
Azərbaycan cüdosunun tarixi nəticəsində əsas pay sahibi - Portret
Gənclik qəzeti
13 İyun 2020, 10:00
8257
Dünya çempionatının ikiqat gümüş mükafatçısı Kamran
Süleymanov: "Özüm də finala çıxacağıma inanmırdım"
Çox məşhur,
hamının həyatında dəfələrlə eşidib dilə gətirdiyi bir deyim var: "Sağlam bədəndə
sağlam ruh olar". Doğrudur, bir çox deyimlər kimi, bu da bütün hallarda
reallıqda əksini tapmır; fiziki sağlamlıq bəzən mənəvi zənginlik üçün kifayət
etmir. Ancaq istənilən halda, idman və bədən tərbiyəsi ilə məşğul olmağın insan
həyatına, ümumən isə cəmiyyətin möhkəm təməl üzərində inkişafına təsiri
danılmazdır. Odur ki, hər bir fərd, həyatının ilk mərhələlərindən etibarən,
idmanın açdığı imkanlardan yararlanmalı, maksimum sağlam həyat tərzinə sövq
edilməlidir.
Uşaq idmanı, ümumiyyətlə, bir nömrəli prioritetdir. Təsadüfi deyil ki, bir
idman növünün ölkədəki durumundan danışarkən, öncə müvafiq uşaq məktəblərinin
hansı səviyyədə olduğuna diqqət yetirilir. Azərbaycanda uşaq, yeniyetmə və
gənclər arasında getdikcə populyarlaşan növlərdən biri, bəlkə də, birincisi
cüdodur. XIX əsrin 80-ci illərində Yaponiyada yaranmış, məşhur ictimai xadim
Ciqoro Kanonun adı ilə bağlı olan bu döyüş sənəti ölkəmizdə ən kütləvi dövrünü
yaşayır desək, daha əvvəlki illərin haqqını yeməyəcəyimizdən əminik. Ötən ilin
sentyabrında Qazaxıstanda keçirilən yeniyetmə cüdoçular arasında dünya
çempionatında yazılmış tarix - komanda şəklində gümüş medal buna əsaslı
nümunədir. Bunadək isə 18 yaşadək cüdoçularımız fərdi proqramı iki mükafatla
başa vurmuşdular. Beləliklə, Azərbaycan cüdosunda ilk belə uğurun əsas pay
sahibi, ümumiyyətlə, sözügedən mundialın ən yaxşısı olan Kamran, bugünkü
"Portret" qəhrəmanımızdır.

Güləşi gözü tutmamışdı
Çin Taypeyi,
Rusiya və Yaponiya milliləri ilə görüşlərin hamısında tatamini başıuca tərk
edən Süleymanov Kamran Yaşar oğlu. O, 17 avqust 2002-ci ildə dünyaca məşhur
idmançıların şəhəri Sumqayıtda, ziyalı - mühəndis və müəllim ailəsində anadan
olub. Öz dili ilə desək, idmana gəlişini əvvəllər güləşlə məşğul olmuş atasına
borcludur. Belə ki, Kamran uşaqlıqda çox dolu, bir az da süst görkəmli uşaq
olduğundan, atası onu fiziki aktivliyi yüksək olan döyüş növlərindən birinə
yazdırmaq qərarı verir. Ancaq atanın seçimi 5 yaşlı Süleymanovun könlüncə
deyildi. "Güləşi gözüm tutmadı" deyir, Kamran: "Mən idmana
başlayanda Elnur Məmmədli olimpiya çempionu olmamışdı. Güləş ölkədəki bütün
növlərdən çox populyar idi. Atam da onu məsləhət bildi, amma nədənsə, mənim
gözüm tutmadı. Dedim, yox, bu, məndə alınmaz. Sonra getdik Sumqayıtda yerləşən
Paralimpiya Kompleksinə, orada İbrahim müəllimlə görüşdük (red: Cüdo üzrə
paralimpiya yığmamızın baş məşqçisi İ.İbrahimovu nəzərdə tutur). Güləşdən tam
fərqli olaraq, cüdo xoşuma gəldi. Lap uşaq olsam da, geyimi, fəndləri, ümumən
zalın ab-havasını hiss edib çox sevmişdim. O gündən İbrahim müəllimin yanında
məşqlərə başladım. Atam "yayadək getsin, sonra çıxardarıq” deyirdi. 12 ildən
çox keçib, bir gün də ayrılmaq haqqında düşünməmişəm".
Kamran İ.İbrahimovla 2014-cü ilədək birgə çalışır. O vaxtdan bu yana isə
Sumqayıt UGİM-in sıralarında, Zülfüqar Bayramovun yanında hazırlıq keçib.

Dünyaya qədər Avropa: Bir dəst medal
Bir neçə
ilini cüdonun sirlərinə yiyələnməklə keçirən Kamran, vaxt çatanda yarışlara da
qatılmağa başlayır. Kiçik yaşlılar və yeniyetmələr arasında 38, 42, 46, 50 kq
çəki dərəcələrində Azərbaycan birinciliyi və Sumqayıtda keçirilən Heydər
Əliyevin xatirəsinə həsr olunmuş turnirdə üst-üstə on dəfəyədək mükafatçılar
sırasına düşən Süleymanov, dünya çempionatına qədər Avropa kuboklarında sözünü
deməyi bacarmışdı. 2017-ci ilin oktyabrında Sloveniyanın Koper şəhərində
üçüncü, 2019-un martında Antalyada ikinci, bir ay sonra isə Çexiyada baş tutan
analoji yarışın çempionu olan yeniyetmə, habelə, keçən ilin iyununda Polşa
paytaxtı Varşavada AÇ üçüncülüyünədək yüksəlir.
Təzadlı "sürpriz"
Lakin
sadalanan nəticələrin heç biri Almatıda yarışdığı 60 kq çəki dərəcəsi ilə bağlı
deyil. Odur ki, mundial qəhrəmanımızın DÇ-lərdəki ilk cəhdindəncə finaladək
irəliləməsinə "sürpriz" desək, yanılmarıq. Özü də etiraf edərək deyir
ki, Qazaxıstana səfər ərəfəsində onunla bağlı gözləntilər, sadəcə, komanda
yarışı ilə bağlı olub: "Mənə deyirlər ki, o gün sənin günün idi. Nə
gizlədim, özüm də əvvəlcədən finala qədər irəliləyəcəyimə inanmırdım. Həmin
ərəfədə zədəli olsa da, fərdi yarışla bağlı bütün ümidlər Turana (red: komanda
yoldaşı, Avropa çempionu Turan Bayramovu nəzərdə tutur) idi. Ancaq bir yandan
da nəticəmin böyük sensasiya kimi qəbul edilməsini doğru hesab etmirəm. İdmançı
olmaqdan əlavə, mən həm də cüdo azarkeşiyəm. Cüdoda "sensasiya" deyə,
bir hal qalmayıb. Demək ki, mən o yarışa rəqiblərimdən daha yaxşı
hazırlaşmışdım".
DÇ
"gümüş"ünə gedən yol haqda qısaca qeyd edək ki, Süleymanov Braziliya,
Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarlarını böyük
əzmkarlıqla yenərək, sona saniyələr qalmış yaponiyalı Keici Tsuciokaya
"vazari" xalı ilə yenildi. Tarixi nəticə ilə sona çatan komanda
yarışında isə məğlubiyyətsiz olaraq, yığmamızın heyətində ən yaxşı performansı
məhz o, göstərdi.
İlin sonunda
Kamran artıq 66 kiloqramda görünməyə başladı. Əvvəlcə böyüklərin respublika
çempionatında mübarizə apardı, cari ilin əvvəlində isə gənclərin Azərbaycan
birinciliyində təsəlliverici mərhələyədək irəlilədi. Məlum, belə sürətlə çəki
dəyişib uğurlu olan nümunələrin sayı çox azdır.

Təəssüfü: "Məndən qat-qat çox..."
Koronavirus
və idman. Bu, aylardır ki, idman mediasındakı informasiyaların ana xəttidir.
Dünya idman ailəsinin aparıcı üzvlərindən biri kimi, mövcud vəziyyət; uzandıqca
uzanan qeyri-müəyyənlik bizi də olduqca qayğılandırır. "İlin əvvəlində əla
formadaydım" deyən Kamran da arada itən zamanın üzüntüsü içərisindədir:
"Bu, gənclərdə ilk ilim olacaqdı. Özümü mübarizəyə tam hazır hiss edirdim.
Ancaq neyləmək olar, deməli, qismət belə imiş. Həm də, bizdə karyerasının
sonuna gəlmiş, məndən qat-qat çox heyfslənən idmançılar var".
"Bunu bir də canlı hiss etmək əla olar"
"Karyaqa",
"sode tsurumi qoşi", "morote seoi-nage". Kamranın "Kral"
fəndlərimdir" dediyi bunlar, cüdoda kifayət qədər texnikalı, baxımlı fəndlər
hesab edilir. Ümumən, güləş üslubu haqqında danışarkən, "Üstünlüyüm
dözümlülüyüm, zəif tərəfim sürətimin istədiyim kimi olmamasıdır" deyir. Bu
arada, ondan hansı cüdoçu ilə üz-üzə gəlmək arzusunda olduğunu soruşduq. Cavab
isə qəti təəccübləndirmədi: "Şohey Ono ilə. Onunla yarış vaxtı üz-üzə
gəlməyim inandırıcı deyil. Çünki mən qarşıdakı bir neçə il ərzində çətin ki,
yuxarı çəkiyə keçim. Ancaq məşq vaxtı onunla kimono tutmağı çox istərdim. O,
kənardan həddən artıq möhkəm, sanki yerə pərçimlənmiş kimi təsir bağışlayır.
"Dəmir adam"ın gücünü bir də canlı hiss etmək əla olar".
"Böyüklərin
mübarizəsinə tam hazır vəziyyətə gəlmək üçün azı iki il zaman lazımdır” - deyə,
düşünür. Belədə, 2024-cü ildəki olimpiadada iştirak, əsas arzusu, hədəfidir.
Yer aldığı aşağı çəki dərəcələrində Azərbaycanda həmişə böyük rəqabət olduğunu
nəzərə alsaq, Kamran istəyinə çatmaqdan ötrü hələ çox tər tökməlidir. Əzmkar,
hər an təəccübləndirmək potensialının olduğunu dəfələrlə sübut edən Süleymanov
üçün heç bir sədd keçilməz deyil, əslində.

Portret
Cüdo - yapon
dilindən tərcümədə yumşaq yol və ya prinsip anlamına gəlir. Qurucusu Ciqoro
Kanonun təbirincə desək, buradakı fəndlərin köməyi ilə insan özündən qat-qat güclü adama rahatlıqla qalib gələ bilər. Vacib olan, rəqibi maksimum dəyərləndirib,
bir elə tez və doğru qərar qəbuletmə potensialıdır. Cüdonun idmançılardan ilk
tələbi isə nizam-intizam, böyük-kiçiyə, o cümlədən rəqibə hörmətdir. Bir
idmançı öz rəqibini məğlub etməyinə baxmayaraq, ona qarşı hörmətsizlik edərsə,
"hansoku-make" cəzası ilə yarışdan kənarlaşdırılır və məğlub tərəf
qalib elan olunur. Bu faktları vurğulamağımız əbəs deyil. Belə ki, Kamran
taktiki-texniki bacarıqları ilə fərqlənən, qısa zamanda yetərincə uğur qazanmış
idmançı olmaqdan əvvəl, təlim-tərbiyəsi ilə nümunəvi bir Azərbaycan gəncidir.
Onun üçün sadəcə bir döyüş meydanı var, o da elə tatamidir.
Sahib




Digər xəbərlər