“Anam hər fürsətdə qayıt gəl, səni ərə verək deyir” - Xaricdə təhsil

Ən böyük
istəyi hansısa bir universitetdə
professor olub, böyük tələbə auditoriyasına dərs keçməkdir. Və bir gün vətənə qayıdıb
kiçik bir kafe və ya dil kursu açmağı planlayır. Düşünür ki, təhsil hər bir
vətəndaş, xüsusilə də, qızlar üçün çox vacibdir. Qızlarımızın savadlı olub
cəmiyyətdə yer tutmalarını istəyir. "Xaricdə təhsil” rubrikamızın qonağı Koreyada jurnalistika üzrə magistr təhsili
alan Nigar Eyyubovadır.
Qeyd edək
ki, Nigar 1993-cü ildə Bakıda anadan olub. 2011-2015-ci illərdə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsində oxuyub. Daha
sonra Koreya filmlərinə olan sevgisi onu həmin ölkədə təhsil almağa
həvəsləndirib. Və elə universiteti bitirən ili Koreyaya təhsil almağa yollanıb.
- Sizcə, təhsilin insan həyatında
önəmi nədir?
- Bu
tendensiya əslində, cəmiyyətə görə dəyişir. Azərbaycandakı təhsil və insan
Koreyadakı ilə fərqlidir. Amma təhsilli insanın yeri bütün cəmiyyətlərdə
fərqlidir, digərlərindən kifayət qədər seçilə bilir. Hətta şəxsin insanlığını
belə dəyişə biləcək yeganə ünsürün təhsil olduğunu düşünürəm. Bu isə insanın
hansı sahədə nə qədər təhsilli olmasından asılıdır.

- Necə oldu xaricdə təhsil almaq
qərarına gəldiniz?
-
Bu işdə bəzi müəllimlərimin də rolu böyükdür. Onlar mənə həmişə deyirdilər ki, səndə
başqa işıq görürük, amma sən o işığı bağlayırsan. Bu sözlər mənə həqiqətən
təsir edirdi. Düşüncə baxımından öz yaşıdlarımdan daha müasir olduğumdan
onlarla yola gedə bilmirdim, ünsiyyətdə olanda sıxılırdım. Fikirləşdim ki,
xaricdə təhsil mənim üçün daha yaxşı olar, özümü daha çox inkişaf etdirə
bilərəm.
- Bəs nə üçün Koreya?
-
(Gülür) İnanın, bu sualı həmişə Koreyada da verirlər. Əslində, Koreyanı
seçməyimdə səbəblər çoxdur. Amma ilk səbəb kimi onu deyə bilərəm ki, Koreya
filmlərindən çox xoşum gəlirdi. Həmin kinoların fanatına çevrilmişdim. Öncə Çin
dilini öyrənmək istəsəm də, seriallara baxa-baxa koreya dilinə marağım yarandı.
Koreya səfirliyinin nəzdində təqaüd proqramının olduğunu öyrəndim. Bu haqda bir
az araşdırma apardıqdan sonra proqrama qoşulmaq qərarına gəldim.
- Xaricdə təhsil almaq şərtdirmi?
-
Düşünmürəm ki, xaricdə təhsil mütləqdir. Azərbaycanda da istədiyiniz nəticəni
əldə edə bilərsiniz. Gərək sırf universitetin verdiyi təhsillə kifayətlənməyib,
öz üzərində çalışasan, özünə təhsil verə biləsən. Amma cəmiyyəti dəyişib, başqa
mühitdə yaşayıb inkişaf etmək istəyirsinizsə, o zaman şərtdir. Xaricdəki mühit
bir insanı çox dəyişə bilər. Əgər bunun üçün imkan, şərait varsa, xaricdə
təhsil almaq yaxşı olar.

- Bir xanım olaraq xaricdə təhsil
almaq, qürbətdə yaşamaq çətin deyil ki?
-
Azərbaycanlı olaraq başqa inkişaf etmiş ölkədə yaşamaq çətin ola bilər. Çünki
bizdə müəyyən mental dəyərlər var ki, bu, onların fikriləri ilə heç zaman
üst-üstə düşmür. Bizim bəzi məqamlarda "yox” deyə biləcəyimiz amillər onlar
üçün "hə” ola bilər. Məsələn, qızlar üçün burada müəyyən məhdudiyyətlər var,
amma orada yoxdur. Buna alışmaq xaricə gedənlər üçün çətin olur. Məsələn,
burada nəzarət altında böyümüş bir qızın ora gedib birdən-birə tamamilə sərbəst
mühitə düşməsi onun üçün problem ola bilər. Ya da əksinə, orda da özünə çox
qapana bilər, hamıdan uzaqlaşıb, təcrid olunar. Yəni, ilk vaxtlar alışmaq bir
az çətin olur.
- Ailənizin xaricdə təhsilə
münasibəti nencə idi?
-
Mən xaricdə təhsil üçün hazırlaşarkən ailəmin xəbəri var idi. Amma inanmırdılar
ki, təqaüd proqramını qazanıb gedə bilərəm. Anam xaricə getməyimə qarşı idi.
Həmin gün hələ də yadımdadır. Demək, təyyarə bileti gəlib, anam məni buraxmaq
istəmir. Getmək üçün düz üç gün ağlamışam. Anam "Sən qız uşağısan, biz səni
oralara tək necə göndərəcəyik, gedib haralarda qalacaqsan, qızın xaricdə nə işi var, evlən ailən, uşağın
olsun” tipli sözlər deyirdi. Amma bütün bunlara baxmayaraq, axırda ailəmə qalib
gəldim və getdim. Qız olmağım həmişə mənim ən böyük problemim olub (Gülür).
- Artıq iki ildir oradasan, bəs
indi nə düşünür ailən bu haqda?
- (Gülür) Elə indi də eyni situasiya davam
edir. Anam hər fürsətdə "qayıt gəl, ailə qur, nə işin var oralarda” deyir. Amma
yenə də, həmişəki kimi öz istədiyimi edəcəyəm. Ailəmin fikrilərinə hörmətlə
yanaşıram, amma mənim həyatımda mən daha önəmliyəm.

- İki ölkənin təhsilinə bələd olan
biri kimi, hansı fərqləri müşahidə etdin?
-
Əslində, bunu izah etmək mənim üçün bir az çətindir. Belə deyə bilərəm ki,
Azərbaycanda dərslər müəllimlər tərəfindən təyin edilir, Koreyada isə
fərqlidir. Orada tələbələrə görə uyğunlaşdırılmış təhsil sistemidir, hər şey
tələbənin istək və seçimindən asılıdır. Koreyada dərsi də, müəllimi də tələbə
seçir. Amma bir şeyi etiraf edim ki, məncə, humanitar sahədə biz onlardan daha
yaxşıyıq. Məsələn, orada heç bir tələbə əlini qaldırıb, dərs haqqında öz
fikirlərini aydın ifadə edə bilmir. Kitabdan oxuduğu cümlələrlə danışır. Ancaq
bizdə elə deyil. Tələbə həmin dərsi oxumasa belə, özünün şəxsi düşüncələri ilə
fikrini çatdıra bilir.
- Xərclərini necə qarşılayırsan, harada
qalırsan?
-
Mən ora təqaüd proqramı ilə getdiyim üçün təqaüd alıram. Bəzən yarım günlük
işlərim də olur. Çünki mən çox pul xərcləyən olduğum üçün tək təqaüdlə keçinmək
olmur. Amma qənaətcil tələbələr var ki, onlara həmin pul kifayət edir. Hazırda
oxuduğum universitetin yataqxanasında qalıram. Həmin yataqxanaya görə də pul
ödəyirəm. Çünki dövlət yataqxananın da pulunu verir.
- Koreya mətbəxinə alışmaq çətin
olmadı ki?
-
(Gülür) Oy, alışmağım çox uzun çəkdi. Bəzi yeməkləri dəhşət acılı, bəziləri isə
şit olur. Onlarda sabit bir dad tapmaq müşkül məsələdir. Koreyada ən bahalı
ərzaq ətdir. Qonaq gələndə ona hörmət əlaməti olaraq ət bişirirlər.
- Hansı çətinliklərlə üzləşdin?
-
Mədəniyyət, cəmiyyət, insanlar, şərait. Ümumiyyətlə hər şeyə alışmaq bir az
çətin oldu. İlk dəfə çox ağır gəlir. Təsəvvür edin, hər şeyi evdə ailəsi ilə
birlikdə edən adam birdən-birə təkbaşına qalır. Sanki xaosa düşmüşdüm. Əvvəllər
insanlarla əlaqə qurmaqda çətinliklər yaşadım. Onlar bizim insanlardan bir az
fərqlidirlər. Koreyalılar xarici ilə ünsiyyətdən çəkinirlər, öz dillərini
bilənlərlə yaxınlıq edirlər. Çünki onlar üçün dillərini bilmək, onların
mədəniyyətlərini qəbul etmək deməkdir. Ona görə də dillərini bilənlərə hörmət
edirlər.

- Bəs orada olarkən ən çox nə üçün
darıxırsan?
-
Öz dilimdə danışmaq üçün darıxıram. Azərbaycanca danışmağa adam tapmıram.
Düzdür, həmyerlilərimiz var, amma hər dəqiqə bir yerdə olmuruq. Olanda da,
bəzən elə koreyaca danışırıq. İnanın, öz dilimizdə dilləşmək üçün darıxmışam (gülür).
- Bizə Koreya ilə bağlı yadında
qalan xatirəni danışa bilərsən?
-
İlk gün təyyarədən düşüb yataqxanaya getməyim və orada rastlaşdığım xatirəni
heç vaxt unutmayacağam. Bizim qaldığımız yataqxanada çinlilər də qalır. Onlar
isə çox pintidirlər. Təsəvvür edin, rəfiqəmlə yataqxanaya daxil olub, otağın
qapısını açanda tarakanlar üstümüzə gəlməyə başladı. Sözün həqiqi mənasından
dəli oldum. Mənim də həyatda ən çox
qorxduğum həşərat onlardır. İndi oturub ağlamağa başlamışam ki, mən qalmıram,
qayıdıram. Nə isə, həmin gün oteldə qaldıq. Səhər gəlib rəhbərliklə danışıb,
başqa otaq istədik. Həmin yerdən uzaq olmaq üçün bizi 2-ci mərtəbədən 12-ci
mərtəbəyə qaldırdılar. Tam bir gün rəfiqəmlə həmin otağı xlorla təmizləyib,
dərmanladıqdan sonra rahat yaşamağa başladıq.
- Gələcəklə bağlı planların
nələrdir?
- Hələ ki, gələcəklə bağlı uzunmüddətli bir
plan qurmamışam. Amma bir il sonra üçün
təhsilimi doktorantura pilləsində davam etdirmək istəyirəm. Bu təhsil üçün isə
iki ölkə arasında seçim etməliyəm. Ya Amerikanı, ya da Koreyanı seçəcəyəm. Ən
böyük istəyim isə hansısa bir universitetdə professor olub, böyük tələbə
auditoriyasına dərs keçməkdir. İş qurmaq baxımından isə kiçik bir kafe və ya
dil kursu açmaq istəyirəm.
- Gənclərə
məsləhətin nədir?
- İstərdim
ki, gənclərimiz uğur qazanmaq üçün daha çox çalışsınlar. Xüsusilə də,
qızlarımız oxuyub, savadlı olsunlar və cəmiyyətdə yer tutsunlar, məqsədli
şəkildə inkişaf etməyə çalışsınlar. Ölkədən çıxmaq xətrinə xaricə getmək yox,
həqiqətən də gələcəklərini haradasa gördükləri üçün getsinlər. Çünki həmişə
fikirləşmişəm ki, mən Azərbaycanda da qalsaydım, nələrisə əldə edəcəkdim. Harada
olmağından asılı olmayaraq, nəyisə əldə etmək üçün çalışmaq lazımdır.
Günel
Azadə





