• çərşənbə axşamı, 19 mart, 15:07
  • Baku Bakı 8°C

“3 günlük məşhurluq mənə lazım deyil” - Debüt

21.09.19 11:00 3707
“3 günlük məşhurluq mənə lazım deyil” - Debüt
Hər kəs onu Şuşalı deyə tanıyır. Hələ 22 yaşı var, ömrünün ən gözəl illərinin başlanğıcındadır. Deyir ki, məqsədə çatmaq üçün ilk növbədə hədəf, daha sonra o hədəf uğrunda sağlam addımlarla irəliləmək vacibdir. Hər işin başında isə həvəs, sevgi dayanır, yalnız belə olduğu təqdirdə, insan öz istəyinə nail ola bilər.
Beləliklə, "Debüt” rubrikamızın qonağı gənc xanəndə Arzu Şuşalıdır. O, Bakı Humanitar Kollecinin "Xanəndəlik” ixtisasını bitirib. Soyadı Məmmədova olsa da, valideynlərinin doğulub boya-başa çatdığı Şuşanı özünə ləqəb kimi götürüb.
- Səsinizin olduğunu və məhz bu sənət üçün doğulduğunuzu nə zamandan hiss etmisiniz?
- Uşaq yaşlarımda qardaşım gözəl mahnılar səsləndirirdi. Mən də ona baxaraq həvəslənirdim. Özümü tanıyandan - 4 yaşımdan musiqiyə böyük həvəsim olduğunu xatırlayıram. Kiçik yaşlarımdan korifey sənətkarlarımızı - Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Xan Şuşinskini, Nəzakət Teymurovanı dinləyirdim. İlk dəfə 8 yaşımda Azərbaycan Dövlət televiziyasında, dövlət tədbirində əlimə mikrofon alıb səhnəyə çıxmışam. O günü heç unutmaram, kiçik bir qız idim, "Qarabağ” mahnısını səsləndirirdim. Bundan başqa, "Natəvan” filmində balaca qızı canlandırmışam. 9 yaşımda Bakı Uşaq Filarmoniyasında "Leyli və Məcnun” tamaşasında Leyli rolunu oynamışam. Yəni özümü tanıyandan bu sənətin arzusunda olmuşam.

- İncəsənət sahəsində çalışmaq, tanınmaq bir xanım üçün nə qədər uğurludursa, bir o qədər də çətindir. Ailənizdə seçdiyiniz sənətlə bağlı etiraz edən olubmu?
- Əksinə, valideynlərim məni çox dəstəkləyiblər. Onların gözəl səsi olsa da, bu sənətdə addım atıb tanınmaq qismət olmayıb. Uşaq yaşlarımdan anam məni bütün tədbirlərə, konsertlərə aparırdı. O zaman Kainat Muğam Festivalında iştirak etmişəm. Yadımdadır ki, 13 yaşımda orada birinci yerə layiq görülmüşəm.
- Kumiriniz kim olub? Ümumiyyətlə sənətdə kimin yolunun davamçısı olmaq istəmisiniz?
- Adətən deyirlər ki, ilk dəfə kimi dinləyirsənsə, ondan nəsə götürürsən. Hər zaman istəmişəm ki, öz yolum, özünəməxsus mahnıların və seçdiyim sənətdə öz izim olsun. Səsləndirdiyim mahnılar xalq tərəfindən sevilərək dinlənilsin. Bu hər xanəndəyə qismət olmur. Şükürlər olsun ki, bu gün özümə məxsus mahnılarım var. Bu baxımdan işlərimdə Yaqub Cavadov mənə çox kömək olur.
- Şuşa Azərbaycan musiqisinin məbədidir, musiqi beşiyidir. Yəqin ki, gözəl səsə malik olmanızda genetik kodlar da öz rolunu oynayıb.
- Bəzən deyirlər ki, Qarabağlısansa, demək, səsin var. Mən buna çox inanıram. Genetik kod deyilən bir şey var. Bir də əgər tək olsaydım, bu sənətlə məşğul ola bilməzdim. Kim deyir ki, mən bu sənətdə hər şeyə tək nail olmuşam, inanmıram. Kolleci bitirdikdən sonra mənə dəstək lazım idi, onda Yaqub müəllimi tanıdım.
- Əslində Şuşalı ləqəbi ilə tanınan kifayət qədər ifaçılarımız var. Ləqəb seçərkən bu barədə düşünmüsünüzmü?
- Əlbəttə ki. Atam bizə tez-tez Şuşadan danışır. O, Şuşa həsrəti ilə yaşayır, torpağına bağlı insandır. Öz torpağımı, elimi yaşatmaq üçün mən də Şuşalı ləqəbini götürdüm. Mən Bakıda doğulmuşam, Şuşanı görməmişəm, amma onun haqqında gözəl sözlər eşitmişəm. Atam hər zaman Cıdır düzündə keçirilən konsertlər, tədbirlər, festivallar haqqında ürəkdolusu danışıb. Ən böyük arzum Cıdır düzündə konsert proqramı ilə çıxış etməkdir.
- Hədəfləriniz nədir?
- Həyatda elə də böyük hədəfim yoxdur. Tək istəyim mahnılarımın sevilməsi, sənətimə hörmət olunmasıdır. Bu gün xalq artistimiz Zeynəb Xanlarova öz sanbalı, cəmiyyətdə ziyalı mövqeyi ilə bizə bir örnəkdir. İstəyirəm ki, sənətdə bir ağırlığım olsun. Bir də mahnılarımla Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyirəm.
- Bu gün sosial şəbəkədə məşhur olmaq daha rahatdır. Məşhurluğu əziyyətsiz əldə etmək üçün bu üsuldan yararlanmağı düşünmüsünüzmü?
- "İnstagram”da adi bir insan da məşhur olur və milyonlarla izləyicisi toplaya bilir. Hətta qeyd edim ki, musiqiyə aidiyyəti olmayanlar da bu platformada rahat şəkildə izləyici toplaya bilir. Mən "İnstagram”, "Youtube”da qısamüddətli məşhurluğu istəmirəm. Köhnə korifeylərimiz kimi sanballı mahnılar ifa edərək yaddaşlarda qalmaq istəyirəm. Əgər sizin dediyiniz üsulla məşhurlaşsam, bu, sabun köpüyü kimi müvəqqəti bir şey olacaq. Elə olduğu təqdirdə, bu gün məşhur ola bilərəm, ancaq sabah gündəmdən düşərəm, məni heç kim tanımaz. 3 günlük məşhurluq mənə lazım deyil. Mən sosial şəbəkə istifadəçisiyəm, səhifəmdə tədbirlərimizi və mahnılarımızı paylaşıram. Sosial şəbəkələrdə aktivəm və məni qane edən dərəcədə izləyicilərim var. Bacardığım qədər izləyicilərimin mesajlarını oxuyuram.

- Sizcə, yaxşı xanəndə olmaq üçün təhsilin rolu nə qədərdir?
- Əlbəttə ki, insanda Allah vergisi, istedad, musiqi duyumu ola bilər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ancaq peşəkar səviyyədə ifa etmək üçün təhsil mütləqdir. Musiqi dəyərlərimizi, onun kökünü öyrənmək üçün məlumatlı olmaq, təhsil mütləqdir. Xanəndə bilməlidir ki, nə oxuyur. Muğamın çox incəlikləri var, onların dərinliklərinə bələd olmaq lazımdır. Mənə bu istiqamətdə kömək edən müəllimlərimə, xüsusən də Qəzənfər Abbasova minnətdaram.
- Bu gün gənc xanəndələrə yaradılan imkanlar sizi qane edirmi?
- Muğam sənətimiz bu gün öz inkişaf dövrünü yaşayır. Muğamın dünyaya tanıdılması baxımından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik. Bundan başqa, ölkəmizdə muğam festivalları keçirilir, burada gözəl səsə malik olan istedadlı gənclərimiz tanınır, onlar beynəlxalq festivallarda iştirak edirlər.

- Sizcə, tanınmaq üçün festival kifayət edirmi?
- Bu gün məşhur olmaq çox asandır. Tanınmaq üçün sosial şəbəkələr hər cür imkan yaradır. Ancaq mən mahnılarımla, sənətimlə tanınmaq istəyirəm. Kolleci bitirdəndən sonra mənə çətin gəlirdi və düşünürdüm ki, görəsən necə səhnəyə çıxacağam? Bura qədər hər şeyi bilirəm, bundan sonra nə olacaq? Belə məqamda sənə kiminsə dəstək olması vacibdir.
- Səs, bəxt, sponsor, gözəllik - bunlar qısa zamanda məşhur olmaq üçün kifayət edirmi?
- Məncə, bunun hamısı olmalıdır. Maddiyyat da, səs də, prodüser də lazımdır. Səs işin əsas tərəfi deyil. Hazırda elə gözəl səsə sahib olanlar var ki, onları heç kim tanımır. Dəstəksiz heç kim inkişaf edə və tanına bilməz. Bir də insanın içindəki həvəsdən çox şey asılıdır. İnsanın məqsədi olmalıdır və o məqsədə doğru getməlidir.
- Bəs siz muğam festivallarında nə üçün iştirak etmirsiniz?
- Açığı, elə bir istəyim olmayıb. Arzulamamışam ki, muğam festivallarına qatılım, kimsə məni qiymətləndirsin. Düzdür, münsiflər heyəti üzvlərinin təcrübələri qədər yaşım yoxdur. Onların hər birinə ayrı-ayrılıqda böyük hörmətim var. Festivala qatılanlar da sözün həqiqi mənasında çox istedadlı gənclərdir. Ancaq mənim öz mahnılarım var, bacardığım qədər oxuyuram. Bu müsabiqələr xanəndələri tanıdır, ancaq bu müsabiqənin elə birinciləri var ki, bu gün gündəmdə yoxdurlar. Demirəm yaxşı oxumurlar, əsla. Hər biri gözəl səsə malikdir. Bu sənət elədir ki, gərək daim üzərində işləyəsən. Əsas odur ki, müsabiqədən sonra özünü doğrulda, sənətdə qala biləsən. Hesab edirəm ki, müsabiqəsiz də tanınmaq mümkündür. Mən uşaq yaşlarımda festivallarda iştirak etmişəm. Müsabiqə insanda özgüvən yaradır və mən bu mərhələni uşaq yaşımda keçmişəm. Bu yola özümə güvənərək başlamışam. Mənim səsim var ki, festivalda qalib olmuşam. Bu gün mahnılarım dinlənilir, sevilir. Türkiyədə 4 dəfə festivalda iştirak etmişəm. Nəinki qardaş ölkədə, eləcə də Yunanıstanda, İtaliyada, Gürcüstanda və başqa ölkələrdə festivallarda Azərbaycanı təmsil etmişəm. Xarici festivallarda daha çox "Qarabağ şikəstəsi”ni səsləndirmişəm.

- Özünüzü şou-biznesin nümayəndəsi hesab edirsinizmi?
- Sənətdən kənar nəyləsə, qalmaqalla gündəmə gəlmək istəmirəm. Çox istəyirəm ki, sənətimlə, səsimlə tanınım.
- Hesab edirsiniz ki, qalmaqalla məşhurlaşmaq daimi deyil?
- Biz bunları görərək böyümüşük. Qalmaqalla gündəmə gələnin ömrünün nə qədər olduğunu da görmüşük. Kimin sənəti varsa, gündəmdə o qalır. Sənəti olmayan müvəqqətidir. Nələrsə etməyə çalışır, ancaq sonradan yenə sönür.

- Hazırda yeni mahnınız varmı?
- Bəli, hazırda sözləri Firuz Mustafaya, musiqisi Məzahir Səmədoğluya məxsus "Bu, sevgidir deyəsən” mahnısı üzərində çalışıram. Yaxın zamanlarda mahnının təqdimatı keçiriləcək.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər