“Anamın göz yaşlarını unutmuram” - Keçmişdəki mən
Qismətə
inanır. Deyir ki, istər şəxsi həyatında, istərsə də karyerasında o qədər
nüanslar olub ki, onları Allahın hədiyyəsi hesab edir. Çətinliklərdən qorxmur.
"Bir qapı bağlanırsa, digəri mütləq açılır” prinsipi ilə hərəkət edir. Ən çətin
günündə belə, işıq axtarır və o işığa doğru gedir. Müsahibimiz Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovdur.
Qeyd edək
ki, M.Fərzəlibəyov 1949-cu ildə Bakıda anadan olub. Ali təhsilini Sankt-Peterburqda
Dövlət Teatr, Musiqi Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində alıb.
Müəllimi dünya şöhrətli rejissor Georgi Tovstonoqovdan ixtisasının incəliklərini
öyrənib. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar
Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus
Dram Teatrına verilib. Sonra Sumqayıt Dövlət
Dram Teatrında baş rejissor işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə
Akademik Milli Dram Teatrına rejissor təyin olunub. Burada əsasən, çağdaş Azərbaycan
dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə
quruluşları verib.
"Uşaqlar məni özlərindən uzaqlaşdırdı”
Uşaqlıq
illərindən danışanda köks ötürür. Deyir ki, insan yaşa dolduqca, ömrün qayğısız
illərini tez-tez xatırlayır: "Ailəm Bakıda yaşasa da, hər yay Şəkiyə, baba
yurduma gedirdim. Həmin yaşıllıq hələ də gözümün önündədir. Yadımdadır, 3 təkərli
velosipedim var idi, bir dəfə o qədər pis yıxılmışdım ki, xatırlayanda o ağrını
bu gün də hiss edirəm. 12 yaşıma qədər Şəkidə pioner düşərgəsinə gedirdim.
Oğlanların ən sevdiyi oyun futbol olsa da, mənə maraqlı gəlmirdi. Amma oynamaq
xatirinə uşaqlara qoşulurdum. Özüm də bilmirdim ki, niyə məndə futbola maraq
oyanmır. Sonra fikirləşdim ki, qapıçı olum. Onda da topları buraxırdım. Yaxşı
oynaya bilmədiyimə görə, uşaqlar məni özlərindən uzaqlaşdırdı”.
Deyir
ki, ən sevdiyi məşğuliyyəti kitab dükanlarını gəzmək olub: "Həmişə çalışırdım
ki, kitab almasam belə, dükanları ziyarət edim. Kitab oxumağı çox sevirdim.
Kitab oxumaq mənim üçün futboldan da, digər dəcəlliklərdən də maraqlı idi. Yay
mövsümünü demək olar ki, yaşıllıq qoynunda bədii əsərlər oxumaqla başa
vururdum”.
"Pioner qalstukum ütülü qaldı”
Bədii ədəbiyyata
marağı olsa da, məktəbdə oxumaqla arası olmayıb. Hətta 10-a qədər saya bilmədiyi
üçün birinci sinfə bir il gec edib: "Birinci il imtahanda 10-a qədər saymağımı
istədilər. 7-dən o tərəfə saya bilmədim. Mənə dedilər ki, get öyrən və məni məktəbə
götürmədilər. Növbəti il öyrənib getdim. Yaşıdlarım ikinci sinifdə oxuyarkən, mən
birinci sinfə qəbul oldum. Amma bundan da biabırçı hadisə 2 il sonra baş
verdi”.
Məktəblə
barışa bilməyən həmsöhbətimiz 4-cü sinfə keçə bilməyib: "3-cü sinfi başa vura
bilmədiyim üçün məni 4-cü sinfə keçirmədilər, sinifdə qaldım. O vaxt
yaradıcılığa marağım var idi. Təhsillə heç cür anlaşa bilmirdim (Gülür-A.Ə.)
Amma məhz bu hadisə mənə çox pis təsir etdi və oxumağa başladım. Bilirdim ki,
oxumasam kəsiləcəm və məktəbi bitirə bilməyəcəm. Həmin vaxt anamın göz
yaşlarını unutmuram. Anam direktor müavinin yanına gəlmişdi ki, məni sinifdə
saxlamasınlar. Çünki 4-cü sinfə keçsəydim pioner olacaqdım. Anam da mənə pioner
qalstuku almışdı. Qalstukum elə ütülü qaldı. Bəlkə də elə bu hadisə, məni
oxumağa vadar etdi”.
"Universitetə qəbul olmağım möcüzədir”
4-cü sinifdən isə rejissor olmağa qərar verib:
"4-cü sinifdə ədəbiyyat müəllimi bizə Cəfər Cabbarlının "1905-ci il” əsərini
oynatdı. Biz parta arxasında rolları canlandırırdıq. Demək olar ki, ədəbiyyat
müəllimiminin bu dərsi məni sənətə bağladı. 5-ci sinifdə uşaqları yığdım və
dram dərnəyi yaratdıq. Abdulla Şaiqin "Məktub yetişmədi” hekayəsini səhnələşdirdim.
Məni kədərləndirən və sənətə bağlayan məhz bu əsər oldu. Bundan sonra dram dərnəyinə
həvəs göstərdim. Sonra 26-lar bağında Lüfti Məmmədbəyovun dərnəyinə yazıldım,
Lütfi müəllimin köməkçisi işlədim. Tamaşalar qururdum. Bununla bağlı qəzetdə
yazılar gedir, məni çox həvəsləndirirdilər”.
Orta məktəbi
bitirdikdən sonra universitetə qəbul prosesi də uğurlu alınmayıb: "Sənədlərimi
rejissorluq fakültəsinə verdim. Lakin birinci mərhələdən qəbul ola bilmədim.
Rejissor olmağı çox istəyirdim. Sankt-Peterburqa gedib sənəd vermək qərarına gəldim.
Anam narahat oldu və dedi ki, 18 yaşın var, tək gedib neynəyəcəksən? Amma mən
rejissor olmalı idim. 4 turdan rahatlıqla keçdim. Hətta rus və ingilis dilini
bilmədiyim halda ikinci imtahanları da rahatlıqla verdim. Sonra məlum oldu ki,
birinci imtahanda müəllimim məni bəyənib və tapşırdığı üçün digər imtahanlardan
keçməyimə dəstək oldular. Sankt-Peterburqda universitetə qəbul olmağım mənim
üçün möcüzədir”.
"Həyatımın ikinci hədiyyəsi”
Dili
yaxşı bilmədiyi üçün rus dilində təhsil də asan başa gəlməyib: "Rus dilində pis
danışırdım. Universitetdə hər 6 aydan bir imtahan verməli idim. İmtahanda müəllim
həyəcanımı və zəif olduğumu hiss etdi. Mənə dil biliyimin zəif olduğunu dedi və
bildirdi ki, ya dili öyrənməliyəm, ya da Azərbaycanda universitetə köçürəcəklər.
Bunu çox pis qarşıladım və söz verdim ki, 6 aya rus dilini öyrənəcəm. Lakin müəllim
məni dinləmədi və göndəriş məktubunu yazdı. Məktubu götürüb, rektorun yanına
getdim. Rektor müəllimimə zəng vurdu ki, Mərahim bizdə təhsil alan
vyetnamlılar, polyaklardan yaxşı bilir. İnanıram ki, o, rus dilini öyrənəcək və
mən zamin dururam. Bu da həyatın mənə ikinci bir hədiyyəsi idi. Mənə rus dili
müəllimi yazıldı və 6 ay tək mənimlə məşğul oldular”.
"Məktubuma "yox” yazdı”
Rejissorun
ilk sevgisi də 4-cü sinifdə olub. Deyir ki, qızın siması hələ də yadındadır:
"İlk sevgim 4-cü sinifdə olub. Adı Elmira idi. Oxuyan qız idi. Mən "2-3” alsam da, o, ancaq "5” alırdı. Oxuyan qız olduğu
üçün hamıdan seçilirdi və mənim də diqqətimi çəkdi. Əvvəlcə dost olduq. Sonra
gördüm ki, mən artıq bu qızı sevməyə başlamışam. 8-ci sinifdə sevgi məktubu
yazdım. O qız mənə "yox” yazdı və həmin ildən axşam məktəbinə getdiyim üçün bir
də o qızı görmədim. Amma çöhrəsi hələ də yadımdadır”.
"O işığa görə, yaşamağa dəyər”
Rejissorun
həyat fəlsəfi bütün çətinliklərdə işıq tapmaqdır. Deyir ki, məhz o işığa görə
yaşamağa dəyər: "Həyatın əzabları xoş günlərdən daha çox olur. Amma mən həmişə
çalışmışam ki, pis günlərdə özümə işıq tapım və o işığa doğru gedim. O vaxt
"Toz və almaz” adlı bir Polşa filmi var idi. Filmin qəhrəmanı vurulub zibilliyə
atılır. Çirkabın içində almazın işığını görür və o işıq onu ölməyə qoymur. Bu,
mənə təsir etdi. Onda sonra dedim ki, nə qədər çətinliyim, əzabım olsa da o
işığı axtaracam”.
Həmsöhbətimizin
gənclərlə münasibətləri yaxşıdır. Deyir ki, gənclər həmişə yaşlılardan bir
addım öndə olmalıdır: "Yaşlı nəsil öz dövrünə görə gənclərin fikirlərini asan qəbul
etmir. Hətta bu mövzu Azərbaycan ədəbiyyatına da dəfələrlə sirayət edib. Mən
çalışıram ki, cavanlarla aramda fikir anlaşmazlığı olmasın. Həmişə gənclər
yaşlılardan bir addım qabaqda olmalıdır, bu, həyatın qanunudur. Biz yaşlılar da
cavanları başa düşməyə meyilli olmalı, onlara dəstək olmalı və motivasiya etməliyik.
Belə olanda gənclərlə yaşlıların ünsiyyəti də normal alınır”.
"Bəzən təəssüf edirəm”
Sonda gənclərə
məsləhət verən müsahibimiz vurğuladı ki, gənclər kitaba meyilli olmalıdırlar:
"Texnologiya əsrinin üstün cəhətləri olsa da, mən bəzən təəssüf edirəm. Çünki
informasiya dövrü günləri an etdi, həyatı qısaltdı. Həyatın dinamikasını
artırdı. İnsanlar texnologiyanın içində qaynamağa başladılar. İnformasiya
bolluğunun çoxluğu gənclərin analiz etmə qabiliyyətlərinə mane olur. Hər şey
daha konkretləşdi. 500 səhifəlik kitabı oxumaqdansa, internetdə araşdırıb qısa
məlumat ala bilirlər. Təkcə Azərbaycanda deyil, bütün dünyada hansısa əsəri
oxuyub imtahanı verməyə ehtiyac yoxdur. Qısa variantını tapıb, oxuyub imtahan
verirlər. Gəncliyə arzum odur ki, kitab
oxusunlar. Kitabı heç nə əvəz edə bilməz”.
Aygün ƏZİZ