AZE | RUS | ENG |

Əngəlləri çiyin-çiyinə aşan qardaşlar - Portret

Əngəlləri çiyin-çiyinə aşan qardaşlar - Portret
Onlar insan iradəsinin sərhədsizliyini nümayiş etdirirlər

Nurlan Babacanov: "Çətinliyin üzərinə getdikcə, görürsən ki, heç nə mümkünsüz deyil. Sadəcə, inanmaq lazımdır".
 
Əli Babacanov: "Ölkəmizin bayrağını dalğalandırıb, himnini səsləndiririk. Bizə "əngəlli" sözü yaraşmır".
 
Flora Babacanova (ana): "Onların əlilliklərinə görə heç vaxt sıxılmamışam. Çalışmışam ki, aktiv həyat tərzi keçirsinlər, heç kimdən geri qalmasınlar. Həmişə hiss etmişəm ki, övladlarım həyatda öz yerlərini tapacaqlar. Hər keçən gün əminliyim daha da artır. Çox ağıllı, məqsədli uşaqlardır. Sağlam, ya da fiziki məhdudiyyətli, fərq etməz, inanıram ki, bizim hekayəni oxuyan bütün insanlar özü üçün faydalı nəsə götürəcəklər".

Uşaq serebral iflicindən əziyyət çəkən Nurlan və Əli Babacanovları bir-birinə yaxınlaşdıran səbəblər, fiziki məhdudiyyət və ailə bağları ilə yekunlaşmır. Onlar həm də komanda yoldaşıdırlar. Uşaqlıqdan idmana meyillənən qardaşlar, qısa müddətdə xeyli yol qət edərək, Azərbaycan para-pauerliftinq yığmasına cəlb olunublar. Son Avropa çempionatının üçüncüsü, 27 yaşlı Nurlan millimizin aparıcı üzvlərindən birinə çevrilibsə, ondan dörd yaş kiçik olan Əli, Avropa rekordunu yeniləyib, dünya kubokunun gümüş mükafatını qazanıb. Hədəfləri də birdir - olimpiya zirvəsi!

Öncədən vurğulayaq ki, Nurlan 2020-ci ildə Tokioda təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmağa çox yaxındır. Dünya reytinqində 13-cü pillədə qərarlaşan Avropa mükafatçısı, bunun üçün "səkkizliy"ə düşməlidir.
 

 
İki ay bəs edir
 
Gəncədə, çilingər Sahib Babacanovun ailəsində doğulub, boya-başa çatan qəhrəmanlarımız, orta təhsillərini ev rejimində olmaqla, şəhər 18 saylı məktəbdə alıblar. Dərslərini orta qiymətlərlə oxuyan qardaşlar, əsas diqqətlərini idmana yönəldiblər. Lakin bu, uzun müddət sadəcə, reabilitasiya əhəmiyyəti kəsb edib. Belə ki, onlar 2004-cü ildə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nəzdində fəaliyyət göstərən Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinə üz tutaraq, altı il idman dərslərində iştirak ediblər.

2010-cu ildə isə Babacanovlar, müəllimləri, həm də ağır atletika üzrə mütəxəssis olan Natiq Əliyevin təşəbbüsü ilə pauerliftinqin sıralarına qoşulublar. Valideynlərinin də xeyir-duasını alan, hər an onların böyük dəstəyini hiss edən qardaşlar, tezliklə yarışlara qatılaraq, nəticələr göstərməyə başlayıblar. Çox maraqlıdır ki, Nurlan sağlam idmançılar arasında Azərbaycan çempionatında üçüncü yeri tutarkən, cəmi iki aylıq məşq təcrübəsinə malik olub.
 

 
Əlinin "cavab"ı
 
Qardaşının uğurundan ilhamlanan Əlinin də nəticələri özünü çox gözlətmir. Kiçik Babacanov 2011-ci ilin sonunda baş tutan ağır atletikanın "bench press" növü üzrə respublika birinciliyində bürünc medalın sahibi olur. Nurlan isə sözügedən yarışda "gümüş"ü boynundan asır. Beləcə, onlar mütəmadi olaraq, həm sağlam, həm də fiziki məhdudiyyətli ağırlıqqaldıranlar arasında təşkil edilən ölkədaxili yarışların qalib və mükafatçıları olurlar. Bununla yanaşı, şəxsi göstəricilərini də durmadan yaxşılaşdıran Babacanovlar, para-pauerliftinq üzrə yığmamızın baş məşqçisi İlqar İbişovun da diqqətini çəkməyi bacarırlar. Lakin maraqlıdır ki, beynəlxalq yarış təcrübəsini ilk dəfə Əli yaşayır. 2015-ci ildə Dubayda keçirilən dünya kubokuna qatılan kiçik Babacanov, bir "güllə” ilə iki hədəfi vurur. Belə ki, o, həm debütünü "gümüş"lə qeyd edir, həm də gənclər arasında yeni Avropa rekordu müəyyənləşdirir.
 
Debüt ənənəsi

Nurlanın ilk belə sınağı isə 2017-ci ildə Macarıstanda baş tutan dünya kubokuna təsadüf edir. Eger şəhərinin ev sahibliyi etdiyi mötəbər yarışda 88 kiloqram çəki dərəcəsində çıxış edən Babacanov, qardaşından geri qalmayaraq, debütünü bürünc medalla əlamətdar edir. Bu nəticə ilə ilin sonunda Meksikada keçirilən dünya çempionatına vəsiqə qazansa da, təcrübəsi, dünyanın ən güclülərinin qatıldığı mundialda mükafatçılar sırasına düşmək üçün yetərli olmur.
 
 
 
Fransada tarixi uğura töhfə 
 
2018-ci ilin təqvimində mundial yer almadığından, ilin əsas yarışı Fransada baş tutan açıq Avropa çempionatı idi. İki "qızıl dubl"la tarixi uğura imza atdığımız sözügedən yarışda, yeganə digər əyyarlı medalımız Nurlanın sayəsində qazanılır. 97 kiloqram çəki dərəcəsində mübarizə aparan böyük Babacanov, 197 kiloqramı ram edib, fəxri kürsünün üçüncü pilləsinə yüksəlir.

Bir neçə gün öncə isə o, Birləşmiş Ərəb Əmirliklərində növbəti dünya kubokunda sınaqdan keçirilib. 190 kiloqram nəticə ilə 14 iştirakçı arasında altıncı olan Nurlan, qarşıdakı yarışlarda göstəricisini bir qədər də yaxşılaşdırmalıdır. Tokio paralimpiadasınadək isə pauerliftinqçiləri lisenziya xarakterli üç yarış gözləyir. Bunlar apreldə Macarıstanda baş tutacaq dünya kuboku, iyulda Qazaxıstanda təşkil ediləcək mundial və növbəti ilin əvvəllərində BƏƏ-də keçiriləcək dünya kubokudur.

Göründüyü kimi, Əli cari tsikldə beynəlxalq arenaya çıxmayıb. Buna yaşının azlığını əsas gətirən məşqçilər, onunla bağlı planlarını "Paris-2024" üzərində qurub. Onlar kiçik Babacanovun potensialının növbəti tsikldə tam açılacağını düşünür, qələbələri sıralayacağına şübhə etmədiklərini söyləyirlər.
 

 
Dörd paralimpiadaya iddialı məşqçi

Gəncədə yaşayan Babacanovlar, hazırlıqlarını Natiq Əliyevin yanında keçirlər. İdmanda addım atdığı ilk günlərdən qəhrəmanlarımızın yanında olan sözügedən mütəxəssis hesab edir ki, onlar ən azından dörd paralimpiadada ölkəmizi təmsil edə bilərlər: "İlk günlər mən bu uşaqlarla sırf sağlamlıq proqramı əsasında məşq edirdim. Bir gün müşahidə etdim ki, fiziki güclərinə görə digərlərindən çox fərqlənirlər. Onlarda fövqəladə gücü var idi, peşəkar idmançıların qaldırdığı ağırlığın öhdəsindən rahatlıqla gəlirdilər.

Ümumiyyətlə, ikisi də fitri istedad, eyni zamanda zəhmətkeşdir. Məncə, onlar sözlərini hələ çox deyəcəklər. Pauerliftinqdə uğurlar əsasən 30 yaşdan sonra başlayır. Odur ki, ən azından, dörd paralimpiadada biz Nurlan və Əlini görə bilərik. Bu gün qarşımıza qoyduğumuz əsas məqsəd Nurlanın Tokioya lisenziya qazanmasıdır. Ümid edirəm ki, o, bu vəzifənin öhdəsindən gələcək. Əks halda, çox böyük təəssüf hissi keçirəcəyik".
 

 
Digər hədəf - ali təhsil
 
Onların maraq dairəsi idmanla çərçivələnməyib. Hər ikisi özünü həm də zehni cəhətdən inkişaf etdirməyə meyillidir. Mütəmadi kitab oxuyur, film izləyir, xarici dil biliklərini artırırlar. Filmlərlə arası daha yaxşı olan Nurlan ingilis, detektiv əsərlər oxumağı xoşlayan Əli isə rus dilini orta səviyyədə bilir. Ali təhsil almaq niyyətində olan qəhrəmanlarımız, vətənə xidmətlərini idman arenalarından kənarda da davam etdirmək arzusundadırlar.

Çox xüsusiyyətlərinə görə bənzər olsalar da, kumirlə bağlı sualımıza aldığımız cavablar fərqli oldu. Belə ki, Nurlan ağır atletikanın canlı əfsanəsi Naim Süleymanoğlunu, kiçik Babacanov isə dahi boksçu Məhəmməd Əlini özünə örnək seçib.
 

 
"Başqa növdə özümüzü təsəvvür etmirik"
 
Yay Paralimpiya Oyunlarında indiyədək 40-dək mükafat qazansaq da, pauerliftinqçilərimiz hələ ki, medal hesabını aça bilməyiblər. Azərbaycan idmançılarının zirvə yarışında ən uğurlu olduğu növ isə atletikadır. Qəhrəmanlarımızın məhdudiyyətləri atletika növlərindən olan atmalarda da çıxış etməyə imkan verir. Bu amilləri nəzərə alıb, nə vaxtsa özlərini atmalarda sınamaq niyyətinə düşüb-düşmədikləri, ümumiyyətlə, bu barədə onlara hər hansı təklifin edilib-edilmədiyi ilə maraqlandıq. Məlum oldu ki, qardaşlar öz idman növlərini həm də həyat tərzi hesab edirlər. Nurlanın bu sözlərinə Əli də şərikdir: "Bu barədə heç bir təklif gəlməyib. Təklif olsa belə, biz pauerliftinqdən uzaqlaşmarıq. Bu növə çox bağlanmışıq, başqa növdə özümüzü təsəvvür etmirik".
 

 
Portret

Fiziki məhdudiyyət uğura gedən yolda əngəl deyil. Babacanovların timsalında buna bir daha şahid oluruq. Heç bir maneə tanımadan, çiyin-çiyinə zirvəyə doğru addımlayan qardaşlar, insan potensialının tükənməzliyini, istək, iradə olandan sonra hamının hər şeyi bacara biləcəyini bir daha nümayiş etdirirlər. Bizə isə onlardan öyrənmək, atdıqları addımın izini itirməmək düşür.

Sahib


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779