• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Azərbaycan müasir düşüncəli və sülhsevər ölkədir

15.12.18 13:00 890
Azərbaycan müasir düşüncəli və sülhsevər ölkədir
Yaponiyanın nüfuzlu Keyo Universitetinin tələbələri Azərbaycana tədqiqat məqsədli səfər ediblər. Universitetin tələbə təşkilatının üzvləri Qafqaza səfər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat toplayıblar.
Səfər barədə təəssüratlarınıAZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən siyasi menecment fakültəsinin tələbəsi Sae Nakae deyib: "Mənim də üzvü olduğum universitet tələbə təşkilatının əsas məqsədi qlobal məsələləri birbaşa yerində araşdırmaqdır. Bu məsələlər sırasında ölkələrarası münaqişələr xüsusi yer tutur. Bu ilin əvvəlində təşkilatın üzvlərindən biri Azərbaycan da daxil olmaqla, Qafqaz ölkələrinə səyahət etməyi təklif etdi. Fakültəmizin müəllimi, professor Yoko Hirose bizə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumat vermişdi. Onun bu münaqişə barədə məqalələri ilə də tanış idik. Buna baxmayaraq, bu mövzu mənim diqqətimi çox çəkirdi. Universitetin siyasi menecment, elm və mühəndislik, iqtisadiyyat, hüquq, biznes və ticarət fakültələrində təhsil alan 8 tələbə yoldaşımla Qafqaza yollandıq. Üç həftə davam edən səfər zamanı Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada olduq. Azərbaycanda 3 gecə 4 gün qaldıq. Bakı və Şəki şəhərlərini gəzib, ölkəniz haqqında ətraflı məlumat topladıq. Araşdırdığımız əsas məsələ Ermənistan və Azərbaycan arasındakı münaqişə idi. Bakıda Multikulturalizm Mərkəzində olarkən bizə bu münaqişə barədə ətraflı məlumat verdilər. Qaçqınlar və məcburi köçkünlər, bu münaqişənin ölkə iqtisadiyyatına vurduğu ziyan barədə də geniş məlumat topladıq. Əldə etdiyimiz məlumatlar Azərbaycanın güclü bir dövlət olduğunu göstərdi. Səfər zamanı ölkənizin və xalqınızın münaqişə ilə bağlı mövqeyini öyrəndik”.
Keyo Universitetinin tələbəsi Bakı şəhərini çox bəyəndiklərini də bildirib: "Çox gözəl paytaxtınız var. Bizə Avropa şəhərlərini xatırlatdı. Bakıda həm qədim, həm də modern tikililər öz gözəlliyi ilə bizi valeh etdi. Şəhərdə gəzdiyimiz zaman yerli əhali ilə də söhbət etmək imkanımız oldu. Çox mehriban, istiqanlı xalqsınız”.
Gələcəkdə bir daha Azərbaycana səfər etmək istədiyini bildirən yapon tələbə, Azərbaycanın dünya ölkələri arasında mühüm yer tutduğunu da qeyd edib: "Səfərdən qayıdandan sonra keçiriləcək iclas üçün tələbə yoldaşlarımızla xüsusi təqdimat hazırladıq. Hamı belə qənaətdə idi ki, səfər zamanı qarşılaşdığımız ən maraqlı ölkə məhz Azərbaycan idi. Buna görə də ölkənizə bir daha səfər edib, daha ətraflı araşdırmalar aparmaq niyyətindəyik. Əlbəttə ki, münaqişələr haqqında araşdırma aparmaq, fikir söyləmək çox çətindir. Amma düşünürəm ki, iki ölkə arasında münaqişə sülh yolu ilə həll ediləcək. Belə düşünməyimin səbəbi isə Azərbaycanın müasir düşüncəli və sülhsevər ölkə olmasıdır”.
banner

Oxşar Xəbərlər