"Gənclik
çılğın olur, gənclik əyləncəni sevir, gənclik həyatdan həzz almaq üçün ən yaxşı
dövrdür” deyirik. Amma zəhmətkeş, uşaqlıqdan işləməyə məcbur olan, istirahətindən
kəsib şəxsi inkişafına xərcləyən gənclik bəlkə də dünyamızı gözəlləşdirməyə
qadirdir... "Hər anın öz hökmü var” deyirlər. Bəzən istər şəxsi, istərsə də
karyera həyatımızda başımıza gələn hansısa pis adlandırdığımız hadisə zaman gəlir
bütün həyatımızı dəyişir. Eynilə müsahibimizin həyat hekayəsində olduğu kimi...
Həmsöhbətimiz
biznes təlimçisi, saat kolleksioneri, "Oikos” beynəlxalq təşkilatının Bakı təmsilçiliyinin
prezidenti Hüseyn Hümbətovdur.
Hüseyn
1996-cı ildə anadan olub. Hazırda İqtisad Universitetinin Maliyyə fakültəsinin
4-cü kursunda təhsil alır.
Mütəmadi
olaraq biznes və sahibkarlıqla bağlı müxtəlif mövzulu təlim və seminarlara
qoşulan Hüseyn, çox keçmədən gənc sahibkarların inkişafına dəstək olan "Youth Inc.” Proqramı haqqında eşidir.
Proqrama qoşulmaqla Hüseyn şəxsi inkişafında yeni mərhələyə qədəm qoyur.
"Youth Inc.”
Gənclərin Sahibkarlıq Proqramının Multiplayer təlimlərində aktiv iştirak edən
Hüseyn ilkin biznes anlayışlarını, gənclərin bu sahədə həvəs və məlumatlılığın
artırılması texnikalarını öyrənir və auditoriya qarşısında çıxış etmək, məlumatları
geniş kütləyə çatdırmaq və s. bacarıqlara yiyələnir. Daha sonra özü multipleyer
kimi fəaliyyətə başlayaraq 7 universitet olmaqla 20 təlim keçir, ümumilikdə isə
500-ə yaxın gəncin qarşısında çıxış edir. Bununla da, nəticələr əsasında
2016-cı il 1-cı yarımilliyinin ən yaxşı multipleyeri adına layıq görülür.
Daim
inkişafını düşünən Hüseyn "Youth Inc.” Proqramı çərçivəsində reallaşan digər
lahiyə - "Youth Inc. Business Academy”
Akselerasiya Proqramında qeydiyyatdan keçir və 203 müraciətçinin içindən seçilərək
25 iştirakçıdan biri olur. 6 həftə yerli və xarici mentorların mühazirələri əsasında
davam edən bu proqram Hüseynə real biznes mühitini öyrədir, biznesmenlərlə
tanışlıq imkanı yaradır, nəzəri və praktiki biliklər verir.
"Youth Inc.”
Proqramının tərəfdaş kimi çıxış etdiyi layihələrdən biri də "Azərbaycan üçün
Öyrət” proqramının" Təhsil avtobusu" layihəsi oldu! Proqram çərçivəsində "TəhsilAvtobusu" regionlara - Lənkəran, Quba, Gəncə və Şəki
marşrutu üzrə səyahət edib, bölgələrdə məktəb şagirdləri üçün hər biri 2 gün olmaqla
dərslər, fərdi inkişaf təlimləri keçirilib və intellektual yarışlar təşkil
olunub. "Youth Inc.” Proqramını layiqincə təmsil edən "Öz biznesinə
başla!" təlimlər silsiləsinin qalibi multipleyer Hüseyn Hümbətov "Azərbaycan
Üçün Öyrət” proqramı çərçivəsində 100-dən artıq layihə iştirakçısına Lənkəran,
Quba, Gəncə və Şəki şəhərlərində "BİZNESMƏNƏM” adı altında təlimlər keçib və
yeniyetmələri "necə sahibkar olmaq olar", "sahibkar olmağın
yolları" "sahibkar kimdir”,
"investisiya nədir”, "biznesdə idarəetmə və təşkilatçılıq”, "biznesə
başlama", "düzgüninvestisiya", "SWOT təhlil" və digər
mövzularda maarifləndirib.
Hazırda
Hüseyn, peşəkar təlimçi kimi "Youth Inc.” Proqramı çərçivəsində paytaxt və
regionlarda təşkil olunan təlimlərdə iştirak edir və müstəqil şəkildə öz
biznesini idarə edir.
Uğurlu şansızlıq...
Deyir
ki, ilk iş həyatına 11 yaşında başlamaq məcburiyyətində qalıb: "İlk işim çox
uzağa gedir. Ailədə maddi vəziyyətimiz yaxşı olmadığı üçün 11 yaşında "moyka”da
maşın yuyurdum. İlk dəfə 5 manat qazandım. Sevincimin həddi-hüdudu yox idi. O 5
manatı sevinə-sevinə anama apardım. Hətta pul xırdalanmasın deyə avtobusa minmədim.
Mənə elə gəlirdi ki, 4 manat 80 qəpik 5 manatın yanında cılız görünür. Daha
sonra Dərnəgüldə fəhlə bazarında işlədim. Çayxanada çayçı, kafedə ofisiant kimi
çalışdım. İşləmək, zəhmət çəkmək məni heç vaxt yormur”.
Bütün bu
işlərlə yanaşı, həmsöhbətimiz dərslərinə də hazırlaşıb. Lakin qəbul imtahanında
"şansızlıqla” üzləşib: "Düzdür, dərslərimi yaxşı oxuyurdum. Müəllimlərim də mənə
inanırdı. Lakin imtahan gecəsi çox həyəcanlı idim. Bilirdim ki, az bal toplasam
və ödənişli ixtisasa düşsəm, oxuya bilməyəcəyəm. Bu stress məni gecə yatmağa
qoymadı. Səhər imtahana gəldim suallara baxdım, mənə çətin gəldi və bir anlıq
yatmaq istədim. Başımı qoyub yatdım. Bir də gördüm ki, yanımdakı oğlan məni
çağırır ki, "bu sualda mənə kömək edə bilərsən?”. Saata baxdım ki, artıq 1 saat keçib. Yerdə
qalan 2 saata ancaq 376 bal toplaya bildim və maliyyə fakültəsinə ödənişli əsaslarla
qəbul oldum”. "6 manata saat mağazası açdım”
Bu 1
saat həmsöhbətimizin bütün həyatını dəyişib: "Ödənişli əsaslarla qəbul olduğuma
görə, mənə daha çox gəlir gətirəcək iş lazım idi ki, oxuyum. Fəhləlik etməklə təhsil
haqqımı ödəyə bilməyəcəyim ortada idi. Saat biznesi ilə məşğul olmağı düşündüm.
O vaxt saat kolleksioneri olduğum üçün dostum mənə bahalı saat hədiyə etmişdi.
Həmin saatın qulpu qırılmışdı. Mən o qulpu tapmaq üçün Bakıdakı saat düzəldilən
və satılan yerləri gəzdim. Ancaq tapa bilmədim. O vaxtlar universitetdə
qeydiyyatdan keçəcəyim vaxtlar idi. Oxumaq üçün avqust ayından ödəniş etməli
idim. Həmin günü axşam evə gəldim və fikirləşdim ki, saat işinə başlaya bilərəm.
O vaxt çox pulum yox idi. 6 manat pulla 3 ədəd saat aldım. Evə gətirib stolun
üstünə qoyanda anam dedi ki, "bu saatları niyə almısan? Evdə saatların var”.
Satmaq üçün aldığımı dedim. Əvvəlcə anam mənə güldü ki, məndən saat satan
olmaz. Həmin gün o saatları satdım. Bir
həftədən sonra 6 manat 83 manat oldu. İş bu proseslə davam etməyə
başladı. Müxtəlif dövrlərdə "batdım”, amma ətrafımdakıların işimi kiçiltmələrinə
fikir vermədən sıfırlansam belə, yenidən qalxıb davam etdim. O 6 manatın
hesabına şəxsi saat mağazamı açdım. İndi həm internet üzərindən, həm də mağaza
şəklində fəaliyyət göstəririk. "Qızıl təminat”ı yeganə bizim mağaza verir. İşə
6 manatla başlasam da, bizim mağaza Bakıdakı digər saat satışı yerləri ilə rəqabətə
girəcək səviyyədədir”.
İstirahət
anlayışının olmadığı deyən həmsöhbətimiz tək mağaza ilə kifayətlənməyib, şəxsi
inkişafı üçün də çalışıb: "Bundan əlavə, ölkədə beynəlxalq təşkilat təsis
etdik. Oikos şirkətinin Bakı təmsilçiliyini açdıq. Şirkət iqtisadiyyat, enerji
təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirlər, təlimlər təşkil edir. Hazırda bu
təşkilatın prezidentiyəm. Bununla yanaşı, şəxsi təlimçilik fəaliyyətim var. Həm
də biznesyönümlü təlimçiyəm. "Azərbaycan üçün öyrət” layihəsinə 200 təlimçi
müraciət etmişdi, onlardan 25-i seçildi. Mən seçilən 25 təlimçidən biri oldum.
Ölkənin 5 regionunda yay ərzində uşaqlara müxtəlif təlimlər keçdik. Ümumilikdə
30-dan çox təlimdə 1500-dən çox insana təlim keçmişəm”.
Həyatımı dəyişən saat...
Müsahibimiz
düşünür ki, qəbul imtahanında faciə kimi yanaşdığı o 1 saat həyatını dəyişib:
"Bəlkə də mən həmin o 1 saatı yatmasaydım, ayın axırında təqaüd gözləyən tələbə
idim. Amma keçmişə nəzər yetirəndə görürəm ki, həyatımın bütün hissələrində həmişə
çalışmışam. Mənim üçün tətil, həftə sonu, istirahət günü anlayışı olmayıb. Yəni
məktəbdənkənar boş vaxtda işləyirdim. Axşamlar dərs oxuyurdum. İşləməkdən heç
vaxt bezməmişəm”.
Həmsöhbətimiz universitetin ilk illərində köməkçi işlədiyi
firmada müdir vəzifəsinə qədər yüksəlib: "Firmada işləyəndə birinci sahə rəisinin
köməkçisi idim. İşdən sonra universitetə gəlirdim. Üstüm toz-torpaq, taxta
olurdu. Dərsə girəndə uşaqlar mənə
gülürdü. Elə bilirdilər, rayonda qalıram və burada küçədə yatıram. Sonradan həmin
firmada baş mühasibin köməkçisi işlədim. 2-ci kursda yenidən müdir müavini
oldum. 6 ay da həmin firmada müdir kimi işlədim. Ondan sonra saat işinə tam
kökləndim və mağazanı qurmaq üçün işlərə başladım. Bir il müddətində də mağaza
qurdum. Hazırda dünya təcrübəsindən yararlanıb Azərbaycanın saat brendini
yaratmaq üçün işləyirik”.
1 milyon dollar qazanmaq istəyirsən?
Hüseyn
deyir ki, həyatdan öyrəndiyi ən vacib şey insanın çalışaraq istədiklərinə nail
olmasıdır: "Əgər insanın istəyi varsa və buna inanırsa, həqiqətən də əldə edəcək.
Yox, əgər insanın həyatda məqsədləri yoxdursa, o, bacarmayacaq, uğursuzluq əldə
etdikdən sonra geri dönəcək. Məqsədləri olan insan uğursuzluqdan qorxmur.
Uğursuzluq qaçılmazdır. Əgər kimsə deyirsə ki, mən işləmək istəyirəm, o uğur
qazanır. Mən təlimlərdə iştirakçılara sual verirəm ki, "1 milyon dollar
qazanmaq istəyirsən?” Çoxu "hə” cavabını verir. Deyirəm ki, o 1 milyon qazanan
insanların qazandığı müddət qədər səbirli olun və onlar qədər çalışın.
Razısınızmi? İnanın ki, səmimi şəkildə "yox” deyirlər. Əgər sən buna razısansa
və çalışmağa hazırsansa, iş səni qorxutmursa, hər şeyi əldə edəcəksən. İnsanlar
onların maraq dairəsində olan, onlara
maraqlı olan, xoşladıqları ən yaxşı işi görməyə çalışmalıdırlar. Nə qədər
fəhləlik etsəm də, saat sevdamdan dönmədim. Saat mənim maraq dairəmdə olduğu,
saatları sevdiyim üçün bu yola gəldim. Uğursuzluqla qarşılaşanda, hansısa saat
xarab olanda, xaricdən sifariş etdiyim saat üstümə xarab gələn zaman geri addım
atmadım. Sırf marağım və sevgim olduğu üçün işim davamlı oldu. Əgər bir işin
arxasınca gedirsinizsə, səbirli olun. Çünki hər şey birdən alınmır. Amerika
kinolarındakı kimi uğur hekayələri birdən başlamır. Bu uzun bir müddət və əmək
tələb edir. Sizdən əsas tələb olunan güclü iş sistemidir. Bütün bunlardan sonra
bir məqsəd və istək olmalıdır. Bu gün insanlar fikirləşir ki onlarda alınmır.
Ona görə alınmır ki, insanlar öz daxillərində buna inanmır. Özlərinə tam əmin
olan inansalar həqiqətən uğur qazanacaqlar”. Aygün
ƏZİZ