• cümə, 03 May, 20:12
  • Baku Bakı 17°C

“ASAN Könüllüləri” təşkilatının mədəniyyət carçıları - Reportaj

16.02.18 11:30 5105
“ASAN Könüllüləri” təşkilatının mədəniyyət carçıları - Reportaj
Yəqin ki, aramızda ASAN könüllülərinin adını, səs-sorağını eşitməyən qalmayıb. Qalıbsa, onlara da bildirək ki, "ASAN xidmət” mərkəzlərində 9 iyun 2009-cu il tarixli "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllülük fəaliyyəti tətbiq edilməyə başlanıb. Yarandığı ilk gündən etibarən "ASAN xidmət” könüllülük fəaliyyətini ən geniş tətbiq edən dövlət orqanına çevrilməyi bacarıb. Bu yöndə bir sıra uğurlu layihələrə imza atılıb.

Bu gün isə sizlərə təqdim edəcəyimiz gənclər "ASAN könüllüləri” təşkilatının "Mədəniyyət Carçısı” layihəsinin könüllü gəncləri olacaq. Xüsusi istedada malik olan bu gənclər bir araya toplanaraq "ASAN könüllüləri” təşkilatı fəaliyyət göstərir, musiqi bacarıqlarını genişləndirirlər. "Mədəniyyət Carçısı” layihəsi bir ilə yaxındır ki, ASAN könüllülərinin təşəbbüsü ilə yaradılıb. Proqramın məqsədi gənclərimizin mədəni tədbirlərdə aktiv iştirakına nail olmaqdır. Buradakı gənclər üç istiqamət üzrə fəaliyyət göstərir: teatr-kino, təsviri və dekorativ sənət, musiqi və rəqs qrupu.

Biz də "ASAN könüllüləri”nin "Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun məşq prosesində olduq. Burada bir ailə olmağı bacaran gənclər həm asudə zamanlarını səmərəli keçirir, həm də musiqi savadlarını təkmilləşdirirlər.

Hər tamaşamızda 300-ə yaxın insan iştirak edir
İlk olaraq söhbətə "Mədəniyyət Carçısı”nın rəhbəri Böyükxanım Babayeva ilə başladıq. O deyir ki, ümumilikdə 14 min ASAN könüllüsü var, onlardan mədəniyyət carçıları xüsusi fəallığı ilə seçilir. Könüllülərin yaş məhdudiyyəti isə 16-dan 26-ya qədər təşkil edir: "Bir ilə yaxındır ki, fəaliyyət göstəririk. İlk olaraq rəsmi "Facebook” səhifəmizdə belə bir layihənin olması ilə bağlı elan verdik. Könüllülər orda qeydiyyatdan keçdilər və biz onları müsabiqəyə çağırdıq. Layihə gənclər üçün çox maraqlıdır. Onlar burada həm əylənir, həm də öyrənirlər”.

B.Babayeva bildirir ki, könüllülər bu qısa zaman kəsiyində müxtəlif səpkili tamaşalar hazırlayıblar. Belə ki, 1 il ərzində 17 tamaşa nümayiş olunub. Tamaşanın aktyorları, rejissorları da məhz könüllülərdən ibarət olub: "Bizim hər tamaşamızda 300-ə yaxın insan iştirak edir. Burada heç bir bilet satışından söhbət gedə bilməz. Biz konsertlər keçiririk. Gənclərin həvəsini görəndə, daha çox işlər görməyə stimul alırıq. Təbii ki, burada uşaqları da görürlər və iş təklifləri də gəlir”.

Musiqi təhsili alan gənclər həvəskarlara dərs keçir
"Mədəniyyət Carçısı” layihəsinin musiqi qrupunun koordinatoru Toğrul Axundov da öz işinin vurğunudur. 25 yaşlı Toğrul "ASAN Könüllüləri”nin gənclərin şəxsi inkişafı üçün bir çox sosial layihələr, tədbirlər həyata keçirdiyini bildirir, bunlardan birinin də musiqi qrupu olduğunu qeyd edir: "Məqsəd "ASAN xidmət” mərkəzlərində musiqi sahəsində istedadı olan könüllülərin bir yerə cəmləşməsi, birlikdə musiqi qrupunun yaradılması və bir çox sosial layihələr - musiqi qrupuna aid layihələr reallaşdırmaqdır: "Bizim "FotoMən” layihəsi uğurlu layihələrdən biri idi. Elə ilk çıxışımız "FotoMən” layihəsində olmuşdu. Həmin vaxt komandamızın üzvləri daha az idi. Ancaq buna baxmayaraq, uğurlu nömrələr göstərdik. Çıxışımız müəyyən qədər səs-küyə, uğura səbəb oldu. İkinci dəfə isə çıxışımız "Yarat” Müasir İncəsənət Mərkəzində oldu. "ASAN xidmət” sədrinin müşaviri Nadir Adilovun "Gəncsən? Başla!” kitabının təqdimat mərasimində də iştirak etdik. Onda artıq müəyyən komandamız var idi. Hazırda 14 üzvümüz var. Qrupumuz müəyyən qədər genişlənib”.

Qrupun gitara ifaçısı olan Toğrul bizə gələcək planlarından danışdı: "Gələcək planlarımız ondan ibarətdir ki, "ASAN könüllüləri” təşkilatının, sırf onların üzvlərinin konsert proqramını hazırlayaq, tədbirlərdə musiqi qrupunun iştirakını təmin edək. Aramızda musiqi təhsili alanlar da, həvəskar musiqiçilər də var. Bir-birimizə dəstək oluruq, bir-birimizi öyrədirik. Daha çox milli musiqilərimizə üstünlük veririk”.

Söhbətimizə ara verib, ifaçıların məharətlərini izləyirik. 14 nəfərlik üzvü olan qrupun iştirakçıları milli musiqilərimizi ifa edir, bir-birinə repertuar seçimində dəstək olmağa çalışırdılar. Qrupun üzvləri gitarada Mənsur Əzizli, Toğrul Axundov, Dəniz Abdinova, zərb alətində Tofiq Mövsümov, ifaçı Nağıyeva Fəridə, İlkin Hüseynov, Ellada Eyvazova, Aynur İskəndərli, skripkada Ümid Mustafazadə, pianoda Türkan Həsənova, Ləman Qəmbərli, melodika Asif İmamverdiyev, kamançada Fərhad İbadlıdan ibarətdir.

Asudə zamanlarını səmərəli keçirmək üçün ASAN-a müraciət edən gənclər
Musiqi nümunələrini dinlədikdən sonra iştirakçılarla da söhbət etmək imkanı əldə etdik. Bakı Musiqi Akademiyasının tələbəsi olan Ellada Eyvazova deyir ki, könüllülər təşkilatının üzvü olduğu üçün özünü şanslı hesab edir: "Burada iştirak etməyimizin çox müsbət cəhətləri var. Bir-birimizə bildiklərimizi öyrədirik. Yaşıdlarımızla burada səmərəli vaxt keçiririk. İştirakçıların səs tembrini dinləyirik və onlara öhdəsindən gələ biləcəkləri musiqini həvalə edirik. İştirakçıların bəziləri inanmır ki, onlar məhz bu mahnıları ifa edə bilərlər. Ancaq bir müddət məşq etdikdən sonra onların necə gözəl mahnı ifa etdiklərinin şahidi oluruq. Nəticə gözəl alınır. Mənə burada işləmək çox xoşdur. Çünki burada böyük təcrübə qazanıram. Gələcəkdə öz ixtisasım üzrə müəllim işləyəcəyəm. Bura mənim üçün bir məktəb rolunu oynayır”.

18 yaşlı Mustafazadə Ümid Qara Qarayev adına İncəsənət Məktəbində təhsil alır. Bildirir ki, "ASAN Könüllüləri” təşkilatında könüllü olaraq çalışıb və bu qrupa daxil olmağını bir şans kimi dəyərləndirir: "Bura mənə yeni dostlar qazandırdı. Qrupda bir komanda olmağı, öz üzərimizdə işləməyi və məsuliyyətin nə demək olduğunu öyrəndik. Biz burada əylənərək musiqi biliklərimizi artırırıq. Hesab edirəm ki, biz gənclərin asudə zamanlarını keçirmək üçün "ASAN Könüllüləri”nin "Mədəniyyət Carçısı” layihəsi ən ideal ünvandır”.


20 yaşlı Həsənova Türkanisə fortepiano müəlliməsidir. Qrupda pianoçu olaraq fəaliyyət göstərir: "Həftənin müəyyən günləri buraya yığışırıq, hamı öz fikrini irəli sürür və musiqini seçirik. Burda mükəmməl dostluqlar qazanmışam. Yaşımıza görə bizə ən çox lazım olan şey budur ki, yaşıdlarımızla birgə gözəl zaman keçiririk”.

Digər piano müəlliməsi Qəmbərli Ləman eyni zamanda bağçada musiqi müəllimi vəzifəsində çalışır. O, işlərindən artıq qalan zamanını məhz bu qrupda keçirməyə şad olduğunu vurğulayır: "Biz tamaşalarda da iştirak etmək istəyirik. Bir aydır ki, buradayam və bu müddətdə qrupumuzdan çox şey öyrənmişəm”.

19 yaşlı Əzizli Mənsur Bakı Dövlət Universitetində təhsil alır, qrupda gitara ifaçısı olaraq fəaliyyət göstərir: "Eyni zamanda xanəndəliklə məşğulam. "ASAN Könüllüləri” musiqi qrupunun konsertinə hazırlaşırıq. Klassik musiqilərdən ibarət konsert olacaq”.


Fərhad İbadlının isə 18 yaşı var. Altı aydır buradadır. Deyir ki, bura qoşulmaqda özünün məxsusi məqsədləri var: "Mən BDU-nun diplomatiya fakültəsində təhsil alıram. İlkin məqsədim odur ki, "ASAN xidmət” vasitəsi ilə həm praktika toplayım, həm də burada özümü tapım. Bir növ özümü formalaşdırmaq istəyirəm. Azərbaycanın brendi olan "ASAN xidmət”ə gəldim və bu altı ayda gördüm ki, istər düşüncə tərzimdə, istərsə də həyatımda çox müsbət dəyişikliklər baş verir. "ASAN xidmət” sanki ayrı bir dünyadır. Bura mənə tamam başqa qapılar açıb. Uşaq yaşlarımdan musiqiyə böyük həvəsim olub. Mən öz həvəsimi burada reallaşdıra bilirəm. Kamançada ifa edirəm. Artıq 14-cü ildir ki, musiqi ilə məşğul oluram. Bu sahədə çoxlu nailiyyətlərim olub”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər