• çərşənbə axşamı, 16 aprel, 20:44
  • Baku Bakı 18°C

Qlobal iqlim dəyişikliyi bizi hara aparır?

14.01.20 11:00 850
Qlobal iqlim dəyişikliyi bizi hara aparır?
Ekspertlər deyir ki, insanlar imkan versə, təbiət özünü bərpa edə bilər
Ötən il dünyada meteoroloji müşahidələr içərisində ən isti dövr olub. AZƏRTAC xəbər verir ki, bu məlumatı Avropanın İqlim Dəyişikliyi Xidməti yayıb. Təşkilat bildirib ki, ümumilikdə, son on ildə temperatur artmağa davam edir. 2014-2019-cu illər isə ardıcıl olaraq ən isti dövrlər kimi yadda qalıb. 2016-cı ildə "El Nino” təbiət hadisəsi Yer kürəsində orta temperaturun 0.2° C artmasına səbəb olub. Son ildə isə temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1.2° yüksək olub. 1981-ci illə müqayisədə artım 0.6° təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır. Həmçinin dağlarda çaylarımızı qidalandıran qar örtüyünün azaldığı da qeydə alınır.
Bəs görəsən qlobal iqlim dəyişikliyi artan dinamika davam edəcəkmi? Yoxsa təbiət özü-özünü sağalda biləcək?
Coğrafiya elmləri doktoru Çingiz İsmayılov deyir ki, qlobal iqlim dəyişikliyinin müxtəlif səbəbləri var. Amma bu məsələdə təkcə insan fəaliyyətinin təsirini günahlandırmaq doğru deyil: "Bu barədə konkret proqnoz vermək çətin məsələdir. Qlobalistiləşmə prosesi artıq bir neçə ildir ki, başlayıb. Bunun əsas səbəbi də atmosferə atılan tullantıların və karbon qazlarının artması ilə bağlıdır. Belə bir şəraitdə iqlim dəyişikliyi tamamilə təbii bir prosesdir. Amma bu prosesin yaxın gələcəkdə necə davam edəcəyi dəqiq bəlli deyil. Hələlik istiləşmə meylləri artmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə karbohidrogen ehtiyatlarının istehlakı azaldılmalıdır. Bu zaman atmosfer və ekologiyanın çirklənməsi nisbətən azalacaq. Ekoloji çirklənmə səbəbləri təbii və texnogen olmaqla iki qrupa bölünür. Texnogen proseslər insanların fəaliyyəti nəticəsində baş verir. Təbii proseslər isə tarix boyu müşahidə olunub. Buzlaşma və istiləşmə zaman-zaman bir-birini növbələyib. Hələ insanların olmadığı dövrdə təbiətdə buzlaşma dövrü olub. Daha sonra isə bu, özünü istiləşmə ilə əvəz edib. Qlobal iqlim dəyişiklikləri ilə bağlı müxtəlif fərziyyələri nəzərdə saxlamaq lazımdır. Hər şeyi birmənalı olaraq insan fəaliyyəti ilə olaraq bağlamaq da düzgün deyil. Təkcə insan fəaliyyəti nəticəsində qlobal istiləşmə ola bilməz. Hal-hazırda təbii və texnogen proseslər üst-üstə düşür. Ona görə də ekoloji tarazlıq pozulur. Düzdür, insan fəaliyyətinin də bu məsələdə rolu böyükdür. Əgər texnogen proseslər dağıdıcı şəkildə uzun müddət davam etməzsə, təbiət özü-özünü tənzimləyəcək. Çünki ən yaxşı tənzimləyici təbiət özüdür. Hal-hazırda okeanın böyük hissəsi plastik kütlələrlə örtülüb. Bu, çox təhlükəli haldır. Okean iqlimin formalaşmasında rol oynayan
əsas amillərdən biridir. Okeanda gedən proseslər iqlim proseslərinə birbaşa təsir göstərir. Qeyd etdiyim kimi, əgər insan fəaliyyəti yaxın gələcəkdə təbiətə dağıdıcı təsir etməsə, iqlim prosesləri nizama düşəcək”.
Ekoloq Telman Zeynalov bildirdi ki, qlobal iqlim dəyişikliyi ümumbəşəri bir məsələdir və hər kəsi narahat etməlidir. Buna görə də böyük dövlətlər qabaqlayıcı tədbirlər planı hazırlamalıdır: "Qlobal iqlim dəyişikliyi təhlükəli xarakter daşımağa başlayıb. Ekoloji çirklənmənin qarşısı alınmazsa, bu proses daha da dərinləşəcək. Hal-hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Böyük dövlətlər öz maraqlarını müdafiə edir. Amma bu məsələ ümumbəşəri bir məsələdir. Təbiət özü-özünü sağalda bilər. Amma insanlar buna imkan vermir. Kimyəvi silahlar, atom bombaları, nüvə enerjisi təbiətin korlanmasına gətirib çıxarır. Karbohidrogen qazı təbiətə böyük ziyan vurur. Bunun nəticəsidir ki, uzun müddətdir ki, istiləşmə prosesi davam edir və buzlaqlar əriyir. Ən soyuq ölkələrdə belə qar yağmır. Meşə yanğınları artıq adi hala çevrilib. Bu məsələ ilə bağlı dövlətlər bir razılığa gəlməlidir. Ekoloji tarazlığın bərpası üçün təbiətə vurulan ziyanın həcmi azaldılmalıdır. İqlim dəyişikliyi bütün canlılara mənfi təsir edir. Amma insanlar bunun fərqində deyil. Son illər ərzində iqlim dəyişikliyinin ağır fəsadları müşahidə olunmağa başlayıb. Bunun nəticəsidir ki, artıq fəsillər öz yerinidəyişib. Şübhəsiz ki, istilik artdıqca təbiətə dəyən ziyanın miqdarı da artacaq. 50 ildir ki, alimlər bu haqda elmi tədqiqat işləri aparır. Amma hələlik ciddi nəticə yoxdur. Müxtəlif qabaqlayıcı tədbirlər planı hazırlansa da, nəticə qənaətbəxş deyil. Ona görə də bu istiqamətdə ciddi iş aparılmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər