• şənbə, 20 Aprel, 03:04
  • Baku Bakı 15°C

Avropalıların saçına düzən verən həmyerlimiz

18.10.19 12:09 1794
Avropalıların saçına düzən verən həmyerlimiz
Mühəndis olmağı arzulayıb və bu istiqamətdə təhsil alıb. Ancaq tələbəlik illərində fikrini dəyişir, başqa sahəyə yönəlir. Bu gün isə bərbər kimi çalışır. İlk vaxtlar ona bu iş təklif olunanda "Mən hara, bərbərlik hara?” desə də, bu gün bu sahə ilə sevə-sevə məşğul olur. Hazırda isə Azərbaycanda deyil, ölkə xaricində - Polşada bərbər kimi fəaliyyət göstərir. Söhbət həmyerlimiz Afiq İskəndərovdan gedir.

Qeyd edək ki, Afiq İskəndərov 1990-cı il sentyabrın 29-da Gürcüstan Respublikasında anadan olub. Orta və ali təhsilini Azərbaycanda alıb.
- Afiq bəy, Azərbaycan Texniki Universitetində təhsil alıbsınız. Ali təhsil almaq, seçdiyiniz fakültədə oxumaq kimi arzunuz var idi?
- Bəli, Texniki Universitetdə nəqliyyat daşımaları və idarəetmənin təhlükəsizliyi mühəndisliyi (həm avtomobil, həm dəmiryol nəqliyyatı üzrə) ixtisasında təhsil almışam. Onu deyim ki, bu fakültəni istəyərək seçmişdim. Qəbul imtahanında 463 bal yığmışdım və bu balla universitetdə çox fakültəni seçmək imkanım var idi. Lakin mən həmişə nəqliyyatla bağlı mühəndis olmaq istəmişəm. Mühəndis olmaq, nə isə yaratmağa, qurmağa marağım böyük idi.
- İstəyərək seçdiyiniz ixtisasdan uzaqlaşmağınızın səbəbi nə oldu?
- Bir ixtisası seçəndə onunla bağlı müəyyən xəyallar qurursan və sonra təhsil müddətində xəyallarının elə xəyal olaraq qalacağını görəndə, artıq fikrin dəyişir. Təhsil aldığım müddətdə gördüm ki, daydayın, kimin-kimsən olmasa, bu sahədə istədiyin işdə çalışmaq bir az çətin məsələdir. Mən isə elə şeylərdən uzaq qaçan adamam. Zəhmət çəkərək nə isə əldə etməyi sevirəm. Qısası, o sahədə perspektiv görmədim və ona görə, bərbərliyə yönəldim. Düzü, bərbərliyə pul qazanmaq üçün deyil, hobbi kimi yanaşmışam. Sevirəm deyə məşğul oluram. Heç vaxt bərbərlikdən pul qazanmaq haqqında düşünməmişəm, amma onun sayəsində hər şeyim var (gülür). Ancaq xəyalımda quracağım işlər tamam başqadır.

- Bərbərliklə necə tanış oldunuz?
- Bərbərlikdən öncə, tələbə vaxtı ofisiant işləmişəm. "Four seasons” otelində ofisiant kimi işə başladım, administratora kimi yüksəldim. "Buta palace”, "Ağ saray”, "Platin saray” kimi yerlərdə zal administratoru, direktor səviyyəsinə qədər qalxmışam. O işləri də sevərək edirdim. Üstəlik də, diribaş adam idim, ona görə, o işlərdə də tez irəliləyirdim. Bir dəfə türk dostumla İstanbula istirahətə getmişdik. Təsadüfən, orda məni böyük bir bərbər salonu olan dostu ilə tanış etdi, onun iş yerinə getdik, əlaqəmiz yarandı. Bir dəfə söhbət zamanı mənə bu işlə məşğul olmağı təklif etdi. Əvvəlcə razı olmadım, dedim ki, mən hara, bərbərlik hara? Deyirdi ki, gəlsən, öyrənəcəksən. Mən ora gəzməyə getmişdim, amma o adam məni bir növ məcbur edirdi ki, gedək öyrən, başqa variantın yoxdur. Beləcə, bu işlə tanış oldum, işə, işçiyə olan hörməti gördüm. Bir müddət Türkiyədə çalışdım, sonra Azərbaycana qayıtdım. Azərbaycanda elə də uzun müddət bərbər kimi çalışmamışam. Orda öz taksi şirkətimi qurdum, amma baxdım ki, alınmır, ölkə kənarına çıxmalı, özümü daha da inkişaf etdirməliyəm. Almaniyaya getdim, sonra Niderlanda, indi də Polşada çalışıram.

- Fərqli ölkələrdə çalışıbsınız. Olduğunuz ölkələrdə işə yanaşma cəhətdən hər hansı fərq görürsünüz?
- Türkiyədə, Niderlandda, Almaniyada işləmişəm, indi də Polşadayam. Hamısında tək öz sahəmə deyil, digərlərinə də fikir vermişəm, müqayisə edəndə görürəm ki, bizdə bir çox insan işə çox diqqətlə yanaşmır. Azərbaycanda nədənsə çox adam gördüyü işi yola verir. Qatıq satan qatığını, ev tikən tikinti işini. Bu da dolayısı yolla hər kəsin aldığı xidmətdən məmnun qalmamasına gətirib çıxarır. Burda elə deyil, hər kəs işin üstündən incəliklə keçir. Bu, çox xoşuma gəlir. Düzdür, bəzən yola da vermək lazımdır, amma işi görəndə diqqətli olmaq önəmlidir. Hər şey öz qaydasında olmalıdır.
- Ölkə xaricində işləmək üçün gedəndə, bu sahənin sizə nə kimi köməyi dəydi?
- El arasında belə deyim var: savad ölər, sənət ölməz. Mən ölkə xaricində işləmək qərarı verəndə, ingilis, rus dilini bilirdim və bunun sayəsində iş seçimi problemi ilə üzləşməyəcəkdim. Ancaq yenə də bir sənəti bacarmaq çox yaxşıdır. Təbii ki, başqa işlər də təklif olunurdu, amma mənim bildiyim bir sənət var idi, axtarmağa, digər peşələrdə özümü yoxlamağa ehtiyac qalmırdı.
- "Mən hara, bərbərlik hara” deyibsiniz. O vaxt niyə bu cür yanaşırdınız?
- (Gülür) Bərbərliyə könül xoşluğu ilə gəlməsəm də, bu işi çox sevdim. İnsan gərək öz işini sevə, dəyərləndirə. Bu zaman işinin də sənə hörməti artır, müştərin çoxalır. Elə sahədir ki, səhər işə gedəndə bu gün nə iş görəcəyim sual altında olmur. Bilirəm ki, müştərim gələcək, işləyəcəyəm. Üstəlik, əlin təmiz, hörmətli sənətdir. Fərqli sahələrdə çalışan insanlarla ünsiyyətdə oluram, əlaqə qururam.
- Bu sahədə fərqli ölkələrdə çalışıbsınız. Ümumiyyətlə, bərbərlik hansı ölkədə daha gəlirli sahədir?
- Avropada, Amerikada əl əməyinə daha yüksək dəyər, yaxşı pul verilir. Məsələn, Polşada yaxşı bərbər az-az tapılır. Bizim bərbərlər burda işləsələr, daha çox gəlir əldə edərlər. Yaxşı bərbər olsan, burda pul da qazana, özün üçün hər şey qura bilərsən.
- İndi orda saç kəsimini neçəyə edirsiniz?
- (Gülür) Yerlərə, ustalara görə qiymət dəyişir. Mən hazırda 75 manata kəsirəm, əgər üz də əlavə olunsa, 100 manata gəlib çıxır. Amma ümumilikdə, qiymətlər 10-20 manatdan başlayır. Avropa ölkələrində bu sahədə qiymətlər bahadır. Almaniyada saça əl vurdunsa, qiymətlər 20 manatdan başlayır. Avropada yalnız Fransada qiymətlər digərləri ilə müqayisədə ucuzdur.

- Müştəri ilə işləyən adamların başına həmişə maraqlı hadisələr gəlir. Siz fərqli ölkələrin müştəriləri ilə işləyibsinizsə, yəqin ki, belə hadisələr də olur.
- Ən gülməlisi hərbi xidmətdə olub. Əsgərliyə yeni getmişəm, boy-buxunum yaxşı idi deyə, bir çox işlərdə məni irəli salırdılar. Məni bir həftəlik praktikaya göndərdilər ki, qayıdıb əsgərlərə təlim keçim. Təlimdən gəldim, qan-tərin içində idim, dedilər ki, hərbi hissə komandiri səni axtarır. Əlim-ayağım əsdi, mən boyda oğlan rəngim ağardı (gülür). Deyirəm ki, o boyda insan məni niyə axtarır? Yeni gəlmişdim, onu heç tanımırdım da. Getdik, içəri girdik, mayor dedi ki, cənab polkovnik, əsgərlə bir yerdə əmrinizə gəlmişik. Lap qorxdum. Üzümə baxıb dedi ki, bərbər sənsən? Onda elə bil yenidən doğuldum. Ürəklə dedim ki, bəli cənab polkovnik, mənəm. Sən demə, kimsə ona deyib ki, yeni əsgərlərimizdən biri çox gözəl bərbərdir. O vaxt həyəcan keçirsəm də, bu gün ən çox sevindiyim anlardan biri kimi xatırlayıram. Sonra mən onun ən sevimli bərbəri oldum, o da mənim ən zarafatcıl müştərim.
- Xidmət etmək istəmədiyiniz müştəri olubmu?
- Elələri olur ki, üzündən zəhrimar yağır, heç nəyi bəyənmir, bu zaman xidmət etsək də, yola verməyə məcbur oluruq. Amma xidmət etmək istəmədiyim də çox olub. Bir dəfə erməni gəldi, dedim ki, sənin saçını kəsməyəcəyəm. Dedi ki, səndən şikayət edəcəyəm. Dedim kimə istəyirsən de, deportasiya olunsam, belə kəsməyəcəyəm. Hirsli-hirsli çıxıb getdi.

- Dediniz ki, başqa planlarınız var. Bu planlar nələrdir?
- Heç vaxt yemək, aşpazlıq sahəsində çalışmamışam, amma həmişə xalqımızın milli yeməklərini gözəl şəkildə təqdim edən bir restoran açmaq istəmişəm. O restoran hamıya məlum olsun. Xarici ölkədə açsam, desinlər ki, Azərbaycanın belə gözəl bir restoranı var. Bu restoranda yaxşı xidmət göstərmək və öz millətimi tanıtmaq istəyirəm.
Aygün Asimqızı





banner

Oxşar Xəbərlər