AZE | RUS | ENG |

Adını mən qoydum...

Adını mən qoydum...
Hər bir insan dünyaya gələn kimi ona ad qoyulur: Aydan, Fidan, Murad, Səlim və s. Bəzən bu ad hələ körpə ana bətnindəykən fikirləşilir və ya dünyaya gəldikdən sonra tapılır. Bu, sadə prosesdir. Heç kim adsız qala bilməz.

Azərbaycanda uşağa nənə-baba və dini adların verilməsi uzun illərdən bəridir ki, ənənəyə çevrilib. Bəs bu övlad həmin adla özünü necə hiss edəcək? Qavranılmaz isimlərin övlada verilməsi nə dərəcədə düzgündür? “Valideyn fikirləşməlidir ki, övladıma verəcəyim adın mənası nədir və nənə-baba adının qoyulması onun gələcək həyatında problem yaratmayacaq ki?” Bunu Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının baş müəllimi Yəmən Vəliyeva bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə yeni doğulan körpəyə nənə-babasının adının verilməsi ənənəyə çevrilmiş proses olsa da, burada düşünüləsi xeyli məqam var. İnsanlar bununla valideynlərinin isimlərini yaşatdıqlarını düşünürlər. “Uzunmüddətli pedaqoji fəaliyyətimdə tələbələrin öz adlarından narahat olması halları ilə çox rastlaşmışam. Bəziləri nənə-baba adlarının yaratdığı çətinlikdən yaxa qurtarmaq üçün özlərinə başqa bir isim də seçirlər. Uşağın bəyənmədiyi, yaşıdlarının rişxənd etdiyi ad xüsusilə onların yeniyetməlik dövründə psixikasına mənfi təsir göstərir və əsəb sistemini sıradan çıxarır. Onların həmin uğursuzluğu gələcək həyatlarında da (iş, ailə) davam edir”.

“Ad insanın mahiyyətini əks etdirməlidir, onun xarakterinə, xarici görkəminə uyğun gəlməlidir”. Bunu professor, əməkdar jurnalist Nəsir Əhmədli bildirib: “Qədim zamanlarda Şərq ölkələrində, xüsusilə ərəblərdə belə qayda olub ki, uşaq bəlli bir yaşa çatana qədər ona ad qoyulmayıb. Onu atasının adı ilə, məsələn İbn Əhməd - Əhmədin oğlu deyə çağırıblar”.

Onun sözlərinə görə, son vaxtlar ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir: “Terminologiya şöbəsi məhz bu məsələ ilə məşğuldur. Bizdə belə bir ənənə var ki, uşağa nənə, baba, yaxud da vəfat etmiş əmi, dayının ismini veririk. Əslində bu, qəbahətli iş deyil. Sadəcə, həmin adın müasirlik dərəcəsi nəzərə alınmalıdır. Bu isim müasir dövrlə necə səsləşəcək və ya səsləşəcəkmi? Bu cəhətdən keçmiş adlar verməkdən çəkinmək lazımdır. Təbii hər kəsin valideyni özünə əzizdir və istəyər ki, ata-anasının adı övladında yaşasın. Amma uşağı da düzgün addan məhrum etməyə haqqımız yoxdur. Yaxşı olardı ki, yeni qurulacaq ailələrdə övlada xalis türk adları verilsin. “Dədə-Qorqud”dan, eləcə də yazıçıların əsərlərindən gələn adlar var. Məsələn, Sevil, Gülər, Oqtay və s.

Mənalı adlarla doludur cahan,
Mən üstünlük verdim Azər adına.
Qoy hər dəfə bu ad çəkilən zaman
Doğma Azərbaycan düşsün yadına.

Məsələn, bu şeir parçasını oxuyan hər kəs artıq Azər adının məsuliyyətini, dərinliyini dərk edib, övladına verə bilər. Bu, uğurlu adlar sırasındadır. Sovet dönəmində, xüsusən də Stalin dövründə türkçülüklə, vətənpərvərliklə bağlı adların verilməsi qadağan edilmişdi. Elə bu səbəbdən də bəzi valideynlər Lenin, Marks, Lenmar, Marlen kimi adları yeni doğulmuş körpələrinə verirdilər. Kolxoz, Kombayn, Sovxoz, Traktor kimi əşya adlarının qoyulması nə qədər gülünc olsa da, sovet dönəmində bu isimlər də yarandı. Dilimiz ərəb adlarından da təmizlənməlidir. Ancaq bir məsələ var. Uşaq böyüyəndə şəxsiyyət vəsiqəsi alan zaman öz ismini dəyişdirə bilər. Əsas insanın öz könlündə olan adla çağrılmasıdır”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973