• cümə, 26 Aprel, 10:59
  • Baku Bakı 12°C

“Ağıllı adamların olduğu yerlərdə işləmək istəyirəm” - İşgüzar

18.05.18 09:30 3370
“Ağıllı adamların olduğu yerlərdə işləmək istəyirəm” - İşgüzar
26 yaşı var, 30 yaşa qədər işləməklə yanaşı, öyrənməyin tərəfdarıdır. Bu aspektdən çıxış edərək deyir ki, hazırda məqsədi ağıllı adamların olduğu yerlərdə işləməkdir. Çünki bu kimi yerlərdə həm bildiklərini tətbiq edirsən, həm də onlardan nəsə öyrənirsən. Öyrənə biləcəyi mühit olmasının vacibliyini vurğulayan müsahibimiz Avropa Azərbaycan Cəmiyyətinin strateji planlama üzrə müşaviri Musa Əfəndiyevdir.

M.Əfəndiyevlə söhbətə ilk olaraq bu günə qədər çalışdığı şirkətlərlə başladıq: "2015-ci ildə təhsilimi bitirib Bakıya qayıtmışam və "Bravo” super marketlərinin marketinq şöbəsində işləməyə başlamışam. Orda bir il işləyəndən sonra "Formula 1” komandasına keçdim, rəqəmsal marketinq komandasının koordinatoru oldum. Daha sonra "Azersun”a media planlama və satınalma departamentinin müdiri kimi getdim. İndi isə Avropa Azərbaycan Cəmiyyətində işə başlamışam. Cəmiyyətə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən qurumlar daxildir. Köhnə iş yerlərində çalışanda da bura ilə əməkdaşlıq edirdim. Hardasa il yarım marketinq üzrə konsultasiya verdim, sonra tam ştat işçi kimi burda işə başladım”.

- Türkiyə və Londonda təhsil almısınız, tələbə vaxtı həmin ölkələrdə də deyəsən, fəaliyyətiniz olub. Amma karyeranızı ölkəmizdə davam etdirirsiniz. Xaricdə çalışmağa meyilli deyilsiniz?
- Mən 2012-ci ildə İqtisad Universitetində türk dünyası işlətmə fakültəsində və daha sonra beynəlxalq iqtisadi münasibətlər (XİQ) fakültəsində bakalavr təhsilimi bitirəndən sonra Boğaziçi Universitetində MBA dərəcəsi almaq üçün Türkiyəyə getdim. İki illik proqram idi, bir il bitəndə təhsili dondurdum. Çünki Təhsil Nazirliyinin 2007-2015-ci illər üçün nəzərdə tutulan Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London İqtisad Məktəbində təqaüdlü magistr təhsili qazanmışdım və ora getdim. O da bir illik təhsil idi, bitirəndən sonra İstanbula qayıtdım. Orda dondurduğum təhsilimi davam etdirdim. Oxuduğum müddətdə Türkiyə hökuməti təqaüdçüsü idim. Bitirəndən sonra Bakıya qayıtdım.


Hər ölkədən qayıtmaq üçün səbəblərim var idi. Londondan ona görə qayıtdım ki, həmin vaxt miqrantlarla bağlı məsələlər təzə alovlanmağa başlayırdı, ölkə ilə miqrantların arası yaxşı deyildi. Həm də Türkiyədə təhsilimin bir ili qalmışdı. Bir də ki əvvəllər İngiltərə hökumətinin bir qaydası var idi ki, universiteti bitirən məzunlara iş tapmaları üçün ölkədə qalmaq üçün əlavə bir il vaxt verirdilər. Amma o qayda uzun müddətdir ki, ləğv olunub.

İstanbuldan qayıtma səbəbim o oldu ki, 2012-ci ildə gedəndə gördüm ki, ora 2015-ci ildə qarşılaşdığım şəhərdən fərqlənir. Müəyyən siyasi hadisələr baş vermişdi, sosial dəyişikliklər var idi, universitet sistemində də dəyişikliklər olmuşdu. Artıq Türkiyə mənim üçün əvvəllər gördüyüm marağı itirmişdi.

Londonda olanda bir neçə yerli və xarici şirkətlə işləmişəm. Türkiyədə bir reklam agentliyində reklam yazıçılığı edirdim. "Procter & Gamble”, "Turkcell”, "Bizim mutfak”, "Nescafe” və s. şirkətlər üçün türkcə kopiraytinq edirdim. Bakalavr təhsilimin bir ilini türkcə almışam. İqtisad Universitetində Türk dünyası Araşdırmaları Vəqfi ilə ortaq bir departament var idi, orda təhsil tükcə idi. Sonra ingiliscə təhsilə keçdim. Londonda olanda iki reklam agentliyi ilə əməkdaşlıq edirdim. Biri Bakıda yerləşən "Totem” agentliyi idi. O biri də qlobal "Young and Rubicam” reklam agentliyinin Moskva şöbəsi. Onların Bakıda müştəriləri var idi, reklamlarını yazırdım.

- İlk ali təhsiliniz bu gün çalışdığınız sektordan fərqlidir. Bu dəyişikliyə zəmin yaradan nə oldu?
- Tələbə vaxtı ədəbiyyatla məşğul olurdum, qısa hekayələr, ssenarilər yazırdım. 2011-ci ildə bir neçə ədəbiyyat müsabiqəsinin qalibi olmuşam. Yaxşı oxucu olduğumu fikirləşirəm. Amma ixtisasca iqtisadçı idim, magistr təhsilimi seçəndə iqtisadiyyat kimi dəqiq elmlərlə ədəbiyyat kimi bir incəsənət sahəsinin ortasında qalmışdım. Buna görə ikisinin ortasında olan marketinq sahəsində qaldım. Mən həmişə marketinq, media, reklam sahəsində işləmişəm. İqtisad Universitetində də marketinqdən dərs deyirəm.


- Bizdə mütəxəssislər adətən, yaşlı dövrlərində akademik sahəyə yönəlirlər. Amma siz gənc yaşlardan müəllim kimi çalışırsınız.
- 4 illik bakalavr təhsilinin ardınca 3 il müddətində iki fərqli magistr təhsilim oldu. Magistr təhsili vaxtı akademik mühitin içində olmaq məndə xoş təəssürat yaratdı. Mən də o mühitin bir parçası olmaq istəyirdim. Bakıya qayıdanda doktorantura dərəcəsi almaq, paralel olaraq iş fəaliyyətinə başlamaq istəyirdim. Buna görə universitetdə saat hesabı işə başladım. Çünki dərs demək, akademik həyatın içində olmaq istəyirdim. Sonra tam ştata keçməyi təklif etdilər, lakin mən özəl sektorda işləmək qərarına gəldim. Bir də Azərbaycanda ingilis dilində universitetdə, xüsusilə marketinq sahəsində dərs deyə bilənlər azdır. Ehtiyac olduğunu gördüyüm üçün bakalavr təhsili aldığım yerdə dərs deməyə başladım.

- Akademik sahədə maraqlı olan nədir?
- Mən həmişə akademik sahəmdən professional işimdə yararlanmışam. Necə? Universitetdə dərs deməyə başlayandan sonra çalışdığım şirkətlərə ordan tələbələr cəlb etmişəm. Təcrübəçi kimi də gəliblər, tam ştatlı işçi kimi də götürülüblər. İşin şəbəkələşmə və çalışdığım şirkətlərə istedadlı və bacarıqlı insanları cəlb edilməsi və s. tərəfləri var. Həm də gənclərə karyera qurmaq tərəfdən kömək etməyə çalışmışam. Çünki mənim müəllimlərim də belə edirdilər.

Digər tərəfdən, universitetdə dərs demək bir çox komplekslərdən qurtulmağıma səbəb olub. Əvvəllər publika qarşısında çıxış etməkdə çətinliklərim var idi, artıq bu, problem deyil. 3 ildir ki, dərs deyirəm. Hər il 60-80 tələbəm olur. Həm də universitetdə yorğunluğumu üzərimdən ata bilirəm. Dərs demək xoşuma gəlir, zövq alıram. Eyni zamanda, öyrətmək bildiklərimi unutmamağa, onları daim yeniləməyə kömək edir.


- Tələbə üçün maksimum maraqlı görünmək lazım olduğunu demisiniz.
- Çoxlu mühasibatlıq dərslərində oturmuşam və mənim o dərsdən xoşum gəlmirdi. Yəqin ki, həyatımda gördüyüm ən darıxdırıcı elm sahəsi idi. Amma Londonda oxuyanda mühasibatlıq müəllimi dərsi necə aparırdısa, ən çox sevdiyim dərs oldu. Öyrədəndən, onun metodologiyasından çox şey asılıdır. Elə müəllim tanıyıram ki, auditoriyanı savadca özündən öndə olanlardan daha yaxşı ələ ala bilir.

- Maraqlı görünmək üçün nə edirsiniz?
- Mən hələ də onun üzərində işləyirəm, hər il yeni nələrsə öyrənirəm. Burda çox element var: 80 dəqiqəlik dərs üçün sinifdə məncə, ideal tələbə sayı 20-30 arası olmalıdır. Mənim dərsimdə bu 40-60 arası olur. Çalışıram ki, real bazardan, öz yaşadıqlarımdan örnək verim. Marketinq elə bir sahədir ki, bütün dərsi hekayə strukturu üzərindən qura bilərsiniz. Hekayənin də strukturu belədir ki, girişi, konflikt olan hissəsi və sonu var. Marketinq dərsində hər bir mövzunu bu struktura qurmaq olar. Deyək ki, bir şirkətiniz var, hansısa bir problemlə qarşılaşmısınız və fikirləşirsiniz ki, problemi həll etmək üçün nələr etmək olar? O vəziyyətdə olan şirkətlər nələr ediblər? Prosesi izah edirsiniz, sonda da nəticələri göstərirsiniz. Çalışıram ki dərsimi bu strukturda qurum. Bunun üçün əlavə dəstək vasitələr, HBR kimi jurnallar var, onların keyslərini də dərslərimdə istifadə edirəm. Bu, cari olaraq dərsi maraqlı etməyin tapıla bilən ən maraqlı yoludur. Amma yenə də başqa yollar üzərində də işləyirəm.


- Müəllimin gənc olmasının tələbə ilə yaxşı ünsiyyət qurulmasında rolu nə dərəcədədir?
- Mən ilk dəfə dərs deməyə başlayanda tələbələrimlə aramda yaş fərqi 2-3 il idi. Onlarla ünsiyyət qurmaq rahat idi, getdikcə aramızda yaş fərqi artır, ona görə iş çətinləşir. Öz yaşıdlarımla işləmək ona görə rahat idi ki, eyni dövrdə böyümüşük, eyni hadisələrə şahidlik etmişik. 1994-cü il və sonra doğulanların düşüncə tərzlərini, istehlakçı kimi davranışlarını izləmək bir az çətindir. Bu barədə yeni məlumatları izləməyə çalışıram. Amma sonrakı nəsillə işləməyin də üstün tərəfləri var. Çünki o nəsil hazırda formalaşmaqda olan potensial müştəri bazasıdır. Onlar bu gün maliyyə vəziyyətlərini formalaşdırmağa başlayırlar. Sabah bir bankda işə başlasam, onlar mənim potensial kredit kartı sata biləcəyim müştərilərdir. Onları tanımaq, nə istədikləri öyrənmək cəhətdən onlarla ünsiyyətdə olmaq lazımdır. Keçən nəsil haqqında çox şey bilirik, gələn nəsil haqqında elə də məlumatlı deyilik.

- İş yerlərində adətən bir il qalırsınız. İşi niyə tez-tez dəyişirsiniz?
- Tələbə vaxtı belə bir cümlə bizim aramızda populyar idi: Bizim atalarımız həyatı boyu bir işdə işləyiblər, biz həyatımız boyu 5-6 işdə işləyəcəyik, uşaqlarımız eyni vaxtda 5-6 işlə məşğul olacaqlar. Biz orta nəsilik ki, bir ömrə 6-7 iş yerini sığışdırmalıyıq. Bunu "Tez-tez iş dəyişirsən” ifadəsinin doğru olması üçün belə etmirəm. Amma xoşuma gələn bir şey var ki, insanlar işi itirmək qorxusu yaşamasınlar. Ölkədə elə adamlar var ki, təzə iş tapmadan köhnə işlərindən çıxa bilirlər. Bu cür kadr çoxdur.
- İşləmək üçün getdiyiniz şirkət haqqında araşdırma aparırsınız? Bu zaman əsas nələrə diqqət edirsiniz?
- Birinci, gedəcəyim kollektivin necə olduğuna baxıram. Çünki bu gün komanda rəhbəri kimi gedirəm və mənə necə bir komanda ilə çalışacağım önəmlidir. Şirkətin hədəfləri, missiyası, sənə verdiyi imkanlar, potensialı – bunlar da çox vacibdir. Yerləşdiyi yerə kimi bir çox məsələyə fikir verməyə çalışıram.

- Bəs maaş?
- Bunu onsuz, ən birinci danışırsan (Gülür).


- İş rejimindən, işin çox olmağından danışaq...
- Mən öyrəşmişəm, işim çox olmayanda yoruluram. Bu iş rejimi universitetin verdiyi bacarıqdır. Xüsusilə Londonda oxuyanda aylarla hər gün 16-17 saat dərs oxumağa məcbur olurdum. İndiki işimdən danışsaq, vəzifə öhdəliklərim elə də az deyil. Öyrənmək, özümü sınamaq üçün fürsətdir. Mən ümumiyyətlə, 30 yaşa qədər işləməklə yanaşı, öyrənməyin tərəfdarıyam. Hazırda məqsədim ağıllı adamların olduğu yerlərdə işləməkdir. Çünki bu kimi yerlərdə həm bildiklərini tətbiq edirsən, həm də onlardan nəsə öyrənirsən. Bir də, öyrənə biləcəyim mühit olmalıdır.

- Rejimin gərgin olması insanın şəxsi həyatından vaxt kəsməsinə gətirib çıxarır həm də.
- Bəxtim onda gətirib ki, nişanlım bir az mərkəzdən uzaqda yaşayır, şəhərə tez-tez gələ bilmir (Gülür). Ətrafımda olanların hamısı işləyirlər, ancaq həftə sonları vaxtları olur. Dost-tanışa, şəxsi həyata həftə sonları vaxt ayıra bilirəm. Dediyim kimi, 30 yaşa qədər hədəfim öyrənməkdir, sonra yazıçılıqla məşğul olmağı planlaşdırıram.

- Sizə görə uğurun sirri nədir?
- Uğurun hər hansı sirri olduğuna inanmıram. Uğur işləməklə oxumağın bir sözlə ifadəsidir. Bir də bəxt çox önəmlidir.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər