ABŞ-ı heyrətləndirən azərbaycanlı qız - Fotolar
15 yaşı bu günlərdə
tamam olub, ABŞ-da yaşayır. Növbəti tədris ilində 10-cu sinifdə oxuyacaq, həm də
Şimali
Dakota Universitetinin 2-ci kursuna gedəcək. Riyaziyyata böyük
marağı var. O, orta məktəbin riyaziyyat proqramını öyrənib
tamamladığı üçün imtahan verib, indi də universitetdə riyaziyyat dərsləri alır.
Söhbət azərbaycanlı qız Selcan Əhmədlidən gedir. Bu bir istedaddır, yoxsa zəhmətin
bəhrəsi? Elə bu sauala cavab tapmaq üçün Selcanın valideynləri və özü ilə söhbətləşdik.
Selcanın atası
Azər Əhmədov da riyaziyyat sahəsindədir, Şimali Dakota Universitetində riyaziyyat
professorudur. Deyir ki, qızı bu nəticəni zəhməti sayəsində əldə edib: "Vunderkind
tipli uşaq olmayıb, qazandığı
biliklərin çoxunu da ağır zəhmət hesabına əldə edib. Bu sahədə yetənəklidir,
amma həm də vaxt sərf edir, çalışıb öyrənir. Biz onu burda bağçaya da çox göndərmədik.
Çünki davamlı olaraq bağçaya qoysaydıq, ingilis dili onda birinci dil olacaqdı
və Azərbaycan dilini öyrənməyəcəkdi. Birbaşa birinci sinifdən öncəki hazırlıq
sinfinə gedib. Əvvəl Azərbaycan dilini öyrəndi, sonra ingilis dilini”.
Bir növ yaşından əvvəl
böyüyüb
A.Əhmədli deyir
ki, övlad yetişdirilməsində elə fərqli üsul tətbiq etməyiblər: "Uşağın təlim-tərbiyəsində
xüsusi üsulumuz, prinsipimiz olduğunu deyə bilmərəm. Lap kiçik yaşlarından
yoldaşım ona dəmir nizam-intizam öyrədib. Əvvəllər, mən bir az bununla
razılaşmırdım, amma indi yoldaşıma minnətdaram ki o yolu seçdik. Lap kiçik
yaşlarından nizam-intizamlı uşaq olub. Bir növ yaşından əvvəl böyüyüb. 5
yaşında artıq çox şeyi anlayırdı. Çox rahat uşaq olub, bizi heç vaxt incitməyib.
Harasa gedəndə özünü o qədər yaxşı aparırdı ki, təəccüblənirdik. Uşağa sevgi
verərək böyütmüşük, başqa prinsipimiz olmayıb”.
Atası deyir ki,
qızında mənəvi xüsusiyyətləri daha çox kəşf edib: "Orta məktəbin ilk siniflərindən
mənəvi keyfiyyətləri daha çox hiss olunurdu. Çox xeyirxahdır, həddindən artıq
hissiyyatlı uşaq olub. Bu yaşa gəlib, amma inanmıram ki, yalan danışsın. Təbiəti,
heyvanları dəhşətli dərəcədə sevən birisidir. Həmişə arzusu zooparkda könüllü
işləmək olub. Yaşına görə indiyə qədər bu arzusu reallaşmayıb. Amma artıq yaşı
buna imkan verir. Bu yay zooparka könüllü işləməklə bağlı icazəni alıb”.
...yaşıdlarından irəli keçə bilib
Selcanın anası Kəmalə
Qasımlı deyir ki, qızı məktəbə gedən gündən dərslərinə məsuliyyətlə yanaşıb: "Hələ
balaca yaşlarından musiqiyə və idmana gedib. Məktəbə gedəndə isə dərslərinə çox
yaxşı hazırlaşıb, intizamlı olub. Son 4 ildə yoldaşım da onunla dərsdən kənar məşğul
olub. Özünün marağı olduğu üçün hər zaman atasına suallar verirdi, Azər də onun
marağını gördüyü üçün əlavə məsələ və misallar verirdi. O da çalışırdı ki, tez
həll edib bunu bacardığını göstərsin. Belə-belə o nələrsə edə bildi, yaşına görə
əldə etdiyi biliklərlə çox irəlidədir. Riyaziyyat və digər fənnlərdə
yaşıdlarından irəli keçə bilib”.
Marağım olmasaydı, bura yönəlməzdim
Selcan deyir ki,
riyaziyyata özünün marağı var, amma ailədə riyaziyyatçıların üstünlük təşkil
etməsinin də burada yəqin ki rolu olub: "Atam və əmim riyaziyyatçıdır. Əmim
Anar Əhmədov Minnesota Universitetində riyaziyyat professorudur. Nənəm riyaziyyat müəllimidir. Hətta nənəmin əmisi də
riyaziyyat muellimi olub. İki yaş yarım məndən kiçik əmim qızı Lalə də
riyaziyyat üzrə çox istedadlıdır. O, riyaziyyatdan orta məktəb proqramını
bitirmək üzrədir. Ailənin
də təsiri olub, amma öz marağım olmasaydı, yəqin ki bura yönəlməzdim”.
Selcan bildirdi
ki, riyaziyyata xüsusi marağı olsa da, digər fənləri də yaxşı oxuyur: "Bütün fənləri
oxuyuram, hamısını da sevirəm. Amma ən sevdiyim fənnlər biologiya, riyaziyyat və
ədəbiyyatdır. Boş vaxtlarımda çoxlu bədii kitablar oxuyuram. Bədii kitab
oxumağı xüsusilə sevirəm. Mənim bir bloqum var, 9 yaşımdan bəri oxuduğum
kitabların hamısını orda yazmışam. Günün əsas hissəsini dərslərə sərf edirəm, dərsləri
hazırlayandan sonra pianino və skiripka çalıram. Bir də mənim bir dovşanım var,
onunla oynamağa da vaxt ayırıram”.
Bu rejim məni həvəsdən salmır
Həm universitet,
həm də orta məktəb dərslərinə vaxt ayırır. Bəs bu rejim onun üçün çətin deyil?
Selcan deyir ki, insan sevdiyi işlə məşğul olanda çətinliyin öhdəsindən gələ
bilir: "Universitet imtahanla məni tələbə kimi qəbul edib. Universitetdən ancaq
riyaziyyat kursları alıram. Səhər tezdən universitetə gedirəm, dərslərimi
götürüb sonra orta məktəbə gedirəm. Burda 9-12-ci siniflər yuxarı məktəb gedir.
Mən artıq 9-cu sinfi bitirdim. Planımız budur ki, riyaziyyat təhsili ala-ala
yuxarı məktəbi bitirənə qədər universiteti də bitirmiş olum, yaxud ona yaxın
bir səviyyəyə çatım. Burda belədir ki, universitetdən istənilən dərsi ala
bilirsən. Bəzi məhdudiyyətlər var ki, hansı dərsi hansı dərsdən sonra almaq
olar, amma qalanları öz seçimin olur. Hələ ki riyaziyyatdan kənar dərs almıram.
Yəqin ki gələn il də elə olacaq, o biri il fizika və digər fənlərdən dərslər
götürərəm. Riyaziyyat fənn olaraq çətindir, bura gəlmək mənim üçün heç də asan
olmayıb, çox çətinlik çəkmişəm. İmtahanlarda çox həyəcanlı oluram. Elə günlər
olur gecə on iki, birdə yatıram, çünki ikisinin də dərslərini çatdırmaq
lazımdır. Bu rejim məni həvəsdən salmır, çətin olsa da maraqlıdır. Riyaziyyata
marağın olmasa, burda nə isə öyrənmək çətindir”.
Çox vaxt cavabı "get özün fikirləş” olur
Riyaziyyatla
bağlı atasından da kömək alır. Amma deyir ki, atası çox vaxtı onu özü həll etməyə
həvəsləndirir: "Riyaziyyatdan suallarım olanda atama müraciət edirəm. Amma çox
vaxt cavabı "get, özün fikirləş” olur. Atam deyir ki, fikirləşmək çox vacib
şeydir. Əgər bir şeyi yaxşı öyrənmək istəyirsənsə, üstündə düşünməlisən”.
Atası ilə
yanaşı, müəllimlərinin də üzərində böyük əməyi olduğunu qeyd etdi: "Mən 6-cı sinifdə
olanda Mrs. Boehm adlı ədəbiyyat müəllimim
var idi. O, hansı kitabları oxumağımla
maraqlanırdı, hansıları oxuya biləcəyimlə bağlı istiqamətləndirmələr edirdi. O,
məni kitab oxumağa öyrətmişdi. Müəllimlərim mənim riyaziyyata belə marağımın
olmasına sevinirlər. Universitetdə son semestr ərzində müəllimim Artem
Novozhilov idi. Onun da mənə təsiri çox oldu”.
Selcan Azərbaycanda
axırıncı dəfə 2012-ci ildə olduğunu deyir: "Azərbaycanı çox sevirəm. Amerika ilə
müqayisə edəndə elə fərq yoxdur. Bir fərq o ola bilər, o da doğmalarımın
çoxunun Azərbaycanda olması. Azərbaycan yeməklərini də sevirəm, çox dadlı olur.
Anam çox gözəl yeməklər bişirir. Ən sevdiyim yeməklər plov və dolmadır”.
Riyaziyyat sahəsində
özünü inkişaf etdirən Selcan gələcəkdə riyaziyyat və biologiya sahələrinə yönəlmək
istədiyini bildirdi.
Aygün Asimqızı