Ailə + Karyera + Sən = Xoşbəxtlik - Uğur hekayəsi
Uğur qazanmaq üçün irəli addım
atmağa ehtiyac olmadığını deyir. Bunun üçün onun üsulu başqadır. Bildirir ki,
indiki halda uğur qazanmaq üçün cəmiyyətin səndən tələb etdiklərini edib
yatırsansa, çox rahat olur. Bunu edə bilməyənlər isə avtomatik olaraq geri
düşürlər. Və sən bir də görürsən ki, öndəsən. "Bu xarakterimi hər zaman işimdə
də tətbiq etmişəm” – deyən müsahibimiz Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi
əmirliyində yaşayan, orada "Weatherford” şirkətində "Neft və Qaz quyularının
tamamlanması üzrə sahə mütəxəssisi” vəzifəsində çalışan həmyerlimiz Pərviz
Həsənovdur.
Qeyd edək ki, P.Həsənov 1986-cı ildə Sumqayıt şəhərində anadan olub.
Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra Azərbaycan Dövlət Neft
Akademiyasında (İndiki Neft və Sənaye Universiteti) Qaz-Neft-Mədən fakültəsində
mühəndislik üzrə oxuyub.
Bildirək ki, "Xəyalımdakı gələcək” kitabının müəllifi olan P.Həsənov
ölkədə olduğu müddətdə eyniadlı təlim və seminarlar da keçir.
- İxtisas seçimi karyera
üçün önəmlidir. Ona görə mühəndisliyi seçməyinizlə başlayaq. Bu, öz istəyinizlə
olmuşdu?
- İndi əldə etdiklərim 9-cu sinifdə oxuyan Pərvizin xəyallarının
reallaşması üzərində qurulan bir həyatdır. Çünki 9-cu sinifdə oxuyanda artıq
qarşıma məqsəd qoymuşdum ki, iş adamı olum, gözəl maşın, ev və s. əldə edə
bilim. 11-ci sinifdə ixtisas seçimi məqamı gələndə riyaziyyat müəllimim dedi
ki, neft sektoruna get, orada xəyallarına çatmaq üçün lazımi məbləği özün
qazana biləcəksən. Ona görə bu sektoru seçdim. Mən mühəndislikdən, ümumilikdə
neft sektorundan xəyalıma çatmaq üçün istifadə etmişəm. Bu, yaxşı mənada mənim
üçün bir vasitə oldu. Oradan əldə etdiyim gəlirlə xəyallarımı gerçəkləşdirmişəm.
Məni işləməyə motivasiya edən xəyallarımdır. O istəklərim reallaşandan sonra
artıq yeni məqsədlər yarandı.
- İndi hədəfiniz nədir?
- 10-cu sinifdən bu yana günlük planlarımı yazıram. Mənim hər dövrlə
bağlı müəyyən hədəflərim olub və onlara çatmaq üçün çalışmışam. Hazırda 32
yaşım var və indi 40 yaşa qədər olan hədəfimə fokuslanmışam. Hədəflərimə görə,
40 yaşımda səhər "budilnik”lə oyanmaq məcburiyyətim olmayacaq. Cəmiyyət məndən
işə qaçmağı tələb etməyəcək. Həmin günü necə keçirəcəyimə özüm qərar verəcəm.
Hazırkı hədəfim budur və bunun üzərində işləyirəm.
- Bunun üçün necə
çalışırsınız ki?
- Hazırda neft sektorunda işləyirəm. Burdan əldə etdiyim qazancla
sabit gəlir yaratmağa çalışıram. 40 yaşıma 8 il var. Bu müddətdə qazandığım
gəlir, görəcəyim işlər mənə sonrakı həyatımı istədiyim kimi yaşamağa kifayət
edəcək. O zaman artıq neft sektorundan uzaqlaşacam.
- Sonra nə etmək
fikrindəsiniz?
- Ancaq yaradıcılıqla məşğul olacam. Seminar və təlimlərə daha çox
vaxt ayıracam, daha çox insanların həyatlarına toxunacam, onların uğur
qazanmaqlarında vasitəçi olacam.
- Deyəsən, bundan xüsusi
zövq alırsınız...
- Bəli, çox. Tək özümün deyil, başqalarının uğur qazanmasında müəyyən
qədər payımın olması mənə çox böyük motivasiya verir.
- Bu, sizin üçün maraqlıdırsa,
deməli, çatdırmaq istədikləriniz çoxdur. Maraqlıdır, təlim və seminarlarınızda
karyeralarına yeni başlayanlara əsas nəyi çatdırmağa çalışırsınız?
- Bizdə adətən, insanları belə öyrədirlər ki, dərslərini yaxşı oxu,
sonra universitetə qəbul ol. Ardınca da əgər bacarsan, xarici şirkətdə
işləməlisən. Alınmasa, Azərbaycanda yaxşı bir şirkətdə gözəl karyera
qurmalısan. Burda da gələcəyin yüksək yer menecer vəzifəsi olur. Və bu yolun
sonuna çatanda anlayırsan ki, bütün ömrünü kiməsə xidmət etməklə keçirmisən.
Hazırda mühəndislik oxuyan gənclərin çoxu bu gün mənim indiyə qədər işlədiyim 3
şirkətdə çalışmaq istəyir. Mən də yola ordan başlayıram, bu şirkətlərdə necə
karyera qurmağı göstərirəm. Artıq bişmiş mərhələyə çatanda həm də göstərirəm
ki, axtardığınız uğur əslində, bu deyil və onlara əsl xoşbəxtlikdən danışmağa
başlayıram.
- Əsl xoşbəxtlik nədir ki?
- Həyatda xoşbəxtlik sanılan bütün məqamlara çatandan sonra öz
formulumu formalaşdırdım: Ailə + Karyera + Sən = Xoşbəxtlik. İnsanlar bu
formulda üçüncü punktu hər zaman təxirə salırlar. Buna görə də nə qədər uğurlu
ailə həyatı və karyeraları olsa da, daxillərində həmişə bir boşluq olur. O
boşluq özləridir. İnsan günün ən azı 1 saatını özünə ayırmalı və onu xoşbəxt
edən fəaliyyətlərlə məşğul olmalıdır. 24 saatını yalnız karyerasına və ailəsinə
sərf edən insan heç vaxt xoşbəxt ola bilməz. Evdə xanımım ən azı bir saatlığına
uşaqları məndən uzaqlaşdırır və otaqda tək qalıram. Bu zaman dilimini özümü
yaxşı hiss elətdirən bütün hobbilərimlə məşğul oluram: rəsm, gitara, rəqs,
kitablarım, filmlər.
- Hər kəsin arzusu çox
olur, heç də hər kəs onların arxasınca getmir. O arzuların arxasınca getmək
üçün sizə təsir edən, bu yolda sizi istiqamətləndirən olubmu?
- Məni yaşıdlarımdan fərqləndirən əsas xüsusiyyət xəyalpərəst olmağım
və xəyallarımın reallaşacağına inanmağım idi. Bizdə insanlar, adətən həyata
səbəblər dairəsindən baxırlar, "hazırkı ailə şəraitim, yaşadığım ölkə və
aldığım təhsillə uzaqbaşı filan yerlərə qədər gedə bilərəm” düşünürlər. Amma
mən həmişə həyata istəklər tərəfindən baxmışam. Səbəblər tərəfdən baxsaq,
"ovaxtkı Pərvizdən indiki ola bilərdimi” sualına cavab "heç vaxt” deyilərdi.
Amma mən xəyal etmişəm, inanmışam. Onu da deyim ki, həmişə qarşıma doğru
insanlar çıxıb, yol göstəriblər və mən o yolu tutub getmişəm. Məsələn, 11-ci
sinifdə riyaziyyat müəllimimin mənə neft sektorunu məsləhət gördü. Yaxud bu gün
xaricdə karyera qurmağımın səbəbkarları həm də mentorlarım olub. Xaricdə
karyera qurmaq istəyəndə artıq onlar bunu etmişdilər və getdikləri yolu mənə də
göstərdilər. Mən həmişə ətrafıma yox, məhz uğurlu adamlara baxmışam.
Ətrafımdakılar "mən hara, xarici ölkədə işləmək hara?” dedikləri bir vaxtda mən
mentoruma inanmışam.
- Universiteti bitirən kimi
"Schlumberger” şirkətində işə başlamısınız. Bu şirkətə düşməyiniz necə oldu?
- "Schlumberger” Fransa şirkətidir və Azərbaycanda da fəaliyyət
göstərir. Həmin şirkət hər il yay aylarında "Yay işçisi” adlı proqram həyata
keçirir. Seçdikləri tələbəni yayda bir ay işlədirlər, həm də onu kadr olaraq
tanıyırlar. 3-cü kursda oxuyanda dostumun "Pərviz, baş vur, səndə alınar”
sözlərindən cəsarətlənib mən də həmin proqrama müraciət etdim. Bütün sınaq
mərhələlərindən uğurla keçdim, sonda müsahibə etdilər. Mənimlə yanaşı, ora
xaricdə təhsil almış şəxslər də baş vurmuşdu. Mən isə sadəcə olaraq bakalavrın
3-cü kursunda idim. Amma məni seçmişdilər. Çünki məndə yüksək dozada motivasiya
var idi. Müsahibədə onların qarşısına çıxanda "kəsilərəm” kimi bir qorxu da
yaşamırdım. Müsahibənin səhəri günü tələbə yoldaşlarım mənim müsahibə
rəqiblərimdən soruşdular ki, niyə Pərviz seçildi? Dedilər ki, Pərviz həmin
adamda təsirli iz buraxdı. Seçilməyimin əsas səbəbi o oldu ki, ambisiyamı,
məqsədlərimi onlara çatdıra bilmişdim. Dedim ki, filan məqsədlərim var və
onlara çatmaq üçün sizin şirkətdə hər şeyi edəcəm. Bu, məndən müsahibə götürən
adama təsir etmişdi. Bir aylıq müddəti müvəffəqiyyətlə başa vurdum və bu, mənim
məzun olan kimi o şirkətdə işə götürülməyimə səbəb oldu. 22 yaşımda artıq
"Schlumberger” şirkətində mühəndis idim.
- Birləşmiş Ərəb
Əmirliklərinə işləməyə başlamağınız necə oldu?
- Universiteti bitirəndə "Schlumberger”də işə başlamışdım. Orada
özümü mütəxəssis kimi yetişdirmək üçün əlimdən gələni etdim, sonra artıq xarici
layihələrə göndərilməyə başladım. Şirkətdə özümü elə göstərmişdim ki, xarici
ölkədə layihə olan kimi menecer məni seçirdi. Mən də dəlicəsinə cəsarətimlə
bütün proyektləri qəbul edirdim. Hətta toyuma hazırlaşarkən eyni zamanda
Liviyaya getməyə viza hazırlığı gedirdi. Toyumdan 17 gün sonra Liviyaya
yollanmışdım. Bu cəsarətim hər zaman mənə uğur gətirirdi.
Amma həmin dövrdə bir gəlirimə baxırdım, bir də xəyallarımı
düşünürdüm. Gördüm ki, mən bu gəlirlə xəyallarıma çətin çata bilərəm. Normal
gəlirim olacaq, ailəmi idarə edəcəm, amma o xəyalımdakı həyatı yaşamaq qismət
olmayacaq. Deməli, xarici mütəxəssislər kimi yüksək gəlir qazanmaq istəyirəmsə,
mən də onlar kimi beynəlxalq dərəcəli mütəxəssis olmalıyam və hər hansı xarici
ölkəyə köçməliyəm. Amma yaxşı işçi olmağın bir mənfi cəhəti var ki, səni heç
yerə buraxmırlar, şirkət mənim digər ölkədəki şöbələrə keçməyimi istəmirdi.
Amma bir gün "Schlumberger”in əzəli rəqibi olan "Baker Hughes” amerikan
şirkətinin Ərəb Əmirliklərində olan bölməsindən mənə iş təklifi gəldi. Təklif
edilən maaş əslində çox yaxşı idi və mən bunu təsdiqləmək istəyirdim. Lakin
Venesueladan olan mentorumdan məsləhət aldım, dedi ki, məbləği artır. Dedim ki,
olmaz, bu fürsətdir, amma o məbləği artırmağımı israr etdi və mən o dəliliyi
edib daha böyük məbləğdə maaş istədim. Düzü, şirkətin bunu qəbul edəcəyini
düşünmürdüm, amma razı oldular. Xarici şirkət işə dəvət edəndə ev məsələsinə də
müəyyən məbləğ ayırır. Mentorum mənə dedi ki, sən o məbləği də artır. Hətta
dedi ki, xəyalında yaşamaq istədiyin evin məbləğini tələb et. Yüksək maaş
tələbimlə razılaşandan sonra şirkətə yazdım ki, ev pulunu bu qədər istəyirəm.
Onu da qəbul etdilər. Azərbaycandakı işimdən ayrıldım, şəxsi biznesim var idi,
onu da bağladım və BƏƏ-yə köçüb həmin şirkətdə işə başladım. Əslində, belə
baxanda ora qədər nağıl xoş sonluqla bitirdi. Xəyalımdakı ev, arzularımın
maşını, istədiyim maaş, ailəm yanımda, yəni hər şey yaxşı idi. Müəyyən müddət
sonra şirkətin öndə gedən işçilərindən birinə çevrildim. Zaman gəldi, bir
nömrəli işçi oldum. Bizim işimiz sahədədir. Neft sektorunda bir nömrəli işçi o
deməkdir ki, artıq zamanının çoxu sahədə keçir. Əvvəl ayın 2 həftəsini sahədə
keçirirdim, sonra bu 20 gün oldu, daha sonra 25 və artdı. Artıq elə bir yerə
gəldi ki, ayın 28-29 gününü sahədə keçirirdim. Ailəm o ölkədə olsa belə,
onların üzünü ayda iki-üç dəfə görürdüm. Gəlir var, ailəm də o ölkədədir, amma
mən yaşamıram. Həyatımı yenidən dəyişməli idim. Həmin şirkətin əzəli rəqibi
olan bir şirkətin baş menecerinə yazdım ki, filan keyfiyyətdə mütəxəssisəm,
istəsəniz, sizdə çalışa bilərəm. Özümü onlara təqdim etdim və həmin andaca
yazdılar ki, nə vaxt görüşə bilərik? Görüşdük və dedim ki, mənə elə bir
müqavilə verin ki, ailəm vətəndə qalsın, amma mən öz ölkəmə tez-tez gedə bilim.
Razılaşdılar, bu, indi çalışdığım şirkətdir. İşlədiyimin yarısı qədər istirahət
edirəm. İki ay işləyən kimi bir ay istirahət imkanım yaranır, onu da
Azərbaycanda keçirirəm, təlimlərimlə, seminarlarımla.
- Ailədən uzaqda sizə çətin
olmur?
- Çətindir, amma özümü hazırda başqa bir şirkətə təqdim etməyə
hazırlaşıram (gülür). Bu dəfə elə bir müqavilə istəyəcəm ki, işlədiyim qədər
istirahət edim. Bir ay iş, bir ay istirahət. İlk övladımın necə böyüdüyünü
görmədim, həyatım neft mədənlərində layihələrlə keçdi, ikinci övladımda bu
səhvi düzəltdim, artıq iş telefonumu təmiz söndürüb ailəmə fokuslana bilirəm.
- Özmotivasiyalı olduğunuzu
dediniz. Əvvəldən belə olmusunuz?
- Həmişə pozitiv olmuşam. Həm də insanın maddi sıxıntı yaşamağı ona
çox kömək olur. Çünki itirəcəyin bir şey olmur. Maddi problemin varsa, onsuz da
həyatı itirmiş kimi yaşayırsan. Hansısa bir addımı atanda "alınmaz” deyə qorxun
olmur. Alınsa, daha gözəl, alınmasa, yenə də həmin vəziyyətdəsən. Amma mən
həmişə alınmasına fokslanmışam. Çox istədikcə, inandıqca həmişə alınır və mən
buna hər dəfə daha çox əmin oluram.
- Maddi sıxıntı məsələsinə
toxundunuz. Siz maddi cəhətdən necə ailədə böyümüsünüz?
- Atamın peşəsi evləri təmir edən usta idi. Bütün ailə onun qazancı
ilə dolanırdı. Kimsə evini təmir etdirmək istəyəndə atama sifariş verirdi, o
işləyirdi, həmin ay pulumuz olurdu. Sifariş olmayanda pul da olmurdu. Bu, mənim
motivasiyamı aşağı salmırdı, əksinə nələrsə etmək cəhətdən daha da güclü
olurdum. O gücü mən bu gün neft sektorunda istifadə edirəm. İnsanlar adətən
işlərini itirməkdən qorxurlar, amma məndə belə qorxu da yoxdur. İşimi itirsəm,
yenə əvvəlki həyatıma - Sumqayıta rahatlıqla qayıda bilərəm. Bu gün xəyalımdakı
maşınları sürürəm, amma sabah 30 qəpik verib ictimai nəqliyyatla da gedərəm.
Bunun mənim üçün hər hansı sıxıntısı yoxdur. Hər zaman onun mübarizəsini
aparmışam ki, gəlirim nə qədər çox olsa da, pul məni dəyişməsin. 10 ildir ki,
böyük şirkətlərdə karyera yolunda davam edirəm, amma hər zaman Sumqayıta
qayıdıb əvvəlki həyatımı yaşaya biləcəyimi də düşünürəm. Bir nüansı da
vurğulayım ki, mən imkanlı bir ailənin uşağı olsaydım, onlar maddi dəstəklərilə
mənə xaricdə təhsil versəydilər və o təhsillə beynəlxalq bir şirkətdə işə
düzəlsəydim, bu gün gənclərin qarşısına çıxıb danışacağım bir həyat hekayəm
olmazdı. Hər şey onsuz da planlaşdırılmış kimi gedərdi.
- Bir nömrəli işçi olmaq
məsələsini qeyd etdiniz. Bunun hər hansı sirri var?
- Özümdən danışsam, məktəb illərindəki xarakterdir ki, üstümə oturub.
9-10-11-ci siniflərdə "İlin şagirdi” olmuşam. Mənim xüsusi istedadım yoxdur,
amma çalışırdım. 11 il hər gün ev tapşırığını hazırlayıb məktəbə gələn bir
şagird təsəvvür edin. O mənəm. Bu, bir nizam-intizam idi. Uğur qazanmaq üçün
önə addım atmağa ehtiyac yoxdur. Uğur qazanmaq üçün cəmiyyətin səndən tələb
etdiklərini edib yatırsansa, çox rahat olur. Bunu edə bilməyənlər isə avtomatik
olaraq geri düşürlər. Və sən bir də görürsən ki, öndəsən. Bu xarakterimi hər
zaman işimdə də tətbiq etmişəm. Digərləri lazım olanları etmədikləri üçün
rəhbərliyin gözündə mən parlamışam.
- Ənənəvi sualımız: Sizə
görə uğurun sirri nədir?
- Birincisi, bir şeyi istəməli və onun reallaşacağına inanmalısan.
Məsələni dini tərəfə bağlamaq istəmirəm, amma həyatda bir şeyləri yaradandan
istəyirsənsə, onun mümkün olmayacağını düşünmək absurddur. Yəni istədiyinin baş
verəcəyinə inanaraq yaşamalı, onu xəyaldan hədəfə çevirməlisən. Hədəfinə çatmaq
üçün bu gün lazım olanları etməmiş yatmamalısan. Bu minvalla yaşadıqca
görəcəksən ki, bu yolda sənə dəstək olacaq insanlar qarşına çıxır. Yəni xəyalın
hədəflərinə yönəlik yolla gedir. İkincisi, kitab oxumaq çox önəmlidir. Fərqi
yoxdur nə oxuyursan, amma oxumaq lazımdır. Oxuduqca kitab insanın gözlərinə bir
intellekt oturdur. Hansı ölkədə olursan ol, gözlərində artıq o özünü göstərir,
bir növ insanları ram edir. Təkcə baxışlarınla getdiyin istənilən mühitdə
insanların rəğbətini əldə edirsən.
Üçüncüsü, insanın tutduğu yolda mentoru olmalıdır. Həyatda bir məqama
çatmaq istəyirsənsə, bu barədə məsləhəti nə valideyndən, nə də ətrafında olan
digər insanlardan almamalısan. Yalnız və yalnız həyatda bu məqama çatmış
insanla görüşməli və onu özünə mentor görməlisən. Yalnız onun məsləhətlərilə
addım atmalısan. Çünki sənin keçmək istədiyin bu yolu o illər əvvəldən keçib,
nail olub və sənin xəyal etdiyin həyatı real olaraq yaşayır. Sənin etmək
istədiklərini həyatda özləri etməmiş insanlar heç vaxtı sənə doğru-düzgün
məsləhət verə bilməzlər.
Aygün Asimqızı