AZE | RUS | ENG |


“Auditoriyaya ancaq tələbəni öyrədən müəllim daxil olacaq”

“Auditoriyaya ancaq tələbəni öyrədən müəllim daxil olacaq”
Varis Allahverdiyev: “İstəyirik ki, tələbələrimiz daha keyfiyyətli dərslə, tədrislə yüklənə bilsinlər”

Baki İdarəetmə və Texnologiya Kolleci (BİTKol) Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli qərarına, Təhsil Nazirliyinin 14 sentyabr 1999-cu il tarixli əmrinə əsasən, 1955-56-cı illərdən fəaliyyət göstərən Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye texnikumlarının bazası əsasında yaradılıb. Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli qərarı ilə Bakı İnşaat və Bakı Kommersiya texnikumları ləğv edilib, Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli əmri ilə kollecə birləşdirilib. Orta ixtisas təhsili müəsissələri şəbəkəsinin optimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarı və Təhsil Nazirliyinin 4 mart 2016-cı il tarixli əmri əsasında Bakı Kompüter Kollecinin fəaliyyətinə də xitam verilib, BİTKola birləşdirilib. Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanlarının nəticələrindən asılı olaraq, 9 və 11 illik təhsil bazаsından tələbə qəbul edən BİTKol 20 ixtisas üzrə mütəxəssis hazırlığını həyata keçirir. Bu günlərdə adıçəkilən təhsil müəssisəsinə baş çəkdik. Həm kollecin fəaliyyəti ilə daha yaxından tanış olduq, həm də təhsil ocağına 6 ay bundan öncə direktor təyin olunan Varis Allahverdiyevlə görüşüb təlim-tədrisin vəziyyəti, görülən işlər barədə ətraflı söhbət etdik.

- Varis müəllim, direktor kimi fəaliyyətə başladığınız müddətdən indiyə qədər təhsil müəssisəsinin həyatında hansı dəyişikliklər olub?
- Təhsil müəssisəsinin yeni təyin olunmuş rəhbəri, eləcə də kollecin kollektivi olaraq qarşımızda dayanan əsas məqsəd tələbələrin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək, eyni zamanda tələbələri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaqdır. Əsas hədəfimiz Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi,  iqtisadiyyatımız üçün həyati əhəmiyyət daşıyan qeyri-neft sektorunun bir sıra sahələri üçün mütəxəssis yetişdirməkdir. Bu sahədə uğurlara nail olmaq üçün tədris, təcrübə, texnologiya prinsipləri əsas götürülməklə, qanuna uyğun fəaliyyət ortaya qoyulmalıdır. Məhz buna görə də təhsil naziri cənab Mikayıl Cabbarovun tapşırığı ilə ilk növbədə kollecdəki bütün neqativ hallara birmənalı olaraq son qoyulub. Tələbələr azad-asudə şəkildə dərslərinə davam edirlər. Artıq tələbələr yüksək davamiyyət və yüksək nəticələr göstərməkdədirlər. Hətta bir tələbəmiz hazırladığı 5 dəqiqəlik animasiyaya görə "Qızıl Bayt” müsabiqəsində sertifikata layiq görülüb. Kompyuter ixtisasları növündə təhsil alan tələbələrin içərisində proqramlaşdırmanı bacaran tələbələrin sayı sürətlə artmaqdadır. Bu say 60-ı keçib. Ötən müddətdə nail olmaq istədiyimiz digər bir məqam pedaqoji prosesin bərpası olub. Onun nəticəsində də ciddi nailiyyət əldə etmişik. Kollecin vəsaitinin xərclənməsində təhsil müəssisəsinin bütün müəllimləri, yəni, həm komissiyalarda, həm də fənn birləşmələrinin cəlb olunması formatında kollegial şəkildə iştirak edirlər. Müəllimlərin və tələbələrin dərsdən kənar vaxtlarda şəhərimizin və ölkənin müxtəlif tarixi abidələrini gəzməsi həmkarlar ittifaqının xətti ilə təşkil olunur. Hesab edirik ki, hazırladığımız mütəxəssislər üçün vətənpərvərlik, ölkəyə, dövlətə, dövlətçiliyə bağlı ruhda böyümək olduqca vacibdir. Bunun üçün tələbələrimiz Heydər Əliyev Mərkəzindən, Şirvanşahlar Sarayından, Tarix Muzeyindən başlayaraq bütün tarixi və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyalar edirlər. Bütün bu işlər kollecimizin yeni yaradılan saytında, eləcə də "Facebook” səhifəsində öz əksini tapır. Tədrislə bağlı sektor bütünlüklə komplektləşdirilib. Kollecdə ayrıca olaraq İdarəetmə Şöbəsi yaradılıb. Bu şöbə kollecin idarəetməsi ilə yanaşı, ictimaiyyətlə əlaqələri, digər kolleclərlə iş birliyi, imtahan komissiyasının işlərinə yardım, birgə fəaliyyətin formalaşdırılması və sair məsələlərlə də məşğul olur. Növbəti ciddi məsələ təlim-tərbiyə işlərinin yenidən, günün tələbləri səviyyəsinə çatdırılmasıdır. Onu da vurğulamaq yerinə düşər ki, tələbələrimiz kollec səviyyəsində təşkil olunan bütün tədbirlərin təşkilində yaxından iştirak edirlər. Bununla bərabər, ölkə və beynəlxalq miqyaslı tədbirlər zamanı da tələbələrimiz öz fəallıqları ilə seçilirlər. Buna misal olaraq, kollecin 150-dən artıq tələbəsinin İslam Həmrəylik Oyunlarının könüllüsü olmasını göstərə bilərik. Tələbələrin yerdə qalan bütün asudə vaxtları isə dərslərə, imtahanlara və ixtisaslara hazırlıqlara yönəldilib.

- Direktor olduğunuz müddətdə kollecdə qış imtahan sessiyası keçirilib. Nəticələr necə olub, Sizi qane edibmi?
- Qış imtahan sessiyasının nəticələri bizi qane etmədiyindən yay imtahan sessiyasına hazırlıqla bağlı bütün fənnlər üzrə ödənişsiz dərnəklər təşkil olunub. Tələbələrimiz dərs saatlarından əlavə vaxtlarda dərnəklərdə imtahana hazırlıq, həmçinin öz ixtisasları üzrə yeni biliklər əldə etmək üçün məşğul olurlar. Bu, eyni zamand, Boloniya sisteminin əsas şərtlərindən biridir. Nəzərə alaq ki, 60 saatlıq kreditin yarısı auditoriya saatlarına, yerdə qalan 30 saat auditoriyadan kənar saatlara ayrılmalıdır. Həmin sərbəst işin 40 faizini tələbə mütləq müəllimlə birlikdə həyata keçirməlidir. Bizim dərnəklərdə saatların miqdarı təxminən tələbənin sərbəst işinin 40 faizi həcmindədir. Biz nəzərdə tutmuşuq ki, dərnəklərdə fəaliyyət göstərən müəllimlərimizi mükafatlandırma yolu ilə bu işə daha da həvəsləndirək. Yay imtahan sessiyasının nəticələri gördüyümüz bu işin uğurlu olub-olmamasını ortaya qoyacaq. 

- Tələbələrin biliklərinin düzgün qiymətləndirilməsi, imtahan sessiyalarının şəffaf təşkili üçün hansı addımlar atılıb?
- Ən birincisi, imtahan komissiyasına sözün əsl mənasında vicdanlı, neqativ hallardan uzaq olan əməkdaşların seçilməsinə nail olmuşuq. Çünki indiki məqamda kadrlar çox şeyi həll edir. İkincisi, tələbələrin imtahanında onların valideynlərinin də iştirakına şərait yaratmışıq. İstənilən tələbənin valideyni sərbəst şəkildə öz övladının imtahan prosesini auditoriyada izləyə bilər. Üçüncüsü, imtahan prosesinin təşkili ilə yanaşı, tələbələrin cavablarının yoxlanması məqamıdır. Dərs deyən müəllim imtahan cavablarının yoxlanmasında birbaşa iştirak etmir. İmtahan cavablarını kafedranın digər müəllimi yoxlayır. İmtahan cavab vərəqləri kodlaşdırıldığından həmin cavabların hansı tələbəyə məxsus olduğunu müəllim bilmir. Hətta direktorun da ixtiyarı yoxdur ki, bu prosesə müdaxilə etsin. Bu addımları atmaqla nəinki neqativ halların qarşısı alınıb, hətta müəllimlərin, yaxud köməkçi heyətdən kimlərinsə kimisə himayə etmək hallarının da qarşısı alınıb. İmtahan cavablarının yoxlanması üçün kamera nəzarəti olan xüsusi otaqlar ayrılıb. Nəticələrdən razı olmayan tələbələrin müraciətlərinə baxılması üçün xüsusi komissiya da yaradılıb. Əgər hər hansı tələbə hesab edirsə ki, onun imtahan cavabları obyektiv qiymətləndirilməyib, o, heç bir təzyiq və ya təsirlə üzləşmədən komissiyaya müraciət edə bilir. Müraciət qəbul edildikdən dərhal sonra həmin tələbənin imtahan cavabı yerindəcə təkrar yoxlanılır və rəy verilir. İmtahanın nəticələri barədə məlumatlar gecikdirilmədən kollecin saytında yerləşdirilir. Beləliklə, hər bir tələbə kollecə gəlmədən də imtahan nəticələrini öyrənə bilər. Yəni, şəffaflığı ən yüksək səviyyədə təmin etməklə imtahan prosesindəki bütün neqativ halların da qarşısını ala bilmişik.

- Tələbələrin biliklərinin qiymətləndirilməsi barədə mexanizm aydındır. Bəs müəllimlərlə bağlı vəziyyət necədir? Onların attestasiyadan keçməsi, yaxud biliklərinin hər hansı formada qiymətləndirilməsi, yoxlanması gündəmdədirmi?
- Kollecin əməkdaşları barədə danışarkən, qeyd olunmalıdır ki, bu gün kollecdə 35 nəfər əməkdaş və müəllim öz ixtisası üzrə işləmir. Ən bəlalı məqam budur ki, kollecin ibtidai təhsillə heç bir əlaqəsi olmadığı halda müəllim və əməkdaşların ciddi bir hissəsi müxtəlif şübhə doğuran ali məktəblərin ibtidai təhsil üzrə diplomlarına malikdirlər. Kollecin bəzi müəllimlərinin dərslərə uyğunsuzluğunu nəzərə alaraq, qərara gəlmişik ki, kollecin pedaqoji və yardımçı heyətinin may ayının 27-də attestasiyasını keçirək. Attestasiyanın nəticələrinə görə biz adamları işdən çıxarmağı planlaşdırmırıq. Lakin qətiyyətlə demək istərdim ki, auditoriyaya ancaq tələbəni öyrədən müəllim daxil olacaq. Kredit sisteminin tələbləri əsasında tələbə özü müəllimi seçəcək. Hansı müəllimə dərs saatı çatmayacaqsa, həmin müəllim ödənişsiz məzuniyyətə buraxılacaq. Məqsəd işsizlər ordusu yaratmaqdan ibarət deyil. Sadəcə istəyirik ki, tələbələrimiz daha keyfiyyətli dərslə, tədrislə yüklənə bilsinlər.

- Kollecin əvvəlki dövrü ilə bağlı mediada neqativ məlumatlara da rast gəlinir. Təhsil müəssisəsində bu kimi halların təkrarlanmaması üçün hansı tədbirlər görülüb?
- Kollec daxilində nizam-intizamın möhkəmləndirilməsi əsas məsələlərdən biri və birincisidir. Jurnal və cədvəllər kollecin əsas sənədləridir. Dövlət kollecə ayırdığı vəsaitin necə xərclənməsini jurnallar və cədvəllər vasitəsilə yoxlayır, biz də onlara cavabdehik. Həm yetişdirdiyimiz tələbələr üçün cavabdehik, həm də dövlətin vəsaitinin təyinatı üzrə düzgün xərclənməsinə cavabdehik. Bu mənada jurnala müdaxilə edən bir neçə müəllim töhmətləndirilib, hətta bir müəllim buna görə işdən xaric olunub. Ümumi məqamda təsərrüfat fəaliyyətində nizam-intizamı möhkəmləndirməkdən ötrü 2016-cı ilin sonunda təhsil nazirinin əmri ilə inventarlaşdırma işləri həyata keçirilib. İnventarlaşdırmanın nəticələri təsərrüfatda müəyyən qarışıq məqamları aydınlaşdırmaq üçün bizi Auditorlar Palatasını dəvət etməyə sövq edib. Yaxın günlərdə Auditorlar Palatasının rəyi əlimizdə olacaq. Uzun müddət yoxlama keçirilməmiş kollecin bir sektorunun yoxlaması tamamilə başa çatacaq. Real mənzərəni bu zaman hamımız görə biləcəyik.

- Siz bildirdiniz ki, işində yol verdiyi nöqsanlara görə bir neçə müəllim töhmət alıb, bir müəllim isə işdən uzaqlaşdırılıb. Bildiyim qədər sonradan həmin şəxslər kollec direktoru olaraq Sizi məhkəməyə verib, hətta media üzərindən ünvanınıza bəzi ittihamlar da səsləndiriblər. Bununla bağlı məsələ nə yerdədir?
- İstəməzdik ki, kollecimizdə belə vəziyyət qeydə alınsın, yaxud adımız hansısa məhkəmə prosesində hallansın. Kollecin köməkçi müəllim heyətindən 3 nəfər, hansı ki, müxtəlif vəzifələri daşıyıblar, onlar yol verdikləri nöqsanlara görə kollecdən xaric olunublar. Həmin şəxslər özlərini təqsirsiz və haqlı hesab edərək məhkəməyə müraciət ediblər. Halbuki, onların tutduqları vəzifədən azad edilməsi barədə qərar birdən-birə, qanunsuz olaraq verilməyib. Onların işdən azad edilməsi barədə müzakirələr yalnız direktoryanı müşavirələrdə aparılmayıb. Bu müzakirələr çox geniş şəkildə kollecin əməkdaşlarının iştirakı ilə həm Pedaqoji Şuranın iclasında, həm də kollecin Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə olunub. Yalnız bu müzakirələrdən sonra qərar qəbul olunub. Məlumat olaraq bildirim ki, kollecin təsərrüfatına xərclənmiş pul vəsaiti bütünlüklə şübhə altındadır. Misal üçün istilik sisteminin çəkilməsinə böyük məbləğdə vəsait xərclənsə də, bu sistem tam olaraq işləmir. 2015-2016-cı illərdə təmirə guya 200 min manatdan artıq vəsaitin xərcləndiyi qeyd olunub, bundan əlavə, 69 min manat da təmir işini görən quruma borc qalıb. Ancaq təhsil müəssisəsi ilə əyani tanış olan istənilən kəs o dəqiqə hiss edir ki, hansısa təmirdən söhbət gedə bilməz. Kollecin akt və idman zalları, yeməkxana, otaqlar, tələbə və müəllimlərin istifadəsində olan sanitar qovşaqlar təmirsiz, ciddi aşınmalara məruz qalmış vəziyyətdədir. Hətta kollecin internet sistemi də demək olar ki, yox vəziyyətindədir. Əgər təmirə doğrudan da bu qədər vəsait xərclənibsə, o zaman müşahidə olunan real vəziyyət nədir? Bu qədər vəsaitin xərclənməsi müqabilində kollecdə zahiri də olsa hər hansı irəliləyiş müşahidə etmək mümkün deyil. Ən mühüm məqamlardan biri də kollecin kompyuter texnologiyalarında ciddi çatışmazlıqların olmasıdır. Kollecdə istifadə edilməli olan televizor, soyuducu, kompyuter dəstləri kimi əşyalar sadəcə oğurlanıb. Kollecin emalatxanaları bütünlüklə dağıdılıb. Həmin emalatxanalarda tələbələrə öz ixtisası ilə bağlı hər hansı işi əyani nümayiş etdirmək qeyri-mümkündür. Çünki avadanlıqlar və digər tələb olunan əşyalar yoxdur. Ümumilikdə götürsək, kollecin əmlakı dağıdılıb. Bu əmlak isə dövlətin əmlakıdır. 

- Kollecdə baş verənlərlə bağlı müvafiq dövlət qurumlarını da məlumatlandırmısınızmı?
- Əlbəttə! Bütün bu məsəllərlə bağlı müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmışıq. Hətta Auditor Palatasının kollecdə ciddi yoxlama aparması üçün də müraciət etmişik və yaxın günlərdə bu yoxlamanın nəticəsini əldə edəcəyik. Bununla bağlı müvafiq sənədləri Baş Prokurorluğa təqdim etməyi düşünürük. Rəhbərlik olaraq bizim istəyimiz bundan ibarətdir ki, kollecdə dövlət orqanları tərəfindən maliyyə, təsərrüfat və tədris prosesinin aparılması ilə əlaqədar ciddi yoxlamalar aparılsın. Buna ciddi əsasımız var. Şəxsən məndə olan məlumatlara görə, 2016-cı ilə qədər kollecdə dərsə davamiyyət, imtahan prosesi tələbənin qeyri-qanuni müəyyən məbləğ ödəməsi ilə təşkil olunub. Yəni, təlim-tədris prosesi rüşvət müqabilində "təşkil olunub”. Tələbələr imtahanlardan rüşvət müqabilində qiymət ala biliblər. Ən bəlalı vəziyyət isə kollecin təcrübə sahəsində olub. Hansıki, o sahədə ibtidai sinif müəlliməsi ixtisası olan bir nəfər təcrübə rəhbəri olub. Onun da qanunsuz əməlləri kollecin Həmkarlar Komitəsinin iclasında, Pedaqoji Şuranın iclasında bütün müəllimlər tərəfindən qeyd olunub. 2015-2016-cı illərdə bir dəfə mənim tərəfimdən, bir dəfə isə məndən öncəki direktor tərəfindən bu adama ciddi xəbərdarlıq olunub. 2017-ci ilin yanvar ayında töhmət verilib. Töhmətdən nəticə çıxarmayan, əksinə, bir neçə müəllim yoldaşını təsir altına salaraq, kollec daxilində dərs prosesini pozan, nizam-intizama əməl edən müəllimləri təhqir edən, onlara müxtəlif vasitələrlə təsir etməyə çalışan həmin müəllim tutduğu vəzifədən azad olunub. Belə bir adam da sonradan bizi məhkəməyə verib. Kollecin 15-dən artıq əməkdaşı həmin məhkəmə prosesində iştirak edib, izahat verib, Aynur Allahverdiyevanın öz yerinə uyğunsuzluğunu sübut edəcək dəlillər gətiriblər. Maraqlı və təəccüb doğuran məqam bundan ibarətdir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova kollecin müəllimlərinin fikirlərini nəzərə almadan qərar çıxarıb. Artıq Apelyasiya Məhkəməsinə bu qərardan şikayət etmək üçün müvafiq sənədləşmə işi aparılıb. Kolleci məhkəməyə verən üçüncü şəxs Şakir Həmzəyevdir. Bu müəllim nəinki dərs prosesi ilə məşğul olmayıb, dərsdə tələbələrə yalnız öz kitablarını satmaqla pul qazanıb. Bu barədə tələbələr yazdıqları izahatlarda bildiriblər. Hətta həmin müəllim jurnala özü müdaxilə etdiyi halda tələbələrdən birinə hədə-qorxu gələrək bu əməli onun boynuna yıxmağa çalışıb. Müəllimin təzyiqləri nəticəsində həmin tələbə bu günahı öz üstünə götürüb. Lakin həmin tələbə bu əmələ görə kollecdən xaric olunacağını bildikdə, həqiqəti yazılı şəkildə açıb etiraf edib. Onun tələbə yoldaşları da reallığın nədən ibarət olduğunu öz izahatlarında yazıblar. Belə əməllərinə görə Şakir Həmzəyev kollecdə tutduğu vəzifədən uzaqlaşdırılıb. Əgər belə ciddi pozuntulara, qanunsuz əmələ yol vermiş insanların kollecdə fəaliyyətinə imkan yaradılarsa, gənc nəslin təlim-tərbiyəsi, tədrisi ilə bu adamlar məşğul olarsa, sabah bizi nələrin gözləyəcəyi sual doğurur. 

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN