Almaniyada biznes quran azərbaycanlı tələbə - Uğur hekayəsi
Uğursuzluqdan,
itirməkdən qorxmur. Çünki onun məqsədi pul qazanmaq yox, xəyallarını gerçəkləşdirməkdir.
Deyir ki, arzusu həyata keçərkən hiss etdiyi duyğunu heç bir pulla almaq mümkün
deyil. Ona görə, insan əgər yaşayırsa, hər şey mümkündür. "Bacarmayacağam” , "alınmayacaq”
kimi fikirlər, istəyən insan üçün yalnız bəhanədir. İstədinsə, heç bir maneə sənə
əngəl ola bilməz.
MüsahibimizAlmaniyada "Ormado Kaffeehaus”-un sahibi Orxan Əhmədovdur.
1990-cı
ildə Bakıda anadan olub. 27 nömrəli məktəbi bitirdikdən sonra, Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə qəbul olunur. Hərbi xidməti başa vurduqdan
sonra hüquq üzrə magistr təhsili almaq üçün Almaniyaya yollanır. Hüquq
ixtisasında oxumasına baxmayaraq, kafedə qarson (ofisinat), barista işləyir.
İşi A-dan Z-yə öyrəndikdən sonra öz biznesini qurmaq, kafe açmaq qərarına gəlir
və həmsöhbətimizin xəyalları bir-bir gerçəkləşir.
- Xəyallarınız biznes, sahibkarlıqla bağlı olduğu
halda, nə üçün hüquq?
- Sözün
düzü, təhsil aldığım sahəyə marağım olmayıb. Hüquqda oxumağım, hüquqşünas
olmağım valideynlərimin arzusu idi. Hər
kəs kimi mənim də valideynlərim oxuyub "adam” olmağımı istəyirdi. Təbii ki,
valideynlərimiz üçün ən prestijli sahə ya hüquqdur, ya da həkimlik. Ümumiyyətlə,
mənim oturaq işə heç vaxt marağım olmayıb. Həmişə kənarda xırda ticarətlə məşğul
olurdum və buna görə də tez-tez danlanırdım. Xaricə gəldikdən sonra nisbətən
azad oldum və xəyallarımı gerçəkləşdirməyə başladım.
- Hansı işlərə görə danlanırdınız?
- Bizim
bir qohumumuz var idi. Gürcüstana tez-tez maşın almağa gedirdi. Mən də
çalışırdım ki, onunla gedim. Dərslərimdə boşluq yarandığı üçün danlanırdım. Hər
dəfə deyirdilər ki, bu işin gələcəyi yoxdur, dərslərinə fikir ver. Daha sonra xərcliyim
və qazancımla özüm pul yığdım Dubaydan elektrik avadanlıqları, telefon alır,
Bakıda nisbətən baha qiymətə satırdım. Ona görə, valideynlərim narazılıq
edirdilər. O proses xoşuma gəlirdi. Əslində, çıxan xərcləri hesablayanda gəlirim
olmurdu, amma ümumi proses məni özünə cəlb edirdi. Gedib-gəlmək, alıb-satmaqdan
zövq alırdım.
- Biznesə uşaqlıqdan maraq göstəribsiniz?
- Bəli.
Uşaqlıqdan beynimə ideyalar gəlirdi. Yadımdadır, 12-13 yaşımda velosipedim var
idi. Məhəllədə uşaqlara sürməyə pulla verirdim. Bir dairəvi hərəkətə görə pul
alırdım. Yəqin bu, insanın xarakteridir. Bəzi insanlar oturaq işləməyi sevir, bəziləri
də işi özü yaratmaq istəyir. Bizim ailədə bizneslə, sahibkarlıqla məşğul olan
yoxdur. Hamısı hüquq, həkimlik oxuyub. Mən də oxudum. Diplomumu bu günə qədər
istifadə etməmişəm. Bir dəfə alanda tanış oldum və atama təqdim etdim.
- Bəs indi valideynləriniz nə deyir?
- Hələ indi deyirlər ki, sən demə, düz edirmişsən. Amma bu günə kimi
kafe açdım, ciddi yanaşmadılar. Sex açdım, dedilər adi haldır. Bakıya kofe
satıram, yenə heç nə demədilər. İndi Kiyev, Türkiyə ilə danışıqlar aparırıq.
Hazırda nisbətən müsbət baxırlar.
- Berlində təhsil alarkən iş qurmaq çətin deyildi ki?
Necə başladınız?
- Mən Berlində oxuya-oxuya qarson işləyirdim. Ondan sonra baritsa işlədim.
İşin incəliklərini öyrəndikdən sonra, Bakıda mənə nənə-babadan ev qalmışdı, o
evi satdım. Əslində valideynlərim istəyirdi ki, evi satıb Almaniyada ev alım və
burada hüquq üzrə işləyim. Evi satdım, Almaniyada kafe açdım. Valideynlərim
narazı oldular, məni sıxışdırmağa başladılar. Təxmini fikrimin nə olduğunu
bilirdilər, amma halallığını almamışdım. Onlar düşünürdü ki, evi satacağam, işdə
də uğursuz olacağam və evim əlimdən çıxacaq. Amma mən görəcəyim işə o qədər
inanırdım ki... Evi satdım və kafeni açdım. Adını öz ad və soyadıma uyğun
olaraq "Ormado” qoydum. İlk günlər işlər yaxşı getmədi. Pul qazana bilmirdim.
Kafedə özüm işləyirdim. Həm kafenin sahibi, həm qarsonu idim. Pul qazandıqdan sonra
işçilər gətirdim. İşçilər gətirəndə, yenə mən qazanmırdım. Çünki kafenin
qazancı ilə işçilərin maaşını verirdim, özüm pulsuz qalırdım. Sonra pul
qazanmağa başladım. Həmin pulla "Ormado” brendinin kofe istehsalı sexini açdım.
Hazırda öz kofemizi özümüz istehsal edirik. Həmin kofeni öz kafemə və françayz
üsulu ilə Bakıya satıram.
- Evinizi satıb kafe açıbsınız. Xarici ölkədə
alınmamaq şansı daha çox idi. Bunu hesablamışdınız?
- O istək uşaqlıqdan məndə var idi. Alınıb-alınmamağı mənim üçün əhəmiyyətli
deyildi. Mən xəyalımı gerçəkləşdirmək istəyirdim. Azərbaycanda yaşayanda valideynlərim
məni saxlaya, idarə edə bilirdi. Bura gəldim və təcrübə yığdıqdan sonra
başladım. Əslində hesablamışdım ki, 6 ay
qazanmasam belə, pulum çatacaq. İki ay qazanmadım. 3 aydan sonra artıq pul
qazanmağa başladım və işçi tutdum. Kafe hələ yaxşı işləmirdi, amma sexi düşünməyə
başlamışdım. Fikirləşirdim ki, bankdan kredit götürüm o sexi açım. Kafe işim
uğurlu alındığı üçün borc pul götürməyə ehtiyac olmadı.
- Əslində sizin xaricə getmək məqsədiniz təhsil
yox, kafe açmaq olub.
- Bəli elə olub. Evdən çıxanda desəydim ki, bizneslə məşğul olacağam,
getməyimə icazə verməzdilər. Ona görə demədim. Valideynlərin təzyiqi olmadan
özüm öz işimi qurdum.
- İlk çətinlikləriniz nə oldu?
- Çətinliklərim çox oldu. Heç kim məni işə götürmürdü. Almanca yaxşı
bilmirdim. İşə götürən də arxa planda işlətmək istəyirdi. Məsələn, deyirdilər mətbəxdə
qab yu. Mən mətbəxdə qab yumaqla heç bir təcrübə yığan deyildim. Bir gün şəhərin
o başında, bir gün bu başında işləmək çətin idi. Amma təcrübə yığır, müştərilərin
nə istədiyini bilirdim. İşin sirlərini öyrəndim. Barista işləyəndə kassa işini
kəşf etməyə başladım. Kafe sistemini bildim. Hətta hansı günlər müştərinin çox,
hansı günlər az olacağını hesablaya bilirdim. Artıq müdirin özündə səhv tapır,
ideyalar verirdim. Sonra fikirləşdim ki, daha ideyalar verməyəcəyəm.
İdeyalarımı öz işimdə tətbiq edəcəyəm. Kafemin tikintisi gedəndə belə, barista
işləyirdim. Qazandığım pulu da kafeyə qoyurdum.
- Sizcə, uğurunuzun sirri nədir?
- Ancaq istəkdir. Kimsə deyirsə ki, mənim imkanım yoxdur, iş qura
bilmirəm, demək, o insan, o qədər də istəmir. İstədikdən sonra pul qazanmamaq,
ziyana getmək insanı düşündürmür. Əslində hamı müəyyən vaxt ziyana gedir. Heç
kimin işləri yüzdə-yüz yaxşı getmir. İstəyin güclü olanda, pis gedişata göz
yumursan. İstəyin zəif olanda pis gedişat səni yolundan saxlayır. Buna görə də,
istəmək lazımdır. Mənim məqsədim pul
qazanmaq yox, xəyalımı gerçəkləşdirmək idi. Mən bu günə qədər pul qazanmaq xəyalı
qurmadım. İlk kofemi Bakıya yollayanda heç bir gəlir hesablamadım. Kofe mənə
neçəyə başa gəldisə, həmin pulun müqabilində razılaşdım. İşim uğurlu olanda mən
özüm də xoşbəxt oluram axı... Bunu pulla almaq olmur. Mən hər şeyi istəyimə görə edirəm. Bəzən həftəsonu özüm öz kafemdə işləyirəm. Bunu ehtiyacdan
yox, istəyimdən edirəm. Pul düşünən insanlar üçün ən yaxşısı, aylıq maaşdır.
Biznesdə hər şeyi nəzərə almaq, axıra kimi getmək, ruhdan düşməmək lazımdır.
- Uğursuzluqla qarşılaşanda özünüzü necə motivasiya
edirdiniz?
- O qədər işimə köklənirəm ki, heç nə düşünmürəm. Çətinlik nədirsə,
öhdəsindən gəlmək lazımdır. Kimsə mənə deyəndəki alınmayacaq, xoşuma gəlmir. Mənim
üçün mümkün olmayan heç nə yoxdur. İnsan istədikdən sonra hər şeyə nail olur.
Yaşayırıqsa, hər şey mümkündür və hər şey qabaqdadır.
- Gələcək planlarınız nədir?
- Məqsədim
dünyaya açılmaqdır. Mənim sahəmdə işin kralı "Starbucksdır”. Yaşaya-yaşaya onu
keçmək istəyirəm. Heç bir brendin sahibi öz sağlığında güclü brend olmayıb. Mən
istəyirəm ki brendimin uğurlarını yaşaya-yaşaya görüm. Hər ölkədə ən az bir
filialımın olmasını planlaşdırıram. Eyni ad, eyni menyu, eyni dad. Müştəri
hansı ölkədə bu kofeni dadırsa, eyni dad olmalıdır.
Aygün
ƏZİZ