“Artan risk artan gəlir deməkdir” - Uğur hekayəsi

Elvin Əliyev: "Hər şeyi dayandırıb sıfırdan başlamaq ruhlandırıcıdır və bəşəriyyətin irəli getməsi üçün labüddür”
Uğurludur. Amma məqsədi uğura çatmaq deyil, onunla
işləməkdir. Məhz bu səbəbdən onun uğur formulu yoxdur. Deyir ki, uğur bir
kağızda yazılmış formul ilə izah olunsaydı, o formulun kitabını almaq üçün
bütün pullarımı verərdim. Ona görə, uğur fəlsəfə, mentalitet, düşünmə tərzidir.
Müsahibimiz Kanadada
Moirai Reach İmmiqrasiya Konsaltinq Şirkətinin parntyoru Elvin Əliyevdir.
Həmsöhbətimiz dünyanın ilk telekommunikasiya şirkəti
olan Bell Kanadada marketinq departamentində strateji müşavir işləyib. Kanada
bazarında şirkətin telekommunikasiya tarif və məhsullarının bazara çıxışını təmin
edib. 2017-ci ildə Torontoya köçüb. Azərbaycanda isə Rabitə Nazirliyinin
Azintelekom şirkətində Marketinq Direktoru, mobil operatorların birində məhsulların
inkişafı şöbəsinin müdiri kimi işləyib: "Bu işlərlə paralel olaraq ADA
Universitetində bakalavr və biznesin idarəedilməsi üzrə magistraturada (MBA) müəllimlik
etmişəm. Təhsilimi Amerika Birləşmiş Ştatlarında Dövlət Departamentinin Edmun
S. Muskie təqaüdü ilə almışam və oxuduğum zaman ABŞ Federal Bankının İqtisadi
Araşdırmalar Departamentində iqtisadiyyat və maliyyə sahəsində araşdırmaların
aparılması ilə məşğul olurdum”.
Həmsöhbətimiz həm də 2016-cı il ASPEN İnstitutunun
Liderlər Təqaüdü proqramının məzunudur.
- Elvin bəy,
tərcümeyi-halınız çox zəngindir. Maraqlıdır, ilk pulunuzu nə vaxt qazanmısınız?
- Pul qazanmağa 18 yaşında başladım. Universitet
illərimdə abituriyentlərə riyaziyyatdan məşğələlər keçirdim. İlk məşğulluq
yerim isə sığorta şirkətində olub.
Orada aviasiya sığortası sahəsində müqavilələr və sığorta sertifikatlarının
hazırlanmasına məsul idim. Hazırda mənə asan görünsə də, həmin iş 19 yaşım üçün
çox maraqlı idi.
- Müəllimlik,
sığorta, telekommunikasiya və immiqrasiya mütəxəssisi... Fərqli sahələrdir. Fərqlilik
maraqlı olduğu qədər də çətindir. O çətinliklər sizi qorxutmurdu ki?
- Qətiyyən! Əslində maneələr bizi gücləndirir.
Düşünürəm ki, çətinlik və səhvlərin yoxluğunda keçirdiyin həyatın marağı da
olmaz. İnanıram ki, maneələrin əksəriyyəti
gerçəklikdən çox insanların şüraltında formalaşır. Mənim üçün maneəni görüb
yoldan çəkinmək həyatda uduzmağı etiraf etməkdir. Düzdür, maliyyə sahəsindən
marketinqə keçid çox maraqlı transformasiya idi. Lakin, məhz maliyyə biliklərim
mənim marketinq aləmində də irəli getməyimə kömək oldu.

- Belə çıxır
ki, risk etməyi sevirsiniz...
- Biznes dilində desək, risk düzgün hesablanırsa,
artan risk artan gəlir deməkdir. Düzgün planlaşdırılmış və bütün risklərin nəzərə
alınması ilə atılan addımları çox sevirəm. Gözübağlı, cari status və vaxta söykənən
planlamalar təbiətimdən uzaqdır.
- Moirai
Reach İmmiqrasiya Konsaltinq Şirkəti Kanadada hansı işləri həyata keçirir?
- Kanadada biznes partyorumla birlikdə immiqrasiya
şirkətini açdıq. Şirkətin həmtəsisçisi Ruslan İsmayılzadə immiqrasiya,
qaçqınların müdafiəsi və təmsilçiliyi, həmçinin vətəndaşlıq hüququ ilə məşğul
olur. Mənim rolum biznes immiqrasiyasıdır. Məsələn, elə xarici şirkət, təşkilat
ola bilər ki, o biznes fəaliyyətini və məkanını Kanadanın böyük şəhərlərindən
birində açmaq istəyər. Eləcə də özfəaliyyətlə məşğul olan "frilanslar” bazarını
dəyişib Kanadaya köçmək istəyir. Yeni biznesmenlər də bu kateqoriyaya
aiddir. Bu cür fiziki və hüquqi şəxslərin
bütün biznes transformasiyası, onların Kanadada hüquqi statuslarının
formalaşması və bizneslərinin Kanadada açılması ilə məşğul oluram. Həqiqətən də
çox maraqlı işdir. Qlobal bazar ilə işləmək çox fərqlidir. BƏƏ, Mərakeş,
İtaliya, Rusiya, Macarıstan, Hindistan, Pakistan və Çin kimi ölkələrdən rəqabətə
davamlı müştərilərimiz olub. Hazırda üç lisenziyalı agentimiz və iki
agentliyimiz var, biri Torontoda, biri isə Heydərabaddadır (Hindistan). Birini
isə tezliklə Dubayda (BƏƏ) açmağı planlaşdırırıq.
- Bu
insanların immiqrasiyasını təmin edib onları Kanadaya yeni həyata başlamağa gətirirsiniz.
İmmiqrantlar ölkəyə gələrkən uğurlu iş və münasibətlər qurmaq üçün nələrə riayət
etməlidirlər?
- İmmiqrant mütləq yeni gəldiyi ölkənin mədəniyyətinə
inteqrasiya etməlidir. Kanada çox inkluziv ölkədir və dünyanın hər bir mədəniyyəti
burada öz əksini tapır. Bir rayondan o biri rayona keçərkən, İsrail mədəniyyətindən
Karib mədəniyyətinə keçid etmiş olursan. İnkluzivlik və multikulturallıq
Kanadanın nəbzi və gözəlliyidir. Bu cür mədəniyyətlərin kombinasiyası və bir
arada yaşaması özü-özlüyündə bir mədəniyyətdir.
Bunu dərk etmək, buna uyğun davranmaq mütləqdir. Məsələn, Bell şirkətində işləyəndə
mənim rəhbərliyimlə buraxılan məhsulun reklamını ən azı səkkiz dildə edirdik.
Bu, Şimali Amerikaya məxsus olan misilsizlik və müxtəliflikdir. Mədəniyyətlərin
bir yerdə belə yaşamasını Avropa, Asiya və dünyanın digər yerlərində tapmaq çox
çətindir.

- Karyeranıza
18 yaşınızda başladığınızı dediniz. Sizcə, karyera qurmaqda hər hansı yaş həddi
varmı?
- Düşünürəm ki, hər kəs dünyaya gələndə bərabər
hüquqlu olur və hər bir şəxs öz xoşbəxtliyinin təminatı üçün atacağı addımlarda
azaddır. Bu prinsip ilə yaşayan insanlar anlayır ki, karyera, biznes və ya sənət
seçimi üçün nə yaş, nə sosial durum, nə də insan irqi maneə ola bilməz. Hər
şeyi dayandırıb sıfırdan başlamaq ruhlandırıcıdır və bəşəriyyətin irəli getməsi
üçün labüddür.
- Vaxta söykənən
planlamalar təbiətimdən uzaqdır dediniz. Uğur qazanmaq üçün mühüm məqamlardan
biri də vaxt bölgüsü, qrafikdir. Bunu necə tənzimləyirsiniz?
- Nə qədər ticari səslənsə də, qrafik və vaxt
bölgüsünü elə qurmaq lazımdır ki, gəlir gətirən işlər prioritet olsun. Bu, mənim
devizimdir. Bundan əlavə, əgər öz sevdiyiniz işlə məşğulsunuzsa, orada hər bir
fəaliyyəti sevə-sevə həyata keçirirsiniz. Bu zaman vaxt sizə mane olmur. Elə
olub ki, mən gecə səhərə qədər işləyib günə kofe içməklə davam etmişəm, amma
işimi də axsatmamışam.
- Sizcə,
uğurun sirri çox çalışmaqdır, yoxsa düzgün çalışmaqdır? Öz işinizdə bunları necə
ayırırsınız?
- Uğurun sirri həvəsdədir. Həvəs varsa, çox
çalışırsan və məntiqi olaraq daha çox səhv etmiş olursan. Həvəsli insan səhvlərin
üzərində öyrənir və bu yolla düzgün çalışmağı vərdiş edir. Eyni zamanda, ətrafında
güvənə biləcəyin kəsləri toplamaq da bu həvəsi daha da artırır və məhsuldar bir
prosesə çevirir.
- Ətrafına
güvənə biləcəyin insan toplamaq asan proses deyil. Sizcə, ətrafın insan həyatında,
karyerasında rolu nə qədərdir?
- İnsan sosial varlıqdır, cəmiyyətdə formalaşır.
Dost və çərçivənin gücünü immiqrantlar çox yaxşı anlayır. İmmiqrantlar cəmiyyətə
köçəndə çox maraqlı bir vakuuma düşürlər. Bir tərəfdən öz ölkəsindəki çevrəsini
geridə qoyub yeni ölkəyə köçürlər, digər tərəfdən isə yeni gəldiyi ölkədə
adaptasiya və yeni ətraf toplamaq üçün
minimum bir ilə qədər vaxt lazımdır. Bu müddət ərzində immiqrantların əksəriyyəti
rəqabət hissini itirmiş olurlar. Rəqabətlilik hissi olmayanda irəliyə
addımlamağa da həvəs olmur. Bu motivasiya hissi yeni cəmiyyətdə ətraf və çevrə
qurduqca yenidən oyanır. Bu cür təcrübə və eksperimentdən sonra əminliklə demək
olar ki, çevrənin rolu böyükdür.
- Bəzi insanlar düşünür ki, uğur çarxına
düşdünsə, belə də gedəcək. Sizcə, bu həqiqətən belədir?
- Hər zaman eşitdiyimiz bir fikirdir ki, uğur çarxına
insanlar düşür və bu yol onları daim müşayiət edir. Lakin öz təcrübəmdən əsaslanıb
deyə bilərəm ki, mən həmin uğur çarxının nə olduğunu bilmirəm. Tərcümeyi-haldakı
hər bir nailiyyətin arxasında əlbəttə ki, saysız hesabsız uğursuzluq, yanlışlıq
və nəticəsiz cəhdlər olub. Uğur çarxına düşənlər varsa, bu, olduqca gözəldir
(güman edirəm ki, bu çox nadir hallarda olur…). Bu çarxa düşməyənlər isə güclərinə
inanıb uğurlarının hekayəsini özləri yazmalıdırlar.
- Uğur çarxına
deyil, gücünüzə inanıb hekayəni yazanlardansınız. Bəs sizin formulunuz varmı?
- Uğurun formulu mənə aydın deyil. Uğur qazanmaq
demək yerində dayanmaq demək deyil. Məncə, uğur nöqtə yox, bir prosesdir. Uğura
çatmaq yox, onunla işləmək lazımdır. Ona görə də mənim belə uğur formulum
yoxdur. Digər tərəfdən, uğur bir kağızda yazılmış formul ilə izah olunsaydı, o
formulun kitabını almaq üçün bütün pullarımı verərdim. Lakin, bir vərəqə uğur
formulu sığmaz. Uğur bir fəlsəfədir, mentalitetdir və düşünmə tərzidir.
Aygün ƏZİZ


