Azərbaycan şahmatının möhtəşəm uğuruna aparan yol - Zəfər tarixçəsi

Azərbaycan şahmatının möhtəşəm uğuruna aparan yol - Zəfər tarixçəsi

Gənclik qəzeti
11 Oktyabr 2019, 15:05 10131
4 oktyabr 2019-cu il. Təqvimin bu günü Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldı. Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda bütün rəqiblərini sıradan çıxaran qrossmeysterimiz Teymur Rəcəbov, bir ilk müəyyənləşdirərək, ölkəmiz adına olduqca mühüm göstəriciyə imza atdı. Yarış iştirakçıları arasında Dinq Lijen, Aniş Qiri, Sergey Karyakin, Uesli So, Aleksandr Qrişuk, Maksim Vaşye-Laqrav, Hikaru Nakamura, Levon Aronyan, Yu Yanyi, Yan Nepomnyaşşi, Dmitri Yakovenko, Yan Duda kimi dünya şahmat nəhənglərinin olduğunu nəzərə alsaq, nailiyyətin necə mürəkkəb mübarizə şəraitində qazanıldığına, bunun idmanımız üçün hansı əhəmiyyəti kəsb etdiyinə dair əlavə şərhə yəqin ki, lüzum yoxdur. Əbəs deyil ki, Rəcəbov bir çox mütəxəssislər tərəfindən Azərbaycanda cari ilin ən yaxşı idmançısı adına əsas namizəd kimi qələmə verilir.

"Özümü axmaq kimi hiss edirəm"

Məlum olduğu kimi, yarış öncəsi Teymurun şansları digər dünya şöhrətli zəka sahibimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla, yuxarıda adı çəkilən "böyük usta"ların bəzilərindən bir xeyli az qiymətləndirilirdi. Əlbəttə, bunadək keçən bir neçə il ərzində iştirak etdiyi böyük turnirlərdə özünü heç cür doğrulda bilməyən Rəcəbovun, birdən-birə belə möhtəşəm performans sərgiləməsi dünya şahmat ictimaiyyətini təəccübləndirməyə bilməzdi. Təsadüfi deyil ki, 2013-cü ildən bu yana şahmat tacını heç kimə güzəştə getməyən super zəka Maqnus Karlsen onun həlledici görüşünü belə şərh edir: "Özümü axmaq kimi hiss edirəm. Son partiyada Teymura qələbə şansı verməmişdim. Oyunun ən yaxşı halda bərabərliklə bitəcəyini düşünürdüm, amma Rəcəbov möhtəşəm geridönüş edərək hər kəsi təəccübləndirdi”.
 


Rahat "şikar"lar və "əsrin oyunu"

Dünya çempionunu belə bir etirafa sövq etmiş zəfərə doğru gedən yolda, Rəcəbovun ilk rəqibi Farer adalarından Dam Helqi Jiska idi. "Cırtdan" ölkənin heç bir iddiası olmayan təmsilçisi ilə görüşlər, gözlənildiyi kimi, onun üçün hər hansı çətinlik yaratmadı. İlk partiyanı ağlarla keçirən 32 yaşlı qrossmeysterimiz qələbə qazanıb, qara fiqurlarla oyunda özünə heç bir əziyyət vermədən heç-heçəyə razılaşdı.

İkinci mərhələdə rusiyalı Sanan Suqirovla qarşılaşan Teymur, klassik partiyaların hər ikisində xalı yarı bölüb, görüşün taleyini rapidə saxladı. Burada ilk olaraq qaralarla oynayan həmyerlimiz, yenidən "sülh"ə razılaşdısa, ağ fiqurlarla rəqibinin müqavimətini qırmağı bacardı.

1/16-də də ev sahibi ilə qarşılaşan Teymur, ilk mərhələdəki ssenari üzrə 22 yaşlı rəqibi Daniil Yuffanı da "zərərsizləşdirərək", "16-lığ"a vəsiqə qazandı.
Burada isə onu artıq olduqca ciddi rəqib - dünya reytinqinin yeddincisi, 2800 reytinq səddini keçən yeganə azərbaycanlı Şəhriyar Məmmədyarov gözləyirdi. Analoji mərhələdə digər təmsilçimiz Eltac Səfərlini mübarizədən kənarlaşdıran Məmmədyarov, yuxarıda da vurğuladığımız kimi, ikinci "derbi"nin də favoriti sayılırdı. Bununla belə, onların bir-birini çox yaxşı tanıdığını, güclü və zəif tərəfləri haqqında yetərincə məlumatlı olduqlarını nəzərə alan mütəxəssislər, görüşün olduqca gərgin keçəcəyini qeyd edirdilər. Yeri gəlmişkən, tanınmış qrossmeysterimiz Rauf Məmmədov görüşdən öncə sosial şəbəkə hesabında maraqlı bənzətmə aparmışdı: "Bu, "El Klasiko”, Mançester derbisi və xokkeydə Rusiya-Kanada qarşılaşmasından daha maraqlı oyun olacaq. Əsrin oyunudur".

"Qapıda Buffon dayanmışdı"

Beləliklə, klassik və rapid partiyaların hər birində heç-heçə oynayan şahmat ulduzlarımız, görüşün taleyini ixtiyarlarında cəmi 10 dəqiqə olan qısaldılmış rapiddə həll etdilər. Halbuki burada Şəhriyar qələbəyə daha yaxın idi. Belə ki, ilk partiyası xal bölgüsü ilə bitən duelin ikinci oyununda 34 yaşlı Məmmədyarov əlverişli mövqe yaxalasa da, 38-ci gedişdə kobud səhvə yol verdi.

Bu arada, məğlub tərəf sosial şəbəkə hesabında yenilgiyə maraqlı şərhlə aydınlıq gətirir: "Bu gün GxH7 gedişinin əvəzinə H6 oynasaydım, udurdum. Gözəl şanslarım var idi, istifadə edə bilmədim. Əziyyətim heyf oldu. Amma hər şey yaxşıdır. Mən futbolda Hollandiya yığması kimiyəm. Sadəcə, indi qapıda Buffon dayanmışdı".

"Çağırılmamış qonaq"la ağır və zövqlü partiya

Dinq Lijen, Aleksandr Qrişuk, Levon Aronyan, Maksim Vaşye-Laqrav, Nikita Vityuqov, Yu Yanyinin də olduğu "səkkizlik"də yer alan Rəcəbov, bu mərhələnin yeganə sürprizi Cefri Şonqla  münasibətlərinə aydınlıq gətirməli oldu. Üçüncü mərhələdə niderlandlı Aniş Girini üstələməklə yarışın əsas sensasiyasını müəyyənləşdirən ABŞ təmsilçisi ilə duellər asan keçmədi. İlk partiyada sülh bağlayıb, ağlarla 18 yaşlı rəqibin müqavimətini qıran Teymur, yarışın rəsmi saytına verdiyi açıqlamada həlledici oyunu, son zamanlar oynadığı ən ağır partiya kimi dəyərləndirmişdi: "19-cu gedişdən sonra gedişləri təkrarlamaqla heç-heçə edə bilərdim. Oyunu tay-brekə daşımağı düşündüm. İstənilən halda ya udursan, ya da uduzursan. Amma düşündüm ki, niyə də bu gün olmasın? Özü də belə bir gənc şahmatçı ilə tay-brek oynamaq elə də asan deyil. Demirəm qocalmışam, sadəcə Şonq 18 yaşlı, motivasiya dolu bir qrossmeysterdir. Ümumiyyətlə, partiya çox ağır alındı. Bəlkə də, son zamanlar oynadığım ən ağır oyun idi. Belə bir partiyada qələbə qazanmaq xüsusi zövq verir".

Yarımfinalda iki Çin qrossmeysteri bir-biri ilə, Rəcəbov isə dünya reytinqinin altıncısı Vaşye-Laqravla üz-üzə gəlir. Sonuncu dəfə uzaq 2004-cü ildə, yarış hələ dünya çempionatı adlanarkən, finalın bir addımlığınadək gələn Teymur, bu dəfə tarixi fürsəti əldən vermir. Qaralarla heç-heçə edərək, ağ fiqurlarla əvvəldən üstünlüyü ələ aldığı partiyanın 44-cü gedişində rəqibi ağ bayraq qaldırmağa məcbur edir.

Azərbaycan şahmatı tarixində ilk Dünya Kuboku finalı və beləliklə, İddiaçılar Turnirinə lisenziya!
 


Diqqət! Danışır qrossmeyster

Son nöqtəni də qoymaq mümkün olacaqmı? Teymur yarışın reytinq favoriti, 2811 xala sahib Dinq Lijenlə görüşlərdə nə edəcək? Bu suallar bütün şahmatsevərləri düşündürürdü.

Bir çox mütəxəssislər proqnozlaşdırırdı ki, yarışadək İddiaçılar Turnirinə lisenziyanı təmin etmiş Dinq, əvvəlki mərhələdə uduzaraq, Yanyinin də növbəti ilin yazında Yekaterinburqda keçiriləcək sözügedən turnirdə təmsil olunmasına imkan yaradacaq. Lakin 26 yaşlı qrossmeyster ölüm-dirim savaşından qalib ayrılmaqla, baş mükafata necə iddialı olduğunu bir daha nümayiş etdirdi. Yeri gəlmişkən, dueldən öncə bir neçə yerli qrossmeyster diqqətçəkən proqnozlar irəli sürmüşdü. Hərçənd onlar nə qədər nikbin danışsalar da, üstünlüyün Lijendə olduğunu da gizlətmirdilər. Teymurun final matçını "Kaspi"yə şərh edən şahmat mütəxəssisi Rəsul İbrahimov da duel ərəfəsi şansları 45/55 nisbətində göstərdiyini deyir. Qrossmeysterin fikrincə, Rəcəbovun qələbəsini şərtləndirən əsas amil həlledici məqamda onun əsəblərinin daha möhkəm olmasıdır: "Dinq xeyli müddətdir ki, olduqca stabil oyun nümayiş etdirirdi. Hətta Karlsenlə eyni səviyyədə mübarizə aparırdı.
Yadınızdadırsa, son super turnirlərin birində Maqnusu məğlub etmişdi. Digər tərəfdən, şəxsi görüşlərdə minimal da olsa, çinlinin üstünlüyü var idi. Teymurun xeyrinə olan yeganə durum isə onun finaladək gücünə daha çox qənaət etməsi idi. Hesab edirdim ki, Teymur klassik partiyalarda "ağ"larla açılışdan rəqibə maksimal dərəcədə problem yaratmağa çalışmalıdır. Məlum idi ki, Lijen tez heç-heçə edib, matçın taleyini rapidədək uzatmayacaq. Lakin Teymur "ağ"larla ilk görüşdə elə ciddi problem ortaya qoya bilmədi. Növbəti partiyada Lijenin möhtəşəm qələbəsindən sonra yəqin ki, heç kim Rəcəbovun geridönüş edəcəyinə inanmırdı. Ancaq o, "ağ"larla ikinci oyununda hər birimizi təəccübləndirərək, başlanğıcdan Dinqin qarşısında ciddi problemlər qoydu. Lijen çox çalışsa da, görüşü heç-heçəyə apara bilmədi. Bu qələbə əsl dönüş nöqtəsi oldu. Tay-brekə gəldikdə, Teymurun gücünün daha çox qalması, əsəblərinin daha möhkəm olması bu mərhələdə onun köməyinə çatdı. Rapid oyunları bərabərliklə yekunlaşsa da, Rəcəbov burada əhəmiyyətli üstünlük yaxalamışdı. Blitzin ilk oyununda isə vəziyyət bərabərə yaxın idi, Lijenin durumunda ciddi təhlükə hiss etmirdim. Sadəcə, əsəblərin möhkəmliyi sonda öz sözünü dedi. Ümumiləşdirsək, bu uğurun arxasında çox ciddi hazırlıq dayanır. Əks halda, belə bir turniri qələbə ilə başa vurmaq mümkünsüzdür".

Təzad

Çempionun özü isə turnirdən sonra çox maraqlı, bir qədər də təzadlı açıqlama ilə diqqət çəkdi. Belə ki, o, Dünya Kubokuna hazırlığının zəif keçdiyini qeyd edib: "Partiyalardan birində qapını "çırpmaq" istəyirdim, amma qapını bütün turnir boyunca "çırpdım". Turnirdən birinci çıxmağı düşünürdüm, amma axırda tərk etdim. Bütün dostlarım yarışı tez tərk etdi. Özümü tənha hiss edirdim. Belədə, turnirdə qələbə qazanmağım zərurətə çevrilmişdi. Onu da deyim ki, bura fiziki cəhətdən qəti hazırlaşmamışdım. Bu, belə bir reseptdir: Nəyisə çox ürəkdən istəmirsənsə, onda, bu, baş verir. Bu reseptin işlədiyini bilirdim, ancaq bilməzdim ki, öz başıma gələr".

Sahib