AZE | RUS | ENG |

Avropanın ən güclüsü olan yeniyetmə - Portret

Avropanın ən güclüsü olan yeniyetmə - Portret
Halil Mutlu onu öz davamçısı kimi görür

Xatirinizdədirsə, təxminən iki ay öncə ağır atlet, Avropa rekordçusu Tarmenxan Babayev haqqında yazmış, Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakı barədə nikbin proqnozlar vermişdik. Sağ olsun Babayev, ümidlərimizi puça çıxarmayıb, bizi gümüş medalla sevindirdi. Oktyabrın sonlarında Polşada baş tutan 23 yaşlıların Avropa çempionatı da bizim üçün əlamətdar oldu. Belə ki, Məhəmməd Məmmədli toplam nəticədə qızıl, Səbinə Əzimova isə "kiçik gümüş" medala sahib çıxıb çıxdı. Bu nailiyyətlər bir daha təsdiqlədi ki, Azərbaycan ağır atletikasının gələcəyi əmin əllərdədir. Məqsədyönlü tədbirlər ölkədə bu idman növünə təzə nəfəs gətirib. Nəticədə, yeni nəsil ağır atletlər böyük iddia ortaya qoyub. Biz də qərara gəldik ki, bu səhifəni yenidən açaq.
"Üstün cəhətim həyəcanı yenməyimdir. Yarışa çıxanda tam sərbəst oluram. Körpücükdə bir ştanq olur, bir də mənim əzmim". Bu sözlərin müəllifi Ömərin 16 yaşı var. O, yeniyetmələr arasında Avropanın ən güclüsü adına sahibdir. Qarşısına böyük hədəflər qoyub, adını idman tarixinə qızıl hərflərlə yazdırmaq istəyir. Mütəxəssislər də onun perspektivlərini yüksək dəyərləndirir.
 
Könülsüz idi
 
Ömər Ağa oğlu Cavadov 2002-ci ildə Ağdaş rayonunun Gürcüva kəndində dünyaya gəlib. İdmana gəlişi erkən yaşa təsadüf etsə də, seçim başqa növ olub. Ömər Ağdaş Olimpiya İdman Kompleksində sərbəst güləş məşqlərinə qatılıb. Bu da təsadüfi deyil. Axı güləş milli idman növümüzdür. Azərbaycan idmanına Xəzər İsayevi qazandıran Ağdaşda da ən populyar növ, sözsüz ki, güləşdir. Bununla belə, Ömərin güləş məşqləri çox qısa çəkib. Məsafə uzaqlığına görə, cəmi altı aydan sonra məşqlərini dayandırmaq məcburiyyətində qalıb. Beləcə, idman sevdasını bir neçə il ertələməli olub. Ta ki, Bakıya gələnədək.
2012-ci ildə Cavadovlar güzəranlarını yaxşılaşdırmaq üçün Bakıya köçür. Atası AAAF Park Yaşayış Kompleksində nəzarətçi kimi işə başlayır. Tez-tez atasının iş yerinə gəlib-gedən Ömər, bir gün yaxınlıqda fəaliyyət göstərən "Zirvə" idman klubuna üz tutur. Əvvəl cüdo ilə məşğul olmaq istəsə də, ağır atletika üzrə məşqçi Elnur Hüseynov onu fikrindən daşındırır.    Hüseynov, Öməri həmkarı, eyni zamanda ustadı olan Ağakərim Kərimovun yanına aparır. İlk vaxtlar ürəyincə olmur, məşqlərə könülsüz gedib-gəlir. Lakin getdikcə ştanqla "dostlaşır". Bunda şübhəsiz ki, Ağakərim müəllimin böyük rolu olur. İlk vaxtlar üzləşdiyi uğursuzluqlardan sonra ruh düşkünlüyü yaşayıb, məşqləri dayandırmaq istəyəndə, Kərimov, onu həvəsləndirir, "səbr et, mütləq alınacaq" deyərək, gələcək yarışlara kökləyir. Uzun illərin təcrübəsi bunu əbəs yerə söyləmirdi. O, Ömərin istedadını görür, gələcəyinin parlaq olduğunu anlayırdı.
Bir il sonra - 2014-cü ildə ilk uğurlarını qazanır. Əvvəlcə ölkəmiqyaslı yarışlarda fərqlənir, ardınca isə "Zirvə" Beynəlxalq İdman Klublarının dünya çempionatında iki və üçüncü yerləri tutur. 2016-cı ildə yeniyetmələrin respublika birinciliyinin qalibi olur. 2017-ci ildə ölkə kuboku yarışında və Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş turnirdə fəxri kürsünün ən yüksək pilləsində dayanır. 2018-ci ilin may ayında Azərbaycan birinciliyində çıxış edən Ömər, yeganə rəqibinin ştanq olduğunu sübut edir. Beləliklə, yığma komandanın düşərgəsinə dəvət olunur. Burada keçirilən intensiv məşqlərdən sonra Cavadov, ölkəmizi Avropa çempionatında təmsil etmək hüququ qazanır.
 
2 "qızıl", 1 'gümüş"
 
15 və 17 yaşadək atletlər arasında 22-29 iyul aralığında Milanda təşkil olunan qitə mücadiləsi Azərbaycan ağır atletika tarixinə qızıl hərflərlə yazıldı. Təmsilçilərimiz birdən və təkanla qaldırma hərəkətində 22 mükafatla sadəcə, Türkiyə millisini önə buraxaraq, ikinci nəticə göstərdilər. Toplamda qazanılan 4 qızıl, 1 gümüş, 1 bürünc mükafat da rekord göstərici idi. Bu uğura ən böyük töhfələrdən birini də qəhrəmanımız verdi. Yaşı 17-dək olan oğlanların 50 kiloqram çəki dərəcəsində çıxış edən Ömər, birdən qaldırma hərəkətində hər üç cəhdini uğurla yerinə yetirərək, 88 kiloqramlıq nəticə ilə qızıl, təkanla qaldırmada isə ikinci cəhdində 102 kiloqramı ram etməklə, gümüş medala layiq görüldü. Onun toplamda göstərdiyi 190 kiloqram nəticə isə bütün atletlər üçün əlçatmaz oldu.
Ömər, sentyabrda gənclər arasında keçirilən Azərbaycan birinciliyində də ən yüksək pillədə dayandı. Çəkisi 56 kiloqramadək olan atletlər arasında çıxış edən Cavadov, birdənqaldırmada 93, təkanla isə 110 kiloqramı başı üzərində saxlamağı bacardı.
Növbəti hədəf dünya çempionatıdır. 2019-cu ilin martında ABŞ-ın Las-Veqas şəhərində baş tutacaq yeniyetmələrin mundialında qəhrəmanımız mükafatçılar sırasına düşməyi hədəfləyib. 56 kiloqramda yeni olsa da, tezliklə çəkiyə uyğunlaşıb. Qalır, dünya birinciliyi üçün də optimal formaya salmaq. Məşqçisinin dediyinə görə, bu, elə də çətin olmayacaq.
 
Hədəf "Paris-2024"dür
 
Sirr deyil ki, ağır atletika son illər dopinq qalmaqallarının mərkəzinə çevrilib. Bu növdə əzəmətli ölkələr ağır cəzalara məruz qalıb, onlarla olimpiya və dünya çempionluqları geri alınıb. Qazaxıstanlı ikiqat olimpiya çempionu, cari əsrin ən yaxşısı hesab edilən İlya İlyin də daxil, yüzlərlə idmançı ömürlük diskvalifikasiya edilib. Təəssüf ki, bu burulğan Azərbaycandan da yan keçməyib. Xeyli sayda titullu ağırlıqqaldıranımıza cəzalar tətbiq olundu, nəticədə bu idman növünün gələcəyi ciddi şübhə altına düşdü. Yuxarıda vurğuladığımız fikirlərin davamı olaraq qeyd edək ki, hazırda Azərbaycan Ağır Atletika Federasiyasının başlıca fəaliyyət prinsip və devizi "dopinqə yoxdur". Ona görə də bu gün nə Ömərin, nə də digər atletlərimizin qarşısına medal qazanmaq tələbi qoyulmayıb. Məqsəd, bütün yarışlarda qüsursuz iştirak etmək, 2024-cü ildə Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarında yüksək səviyyədə təmsil olunmaqdır. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən digər yeniyetmə atletlər kimi, Ömərin də əsas hədəfi altı il sonra ali zirvəni fəth etməkdir.
 
Texnika, sürət, psixoloji hazırlıq...
 
Kənardan sadə görünsə də, ağırlıqqaldırma bir sıra mürəkkəb komponentləri özündə daşıyan idman növüdür. Hər iki hərəkətin özünəməxsus texnikası, incəlikləri var. Bu, əbəs yerə mütəxəssislər tərəfindən ağıl idman növü adlandırılmır. Koordinasiya mühüm əhəmiyyət kəsb edir. Hər şey düzgün mövqe seçməkdən başlanır. Hərəkətin qüsursuz icrası üçün sürət də vacib amildir. Ən önəmlisi isə psixoloji durumdur. Həyəcan ağırlıqqaldıranın əsas düşmənidir desək, yanılmarıq. Soyuqqanlı xarakterə malik olması, doğrudan da, qəhrəmanımızın əsas üstünlüyüdür. Hərəkətləri çətinlik çəkmədən, sürətli şəkildə icra etməsi, texniki bacarıqlarının yaxşı səviyyədə olmasını deməyə əsas verir.
Məşqlərə başlayanda ağlına da gəlməzdi ki, illər keçəcək, ağır atletikada adından söz etdirəcək. Uğuru qazanmaq çətin, qoruyub saxlamaq isə ondan da çətindir. Bunun üçün də məşqlərə ciddi yanaşmaq lazımdır. Ağırlıqqaldırma tənbəl adamları ümumiyyətlə, sevmir. Zəhmətkeş ailənin övladı olan Cavadov, hər cür çətinliyə qatlaşan xarakterə sahibdir. Ağakərim müəllim deyir ki, Ömərin çalışqanlığına, işinə məsuliyyətinə söz ola bilməz. Mütəxəssis onun davamiyyətini, əzmkarlığını dönə-dönə vurğulayır, yeri gəldikdə, digər idmançılara nümunə göstərir.
 
"Sən mənim davamçım ola bilərsən"

Ağır atletikada yeganə olimpiya medalçımız Valentin Xristovu özünə kumir seçib. Dediyinə görə, çıxışlarını dəfələrlə, təkrar-təkrar izləməklə, texnikasını mənimsəyib. Bəyəndiyi ağır atletlər sırasında olimpiya və dördqat dünya çempionu, şimali koreyalı Om Yun Çol da var. Bundan başqa, canlı əfsanəmiz Nizami Paşayevdən, Türkiyənin iki dahisi - Halil Mutlu və mərhum Naim Süleymanoğludan bir sıra xüsusiyyətlər "oğurlayıb". Mutlu və Süleymanoğlunun bioqrafiyasını, ağır atletika barədə fikirlərini əzbər bilir.  Ömər haqqında yüksək fikirdə olanlardan biri də elə Mutludur.  Bakıda keçirilən beynəlxalq turnirdə Ömərin çıxışını izləyən üçqat olimpiya çempionu, onu yanına çağıraraq, deyir: "Sənin böyük gələcəyin var. Belə davam eləsən, mənim davamçım ola bilərsən!"
 
Portret

Ömər hələ ilk addımlarını atır. Odur ki, portreti tam formalaşmayıb. Bununla belə, bəzi önəmli cizgiləri görməmək mümkün deyil. Az yaşına rəğmən, insani keyfiyyətləri ilə ağır atletika camiəsində yüksək reputasiyaya sahibdir. Məşqçisinin dediyinə görə, haqqında zərrə qədər də mənfi fikir yaratmayıb. Bir sözlə, nümunəvi idmançı kimi ad çıxarıb. Təvazökarlığını isə xüsusi qeyd etmək lazımdır. "Danışmaq gümüşdürsə, susmaq qızıldır" məsəlini indidən özünə təlqin edib. "Əlavə məşğuliyyətin varmı" sualına cavabı da qısa və konkret oldu: "Mən bütün fikrimi idmana yönəltmişəm". Bu, onun işinə qarşı məsuliyyət və sevgisini bütün təfərrüatı ilə ortaya qoyur.
Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157