• cümə, 26 Aprel, 12:45
  • Baku Bakı 23°C

Avropa Oyunlarının rus elçisi: “Möhtəşəm hadisə olacaq“

15.05.15 15:02 1179
Avropa Oyunlarının rus elçisi: “Möhtəşəm hadisə olacaq“
Rusiya milli komandasının üzvləri Andrey Buxlitski, İlya Leonov və Anton Şkarin "Bakı-2015" I Avropa Oyunlarının çimərlik futbolu üzrə elçiləri seçiliblər.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Olimpiya Komitəsinin internet səhifəsində məlumat yerləşdirilib. Rusiya Çimərlik Futbolu Federasiyasının rəsmi saytında isə həmin idmançılarla müsahibə yerləşdirilib. Müsahibədə idmançılar I Avropa Oyunları barədə təəssüratlarını bölüşərək Bakıda yarışların başlanmasını səbirsizliklə gözlədiklərini bildiriblər.
İlya Leonov I Avropa Oyunlarının təkcə Avropa üçün deyil, bəlkə də bütün dünya üçün möhtəşəm hadisə olacağını söyləyib: “Bakının bu yarışlara necə hazırlaşdığını bilirik. Bütün ölkə bununla yaşayır. Avropa Oyunlarının çimərlik futbolu üzrə elçiləri kimi idmanın bu növünü, ilk növbədə, Rusiyada, lazım gəlsə, bütün dünyada kütləviləşdirmək, onu təbliğ etməklə məşğul olmağımız bizi çox qürurlandırır və sevindirir. Çimərlik futbolunun məşhur olduğu hər yerdə bizi tanıyırlar. Rusiya yığması artıq iki dəfə bu titulun sahibi olub. Odur ki, azarkeşlər nə isə yeni bir şey gözləyirlər. Birinci Avropa Oyunlarının qalibi olmağı çox istəyirik. Zənnimcə, bu, hətta dünya çempionatındakı qələbədən daha güclü əks-səda doğura bilər. Hər halda əminəm ki, Bakıda yarışların qalibi olsaq, onların hamısı çox sevinəcək. İndi Avropa Oyunları və dünya çempionatı bizim üçün prioritetdir. Bu turnirləri bütün dünya izləyəcək. Aydın məsələdir ki, biz oyunçular turnirləri əhəmiyyətli və əhəmiyyətsiz yarışlara ayırmırıq. Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Lakin indi bizə həyatımızda ilk dəfə Avropa Oyunlarında çıxış etmək şansı verilib. Hələlik Avropa Oyunları olsa da, bu, Olimpiya ailəsinə üzv olmağımız üçün ilk addımdır”.
Digər çimərlik futbolu üzrə elçi Andrey Buxlitski isə Avropa Oyunlarının çimərlik futbolu aləmində əlamətdar hadisə olduğunu söyləyib: "Bu Oyunlar ilk dəfə keçiriləcək və Rusiya komandası üçün yeni pillə olacaq. "Hələlik intizar içindəyəm, amma artıq başa düşürəm ki, bu, bütün qonaqlar, azarkeşlər və idmançılar üçün möhtəşəm hadisə olacaq. Eyni zamanda, orada iştirak etmək bizim üçün böyük məsuliyyət və şərəfdir. Hesab edirəm ki, "Bakıı-2015" çimərlik futbolunun Olimpiya ailəsinə üzv olması üçün addımdır. Məncə, çimərlik futbolu Olimpiadada yer tutmağa layiq olan maraqlı və baxımlı idman növüdür".
Anton Şkarin bütün rusiyalı azarkeşləri "Bakı-2015" I Avropa oyunlarında çimərlik futbolu yarışlarına dəvət edib: “Mən çalışacağam ki, Avropa Oyunları elçisi adına layiq olum. Bizim idman növünü seçdiklərinə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Əminəm ki, onlar düzgün seçim ediblər. Çimərlik futbolu çox rəngarəng və maraqlıdır, stadionda olanların hamısının xoşuna gələcək. Biz belə turnirdə ilk dəfə iştirak edəcəyik. Buna görə də yaxşıların yaxşısı olduğumuzu bir daha sübuta yetirmək üçün meydana ikiqat qələbə əzmi ilə çıxacağıq”.
banner

Oxşar Xəbərlər