ADU-da YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib

ADU-da YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib

Cəmiyyət
22 Noyabr 2019, 20:50 231
Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən ADU YAP ilk ərazi təşkilatının sədri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər haqqında danışıb. Sərraf Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır. YAP-ın və onun liderlərinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın sədri prezident İlham Əliyevin həyata keçiridiyi məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur”.
ADU-nun rektoru, akademik Kamal Abdulla Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyev tərəfindən necə çətin bir zamanda yaradıldığını və bununla da Azərbaycan tarixində mühüm bir addımın atıldığını vurğulayıb. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini təhlil edən rektor vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Daha sonra çıxış edən ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır: "Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri Prezident İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir”.
ADU-nun Sosial məsələlər üzrə rektor müşaviri Ələddin Əliyev qeyd edib ki, 90-cı illərin əvvəllərində hakimiyyət üzərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Onlar ölkəni və xalqı çox təhlükəli vəziyyətlə üz-üzə qoydular. Yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyası oldu ki, xalqın arzu və istəklərini həyata keçirdi. Xalqın gələcəyini düşünən insanlar, ziyalılar cəmiyyətin mövqeyini ifadə edərək Yeni Azərbaycan Partiyasını yaratmaq üçün Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Onlar bu amilin ölkənin xilası üçün çox mühüm olduğuna Ulu öndərimizi inandıra bildilər və nəticə etibarilə 1992-ci ilin noyabr ayında YAP təsis olundu. Ona görə də xalqımız Ulu öndər Heydər Əliyevin həmin qərarını hər zaman minnətdarlıqla xatırlayır. Eyni zamanda, biz partiya veteranlarının cəsarətli, fədakar fəaliyyətini yüksək qiymətləndiririk. Çünki onlar insanları məhz bugünkü güclü Azərbaycan naminə səfərbər etməyi bacardılar.
Tədbir partiyaya yeni üzv qəbul olunan şəxslərə partiya vəsiqələrinin verilməsi ilə başa çatıb.