AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Alış-verişi səyyahlar vasitəsilə asanlaşdıran platforma sahibi - Startap

Alış-verişi səyyahlar vasitəsilə asanlaşdıran platforma sahibi - Startap

Gənclik qəzeti
14 Fevral 2020, 12:00 4950
 
Eyvaz Hüseynov: "Əgər startap layihəsinə başlayırsınızsa, müxtəlif riskləri nəzərə almalısınız”
 
Səyahət etməyi sevir. Səyahət zamanı biri ilə tanış olmaq və pul qazanmağın daha maraqlı olduğunu deyir. Elə bu ikisi onun layihəsinin ideyası olub. Düşünür ki, əgər uğurlu olacağınızı düşünürsünüzsə, xəyallarınızın arxasınca getməlisiniz. Bu zaman uğursuz olma ehtimalınız çox aşağı olacaq.
 
Müsahibim"Dünyanın ən yaxşı 50 startapı” siyahısında yer alan "Icanbring.it” startapının təsisçisi Eyvaz Hüseynovdur. 
 
Eyvaz deyir ki, ikinci kursda oxuyarkən artıq bəzi şirkətlərdə təcrübəçi kimi işləməyə başlayıb: "Azərbaycan dövlət İqtisad Universitetinin biznesin təşkili və idarə olunması fakültəsində təhsil almışam. O dövrdə hər sahə ilə maraqlanır, özümü müxtəlif istiqamətlərdə inkişaf etdirməyə çalışırdım. Bir sıra şirkətlərin marketinq, HR və digər departamentlərində köməkçi olaraq işləyirdim. Təcrübəçi olaraq işlədiyim dövrdə, demək olar ki, heç bir ödəniş almırdım. Çünki əsas məqsədim nə isə öyrənmək idi. Bir müddət sonra fərdi olaraq layihələr yazmağa başladım. Bu müddətdə əksər layihələrim uğursuz alınırdı. Bunun əsas səbəbi isə ideyalarıma ciddi yanaşılmamağı idi. Amma yenə də ruhdan düşmürdüm. Bir müddət müxtəlif sahələrdə göstərdiyim fəaliyyətimlə öz təcrübəmi artırmağa davam etdim. Bu zaman layihələrimin niyə uğursuz olması səbəblərini araşdırır və bu problemlərə fokuslanırdım”.
 

 
Müsahibim, təsisçisi olduğu "Icanbring.it” layihəsi haqqında da danışdı: "Icanbring.it” xaricdən alış-verişi səyyahlar vasitəsilə daha da asanlaşdıran sosial platformadır. Platformanın ideyası mənə məxsusdur. Belə ki, biz xaricə gedənlərlə xaricdən nəyisə almaq istəyənləri bir araya gətirən körpü yaratmışıq. Özüm də səyahəti sevdiyim üçün layihənin ideyasını fikirləşdikdən sonra üzərində işləmək qərarına gəldim. Layihənin əsas məqsədi sosiallaşmanı və ünsiyyəti təmin etməkdir. Məlumdur ki, xarici ölkədən hansısa məhsulu əldə etməyin bir neçə üsulu var. Ya ölkəyə səfərə gedərkən o məhsulu ala, yaxud həmin məhsulu xarici saytlardan sifariş edə bilərsiniz.  Bir digər üsul isə xaricdə səfərdə olan dostlarınızdan o məhsulu alıb sizə çatdırmasını xahiş etməkdir. Çünki əksər elektron ticarət saytlarının ölkəmizə çatdırılma xidməti yoxdur. Karqo vasitəsilə çatdırılmanı gözləmək isə uzun müddət vaxtımızı ala bilir. Belə olan təqdirdə ən yaxşı üsul hansısa dostumuzun, istədiyimiz məhsulu alıb gətirməsidir. Amma bütün ölkələrdə bizim dostumuz yoxdur. Bu zaman "Icanbring.it” sizin köməyinizə çata bilər.
 
Platformamız iki ana  hissədən ibarətdir. Kimsə bəlli bir rotasiya üzrə səyahət edirsə, səfərin detallarını platformada qeyd edir. Həmin ölkədən hansısa məhsulu almaq istəyən, o şəxslə əlaqə qurur. İkinci hissədə isə məhsul almaq istəyən şəxslər burada istədiyi ölkə və məhsul haqda paylaşım edir. Səyyahlar da bu paylaşımlara göz gəzdirir, əgər onlara uyğun olarsa, həmin məhsulu alır və sahibinə çatdırır. Məhsulun qiyməti isə tərəflər arasında müzakirə olunur. Saxtakarlıq hallarının qarşısını almaq üçün xüsusi metoddan istifadə edilir”.
 

 
Eyvaz deyir ki, hələ ki, bu layihəyə Azərbaycanda o qədər də isti münasibət yoxdur. Çünki karqo şirkətləri həddindən artıq çoxdur: "Amma xarici ölkələrə səyahət zamanı biri ilə tanış olmaq və pul qazanmaq daha maraqlıdır. Ona görə də bu kimi layihələrə maraq göstərənlər çoxdur. Hazırda Türkiyə, Rusiya, və Şərqi Avropa bazarlarında fəaliyyət göstərən "Icanbring.it” və bu günə qədər 800-dən çox istifadəçi ilə 120 uğurlu sifarişi həyata keçirib”.
 
Həmsöhbətim deyir ki, indiki dövrdə startap layihələrin müəllifləri başlanğıcda maliyyə məsələsinə önəm verirlər. Ancaq hər şey pul demək deyil: "Önəmli olan, layihənizi bir mərhələyə gətirib çıxarmaqdır. Bu mərhələdən sonra layihə özü sizə gəlir gətirəcək. Yəni maliyyə məsələləri sonradan həll olunur”.
 
E.Hüseynovun sözlərinə görə, startapların uğur qazanması daha çox insan faktorundan asılıdır: "Startap insandan iradə və səbir tələb edir. Əgər bir şeyi həqiqətən istəyirsinizsə, bütün vaxtınızı ona sərf etməlisiniz. Əgər layihənizin uğurlu olacağını düşünürsünüzsə, onun arxasınca getməlisiniz. Bu zaman uğursuz olma ehtimalınız çox aşağı olacaq. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Mən özüm də hər zaman bu düşüncə ilə hərəkət etmişəm”.
 

 
Gənc startapçı deyir ki, risk anlayışı bu sahədə bir qədər fərqlidir. Əsas məsələ risk anlayışı və yanaşma tərzidir: "Əslində bütün işlərdə, münasibətlərdə risk az və ya çox dərəcədə var. Startap da bu risklərdən biridir. Əgər startap layihəsinə başlayırsınızsa, müxtəlif riskləri nəzərə almalısınız. Nəzərə alın ki, siz bu zaman pulunuzu və ya vaxtınızı itirə bilərsiniz. Önəmli olan, sizin bunlardan hansına daha çox üstünlük verməyinizdir. Bəziləri deyir ki, heyf, o qədər pulum getdi, bəziləri isə deyir ki, kaş o qədər vaxt itirməzdim. Startapda əsas risklər məhz bu iki amildir”.
 
Deyir ki, bir çox xarici ölkələrdə olduğuna görə, yerli və xarici ekosistemlərə az və ya çox dərəcədə bələddir: "Bizdə bu sahə hələ ki, yeni-yeni inkişaf etməyə başlayır. Ona görə də, müxtəlif problemlər mövcuddur. Əsas məsələlərdən biri bazarın kiçik olması ilə bağlıdır. Məncə, yerli ekosistemdə ən böyük çatışmazlıq məhz budur. Amma tam olaraq neqativ fikirlər də səsləndirmək olmaz. Görülən işlər bu sahənin gələcək inkişafından xəbər verir. Təbii ki, bu da gənc startapçılar üçün həvəs yaradır. Qeyd etdiyim kimi, bu sektor bizdə təzə olduğu üçün bir çox gənclər startapa meyllənir. Amma bu, yarış deyil. Yəni hər birimiz uğur qazanacağıq deyə bir şey yoxdur. Hər kəs öz yolunu özü müəyyən etməlidir. Önəmli olan bir ideyaya başlamazdan əvvəl özünüzü buna hazır hiss etməkdir”.
 

 
Sonda Eyvaz Hüseynovdan gələcək planları haqda da soruşduq: "Gələcəklə bağlı plan qurmağı sevmirəm. Çünki gələcək qeyri-müəyyəndir. Ona görə də, indidən gələcək barəsində nə  isə demək düzgün deyil. Sadəcə olaraq bəzi hədəflərim var. Əsas məqsədim indiyə qədər etdiyim kimi gələcəkdə də inandığım və bacardığım ideyaların arxasınca getməkdir. Fərqi yoxdur, uğurlu, yaxud uğursuz olacağam. Önəmli olan, inandığım işi görməkdir”.
 
Şəbnəm Mehdizadə