Azərbaycan qədimliyin və müasirliyin qovşağıdır - Əcnəbi
"Həyat
yoldaşımın işi burada olduğu üçün, Azərbaycana gəlməli olduq. Düzünü deyim,
ölkəni tanımadığıma görə, Azərbaycana gedəcəyimi biləndə sevinmədim. Ancaq
ölkənizi gəlib gördükdən sonra sürprizlə qarşılaşdım. Azərbaycan mənim üçün
sürpriz ölkədir. Təsəvvürümdə canlandırdığımdan tam fərqli ölkə ilə
rastlaşdım”.
Bu sözləri
bizimlə söhbətində Braziliyanın fransız əsilli vətəndaşı, Daiana Oliveira
Simönel dedi. O Azərbaycanda fəaliyyət göstərən "Bakool Arts” Mədəniyyət Mübadiləsi Festivalı və
Cənubi Amerika, Avropa, Karib, Xəzər dənizi bölgələrində gerçəkləşdirilən
"KveArt” festivalının mədəni bədii rəhbəridir.
Əcnəbi
müsahibimiz özünü temperamentli, coşqulu biri kimi təqdim edir. Deyir ki, bir
şeyi sadəcə xoşlamaqla qəbul edib, yaşaya bilməz, gərək ona xüsusi sevgisi
olsun. Elə həyat yoldaşına bəslədiyi sevgi kimi: "Həyat yoldaşıma olan sevgim
məni yaşadan ən mühüm səbəblərdəndir. O, hər zaman mənə yoldaş, dost olub.
Artıq 11 ildir ki, bütün həyatımın sevgisidir”.
"İnsan hər şeydən əvvəl həyatın özünü sevməlidir”
Daiana futbol oynamağı, əyləncə mərasimlərini
sevir. Onun fikrincə, insan hər şeydən əvvəl həyatın özünü sevməlidir.
Ayrı-ayrı ölkələrə səfərlər etməyə və yeni dostlar qazanmaq üçün fərqli
mədəniyyətlər öyrənməyə istəkli olan həmsöhbətimizi Azərbaycanda
təəccübləndirən şeylər çoxdur. Bunları bir müsahibəyə sığışdırmağın mümkün
olmadığını deyən Daiana, Azərbaycanın həm qədimiliyin, həm də müasirliyin
qovşağı olduğunu qeyd edir: "Sən şəhərin küçələrində gəzərkən, eyni yerdə həm
müasir, həm də qədim Bakını, tarixi binaları görə bilərsən. Azərbaycanın uzun
saçlı, şirin səsi olan qadınlarının gözəlliyini xoşlayıram. Onların güclü
xarakteri sosial həyatda rollarına kömək edir. Mən çox şadam ki, bu ölkədə
qadın hüquqları qorunur və bir çox təşkilatlarda qadın hüquqları barədə hamı
xəbərdardır”.
"Parisdəki brendlər Bakıda da var”
Dəbli
geyinməyi sevən Daiana Bakıda da əsasən dəblə, brend markaların dükanları ilə
çox maraqlanır: "Xoşladığı brend markaların Bakıda olması onu təəccübləndirib:
"Mən Parisdə olanda geyindiyim brendləri burada tapanda çox sevindim. Dostlarım
inana bilmir ki, bu geyimləri haradan tapmışam. Şəhərdən kənara çıxmaq,
Şahdağa, Qubaya getmək şanslarım da olub. Azərbaycan möhtəşəmdir, landşaftı
möcüzədir”.
"Azərbaycanlılar mənə çox maraqlı gəlir”
Daiana
üçün Azərbaycanda ən maraqlı olan insanlarımızdır. Deyir ki, əgər bu ölkəyə
ürək açıqlığı və insanların mədəniyyətini anlayaraq, ona hörmət edərək
gəlirsənsə, gələcəkdə uşaqlarına, nəvələrinə danışa biləcəyin, danışanda üzündə
gülüş yaradan, gözlərini parladan çox inanılmaz xatirələrin ola bilər: "Yox,
əgər, bura gəlib də, ancaq öz mədəniyyətini təbliğ etməyə çalışsan, onda sənə
burda yaşamaq xoş olmayacaq. Bəzən Azərbaycanlının ingilis dilində danışa
bilməməyindən şikayət edən əcnəbilər görəndə əsəbiləşirəm, bu cür şeylər qanımı
qaraldır. Biz burda qonağıq. Azərbaycan əhalisi çox yaxşıdır, onlardan bəziləri
heç vaxt ölkədən kənara çıxmayıb, Avropaya, Amerikaya və digər ölkələr səfər
etməyə şansları olmayıb. Ona görə, Azərbaycan dili onların bildiyi tək dildir.
Ancaq azərbaycanlılar ingilis dilini çox yaxşı, ya heç bilməsə də, əcnəbilərlə
ünsiyyət qurmaq və onları anlaya bilmək üçün çox şey edir, çalışırlar. Mənim
çox maraqlı zənn etdiyim, bu ölkənin adamlarıdır”.
"Azərbaycan mətbəxinə görə hər gün idman edirəm”
Daiana yerli mətbəximizdən daha çox piti,
balqabaq, plov, qutab və dovğanı çox xoşladığını deyir: "Bütün dostlarıma
demişəm ki, hər gün idman etməyimin səbəbi Azərbaycan mətbəxidir”. Azərbaycan
musiqisinin fərqli olduğunu deyən həmsöhbətimiz "Əhmədovski” trio orkestrasını
oktyabrda Braziliyaya aparmaq istəyir: "İnanıram ki, biz birlikdə mədəniyyət
sahəsində işləyə bilərik. Mən bu qrupu tam anlamı ilə sevdim, onlar nəzakətli
və eyni zamanda unikaldır. Azərbaycan bu musiqiçilərlə fəxr etməlidir və biz
onları xaricdə tanıtdırmalıyıq.
Azərbaycansayağı çay içmək istədim, az qala dişim
sındı...
Daiana
burda başına gələn maraqlı hadisələri də bölüşür: "Azərbaycana bir həftə olardı
ki, gəlmişdik. Bir iş adamı bizi nahara dəvət etmişdi. Məkana çatanda süfrəni
görüb şok oldum. Süfrə o qədər bol idi ki... Hətta düşündüm ki, bişirilən o
qədər yeməklə balaca bir ölkənin əhalisini doyuzdurmaq olar. Çox zəngin. Ancaq
bir şeyə məyus oldum. Hər bir dəqiqədən bir kimsə tost deyir. Ağzıma nə isə
aparmaq istəyəndə, kimsə sağlıq demək istəyirdi. Və nəhayətində, mən balqabaq
qutabını düz 45 dəqiqəyə yeyib qurtara bildim. Başqa maraqlı bir əhvalat da
danışım. Azərbaycanlılar çayı qəndlə içir. Bunu bura gələndə öyrəndim. Mən də
ilk dəfə azərbaycanlısayaq çay içmək
istədim. Sən demə, azərbaycanlılar qəndin əvvəlcə ağızda islanmasını gözləyir,
sonra dişləyir. Mən bilmədim, ilk dəfədən dişlədim. Dişim sındı. Dostum qayıtdı
ki, Daiana nə edirsən? Dedim, azərbaycanlılar kimi çay içirəm. Düz 30 dəqiqə
mənə güldü. Artıq 6 aydır ki, sizin kimi çay içirəm.
Geyim dükanlarında satıcı qızlar tez-tez qapını
döyür ki...
Daiana
ölkəmizi bəyənib, sevsə də, bəyənmədiyi bəzi şeylər də var. Elə özü rahatlıqla
bizə etiraf edir: "Sevmədiyim şeylər var, bəli. Əvvəla, sürücülərə demək
istəyirəm ki, zəhmət olmasa, maşınınızı səliqəli park edin. Geyim dükanlarında
satıcı qızlar müştəri geyimi dəyişəndə, tez-tez gəlib qapını açıb soruşur ki,
nə isə kömək lazımdır? Bunu heç xoşlamıram. Bir neçə dəfə hələ alt paltarında
yaxalanmışam. Klub və restoranlarda çox siqaret çəkirlər, içəridə nəfəs almaq
olmur və üstümüz tüstü olur”.
"Müxtəlif coğrafiyalar arasında körpü yaradacağıq”
Müsahibimiz
Bakıda bir sıra mədəni tədbirlərin təşkilində aktivdir: "Bekar oturmağı
sevmirəm. Burda bəzi layihələr gerçəkləşdirirəm. Əsasən, mədəniyyətyönlü
tədbirlərdir. Bakıda ilk dəfə Mədəniyyət Mübadiləsi Festivalı olan "Bakool Arts”
festivalı keçirtməyə şansım oldu. Festivalın beynəlxalq incəsənət
məsləhətçisiyəm. Tədbir Braziliya səfirliyi, Milli Turizm Təbliğat Bürosu, "Arts
Council Azərbaycan”ın, argentinalı prodüser, incəsənət məsləhətçisi Carolina
del Catsillonun təşkilatçılığı ilə gerçəkləşib. Festival sərhəd tanımayan
incəsənətin nümayişinə həsr olunub. Bu işdə məqsəd Azərbaycanda fərqli
incəsənəti nümayiş etdirməkdir. Bu tədbir həmçinin, müxtəlif coğrafiya arasında
körpü yaratmaq üçün mühüm bir addımdır. Bu festivalla Bakıda fərqli incəsənət
sahələrinin təqdimatını keçiririk. Mədəniyyətimiz müxtəlif olsa da, incəsənətdə
bu özünü göstərmir. Festivalda hər biri müasir yaradıcılıq üslublarında çıxış
edən yeni musiqiçilər iştirak edib. Tədbirdə 2018-ci ildə Braziliyanın
"Prosa Sonora” festivalında iştirakı üçün azərbaycanlı musiqiçi seçilib.
İndi Carolina ilə bu festivalın ikinci versiyasını təşkil etməyə çalışırıq. Bu
istiqamətdə işləyirik. İkinci versiya fərqli olacaq. Festivalda musiqi, rəqslər,
tolerantlıq mövzusunda sərgilər olacaq. Yaxın zamanlarda bu barədə məlumat
verəcəyik”.
Aygün ƏZİZ