“7-ci sinfə qədər danışmamışam” - Keçmişdəki mən

Xalq rəssamı
Xanlar Əhmədov: "Məqsədim sənət arxasınca getmək
yox, pul qazanmaq olsaydı, indi milyoner idim”
5-6
yaşında danışığında kəkələmə yaranır. Problem o qədər ağır olur ki, bundan çox
utanır və artıq danışmamağa qərar verir. 7-ci sinfə qədər danışmır, məktəbdə
bütün imtahanlarını yazılı formada verir. Ancaq bir gün qərar verir ki, bu
problemi həll etməlidir və məşq edərək bir neçə ay içərisində buna nail olur.
Söhbət rəssam-heykəltəraş,
xalq rəssamıXanlar Əhmədovdan
gedir. "Keçmişdəki mən” rubrikamızın qonağı olan X.Əhmədovla bu dəfə onun
uşaqlıq, gənclik illərinə nəzər saldıq.
Qeyd edək ki, X.Əhmədov 1946-cı ildə Bakı şəhərində anadan olub.
"Uşaqlıq
illərindən danışaq” dediyimdə ilk olaraq məhz danışa bilmədiyi dönəmləri
xatırladı: "5-6 yaşım olardı, atamı şərləyib tutdular, 3 il iş verdilər. 3 ildən
sonra onun qayıdacağını gözləyirdik. Elə oldu ki, 6-7 ayın tamamında onu
buraxdılar. Evə girdiyi an o qədər sevindim ki, danışığımda kəkələmə yarandı.
Belə bir hal var ki, uşaq çox sevinəndə, yaxud çox üzüləndə onda kəkələmə
problemi yarana bilir. Mən də böyük sevinc qarşısında bu problemə düçar oldum.
Əslində, danışa bilirdim, amma çox ağır kəkələmə olduğu üçün utanırdım, ona görə,
özümü söndürmüşdüm və danışmırdım. Bu səbəbdən 7-ci sinfə qədər danışmamışam.
Orta məktəbdə bütün imtahanlarımı - coğrafiya, tarixdən belə - yazılı verirdim”.
7-ci
sinifdə oxuyanda isə kəkələmə problemini özü həll edir: "7-ci sinifdə oxuyanda,
sənədlərimi Əzim Əzimzadə adınaBakıRəssamlıq Məktəbinə vermək
qərarına gəldim. Ancaq danışa bilməməyim məni narahat
edirdi, utanırdım. Öz-özümə deyirdim ki, məktəbdə hamı bilir ki, danışmıram,
indi də texnikumdakılar bunu görəcək. Bu da mənə ağır gəlirdi. Öz üzərimdə
eksperiment etməyə başladım. Gördüm ki, dərindən nəfəs alıb danışanda, kəkələmə
olmur. Hamıdan xəbərsiz, tək bir yerə çəkilib davamlı olaraq bu cür danışmağı məşq
etdim. 3 aya artıq rahat danışdım. Bu üsulla sonra bir neçə kəkələməsi olan
uşağın problemini həll etmişəm”.

"Acından ölüm, amma rəssam olum”
Uşaqlıqdan
rəsmə marağı olduğu üçün bu sahəyə yönəlmək qərarı verir: "Dayılarım başqa sahələrdə
çalışsalar da, gözəl rəsm çəkmək qabiliyyətləri var idi. Rəsmə marağım olduğu
üçün hər dəfə bizə gələndə deyirdilər ki, gəlin rəsm yarışı keçirək. Həmişə də
qalib məni elan edirdilər. Belə-belə rəsm çəkirdim. 5-6-cı sinifdə oxuyanda
gördüm ki, sinif yoldaşım Eldar Məmmədovla (əməkdar mədəniyyət işçisi, Aztv-nin
baş operatoru) Sadıq Hüseynov (əməkdar rəssam) dərsdən sonra tələsik harasa
gedirlər. Sonra özləri dedilər ki, rəsm dərnəyinə gedirik, istəsən, sən də gəl.
Mən də onlara qoşulub getdim. Düzü, atam rəssamlığa yönəlməyimi istəmirdi. Onun
elektronika ustası olan bir dostu var idi. Deyirdi ki, get onun çamadanını
daşı, yanında işlə, öyrən. Dedim ki, acından ölüm, amma rəssam olum”.
Rəssamlıq
dərnəyində heykəltəraşlıqla tanış olur və bu iş onu öz təsiri altına salır:
"Deməli, rəsm dərnəyinə rəssamlığı öyrənmək niyyəti ilə getmişdim. Rəsm müəllimimiz
Nadir Axundov arada fasilə verirdi, deyirdi ki, çıxın dəhlizdə gəzin, o biri
siniflərdəki dərslərə baxın, qayıdın. Beynimizin açılması üçün bunu edirdi.
Fasilə vaxtı açıq qapısı olan bir otağa yaxınlaşdım, gördüm ki, həmyaşıdlarım
hamısı heykəl düzəldir. Vaxt mənim üçün dayandı, bilmədim nə qədər orda dayanmışam.
Bir də gördüm ki, sinifdən yaşlı bir qadın mənə "Gəl-gəl” dedi. Elə o gəl, bu gəl,
mən heykəltəraşlığa bağlandım. Nadir müəllimə dedim ki, həvəsim heykəltəraşlığadır
və sonra o sinfə keçdim”.
Sonra isə
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq üzrə oxuyur: "Bizdən aşağı və yuxarı kurslardan bir-iki nəfər rəssam
ancaq yetişirdi, bizdən isə 90 faizi indi üzdədir. Xalq rəssamı, Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı, Rəssamlar İttifaqının katibi
Ağaəli İbrahimov, 10-a qədər əməkdar rəssam məhz bizim kursda oxuyanlar idi”.
Qabiliyyət imtahanında birinci oldum, amma...
İnstitut
dönəmində ailəsinə yük olmamaq üçün texnikumda oxuduğu müddətdə pul qazanmağa
başlayır: "Texnikumda oxuyanda yay tətillərində rəngsaz işləyirdim. Təmir-tikinti
idarəsinə yazılırdım, gedib evləri, balkonları, qapıları rəngləyirdik. Bundan
pul qazanırdım ki, gələn dərs ilində özümə nə isə alım. Valideynlərimi xərcə
salmayım. İlk qazancım o idi. Texnikumu bitirmək üzrə idim, o ərəfədə qrafik əsərlər
çəkməyə başladım. O əsərlərimi görüb "Molodyoj Azerbaydjana” qəzetindən dəvət
etdilər ki, gəl sənə vəsiqə verək, təzə rubrika açaq, onu işlə. "Rəssam şəhəri
gəzir” adlı rubrika açıldı. O vaxtı Bakıda metro tikintisi yeni başlamışdı.
Birinci metroya getdim. Tikinti ərazisinə gedib orda qrafik əsərlər çəkirdim. Həmin
əsərlər rubrika ilə yayımlanırdı. Ordan xeyli pul qazandım. Pul yığırdım ki,
institut oxuyanda evə əziyyət verməyim”.
Ancaq
ilk ali təhsil almaq cəhdi uğursuzluqla nəticələnir: "Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirən 7-8 tələbə birləşib Surikov adınaMoskva Dövlət Akademik Rəssamlıq İnstitutuna sənəd
vermək üçün Moskvaya getdik. Sənəd verəndə, əsərlərimizi də təqdim edirdik. Əsərlərimi
görəndə dedilər ki, siz hazır rəssamsınız,
niyə institut oxumaq istəyirsiniz? O mənada dedilər ki, instituta qəbulda
yer sayı məhdud idi, başqa tələbələr orda öyrənə bilərlər. Nəysə, sənədləri qəbul
etdilər, imtahan verməli olduq. Hərəmiz bir sahə üzrə imtahan verirdik. Mən
heykəltəraşlıq üzrə qabiliyyət imtahanında birinci oldum, institutda hamı məni
təbrik edirdi, evlə əlaqə saxlayıb qəbul olduğumu demişdim. İkinci mərhələdə isə,
rus dilində ifadə yazmalıydıq. Mənimlə gedən yoldaşlardan İsmayıl Məmmədov rus
sektorunu qurtarmışdı, mən Azərbaycan dilində oxumuşdum. İsmayıl dedi ki, mən
onsuz da keçmirəm, qiymətim aşağıdır, sən birinci yerdəsən, gəl sənin adından mən
yazım, mənim adımdan da sən. Yazdıq, o 4 aldı, mən 3. Yenə birinciliyimi
saxlayırdım. Növbəti mərhələdə isə SSRİ tarixindən imtahan verdik. Biletə Sovet
İttifaqı Kommunist Partiyasının 6-cı qurultayı düşdü. Cavablandıra bilmədim, "2” yazdılar.

5 nəfəri elə adamlar tapşırmışdı ki...
Sənədlərimizi
götürməyə gedəndə, institutun işlər müdiri olan qadın dedi ki, sən sənədlərini
götürmə. Əsəbi idim, dedim sənədlərimi verin, bir də gəlməyəcəm. Bakıya
qayıtdım, ancaq elə həmin il qışda Moskvaya sərgiyə gedəndə dedim ki, orda
bizimlə imtahan vermiş yoldaşlara da baş çəkim. İnstitutda işlər müdiri qadınla
qarşılaşdıq, tanıdı. Dedi ki, sənə dedim axı sənədlərini götürmə. Bildirdi ki,
həmin vaxt qəbul yeri 5 olub, sona isə 6 nəfər qalıbmış. Dedi ki, o 5 nəfəri elə
adamlar tapşırmışdı ki, onları qoyub səni keçirə bilməzdilər. Hətta dedi ki, tarixi əzbər də desəydin, sənə 2
yazılacaqdı. Ancaq universitetdə bilirmişlər ki, onlardan yarımçıq qoyanlar
olacaq, ona görə təklif ediblər ki, sənədlərimi götürməyim. Həqiqətən də 2 nəfər
qısa müddətdə təhsilini yarımçıq qoyub, ona görə də məni axtarıblar, sənədlərimi
götürdüyüm üçün əlaqə saxlaya bilməyiblər. Dedilər ki, gələn il gəl, ola bilər
ki, səni imtahansız qəbul etdik. Ancaq sonra ürəyimdə problem yarandı deyə, həkimlər
dedilər ki, Rusiya tərəfə getmək olmaz. Məcburən Daşkənd
Teatral-Bədii İnstitutunda təhsil aldım. Daha sonra Moskva Rəssamlıq
Akademiyasında aspirantura təhsili aldım. Həmin müddətdə də Rusiyada çalışdım”.
Tələbəlik dövründə nəinki ailəsinə yük olmur, eyni zamanda evdəkilərə
pul cəhətdən yardım edir:"Həmişə deyirəm ki, tələbəlik illərim yaxşı keçib,
pambıq yığmaq olmasaydı. 5 il oxudum, 4 il bizi pambıq yığmağa göndərdilər.
Ancaq ordan pul qazanırdım. O vaxt mis üzərində döymə işlər dəbdə idi, mən o
işi görüb pul qazanırdım. Sifarişlər də olurdu, tələbə yoldaşlarımla birləşib
işləyirdik. Deyirlər ki, Daşkənd çörəkli şəhərdir. Tələbə üçün yaxşı idi. Bir
şiş kababı bir manata alırdıq. Valideynlərim mənim üçün aylıq təqaüd kimi 30
manat göndərirdilər. Günə 1 manat müəyyən etmişdilər. Mən özüm deyirdim ki,
artıq göndərməyin, çünki qardaşlarım balaca idilər, dedim onlara xərcləsinlər.
Tətildə evə pulla dönürdüm, qardaşlarıma pul verirdim”.
İnstitutu bitirəndə, rektor ona Özbəkistanda qalmağı təklif edir,
ancaq razı olmur: "Dedi ki, aktiv tələbəsən, qal səni Nəvahi şəhərinə baş rəssam göndərək. 3 otaqlı ev, xidməti maşın,
emalatxana təklif etdilər. Dedim ki, Bakıya qayıdıram. Bakıda ev, maşın,
emalatxanam olduğunu soruşdu. Heç biri olmadığını bildirdim. Dedi ki, bəs hara
gedirsən? Dedim ki, ora və qayıtdım”.

Tanışlığımız 8-ci sinifdən olub
Deyir
ki, pul arxasınca getsəydi, indi sənətdə bu yerlərə gəlməzdi: "Məqsədim sənət arxasınca getmək yox, pul qazanmaq
olsaydı, indi milyoner idim. Amma heç vaxt pul dalınca qaçmamışam. Pul özü gəlib
məni tapıb. Pul arxasınca gedən, sonra əli boşda qalan istedadlı adamları çox
görmüşəm”.
23 yaşında ailə qurub. "Evləndiyiniz xanımı özünüz seçdiniz, yoxsa
valideynlər?” deyə sualımıza belə cavab verdi: "Təbii ki özüm. Gül kimi
bulvarımız var, orda görüşdük, danışdıq, razılaşdıq. Tanışlığımız 8-ci sinifdən
olub. O vaxtdan tanıyıb bir-birimizi sevirdik. 23 yaşımda da evləndik. Bu il
evlənməyimizin 50 ili tamam olur”.
İki övladlar olur, ancaq birini gənc yaşlarda itirirlər: "İki
övladımız oldu. Biri heykəltəraş idi. Özünə qəsd etdi. Evli idi, bir yadigarı
qalıb. 3 nəvəm var. Böyük nəvəm qızdır, 2-ci kursda oxuyur. Ortancıl nəvəm
oğlandır, 8-ci sinifdə oxuyur. Hərdən ona deyirəm ki, nənənlə mən 8-ci sinifdən
tanış idik, tərpən (Gülür). Oğlumun yadigarı isə 4-də oxuyur. Gözəl skiripka
çalır”.
Müəllim kimi fəaliyyətə isə 60 yaşından sonra başlayır. Bu gün tələbələrindən
çox şey öyrəndiyini deyir: "Müəllimliklə bağlı çox yerdən təklif gəlirdi, amma getmirdim. Deyirdim ki, hələ öyrənirəm. 60-dan
sonra Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru Timuçin Əfəndiyev
dəvət etdi, dedim ki, indi müəllimlik edə bilərəm. 12-13 ildir müəllim işləyirəm.
Gənclərlə işləmək çox yaxşıdır, bəzən onlar bilmədən elə bir şey edirlər ki,
onu götürürəm. Məsələn, universitetdə heykəltəraşlıq ixtisası yoxdur, rəsm və rəngkarlıqdan
dərs keçirəm. Rəssamlıqda elə rənglər var ki, onları yan-yana vurmaq olmaz, bu,
qəti qadağandır. Bəzən gənclər elə vururlar ki, o rənglər bir-biriylə yaxşı
qonşuluq edirlər. Mən artıq ondan öyrəndim. O, mənim qədər bilsəydi, o rəngləri
yan-yana qoymazdı, amma bilməməzlikdən etdi, uyumlu oldu və mən öyrəndim”.

Özümü 30 yaşda hiss edirəm
X.Əhmədov
hazırda emalatxanasında yaşayır. Deyir ki, bu, onun üçün uğurlu variantdır: "Şəhərdə
ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yerlərdə evim olub. Sonra ürəyimdə problem
yarananda evləri satıb emalatxanada yaşadım. Emalatxanada yaşamaq çox yaxşıdır.
Baltikyani ölkələrdə dostlarımda bu təcrübəni görmüşdüm. Düzdür, emalatxanam
Bakıda ən yaxşılardan, böyüklərdən biridir. Eyni zamanda ölkə başçısı mənə ev
verdi, hələ ki orda təmir gedir. İşləmək cəhətdən mənim üçün ən rahatı
emalatxanada yaşamaqdır. Səhər tezdən də durub işləyə bilirəm, gecə yatmağa gedənə
qədər də”.
Deyir
ki, tərəddüd və sərbəst zaman onun işi üçün önəmlidir: "Emalatxanada hazırda
200-ə yaxın iş var. Ona baxmayaraq, bir neçə aydan bir emalatxanada saf-çürük
edirəm. İşlərin bir qismini sındırıb atıram. Bəzən bunu görənlər deyirlər ki,
onu sındırdığına ver biz evə qoyaq. Deyirəm ki, bu, mənim adımdır, o işin mənim
adımla qalmasını istəmirəm. Bəzən iş görürəm, bir az keçəndən sonra deyirəm ki,
gərək filan cür edərdim. Tərəddüd önəmlidir, yoxdursa, orda yaxşı işdən söhbət
gedə bilməz.
Bir də
zaman sərbəst olanda daha yaxşıdır. Heykəl mənə "dayan, bəsdir, hazıram” deməlidir
ki, ondan əl çəkim. Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlini işləyirəm.
Mart ayında təhvil verilməlidir. Amma fikirləşirəm ki, əlavə 5 ay da verilsəydi,
daha yaxşı olardı. İndi mən sırf o işə fokuslanmışam, vaxt cəhətdən təbii ki
çatdıracam. Bizim iş sərbəstliyi sevir”.
73 yaşı
olsa da, "özümü 30 yaşda hiss edirəm” deyir: "Mən çox cavanam, elə bilirəm ki,
30 yaşı keçmirəm. Hamısı ürəyə bağlıdır. Özü də bunu (ürəyini göstərir) 14
ildir qoydurmuşam. Yaşı 14-dür. Bu ürək dünyada nə görüb? Ən qorxulu şey
qocalmaqdır. Ruhun, ürəyin qocalmasını deyirəm. Elə gənclər tanıyıram ki, həvəssizdilər,
enerjiləri yoxdur”.
Aygün
Asimqızı
