• cümə, 26 Aprel, 08:48
  • Baku Bakı 12°C

8 yaşında qara kəmər alan idmançı - Portret

17.03.18 11:00 6035
8 yaşında qara kəmər alan idmançı - Portret
Karate olimpiya oyunlarının proqramına daxil edildikdən sonra dördilliyin ən mötəbər idman yarışında yeni medal ümidlərimiz yarandı. Son vaxtlar gənc və yeniyetmə karateçilərimizin beynəlxalq arenalarda uğurlu çıxışı da gələcək üçün ümid verir. Ötən ay Rusiyanın Soçi şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatı ölkəmizin karatedə daha böyük uğurlarının elə də uzaqda olmadığının sübutudur. İdmançılarımız qonşu ölkədə keçirilən mötəbər yarışda 6 medal qazandı ki, bu medallardan da dördünün əyarı qızıl oldu (biri gümüş, biri bürünc).

Soçidə bayrağımızı zirvəyə qaldırıb, himnimizi səsləndirən 4 karateçimizdən biri də Tale Yaqubov idi. Bu yazıda məhz gələcək üçün böyük ümid vəd edən yeniyetmə karateçimizdən bəhs edəcəyik.

İlk addımlar
Tale 18 fevral 2003-cü ildə Rusiyanın Voloqda şəhərində dünyaya gəlib. Onun karate ilə tanışlığı çox erkən olub. Cəmi 3 yaş yarımlığında atası ona bu idman növünün ən sadə təmrinlərini öyrətməyə başlayır. Yeri gəlmişkən, Talenin atası Asif də vaxtilə karateçi olub. O, öz oğullarını da karateyə yazdırmaq qərarına gəlir. Asif bəy, böyük oğlu Turaldan sonra, kiçik oğlu Taleni də bu əlbəyaxa idman növünə yazdırmaq fikrinə düşür. Ata Yaqubov elə həmin vaxtlardan Taleni böyük qardaşının karate dərslərinə aparmağa başlayır. Kiçik oğlunun da bu idman növünə marağı olduğunu görən Asif bəy onu karateyə yazdırır. Talenin ilk məşqçisi Aleksandr Avdunin Anatolyeviç olur. Daha sonra isə Boris Smolinin rəhbərliyi altında məşq edir.


O, elə ilk yarışda özünü göstərir. 5 yaşı olarkən, yaşıdları arasında keçirilən turnirdə birinci olur. Tale daha sonra qatıldığı yarışlarda bu ənənəni davam etdirir. Demək olar, qatıldığı hər 10 yarışdan 7-də birinci olan Yaqubov, Voloqda şəhər kubokunda, Moskva vilayət, Sankt-Peterburq şəhər birinciliyində çempionluğa sevinir.

Tale 10 yaşına kimi karatenin həm kumite, həm də kata növündə eyni anda, paralel şəkildə iştirak edir. Ata Yaqubovun fikrincə, katada çıxış etməyən karateçi kumitedə də özünü yaxşı tərəfdən göstərə bilməzdi. Belə olduğu halda, idmançının texnikası zəif olur. 10 yaşından sonra isə Tale bir yol seçir - kumite. O, 8 yaşında qara kəmər alır.
Tale 11 yaşında olarkən ailəsi Bakıya köçür. Ancaq o, burda da karatedən kənarda qalmır, paytaxtda Cahangir Babayevin rəhbərliyi altında məşq etməyə başlayır.
Soçi qızılı
Tale Bakıda da uğurlarını davam etdirir. O, əvvəlcə respublika çempionatında ikinci olur. 2016-cı ildə ölkə çempionu olan yeniyetmə karateçi, ötən il Bolqarıstanda keçirilən qitə birinciliyinə qatılma şansı əldə edir. Ancaq burda hakim haqsızlığı onun "qızıl”a gedən yolunu bağlayır. Tale yarışdan öncə Xorvatiyada keçirilən ənənəvi qran-pri yarışında məğlub etdiyi italyan idmançı ilə görüşdə hakim haqsızlığı ilə üzləşir. Belə ki, 0:0 nəticələnən döyüşün sonunda hakimlər qələbəni italyan idmançıya verirlər. Baxmayaraq, bütün görüş boyu hücumda olanməhz Tale idi.
Lakin idman haqsızlığı sevmir. Burda məşqlərdə tökülən tər, çəkilən əziyyət gec-tez arenada öz bəhrəsini verir. Haqq-ədalət isə bu il Rusiyanın Soçi şəhərində keçirilən Avropa çempionatında öz yerini tapır. 63 kq çəki dərəcəsində yarışan Tale, növbə ilə macar, alman, italyan və ispan rəqiblərini sıradan çıxararaq, həlledici görüşə vəsiqə qazanır. Gənc idmançımız finala qədər gedən bütün görüşlərində - italyan rəqibi ilə döyüşü (1:1) çıxmaq şərti ilə tam qələbə qazanır.

Finalda təşkilatçı ölkə - Rusiya təmsilçisi ilə qarşılaşan Yaqubov, çətin də olsa, bu görüşdən də qələbə ilə ayrılır (2:1). Beləliklə, yeniyetmə idmançımız karyerası ərzində hələ ki, ilk ciddi uğurunu qazanır.
Ailənin dəstəyi
Talenin özündən böyük qardaşının da bu idman növü ilə məşğul olması barədə məlumat verdik. Yaqubovlarda idmana həvəs isə babadan keçmiş ənənədir. Belə ki, Talenin babası da vaxtilə idmanla məşğul olub. O, peşəkar güləşçi olub.
Bir çox valideyn öz övladlarını döyüş idman növlərinə yazdıranda ilk məqsəd kimi onun möhkəm olmasını, özünü müdafiə edə bilməsini əsas götürür. Asif bəyin məqsədi isə təkcə özünü qoruya bilən övlad yox, məhz çempion yetişdirmək olub:

"Mən hər iki oğlumu idmana yazdıranda, təkcə onların özünü müdafiə edə bilməsini və möhkəm olmasını, pis vərdişlərdən uzaq olmasını yox, həm də, gələcəkdə daha böyük uğurlar qazanmasını əsas götürmüşdüm. Onlardan yüksək nəticə gözləyirdim. Həmişə inanırdım. İndi də inanıram ki, bu yolda hər hansı nəticə yox, böyük uğurlar olmalıdır”.

İdmançı ailəsində yetişməyən uşaqlar idman zallarından qayıtdıqdan sonra azad olurlar. Məşqçiləri onları idman rejiminə riayət etmələri ilə bağlı yalnız xəbərdar etməklə kifayətlənir. Zaldan ayrıldıqdan sonra isə həmin uşaqlara nəzarət itir. Ancaq idmançı ailəsində yetişən uşaqlarda vəziyyət tam fərqlidir. Bu uşaqlar idman zalından ayrıldıqdan sonra da məşqçi nəzarətindən xilas ola bilmirlər Evdə, məhəllədə - bir sözlə hər yerdə məşqçi nəzarəti onların üzərində olur. Bu amil əlbəttə, idmançının daha intizamlı yetişməsi, rejimə tam riayət etməsi üçün vacib amildir. Tale də daim məşqçi nəzarətini üzərində hiss edən uşaqlardan olub. Ata Yaqubov həm onu, həm də qardaşını idman rejimindən kənara çıxmamaları üçün nəzarətdə saxlayıb. Lakin Talenin sözlərinə görə, o, nəinki bu diqqətdən narahat olub, hətta həm özü, həm də qardaşı həmişə ataları ilə məşq keçməyə meyilli olublar:

"Mən və qardaşım həmişə məşqdən çıxdıqdan sonra evə gəlir, burda da atamızla məşq keçirdik. Bundan narahat olmurduq. Əksinə, məşq etməyi sevirdik. Atam həmişə bunun bizim xeyrimizə olduğunu bildirir, daha yaxşı nəticələr qazanmağımız üçün motivasiya verirdi. Bu, bizi daha da ruhlandırırdı”.
Digər növlərlə tanışlıq
Bir idmançı nə qədər çox idman növünə yiyələnsə, uğur qazanmaq şansı bir o qədər artar. Çünki ən çətin anında digər idman növlərində yiyələndiyi biliklər, fəndlər, onu xilas edə bilər. Vaxtilə karateçi olmuş Asif bəy bu amili yaxşı bilirdi. Elə məhz buna görə, öz oğullarını təkcə karateyə yazdırmaqla kifayətlənməyib. O, oğullarını cüdo-sambo və boksa da göndərib. Tale təxminən 2 il cüdo-sambo, 4 il isə boksla məşğul olub. Onun hətta özünə yad olan bu idman növlərində də nəticələri olub. Lakin Tale sonda karateni üstün tutub. Bu idman növlərində qazandığı fəndlər isə karate yarışlarında həmişə onun köməyinə çatıb. Elə yəqin ki, bundan sonrakı yarışlarda da belə olacaq.
Asudə vaxt
İdmançının asudə vaxtı çox az olur. Böyük uğurlar idmanla yatıb, idmanla qalxmağı tələb edir. Elə Tale də bu sözlərə əməl edir. Gənc idmançı asudə vaxtlarında karatedən ayrı qalmır. O, asudə vaxtlarında qardaşı ilə birgə, bu idman növü ilə bağlı, əsasən, Rafael Ağayevin videolarına baxır, yeni nə isə öyrənməyə çalışır.
Tale karatedən başqa, taekvondo yarışlarına baxmağı da xoşlayır. Film məsələsində isə bir qədər fərqli zövqə malikdir. İdmanla məşğul olan bir çox yeniyetmədən fərqli olaraq, döyüş filmlərinə yox, komediyaya üstünlük verir.

Kumir

Hər bir uşağın sevdiyi, örnək aldığı idmançı və ya hansısa məşhur var. Döyüş idman növünü seçənlərdə bu, əsasən film qəhrəmanları olur. Vaxt keçdikcə isə bu xəyali qəhrəmanların yerini real şəxslər, idman arenalarının əsl qəhrəmanları tutur. Ancaq Taledə karateyə maraq televiziyadan, döyüş filmlərindəki qəhrəmanlardan yox, atasından keçib. O, gözünü açandan özünü karate zallarında tapıb. Buna görə, onun ilk kumiri də hansısa filmin qəhrəmanı yox, real şəxs olub. Tale çox kiçik yaşlarından fransız karateçi Aleksandr Biamontinin pərəstişkarı olub. Çox kiçik yaşlarından həmişə bu idmançının videolarını izləyir, ona bənzəməyə çalışırdı. Bir müddət sonra isə Tale qəhrəmanı uzaqda axtarmağın mənasız olduğunu başa düşür. O, artıq dünyada karatenin kralı sayılan azərbaycanlı idmançı Rafael Ağayevi özünə kumir seçir, onun yolu ilə getmək qərarına gəlir. Tale Bakıya gəldikdən sonra Ağayevlə görüşmək arzusuna çatır. Hətta dünya çempionu ilə söhbət edərək, ondan məsləhətlər də alır.

Portret

Tale hələ çox gəncdir. Məhz buna görə, onun portretinin tam formalaşması üçün bir neçə il də lazımdır. Hazırda onda böyük uğurlara imza atmaq üçün yaxşı potensial var. Nizam-intizam, ailə dəstəyi, həvəs və ən əsası, ambisiya. O, hər bir yarışda yalnız çempionluğu hədəfləyir. Hazırkı potensialını nəzərə alsaq, onun gələcəkdə olimpiadalardakı növbəti medalçımız olacağını proqnozlaşdıra bilərik. Ancaq ən yaxşı halda, 2024-cü il Yay Olimpiya Oyunlarının iştirakçısı ola bilər. Buna qədər isə onu hələ bir çox sınaq gözləyir. Soçi isə bu çətin sınaqlara gedən yolda ilk addım idi...
Elnur

banner

Oxşar Xəbərlər