Azərbaycan ağır atletikasının “qızıl oğlan”ı – Portret
Amerikada tarixi ilkə imza atan Rəhman
Kazımov, dünya rekordlarını hədəfləyib
"Tokio 2020"
yaxınlaşdıqca, həyəcanımız da artır. Bu günə qədər lisenziya sayının
gözləniləndən bir xeyli aşağı olması, idmansevərləri əməlli-başlı
qayğılandırır. Lakin vəziyyəti dəyişmək üçün qarşıda hələ çox şans olacaq.
Ənənəvi rekord yenilənməsi real səslənməsə də, qənaətbəxş bir sayla təmsil
olunacağımıza ümid az deyil. Təəssüf ki, ötən olimpiadalardan fərqli olaraq, Tokioda
bəzi növlər üzrə fərqlənməyimiz, ümumiyyətlə, inandırıcı deyil. Məsələn, ağır
atletika. İndiki halda, ənənəsi olan bu idman növündə bir lisenziya belə, böyük
uğur sayılacaq. Səbəbləri haqqında əvvəlki saylarımızda geniş söhbət açılıb.
Odur ki, budəfəki buraxılışımızda gələcəyimiz hesab edilən daha bir gəncin qısa
da olsa, maraq doğuracaq hekayəsinə nəzər salacağıq. Vur-tut dörd illik zamana
dayanan karyerasında, o, artıq bir tarixi ilkə də imza atıb.
Pəhləvanlıq
ənənəsi olan ailə
Yeniyetmələr arasında ilk
dünya "qızıl"ımızın müəllifi olan Kazımov Rəhman Fazil oğlu 26 aprel
2002-ci ildə, pəhləvanlıq ənənəsinə malik ailədə dünyaya göz açıb. Atası,
əmiləri vaxtilə daş qaldırma, güləşlə məşğul olub. Bununla belə, Rəhmanın
potensialı bir qədər gec kəşf edilib. Daha əvvəl qısa müddət futbola gedən
mundialın kiçik "qızıl" mükafatçısı, təsadüf nəticəsində ağır
atletikaya gəlib. Belə ki, bir sinifdə oxuduğu Ömər Cavadov, ona məşğul olduğu
növ haqqında danışaraq, Rəhmanı özü ilə birgə məşq elədiyi zala aparır. Beləcə,
14 yaşlı Kazımov elə həmin gündən Turan Abdullayevlə çalışmalara başlayır. 25
yaşlı gənc məşqçi ilə söhbətimizi qısa variantda təqdim edirik: "Ömər onu
həm özünün, həm də mənim müəllimim olan Ağakərim müəllimin yanına gətirmişdi.
İş elə gətirdi ki, onu mən götürəsi oldum. Açığı, o vaxtlar çox təcrübəsiz
idim. Düşünürdüm, bu məsuliyyətin altından çıxa bilməyəcəyəm. Rəhman kimi
uşaqların sayəsində getdikcə işə alışdım. Rəhman, ümumiyyətlə, çox
məsuliyyətlidir. Məşqə məndən əvvəl gəlib, zaldan ən axırda çıxardı. Düzü, ilk
görəndə fiziki durumu ürəyimcə olmamışdı. Öz-özümə demişdim, bununla işimiz
çətin olacaq. Lakin elə ilk tapşırığı yerinə yetirəndə yanıldığımı hiss elədim.
Elastikliyi, ştanqa münasibəti xoşuma gəlmişdi. Ən önəm verdiyim cəhəti isə qane
olmasıdır. Yadımdadır ki, Azərbaycan çempionatında ikinci olanda çox təəssüf
keçirmişdim. Düşünürdüm ki, birincilik onun haqqı idi. Ürək-dirək vermək üçün
yaxınlaşanda, fərqli mənzərə ilə qarşılaşdım. Birbaşa dedi ki, buna da şükür,
müəllim. Adətən əksini söyləsələr də, məncə, bu, idmanda - hələ azyaşlı
ağırlıqqaldıran üçün - önəmli faktordur. Məsələn, özüm barışmaz olmuşam.
Fəsadlarını bildiyim üçün deyirəm".
Kosovoda
yazılan tarixin iştirakçısı
Azərbaycanın yeni nəsil
ağır atletləri arasında ən perspektivlilərdən sayılan Rəhman, yeniyetmə və
gənclər arasında dəfələrlə ölkə çempionatlarının, respublika kubokunun
mükafatçısı olub. İlk belə uğuru isə 2017-ci ilə təsadüf edib. Belə ki, o, ölkə
çempionatında liderdən cüzi fərqlə geri qalaraq, gümüş medal qazanır. Bununla
belə, o da çempionla birgə yığma komandaya cəlb edilir. Qısa vaxtda özünü
doğruldaraq, Kosovoda keçirilən Avropa birinciliyinə aparılan Rəhman,
Azərbaycan ağır atletika tarixində xüsusi yer tutan qitə yarışının
qəhrəmanlarından biridir. 15 yaşadək yeniyetmələr arasında +94 kiloqram çəki
dərəcəsində çıxış edən Kazımov, birdən qaldırma hərəkətində hər üç yanaşmasını
uğurla yerinə yetirərək, 115 kq göstərici ilə ikinci nəticə göstərirsə, təkanla
qaldırmada 149 kq ağırlığın öhdəsindən gəlib üçüncü sırada qərarlaşır. 264
kq-lik nəticə ilə o, toplamda da mükafatçılar arasına düşür - gümüş medal.
Amerika
fatehi!
Ötən ilin 8-16 mart tarixlərində
ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya birinciliyində bir sıra əlamətdar
hallar yaşandı. 44 ölkədən 200-dək atletin çıxış etdiyi yarışda Azərbaycan
yığması cəmi 5 nəfərlə mübarizə aparsa da, sonda ilk "beşlik"də yer
almağa müvəffəq oldu. Oğlanlar arasında komanda hesabında beşinci olduqsa,
ümumi sıralamada ilk "onluğ"u qapadıq. Bu da ilk belə hadisə idi.
Belə ki, indiyədək yeniyetmələr arasında heç bir DÇ-də hər hansı komandamız
"beşliy"ə qədər irəliləməmişdi. Birdən qaldırma hərəkətini 131 kq nəticə
ilə başa vuran, toplamda 305 kiloqram göstəriciyə nail olaraq dördüncü yeri
tutan Rəhmanın, təkanla qaldırmadakı birinciliyi isə yuxarıda qeyd etdiyimiz
kimi, tarixə bir ilk kimi düşdü. Bunun məntiqi yekunu olaraq, +102 kq çəki
dərəcəsində çıxış edən 17 yaşlı Kazımov, Azərbaycan üzrə 2019-cu ilin ən yaxşı
ağır atleti adına sahib çıxıb.
Mövzunun davamı olaraq, vurğulayaq ki, DÇ-yədək onun təkanla qaldırmada ən
yaxşı nəticəsi 165 kiloqram olub. Yarışdan sonrakı açıqlamasından da məlum olur
ki, qızıl medal özü üçün əsl sürpriz olub: "Yarış çox həyəcanlı keçdi. Dünya
birinciliyinə 3-cü yeri götürmək ümidi ilə getmişdim. Qızıl medal haqqında heç
düşünməmişdim".
Hədəf:
Uzaq Paris, yaxın Buxarest
Bəli, hələ bir neçə il
əvvəldən məlum olduğu kimi, mövcud imkanlar Tokio üçün ciddi planlar qurmağa
əsas vermirdi. Ağır atletikada bütün diqqətlər "Paris 2024"
olimpiadasına yönəlib. DÇ və ona qədər keçirilən yarışların qalib-mükafatçısı
olan yeniyetmələr dörd il sonra baş tutacaq zirvə yarışında sözlərini deyə,
bayrağımızı dalğalandıra bilərlər. Qısa vaxtda əhəmiyyətli nailiyyətlərlə yadda
qalan Rəhman, Nizami Paşayevin adı ilə bağlı olan böyük ənənənin layiqli
davamçılarından biri olmaq yolunda inamla addımlayır. Hazırda o, yığmanın
sıralarında gənclərin dünya çempionatına hazırlaşır. Gələn ay Buxarestdə
keçiriləcək yarışda +109 kq-də körpücük üzərinə çıxacağı şübhə doğurmur. Nəticə
barədə proqnozlara gəldikdə, təcrübəsiz olsa da, bizləri təəccübləndirmək
ehtimalı az deyil. YDÇ-də ən yaxşı halda "bürünc"ə ümid edən gənc,
müvafiq kateqoriyada debütünü də medalla əlamətdar edə bilər.
Cığır
açdı...
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının birinci kursunda oxuyan Rəhman, tam olaraq
işinə fokuslanan gənclərdəndir. Gündəlik həyatının ana xəttini məşqlər müəyyənləşdirir,
ibadət edir, əyləncələrə az vaxt ayırır, bəzən isə buna heç zamanı çatmır.
Hobbisi olmasa da, kumiri var. Bu, iranlı ikiqat olimpiya, dördqat dünya
çempionu və rekordçusu Hüseyn Rezazadədir. "Ən böyük arzum onunla bir
səviyyəyə çatmaqdır", - deyir. Ümumiyyətlə, məşğul olduğu növün yaxın və
uzaq tarixi haqqında kifayət qədər məlumatlı olduğu diqqətdən qaçmadı. İdman
olsun, ya qeyri sahə, təbii ki, hər bir işdə bu, önəmli məsələdir.
Qısa vaxtda nəinki
ailəsinin, bütöv bir nəslin fəxarət yerinə çevrilən Rəhman, artıq özündən sonra
bir cığır açıb. Belə ki, kiçik qardaşı Rəhim də ağır atletika ilə məşğul olur.
Lakin məşqçilər böyük Kazımovdan fərqli, onun fiziki göstəricilərinin daha çox
döyüş idman növlərinə uyğun olduğu qənaətindədir. Hər halda, hadisələri
qabaqlamayaq. Pəhləvanlıq ənənəsinə malik ailədə növbəti parlaq simanın
formalaşması istisna edilməməlidir.
Portret
Həvəs, məsuliyyət,
nikbinlik. Başqa sözlə, karyerasının lap başlanğıcında olan hər bir
perspektivli idmançının ən önəmli portret cizgilərinə sahibdir, bizim Rəhman.
Bunlar varsa, təbii ki, uğur da olacaq. Necə deyərlər, qaldırdığım yük
xoşbəxtlik olsun, yorulmaz qollarım... Olduqca ağır dönəmi geridə buraxan
Azərbaycan ağır atletikasının gələcəyi adına, o, əsl ümid işığıdır.
Sahib