AZE | RUS | ENG |

22 yaşlı Prezident mükafatçısı - Örnək

22 yaşlı Prezident mükafatçısı - Örnək
Sara Rəcəbli: “Bilirdim ki, işləyəcəm, zəhmət çəkəcəm, əziləcəm, yıxılacam, amma qalib gələcəm”

Məktəbdə və universitetdə aktiv fəaliyyəti onu bütün arzularına sürətlə qovuşdurub. İstəyi, əzmi və məqsədi ona 22 yaşında Prezident mükafatını qazandırıb. Məqsədi 30 yaşına qədər Azərbaycanın ən uğurlu qadınlarından olmaqdır.

Müsahibimiz Prezident mükafatçısı, fəal gənc, "BUTA Art Sweets”-in rəhbəri Sara Rəcəblidir.
 
1996-cı ildə Sumqayıtda anadan olub. Orta məktəbi bitirdikdən sonra 616 balla Azərbaycan Turizm və Menecment Universitetinin turizm və hotelçilik ixtisasına qəbul olunub: "Tələbəlik illərindən özümə söz verdim ki, könüllülük fəaliyyətim güclü olacaq. Müxtəlif təlimlərdə iştirak edəcəyəm ki, maraqlarımı müəyyənləşdirim. Turizmi çox sevirdim və ixtisasımı da müəyyənləşdirmişdim. Amma çox istəyirdim ki, turizmdə sosial dəyər yaradan bir layihədə iştirak edim. 2014-2015-ci illərdə Almaniyada təşkil olunan proqramda iştirak etdim, təqaüd qazanan iki tələbədən biri idim”.
 

 
- 20-21 yaşında sosial biznes layihəsi yaratmaq ideyası necə yarandı?
- Birinci kursdan sosial sahibkarlığa aid treninqdə iştirak etmişdim. Daha sonra onu internetdə araşdırmağa başladım. Sosial sahibkarlığın xüsusilə Banqladeşdə olan müsbət formalarını oxuyurdum. Düşünürdüm ki, sosial problemi biznes yolu ilə necə həll edə bilərəm. Çünki QHT-lər, fondlar, xeyriyyə təşkilatları neçə vaxtdır sosial problemləri təmənnasız olaraq, heç bir maraq güdmədən həll edirlər. Amma sosial sahibkarlığın QHT-dən əsas fərqi odur ki, mənim bir məhsulum var və onun satışı ilə sosial problemi həll edirəm. Heç kimdən asılı olmuram, qrant almıram. Özüm-özümü davamlı şəkildə inkişaf etdirə bilirəm. Yəni mən sosial problemi kapitalizmin ən yaxşı, ən effektiv yolu ilə həll edə bilirəm.
 
 - Bəs nə üçün sosial sahibkarlıq və hansı uğurlarınız oldu? 
- O dövrdə mən həm səyahət edir, həm oxuyur, həm işləyirdim. 18 yaşımda ilk dəfə tək səyahət etdim və Azərbaycana qayıdanda bir çox proqramlarda iştirak etdim. Qazandığım təqaüdlərlə Azərbaycanı 12 ölkədə təmsil etdim. 2017-ci ildə universiteti bitirdim və qərar verdim ki, artıq sosial sahibkarlığa başlamalıyam. 160 manatla "BUTA Art Sweets” layihəsini yaratdım. Fikirləşirdim ki, tək sosial layihə yaratsam, kimdənsə asılı olacağam və o, davamlı olmayacaq. Bu səbəbdən daha çox sosial sahibkarlıq konsepsiyasını araşdırmağa başladım. Belə bir qərara gəldim ki, Azərbaycanda ən çox istifadə olunan məhsullardan biri şirniyyat olur. Ona da sosial dəyəri əlavə edib bizim xanımlara da dəstək olum. Buna görə də sosial biznes layihəsi yaradım. Gedib şirkətlərə müraciət edirdik. Əlimdə olan 160 manatı xanımlardan olan şirniyyat sifarişlərinin alınması üçün sərf etdim. İlk dəfə müraciət etdiyimiz əksər yerlərdən "yox” cavabı aldıq. Layihəni yaratmağımın da məqsədi xüsusi ehtiyacı olan xanımların hazırladığı ev şirniyyatlarının satışı ilə işsizlik problemini həll etmək idi. Qısa zamanda çox böyük uğurlara imza atdıq. Həmin uğurlardan biri də Qlobal Bakı Forumu çərçivəsində olan əməkdaşlıq idi. Qlobal forumda iştirak edən nazirliklərin, böyük şirkətlərin nümayəndələrinə mini xonçalar təqdim edib, mini şirniyyatlar hazırlamışdıq. Üstəlik, bu şirniyyatlar fiziki məhdudluğu olan xanımlar tərəfindən hazırlanırdı. Bütün qonaqlar bu şirniyyatlardan razı idi. Biz onun üstündə xüsusi məktub da yazmışdıq ki, əlavə pozitiv emosiya ötürə bilək. Bizim hekayəmiz BBC, Avropa İttifaqının rəsmi media kanalında, Latviyanın milli TV kanalında, müxtəlif beynəlxalq və yerli kanallarda yayıldı. İlk dəfə idi ki, Azərbaycanın sosial biznes layihəsi kimi biz BMT-də təmsil olunmuşduq.
 

 
- "BUTA Art Sweets”-in neçə əməkdaşı var? 
- Hazırda komandamızda 15 xanım çalışır. Menyumuzda 30-dan çox şirniyyat növü var. 50-dən çox tədbirlərlə əməkdaşlıq etmişik. 70-dən çox tərəfdaşımız var. Biz çalışırıq ki, master-klaslar təşkil edək, bir çox media qurumları ilə də əməkdaşlıq əlaqələri quraq. 8 ölkədə təmsil olunduq. Azərbaycanın Prezident mükafatını qazanan ilk sosial biznes brendinə çevrildik. 
 
- Yəqin ki, yaşınızın az olması ilə bağlı ilk vaxtlar layihənizə inananlar və dəstəkləyənlər çox olmayıb...
- Bəli. Sahibkarlıq layihəsini ilk dəfə yaradanda hamı mənə demişdi ki, bu lazımsız ideyadır. Sosial biznes konsepsiyanı insanlara çatdırana kimi çox əziyyət çəkdik. 8 ay ərzində müxtəlif seminarlar, treninqlər təşkil etdik. Hazırda da bir çox şirkətlərlə, qurumlarla, təşkilatlarla əməkdaşlıq edirik. 
 
- Sizcə, insanlara çətinliklə izah edə biləcəyiniz layihəni yaratmaq risk deyildimi?
- Risklər bizim həyatımızda hər vaxt var. Evdən çıxanda da başımıza hadisə gələ bilər. Evdən çıxmağın özü də bir riskdir. Biz bu haqda düşünmürük, çünki həmin günü yaşamaq istəyirik. Neqativ anları heç fikirləşmirik. Təbii ki, mənim də layihəm alınmaya bilərdi. Çox adam dedi ki, bu heç kimə lazım deyil. Bu ideyanı özüm bəyənirəmsə, bunun cəmiyyətə xeyri olduğunu düşünürəmsə və hər hansı sosial dəyəri varsa, insanların həyatına təsir edirsə, bu, uğursuz ola bilməz. Təbii ki, alınmaya bilərdi. Amma mən bu haqda düşünmürdüm. Sadəcə düşünürdüm ki, işləyəcəyəm, zəhmət çəkəcəyəm, əziləcəyəm, qırılacağam, yıxılacağam, amma qalib gələcəyəm. Çünki sosial sahibkar elə bir insandır ki, 24 saat öz layihəsi haqqında fikirləşməlidir. Onun üçün 6 saatlıq iş qrafiki mövcud deyil. O daimi inkişaf haqqında fikirləşir. Həm intellektual zəhmət, həm də fiziki zəhmət öz bəhrəsini verir. Əslində yararsız ideya yoxdur. Bəşəriyyətdə ən pis ideyalar belə çox uğurlu olub. Sadəcə, o ideyanı qəbul etməyən cəmiyyət, ətraf mühit var. Bu ideyanı qəbul etdirmək üçün ilk öncə mən özüm ona inanmalıyam ki, başqalarını da inandıra bilim. Bu işə tək başladım. Komandamı yığmaq istədim, uğursuz oldu, amma özümə söz verdim ki, tək olsam da, geri addım atmayacağam. Belə də oldu. Daha sonra yeni komandalar bizə qoşuldu. 

Ən böyük səhvimiz odur ki, biz yeni layihələr yaradanda neqativə köklənirik. Camaatın fikrinə daha çox qulaq asır, öz içimizdəki səsi dinləmirik. Özümüzü dinləsək, uğur qazanarıq.
 

 
- Müsahibələrinizdən birində "6-cı sinifdən uğurlu olacağımı özümə söz vermişəm” demisiniz. 
- Bəli. 6-cı sinifdə özümə söz verdim ki, universitetə yüksək balla girəcəyəm. Turizm üzrə ixtisaslaşacağam. Coğrafiyanı çox sevirdim. Çox ölkələri gəzmək istəyirdim. Aktiv fəaliyyətimin olmasını istəyirdim. Çünki Sumqayıtda orta məktəbdə oxuyurdum və Bakıdakı uşaqlara həmişə paxıllığım tuturdu ki, onlar bir çox imkanlardan istifadə edə, sərbəst ingilis dilində danışa bilirdilər. Bu məndə həmişə kompleks yaradırdı ki, məndən bir sinif aşağı oxuyan uşaqlar məndən daha yaxşı ingilis dilində danışır, beynəlxalq layihələrdə Azərbaycanı təmsil edirdilər. Mən o qədər də imkanlı ailədə doğulmamışam. Həmişə çətinliklərlə üzləmişəm. Daim bizim müxtəlif ehtiyaclarımız olub. Həmişə nəyinsə çatışmazlığını, problemini hiss etmişəm. Ona görə də bu məndə daha çox istək, stimul yaradırdı ki, öz istəyimi öz istədiyim kimi qurum. Özüm istədiyim kimi yaşayım, konkret məqsədlər qoyum və xəyallarımın arxasınca gedim. Məqsədlərimə çatmaq üçün 30 yaşa qədər vaxtım var. Bir çoxunu artıq həll etmişəm. Özümü inkişaf etdirmək üçün müxtəlif layihələrə, treninqlərə gedirdim. Bir yerdə oturmaq istəmirdim. Zaman bizə verilən ən dəyərli resursdur. Pul gəldi-gedərdir. Onu qaytara da bilərik. Amma zamanı ancaq itirə bilərik. O qayıtmır. Ona görə də zamanımızdan çox düzgün şəkildə istifadə etməliyik. 
 
- 22 yaşında Prezident mükafatını almaq necə bir hissdir?
- İlk dəfə mükafat haqqında eşidəndə inanmadım. Çünki heç vaxt mükafata görə çalışmamışam. Mənim üçün ən böyük mükafat həmin xanımlara dəstək olmaq idi. Həyatımda olan ən ali mükafatdır. 6 nəfərdən biri olmaq mənim üçün qürurdur.
 
Aygün ƏZİZ
 




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301