• cümə, 26 Aprel, 17:37
  • Baku Bakı 23°C

Ailəmizdəki divarlar

26.06.15 15:48 2325
Ailəmizdəki divarlar
“Ey, onu anana demək olmaz”, “Olmaz, belə söhbətləri ata ilə etməzlər”, “Səsini çıxarma, mənə danış, valideynlərin bilməsin” …və sair və ilaxır… Tanış sözlərdir, deyilmi? Hər bir azərbaycanlı ailəsində yaşanan və eşidilən ifadələrdir bunlar. Çünki bizim evlərimizdə divarlar var, amma bu divarlar yalnızca otaqları deyil, ailə üzvlərini də bir-birindən ayırır. Ola bilər ki, digər ölkələrdəki ailələrdə də belə olur, amma cəmiyyətlərinə fikir verdikdə, bunun göstəricilərini hiss etmirik. Bizdə isə övladın evdən başqa hər yerdə özünü rahat hiss etməsindən bunu anlamaq olar. Vaxt keçib, zaman dəyişib, inkişaf var, bizim ailələrdə də övladlar azad bir fərddirlər və bütün problemlərini evdən kənardakılarla deyil, öz evindəkilərlə həll etməyə çalışırlar. Amma nə qədərdir belə ailələr? Çox az.
Əvvəlcə özümüzdə onu inkişaf etdirməyə çalışaq ki, niyə bizə hər kəsdən yaxın olan ailə üzvlərimiz varkən kənardakılara daha çox üstünlük veririk? Təbii ki, insanın həyatı yalnızca onun ailəsindən ibarət deyil. Dostlarımız da, yaxınlarımız da həyatımızda ayrılmaz və xüsusi yer tutmalıdırlar, amma ailə ilə bərabər. Bütün sevinc və kədərimizi dostlarımızdan əvvəl ailəmizlə bölüşməli, ən azından onların dəstəyini gözləməyə başlamalıyıq. Ailə dediyimiz sosial təsisatın fərdləri biri-birilə dost olmalıdır. Bəli, insanın ən birinci dostu atası, anası, bacısı və qardaşıdır. Yəni normalda belə olması gərəkdir. Düzdür, əslində çox sirrimizi, dərdimizi və sevincimizi dostlarımızla bölüşürük, amma unutmaq olmaz ki, nə qədər də olsa, qan birliyi var axı, onlar bizi daha çox sevmirmi? Əlbəttə, deyə bilərik ki, axı ailə üzvləri övladları ilə dost kimi davranmır ki, biz də hər sözümüzü onlara deyək. Nə edək ki? Bizim ailələrin psixologiyası da belə inkişaf edib. Amma bu, o demək deyil ki, onlar sizi sevmir. Onlar əslində sizin ən yaxın dostlarınızdır, amma bunu bildirmirlər. Əmin olun, bu psixologiya ilə davranmağa məcbur olduqları üçün onların ruhu çox peşmandır.
Fəqət elə belə də davam edəcək deyə bir qanun yoxdur ki. Belə bir ifadə eşitmişdim: “Qayda nədir ki? Mən edərəm, qayda olar”. Bəli, siz edin, qayda olsun. Elə bu gündən aradakı divarları siz götürməyə, buzu siz əritməyə başlayın, siz öz ailənizi dostluğun üstündə qurun, övladınızın atası, anası, qardaş və bacınızın qardaşı və ya bacısı olmazdan əvvəl hər sözünü dinləyən dostu olun.
Nurlan Səlim
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi
banner

Oxşar Xəbərlər