• çərşənbə axşamı, 19 mart, 12:36
  • Baku Bakı 8°C

30 yaşda otelə baş menecer təyin olunan peşəkar - Uğur hekayəsi

23.01.20 15:45 9779
30 yaşda otelə baş menecer təyin olunan peşəkar - Uğur hekayəsi
Fərid İsmayılov: "Əgər dəniz kənarında qarpız satmasaydım, buralara gəlməzdim”
Uşaqlıqdan otel sahəsinə marağı olur və oteldə baş menecer olmağı arzulayır. Öz dili ilə desək, karyerasında kərpici kərpic üstünə qoyaraq, 30 yaşında bu istəyinə nail olur. Müsahibimiz "Staybridge Suites Baku” otelinə yeni baş meneceri təyin olunan Fərid İsmayılovdur.
- Universitetdə oxuduğunuz dönəmdə Türkiyə və İsraildə otellərdə təcrübə keçmisiniz, işləmisiniz. Bu imkanlar necə yaranırdı?
- 2006-cı ildə Turizm və Menecment İnstitutu açıldı. Bu institut artıq universitet kimi fəaliyyət göstərir. İnstitutun ilk 125 nəfər məzunundan biri də mən idim. O dönəm idi ki, çox adam bu ixtisaslarda təhsil almağa tərəddüd edirdi. Turizm oxuduğumu deyəndə, bunun nə olduğunu soruşanlar çox olurdu. İnstitut həmin dövrdə həm təhsil, həm də təcrübə proqramına görə seçilirdi. Bizdə bir çox universitetlərdə tələbələr təcrübəyə gedirlər, ancaq işin içində olmurlar, bir növ baxıb qayıdırlar. Bizim institutun təcrübə proqramı isə real işi öyrənməyə çox yaxşı şərait yaradırdı. Otellərdə işləyə-işləyə işi öyrənirdik. Birinci il Nabrana, ikinci il Türkiyəyə, üçüncü il isə İsrailə göndərirdilər. Amma hər tələbə də gedə bilmirdi. O imkanı qazanmaq lazım idi. Bunun üçün müsahibələrdən keçirdik.
- Bu proses çətin olurdu?
- Nabranda çalışmaq üçün keçdiyimiz proses çətin deyildi. Türkiyədə bu imkanı qazanmaq imkanı müəyyən qədər çətin idi. İsrailin isə həm təhlükəsizlik, həm də tələbələrin keyfiyyəti baxımından kriteriyaları çox yüksək idi. Biz getdiyimiz il (2009) İsrailə cəmi 5 tələbə göndərilmişdi, onlardan biri mən oldum. O ölkədə çox yaxşı təcrübə qazanmışdım.


- Təcrübə dövründə hansı işləri görürdünüz?
- Oteldə hansı departamentdə iş olsa, görürdük. Qarson, çamadan daşıyan və s. işlərin hamısını edirdik. Bu işləri görmək heç də asan deyildi. Üstəlik iş saatı da çox olurdu. Elə vaxtlar olurdu ki, gün ərzində 16 saat işləyirdik. Bundan şikayət etmirdik. Çünki çətinlikləri ilə yanaşı, qazandırdıqları böyük idi. Dil biliklərimizi inkişaf etdirirdik, yaxşı təlimlərdə iştirak imkanımız olurdu, otel işini öyrənirdik.

- Otel sektoruna marağınız necə yaranıb? Əvvəldən bu mühitlə tanış idiniz?
- Otel sektoruna uşaqlıqdan marağım olub. Atamın işi də müəyyən qədər mənim bu sahə ilə daha tez tanışlığıma imkan yaratmışdı. O, Azərbaycan daxili kurortlara istirahət üçün göndəriş verirdi. Mənim özümü də o istirahət yerlərinə aparmışdı. O vaxtdan tanış idim və otellərdə işləyənlər mənim üçün maraqlı gəlirdi. Ona görə təhsilimi də turizmlə bağlı aldım. Mən təhsil aldığım dövrdə Azərbaycanda otellərin sayı çox deyildi. "Grand Hayat”, "Ambassador”, "Excelsior” kimi otellər idi. Təhsil almağa yeni başladığım dövrdə onların qarşısından keçəndə, deyirdim ki, kaş mən də oteldə işləyərdim. Resepşndakı işçilərin yerində olmaq istəyirdim. Bir dəfə universitetdə mənə zərf verdilər ki, "Ambassador” otelə aparım. Otelə gedəcəyim üçün çox sevinirdim. Amma həmin vaxt otellərdə iş tapmaq, hətta təcrübə proqramlarında iştirak etmək çətin idi. CV ilə gedib otellərə təcrübə keçmək istədiyimizi deyirdik, qəbul etmirdilər. Deyirdilər ki, bizə ehtiyac yoxdur. O vaxt Bakıda 10-12 otel var idisə, indi bu rəqəm 400 olar.

- Barmen də işləmisiniz. O, nə vaxt olub?
- İsrailə təcrübə üçün gedəndə qarson kimi işə başladım. Sonra qida və içki bölməsinin müdiri dedi ki, istəsən, barmen işləyə bilərsən. PUB stilli bar var idi. Hardasa 6 ay orda barmen işlədim. Bu iş mənə çox cəld olmağı, sürətli şəkildə bir neçə işi görməyi öyrətdi.

- Tələbə vaxtı yaxşı təcrübə yığmısınız. Universiteti bitirəndən sonra iş tapmaq asan oldu?
- O proqramlarda iştirak etdiyim üçün universiteti bitirəndə, bir addım öndə idim. Ancaq universitetdən sonra hərbi xidmətə getdim. Qayıdandan sonra iş tapmaq bir az çətin oldu. O mənada ki, əsgərlikdən sonra aradan vaxt keçir və bacarıqlarının bir qismini itirirsən. Bir il ingilis dili istifadə etmədim. Psixologiya dəyişir. Hərbi xidmətdən qayıdıb sonra 1 ay istirahət etdikdən sonra işləmək qərarına gəldim. Bir gün ərzində hardasa 30 otelə zəng vurub işçi lazım olub-olmadığını soruşdum. Hamısından da "yox” cavabı alırdım. Siyahıda sonuncu zəng vurduğum oteldən dedilər ki, mühafizəçi işi var. Müsahibəyə getdim və növbəti gün işə başladım.


- Otel sektorunda təcrübə keçmişdiniz, niyə mühafizə işinə razılaşdınız?
- Oteldə mühafizə işində olmaq o deməkdir ki, həm də otel sektorunun içindəsən. Ona görə razılaşdım ki, xarici kontingentlə ünsiyyətdə olan bir iş idi. Həm də mən mühafizə ilə kifayətlənməyəcəkdim, planlarım var idi.

- Nə kimi planlar?
- 6 ay mühafizəçi işlədim. O müddət ərzində xarici ölkələrdəki iş imkanları ilə də maraqlanmağa başladım. 6 aydan sonra "Hilton” otellər şəbəkəsinin Abu-Dabi bölməsindən iş təklifi gəldi və mən orda işləməyə getdim. Qarson kimi işə başladım, 6 ay sonra isə resepşn işi ilə maraqlandım. Ancaq resepşn işini görmək üçün oteldə xüsusi proqramlar var idi ki, onları öyrənməliydim, birbaşa ora keçə bilməzdim. Oteldə İnsan Resursları bölməsinə müraciət edib, resepşnda 2 ay təcrübə keçmək istədiyimi bildirdim. Onlar mənə oteldə iki aylıq təcrübə proqramı açdılar. 2 ay qarson olaraq işimə davam etdim, işdən sonra 2 saat artıq qalıb qeydiyyat bölməsinin işini öyrəndim. İki aydan sonra proqramı bitirib sertifikat aldım və məni qeydiyyat bölməsində işə götürdülər. Bu təyinatda mənim rus dili biliyim də böyük rol oynadı. Çünki otelə gələn rusdilli qonaqların əksəriyyəti ingiliscə rahat danışa bilmirdi və bu iş üçün rus dilli əməkdaş var idi. Ancaq həmin ərəfədə o işdən çıxmışdı və məni onun yerə götürdülər. 6 ay resepşnda işlədim. 2013-cü ildə məni Abu-Dabidəki "Hilton”dan Dubaydakı "Hilton” otelə bir üst vəzifəyə göndərdilər. Bu dəfə resepşn komandası üzərində supervayzer oldum. Orda da il yarım işlədim. Marka olaraq hər ikisi "Hilton” idi, amma Dubaydakı otelin işi daha gərgin idi. Qeydiyyat şöbəsində 10-a yaxın əməkdaş olurdu, ancaq yenə də çətin olurdu. Ordan da 2014-cü ildə məni Bakıdakı "Hilton”a gecə müdiri vəzifəsinə göndərdilər. 4 ildən sonra Azərbaycana qayıtmaq qərarı vermişdim. Burda da o imkan oldu deyə, 2014-cü ildə qayıtdım.
- Niyə Azərbaycana qayıtmaq istəyirdiniz?
- Dubayda təcrübə keçmək, işləmək otelçi üçün yaxşıdır. Çünki dayanmadan inkişaf edirsən. Saysız-hesabsız treninqlərdə iştirak imkanın olur. Ancaq iş rejimi çox gərgin idi. Gün ərzində 13 saat işləyəndə, deyirdik ki, bu gün evə tez gedirəm. Müəyyən müddət sonra insan bundan yorulur.
İkincisi, Dubayda yayda havanın istiliyi 50 dərəcəyə çata bilir. Fiziki olaraq isti insanı yorur. Üçüncü amil qidalarının təbii deyil, kimyəvi olmasıdır. Bu da sağlamlığa mənfi təsir edir.

Digər bir faktor da o idi ki, mən qayıdan il Azərbaycanda Avropa Oyunları keçirilirdi. Müşahidə edirdim ki, ölkəmizin turizmində inkişaf gedir. Fikirləşdim ki, turizm sektorunda ölkəmizdə faydalı ola bilərəm.


- Dubaydan qayıtmağınızın bir səbəbinin gərgin rejim olduğunu dediniz. Amma gecə müdiri də gərgin işdir.
- Bu, karyerada bir addımdır. Onu sən mütləq keçməlisən. Gecə əməliyyatından xəbərsiz olsan, gündüz işini idarə etməkdə çətinlik çəkə bilərsən. Gecə müdiri olmaq sənin qərar vermək qabiliyyətini inkişaf etdirir. Gündüz vaxtı oteldə nə isə fövqəladə hal baş verirsə, işdə məsləhət ala biləcəyin çox adam olur. Ancaq gecə tək olursan və qərarı özün verməlisən. Tutaq ki oteldə yanğın var, sən qərar verməlisən ki, bütün qonaqları aşağı düşürməlisən, yoxsa hələ gözləyirsən. Bu məsuliyyət yaxşı təcrübə qazandırır.

"Hilton”da o vəzifədə işlədiyim dönəmdə mənə Omandakı "Hilton” otelindən təklif gəlmişdi və 2016-cı ilin sentyabrında Omana getməyi planlayırdım. Həmin may ayında bir universitet müəllimim Bəşir Hacıyev dedi ki, Azərbaycanda "Staybridge Suites” mehmanxanası açılır və o, oranın baş meneceridir. Bir müddət ona kömək etməyimi istədi. Dedim ki, sizə 3 ay kömək edib, gedəcəm. Razılaşdı, ancaq avqust ayında qərarımı dəyişib qaldım. Çünki iş mühiti, komanda xoşuma gəldi. Qeydiyyat şöbəsinin müdiri vəzifəsiylə başladım. 2018-ci ildə qeydiyyatla yanaşı, otelin təmizliyi və rezervasiya şöbəsinə rəhbərlik mənə həvalə olundu. 2019-cu ildə Dohadan iş təklifi gəldi. Orda "Staybridge Suites” oteli açılırdı. Əməliyyatlar üzrə menecer oldum, 4 departamentə rəhbərlik mənə tapşırıldı. Mart ayında Dohaya getdim. Otelin açılışını etdik və orda işlədim.

- Amma yenə qayıtdınız. Bu dəfə niyə?
- (Gülür) Əslində, qayıtmaq fikrim yox idi. Çünki ailəvi getmişdim. Ötən ilin dekabr ayında bu oteldən baş menecer olmaq təklifi gəldi. Qərar vermək üçün çox düşünməli oldum. Baş menecer elədir ki, oteldəki bütün şöbələrin işiylə bağlı cavabdeh şəxs olursan. Qida və işçi bölməsindəki məhsulların istifadə tarixindən tutmuş qonaqların qarşılanması, texniki və s. işlər hamısına görə məsuliyyət götürürsən. Amma sonra qərar verib gəldim.
- Baş menecer təyin olunanda, neçə yaşınız var idi?
- 30.

- Bizdə bu vəzifəyə təyinatlar neçə yaşlarda olur?
- Azərbaycanda bu yaşda beynəlxalq zəncir otelə baş menecer təyin olunan yeganə adamam. Bizdə bu tipli otellərin baş menecerləri adətən, 35-40 yaşlarda olur. Yerli otellərdə 27-28 yaşlarda da baş menecer var, ancaq onlar zəncir otellər deyillər. Dünyada 30 yaşda baş menecer olanlar var, amma bizdə ən gənc mənəm.

- Yəqin "adamı var” deyənlər də olur.
- (Gülür) Bu, insanlara tərəddüdlü gəlir, şübhəli yanaşırlar. Turizmlə bağlı tədbir və görüşlərdə özümü baş menecer kimi təqdim edəndə, elə bilirlər ki, kiminə qohumu, ya adamıyam. Amma qətiyyən elə deyil.

- Fiziki cəhətdən yanaşsaq, gördüyünüz ən çətin iş hansı olub?
- Abu-Dabidə işlədiyim "Hilton” otelində dənizin kənarında çimərlik var idi. Biz həftədə bir gün dənizin kənarındakı restoranlarda da işləməli olurduq. Dəniz kənarındakı restoranlarda görülən işlərdən biri də o idi ki, dəniz kənarında qarpız satmalısan. Başında papaq, gözündə eynək, əlində balaca qablarda qarpız aparırsan. Doğranmış, soyuq qarpız tutursan, turistlər də alıb onu plastik çəngəllə yeyirlər. Bir gün qida və içki bölməsinin meneceri dedi ki, səni bir gün qarpız satmağa dəvət edək? Dedim ki, problem yoxdur. Mənə dedi ki, bir çox Avropadan gələn işçilər bundan imtina edirlər. Dedim ki, elə bir kompleksim yoxdur. 45-50 dərəcə istidə qarpız da satırdım. Fiziki olaraq çox çətin idi. Həftədə bir dəfə bu işi görürdüm. Bir aydan sonra qapqara olmuşdum. Məni hindistanlı bilirdilər (Gülür).
- Avropalılar bu işdən imtina edibsə, siz də görməyə bilərdiniz.
- Mən inanırdım ki, otelçilikdə ağır işin bəhrəsini hər zaman görə bilirsən. Orda qarpız satmağım gündə bir saatlıq iş idi. Amma nəticədə ayın, ilin işçisi seçildiyim vaxtlar olub. Onlar mənim üçün data baza idi. Bilirdim ki, o baza nə vaxtsa mənə lazım olacaq. Məsələn, Abu-Dabidə işlədiyim vaxtda Dubaydan iş təklifi gəldi. Onlar bunu elə belə etmirlər. Çalışdığın yerdən sənin haqqında rəy alırlar. Məsələn, Dubaydakı "Hilton”un meneceri Abu-Dabidəkinə zəng vurub soruşur ki, biz Fəridi transfer etmək istəyirik, onun haqqında hansı rəy verirsiniz? Əgər mən hansısa işdən imtina etsəydim, menecerim deyəcəkdi ki, Fərid pis işçi deyil, amma bəzən işdən imtina edə bilir. Artıq işgötürəndə sual yarana bilir. Heç bir işdən imtina etməmişəm. Söhbət işdən gedirsə, kompleks etmək lazım deyil.
- Otel sektorunda iş çoxdur. Maraqlıdır, bu iş ailəyə, şəxsi həyata vaxt ayırmağa imkan verir?
- Bu, otelçilər üçün qlobal problemdir. İngilislərin bir lətifəsi var. Uşaq anasına deyir ki, gecə 12-də bizə gəlib, səhər 6-da gedən kişi kimdir? Anası deyir ki, oğlum, o sənin atandır, oteldə işləyir. Bir çox otelçilər işlərinə o qədər vaxt ayırırlar ki, şəxsi həyata vaxt qalmır. Otel işi elədir ki, qapısını bağlayıb getmirsən. 24 saat iş var. Şəxsi həyatla işi balanslaşdırmaq çətindir. Mən indiyə qədər ailəyə vaxt ayıra bilmirdim. Amma indi məsuliyyətim çox olsa da, iş saatım nisbətən azalıb. Ona görə müəyyən qədər vaxt ayıra bilirəm. Əvvəllər elə olurdu ki, 3-4 gün oteldən kənara çıxmırdım, elə burda qalırdım. Mən bir də ona görə şanslıyam ki, həyat yoldaşım otelçi olub və uzun iş saatlarımı hər zaman anlayışla qarşılayır. Ona görə, işimlə bağlı problem olmur.
- Sizə görə uğurun sirri nədir?
- Məqsəd. Hansı sahədə çalışırsansa, özünün bir məqsədin olmalıdır. Mənim əvvəldən məqsədim oteldə baş menecer olmaq idi. Kərpici kərpic üstünə qoymuş kimi mən bu arzuma nail olmuşam. Əgər dəniz kənarında qarpız satmasaydım, heç buralara gəlməzdim.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər