• cümə, 26 Aprel, 16:54
  • Baku Bakı 23°C

Ailəsinin istəyi naminə iqtisadçı olan rəssam - peşə- fotolar

25.11.16 12:03 6214
Ailəsinin istəyi naminə iqtisadçı olan rəssam - peşə- fotolar
İstedadlıdır. 19 yaşı olmasına baxmayaraq, əl işləri ilə xarüqələr yaradır. Boş vaxt tapan kimi qələmini və kağızını götürüb öz sirli dünyasına yol alır. Hansı ki, o yolda rahatlıq və sakitlik var... Zəhmətkeşdir. Təkcə çəkməklə kifayətlənməyib, əl işlərini sataraq, xərcliyini də özü qazanır. Təhsil haqqını ödəməkdə ailəsinə dəstək olur. Həm istedadlı, həm də zəhmətkeş gənci siz də tanıyın. Müsahibimiz gənc həvəskar rəssam Məhsun Hüseynovdur. Dostları arasında Maksim kimi tanınır. 19 yaşı var. Azərbaycan Kooperasiya Universitetinin dünya iqtisadiyyatı fakültəsinin 3-cü kurs tələbəsidir.


"Acından öləcəksən” dedilər

İqtisadiyyat fakültəsində təhsil alsa da, rəsm çəkməyə 6 yaşından başlayıb. Deyir ki, rəsm çəkmək qabiliyyəti ona irsən keçib: "Rəssamlıq təhsili almamışam. Rəsm çəkməyi sevdiyim üçün uşaqlıqdan cızma-qara edirəm. Amma ciddi şəkildə son 3 ildə öz üzərimdə işləyib özümü təkmilləşdirməyə çalışıram. Babam və atam da həvəskar rəssam idilər. Lakin bu sahədən pul qazanmağın mümkünlüyünə inanmırdılar”.
Məhsun deyir ki, atası ona bu sənətlə hobbi kimi məşğul olmağı tövsiyə edib və universitet təhsili almasını tələb edib: "Rəssamlıq təhsili almaq istəyirdim. Ailəm dedi ki, bu işlə məşğul olsam, acından öləcəm (gülür- A.Ə). Düşünürlər ki, sənətə dəyər verən çox az adam var. Dedilər ki, 2-ci qrupa hazırlaş və oxu. Mən də başqa sahəyə həvəsim olmadığı üçün oxumurdum. Ona görə Kooperasiya Universitetinə qəbul oldum. Dəyər verilsə də, verilməsə də, mən bu sənəti sevirəm və universiteti bitirdikdən sonra Rəssamlıq Akademiyasına qəbul olmaq istəyirəm. Hazırda oxuduğum sahəyə marağım yoxdur. Sadəcə, diplom almaq və ailəmin istəyini həyata keçirmək üçün oxuyuram”.

O şəkillərə qıymır

Yuxarıda da qeyd etdiyimiz kimi, Məhsun çəkdiyi şəkilləri satıb pul qazanır. Lakin hər şəkli satmağa qıymır: "Öz ideyamla çəkdiyim şəkillərə nə qədər pul versələr də, satmıram. Bir gün keçirəcəyim sərgi üçün saxlayıram. Amma sifariş qəbul edirəm. Ürəyimə yatan sifarişə razılıq verirəm. Qazancım da həmin sifarişlərdən olur. Düşünürəm ki, hər bir gənc 18 yaşdan sonra öz pulunu qazanmalıdır”.

50 saata çəkilən rəsm əsəri

Gənc rəssam deyir ki, bir portret üçün 13-14 saat işləyir: "İş saatım çəkdiyim rəsmin ölçüsü və detalından asılı olaraq dəyişir. Bir şəklin üzərində bəzən 6-7, bəzən də 15-20 saat işləyirəm. Amma ən çox işlədiyim rəsmi 50 saata çəkmişəm. Qiymətlərə gəldikdə isə, 90-100 manata çəkdiyim rəsm də olub, 30-50 manat qazandığım da. Qazandığım pulla özüm öz xərclərimi qarşılayıram, ailəmə dəstək oluram”.
Müsahibimiz deyir ki, dərs oxumağa marağı yoxdur. Hətta dəfələrlə rəsm çəkdiyi üçün dərsdən qovulub: "Açığı, dərslə ciddi məşğul olmuram. Hətta dərsdə də çox vaxt rəsm çəkirəm. Bu səbəbdən məni 2-3 dəfə mühazirədən çıxarıblar. Yazı yazmağı sevmirəm. Dəftərimə şəkil çəkirdim. Müəllim yazı yazmadığımı gördü və dedi ki, bu nədir çəkirsən? Amerikalı aktrisa Ceniffer Laurensenin şəklini cızma-qara edirdim. Dedim "qız şəklidir”, "çıx bayıra” deyib, məni sinifdən qovdu”.

Onun gizli dünyası var

Məhsun üçün rəsm rahatlıq, sakitlik və səbirdir. Düşünür ki, hər bir insanın daxilində fitri istedad olur. Sadəcə, istəmək və üzərində çalışmaq lazımdır: "Rəsm çəkərkən çox düşünürəm. Amma əsas fikrimi rəsmə cəmləşdirirəm. Elə olmasa, bütün dəqiqlik pozular. Ora mənim gizli dünyamdır. Bəzi insanların riyaziyyat, fizika və bunun kimi texniki fənlərə beyni daha yaxşı işləyir, bəzilərində isə yaradıcılıq daha üstündür. Hər bir insan üzərində çalışsa, məncə rəsm çəkə bilər. Çünki mən də birdən-birə belə çəkməmişəm. Əvvəllər hamı kimi ev və evin bacasından çıxan tüstü çəkirdim... Sonra həvəsim daha da artdı, daha mürəkkəb şəkillər çəkməyə çalışdım. Alınmadı. Yenə yoxladım və çəkdim. Yəni mən də alınmayanda deyə bilərdim ki, yəqin mənə bu vergi verilməyib. Amma mən sonunda nəticəyə nail oldum”.
Məhsun inanır ki, nə vaxtsa, dünya şöhrətli, hamının sevdiyi rəssam olacaq: "Buna görə təhsil almaq istəyirəm. Çünki düşünürəm ki, yalnız hobbi kimi məşğul olmaqla, dünya şöhrətli rəssam olmaq mümkün deyil. İndiki şəkillərim yox, amma gələcəkdə inanıram ki, çəkdiyim əsərlər dünya tarixinə düşəcək”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər