bu, axtardığım xanımdır. Sevgimi etiraf etdim. Beləcə, hər şey başladı. İndi evlilik barədə düşünürük. Mənim üçün xüsusi birinə çevrilib. Ailəm də çox yaxşı qarşıladı. Hətta anam onu çox xoşlayır. Valideynlərim üçün mənim xoşbəxt olmağım önəmlidir, kimlə ailə qurmağım deyil. Məhz o qadını yenidən görmək və sizin adət-ənənələrə uyğun evlənmək üçün Bakıya yenidən qayıdacağam. Düşünürəm ki, həyatda uğurlu biriyəm. O azərbaycanlı xanım da, həyatın qarşıma çıxardığı ən böyük şansdır”.
 
Aleksej sonda Azərbaycanı sevdiyini vurğuladı: "Düşünürəm ki, Azərbaycan, Bakı ilə bağlı unutmayacağım bir çox məqamlar qazandım, xatirələrim çoxdur. Çünki orada yaşadığım hər şey yeni idi. Mədəniyyət və insanlar, orada gəzdiyim məkanlar, "Azdrama”, Olimpiya stadionu, İçərişəhər, məscidlər...Bütün bunlar mənə təkrarolunmaz hisslər yaşadıb”.
 
Aygün ƏZİZ