85 yaşlı qəzetin 25 yaşlı baş redaktoru
"Bakıda
qəzetləri yaşadacaq istənilən qədər insan var. Amma region qəzetinə yeni düşüncə
gəlməlidir. Qəzetin sanki mənə ehtiyacı var idi. Mən bu qəzeti yaşatmaq istədim.
Fikirləşdim ki, Bakıya getsəm, onu kim yaşadacaq? Rayonda müxbir, baş redaktor
tapmaq çox çətindir”. Bu sözləri bizimlə söhbətində "Astara” qəzetinin gənc baş redaktoru Fəridə Ağazadə söylədi.
Deyir
ki, regionun jurnalistika ixtisası üzrə təhsil alan gəncləri daha çox Bakıda
çalışmağa üstünlük verir. Buna görə də region qəzetləri yenilikçi düşüncədən
geri qalır. Regionda çalışmağı seçməsində məqsədi "Astara” qəzetini yaşatmaq,
irəli aparmaq, region deyil, ölkə səviyyəsinə çıxarmaq, insanlara daha çox
sevdirməyə nail olmaqdır.
Qeyd edək
ki, F.Ağazadə 1993-cü ildə Astara rayonu Kijəbə qəsəbəsində anadan olub. Astara
rayon Nail Həsənov adına Kijəbə qəsəbə orta məktəbini 2010-cu ildə bitirib.
2011-ci ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olub, 2016-cı
ildə ali təhsilini qırmızı diplomla başa vurub. Semestr imtahanlarında nəticəsi
90-100 arası olduğu üçün hər semestr sonu dekanın Fəxri Diplomuna layiq
görülüb. 2017-ci il aprelin 4-dən "Astara” qəzetinin baş redaktoru vəzifəsində
çalışır.
- Fəridə xanım, jurnalistikanı özünüz seçmisiniz?
- Əslində,
mən hüquqşünas olmaq istəyirdim. Anam bu sahədə olduğu üçün uşaqlıqdan hüquq
diqqətimi çəkirdi, ona görə bir növ onun davamçısı olmaq istəyim var idi. Bu
istəklə də ali məktəbə imtahan verdim, amma başqa ixtisasa qəbul oldum. Getmədim,
növbəti il imtahan verib istədiyim ixtisasa qəbul olmaq üçün çalışacağımı
dedim. Lakin o bir il ərzində fikrim dəyişdi. Dedim ki, bir neçə ixtisas
yazacam, hansına qəbul olsam, özümü ona həsr edəcəm. Məqam yetişdi və birinci
yerdə Xəzər Universitetinin jurnalistikasını yazdım və ora da qəbul oldum. Özümü
bu sahəyə həsr etdim, universitetdə dərslərimi yaxşı oxumağa çalışdım. Hər
semestri yüksək nəticəylə başa vururdum. Çünki mümkün qədər çox oxuyurdum.
Universitetin kitabxanasında keçirilən "Ən yaxşı oxucu” nominasiyası üzrə
birinci yerə çıxmışdım. Beləcə, jurnalistikanı qırmızı diplomla bitirdim.
- Bəs baş redaktor olmağınız necə reallaşdı?
Bildiyim qədərilə birinci iş yerinizdir...
- Hələ tələbə
vaxtı bir neçə media orqanında təcrübə keçmişəm. Universiteti bitirəndən sonra
müxtəlif mətbuat orqanlarına CV-lərimi verdim. Ötən il doğum günümə 3 gün
qalmış rayona valideynlərimə baş çəkməyə getdim. Heç bilmədən çantamda CV-lərdən
biri qalıbmış. Hətta özümü qınadım ki, bunu niyə gətirmişəm, onsuz mənə burda
lazım olan deyil. Evə çatanda stolda "Astara” qəzetini gördüm. Məndə illərdən bəri
görmədiyim insan qarşımda dururmuş kimi bir təəssürat yarandı. İllər öncə sevə-sevə
oxuduğum, məqalələrimin, şeirlərimin dərc olunduğu qəzetə indi bir jurnalist
kimi baxırdım. Nə vaxtsa bu qəzetin baş redaktoru olacağım ağlıma gəlməzdi.
Anam işdən qayıdanda dedi ki, qəzetə baş redaktor axtarılır, əgər o işi üzərinə
götürə bilərsənsə, CV hazırla göndər, şansdır. Düşündüm ki, gəncəm, bu cür yerdə
illərlə çox təcrübəli, professional insanlar baş redaktor olublar, görəsən, mənim
CV-mi qəbul edərlərmi? CV-ni götürüb deyilən yerə təqdim etdim, 29 martda təqdim
etdim, 30 martda - doğum günümdə çağırıb dedilər ki, siz qəzetə baş redaktor təyin
olunursunuz, razısınız? Böyük sevinc və məsuliyyət hissi ilə dedim ki, bəli.
- "Bacarmaram” – deyə bir qorxu yox idi içinizdə?
- Yox,
olmadı. Hər bir insanın daxilində müəyyən qədər inam hissi var. O hiss məni həyata
bağlayan vasitələrdən biridir. Özümə inanırdım, heç vaxt inamsızlığı və
ümidsizliyi özümə yaxın buraxmamışam. Ona görə, bacarmaqla bağlı tərəddüd etmədim.
- Universitetdə nə qədər yaxşı oxusan da, işin
verdiyi təcrübə başqadır. Yeni başlayanda təcrübəsizliyin çətinliyi olmadı?
- Xeyr,
olmadı. İşə başlayanda kollektiv mənə elə doğma gəldi ki, sanki illərdir bu işdə
çalışmışam. Bunun bir səbəbi nəzəri cəhətdən hazırlıqlı olmağım idisə, digər səbəbi
təqaüddə olsa da, peşəkar redaktorumuz Azər Abdullayevin və doğma kollektivin dəstəyi
oldu. Harada oluramsa-olum həmişə özümdən yaşca böyük insanlarla ünsiyyətdə
olmuşam. Komanda şəklində ilk görüşümüzdə mənə etimad göstərib "Sən bunu
bacaracaqsan” dedilər. O sözdən sonra hər gün daha çox çalışırdım, öyrənirdim.
Mövzulara, istiqamətə baxırdım. Hər yazdığım yazını redaktorla məsləhətləşirdim.
İki aya o üslubu tutdum. 85 yaşlı qəzet 25 yaşlı bir xanıma hər gün nəsə öyrədir.
İşlədikcə öyrənirəm.
- İndi işləriniz necə gedir?
- Artıq
10 aydır ki, işə başlamışam. İşlərimiz tam qaydasında gedir, lakin qarşıda
görüləcək işlər, layihələr var. Hazırda bu layihələrin həyata keçirilməsi və qəzetimizin
hər zaman oxunaqlı, yenilikçi olması üçün komandamla birlikdə var gücümlə
çalışıram. Düşünürəm ki, görüləcək işlər çox olduğu halda bizim üzərimizə də
daha çox çalışmaq düşür.
- Kollektiviniz neçə nəfərdən ibarətdir?
- 4 nəfərdən
ibarət çox gözəl kollektivimiz var. Özümü rahat və bir o qədər də xoşbəxt hesab
elədiyim məkan varsa, o da qəzetimizin redaksiyasıdır. Qəzetiniz vasitəsilə
Astara rayonunun icra başçısı cənab Qəzənfər Ağayevə mənə etimad göstərib bu məsul
vəzifəyə layiq gördüyünə, qəzetimizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı
bildirirəm. Əlavə edim ki, mən baş redaktor təyin olunandan sonra bizimlə əməkdaşlıq
etmək üçün xeyli könüllü müraciət etdi. Heç bir məvacib tələb etmədən yazmaq
istədiklərini bildirdilər. 20 gənc artıq könüllü olaraq layihələrimin, tədbirlərimin
həyata keçirilməsində bizə kömək edir.
- Bir az da qəzetiniz haqqında məlumat verin. Nədən
yazırsınız?
-
"Astara” qəzetinin 85 yaşı var. Astara Rayon İcra Hakimiyyətinin təsis etdiyi
ictimai-siyasi qəzetdir. 1932-33-cü illərdə region qəzetləri fəaliyyətə
başlayıb. Bir müddət sovet dönəmində müəyyən fasilələr yaransa da, müstəqillik əldə
etdikdən – ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə
olduğu kimi mətbuatda da uğurlu işlər görülməyə başladı. Region qəzetləri də fəaliyyətini
davam etdirdi. "Astara” qəzeti də həmçinin. Mən gələnə qədər qəzet ayda bir dəfə
8 səhifə çap olunurdu. Baş redaktor təyin olunduqdan sonra qarşıma məqsəd
qoydum ki, qəzetimiz 16 səhifə olsun. Maariflənməyə ehtiyacımız olduğu
üçün rubrikaların sayını artırmaq istəyirdim.
Vətənpərvərlik, elm-təhsil, iqtisadiyyat, siyasət, kənd təsərrüfatı və s. bütün
sahələri işıqlandırmağa çalışırıq. Artıq 16 səhifəlik bir qəzetdir. 16 səhifəlik
qəzeti regionda 4 nəfərlik komanda ilə hazırlamaq çətin, məsuliyyətli və şərəfli
işdir.
- Baş
redaktor olmağın üstünlükləri çoxdur, yoxsa çətinlikləri?
- Üstün cəhətləri o qədər də çox deyil, əsas çətinlikləri
var. Artıq sən öz fikirlərini kənara qoyursan. Özünün yox, cəmiyyətin fikirləri
daha önəmli olur. Üstün tərəfi odur ki, gəncsən, var qüvvənlə çalışa bilirsən və
gözəl bir kollektivlə işləyirsən. Uğurlu baş redaktor olmaq istəyirsənsə, səbrin,
məqsədin və hədəfin olmalıdır. Bunları səbirlə və inamla həyata keçirməlisən.
- Astarainfo.az xəbər saytını da təsis etmisiniz...
- Bəli,
buna regionda ilk dəfə yaradılan xəbər saytı da demək olar. Artıq işimiz tək qəzet
deyil, həm də sayt var. Mən 24 saatın 20 saatını işləyirəm. Bu, bir az
inandırıcı gəlməyə bilər. Qəzetlə yanaşı, saytın da işlərini görürük. Bu saytı
yaratmaqda əsas məqsədim xaricdə yaşayan həmyerlilərimizə regionumuzla bağlı xəbərlərin
çatdırılması və operativ olmaq idi. Qəzet elədir ki, xaricdə yaşayan həmvətənlərimizin
onu operativ əldə etməsi bir az çətindir. Amma indi onlayn olaraq məlumatları
saytımızdan əldə edə bilirlər. Feysbuk səhifəmizə Astaradan olan və hazırda
xaricdə yaşayan bir çox insanlar məktub yazırdılar ki, regiondakı məlumatlardan
xəbərdar olmaq istəyirlər. Həmçinin qeyd edim ki, sayt yaratmaq ideyası məndə əvvəlcədən
var idi. Saytda "Astara xəbərləri” bölməsi açmışam, orda sırf bölgəmizlə bağlı
məlumatlar yerləşdiririk.
- Təlimlər də verirsiniz. Bu nə ilə bağlıdır?
- İnformasiya kommunikasiya texnologiyalarından
və sosial şəbəkələrdən düzgün istifadə, erkən nikahlar və narkomaniya ilə bağlı
məktəblərdə, pedaqoji kollecdə təlimlərim olub. Astarada 3 təlim həyata
keçirmişəm və bunu davam etdirirəm.
- Həm də regionda kitab və qəzet yarmarkası da təşkil
etmişdiniz...
- Bəli,
ilk dəfə regionda bunu təşkil etdim. Çünki bizim maariflənməyə, məlumatlanmağa
çox ehtiyacımız var. Yeni medianın, ənənəvi medianı arxa plana atmasını istəmirəm.
İstəyirəm ki, fəaliyyətlər paralel şəkildə davam etdirilsin. Yeni mediada qəzetlərin
internet formaları vardır ki, mən də onu həyata keçirmişəm. Məqsədimiz kitaba, qəzetə olan həvəsi artırmaq, milli-mənəvi dəyərlərimizi,
tariximizi qoruyub saxlayan kitablarımızı, qəzetimizi yaşatmaq, gənclərimizi
oxumağa həvəsləndirməkdir. Ümumilikdə
mənim məqsədim irəli getmək, elm-təhsilə önəm vermək və xalqına, millətinə
xeyirli bir insan olmaqdır.
Aygün
Asimqızı