AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AYB erməni hərbi qüvvələrinin son təxribatları ilə bağlı bəyanat yayıb

AYB erməni hərbi qüvvələrinin son təxribatları ilə bağlı bəyanat yayıb

Mədəniyyət
14 İyul 2020, 14:45 640
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Bu günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat bütün xalqımız kimi, Azərbaycan Yazıçılar Birliyində də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu.
Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı.
Düşmənin bu təxribatçı həmləsini dəf edərkən 4 qəhrəman Azərbaycan övladının şəhid olmasını, bir neçə igid hərbçimizin yaralanmasını isə ürək ağrısı ilə qarşıladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhədimiz qorunub və düşmən əsgərləri torpaqlarımızın bir qarışına da ayaq basa bilməyib.
Azərbaycan Yazıçılar Birliyi olaraq, bu narahat günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna daha yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayırıq!
Eyni zamanda, işğalçı Ermənistanın bu çirkin və qanlı təxribatını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın cilovlanması üçün səy göstərməyə çağırırıq!”.