• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Yeni ildə uşaqları hara aparaq?

19.12.17 11:00 3542
Yeni ildə uşaqları hara aparaq?
2018-ci ili qarşılamağa sayılı günlər qalıb. Yeni il yeni çoşğu, həvəs, gözəl günlərin xəbərçisidir. Deyirlər, köhnə ili necə yola salarsansa, yeni ili elə keçirərsən. Yeni ilin gəlməsinə isə daha çox uşaqlar sevinir. Çünki Yeni il Şaxta baba, Qar qız, şam ağacı, hədiyyələr – bayram deməkdir. Bayram günlərində uşaqların istirahətini səmərəli keçirmək üçün mədəniyyət ocaqlarımız maraqlı repertuarlar təqdim edirlər. Biz də valideynlərin bu bayram günündə işlərini yüngülləşdirmək üçün mədəniyyət ocaqlarımızın Yeni ilə necə hazırlaşdıqlarını və uşaqlara hansı şənlikləri hazırladıqlarını öyrəndik.
Yeni il üçün zəngin repertuarımız var
İlk olaraq Heydər Əliyev Sarayının sözçüsü Anar Fərəczadə ilə əlaqə saxladıq. Onların Yeni ildə uşaqlara nə vəd etdiklərini soruşduq. A.Fərəczadə deyir ki, ölkənin ən böyük konsert salonu olan Sarayda Yeni il üçün uşaqlara zəngin repertuar təqdim olunacaq: "Dekabrın 24-də Heydər Əliyev Sarayında "Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası təqdim edəcəyik. Belə ki, Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır və onun bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər.
Bundan başqa, şənlikdə Şaxta Baba Vupsen və Pupseni ifşa edir və hamı sevinclə Yeni ili qarşılayır. Dekabrın 29 və 30-da Heydər Əliyev Sarayının səhnəsində "Fiksi-şou: Zaman xilasediciləri” ("Fiksi-şou: Spasateli vremeni") adlı çox gözəl uşaq tamaşası təqdim olunacaq. Bu Yeni il tamaşası "Fiksiklər" ("Fiksiki") serialının motivləri əsasında hazırlanmış lisenziyalı tamaşadır. Fiksiklər effektli şəkildə peyda olacaqlar. Nolik zalın üzərindən təyyarə ilə uçaraq tamaşaçıları və DimDimıçı kiçildəcək ki, hər bir uşaqla ayrıca tanış olsun (və bu, həqiqətən baş verəcək!), birlikdə oynasınlar və şənlənsinlər. Lakin oyuna çağırılmamış qonaq qarışır... Kompüter Botu dünyada ən əsas saatları həmişəlik dayandırmaqla hədələyir!
Dekabrın 23-də Heydər Əliyev Sarayında "Barboskinlər və ya kitab rəfinin sirri" adlı uşaq tamaşası təqdim ediləcək. Yeni il hətta ən mümkünsüz hadisələrin baş verə biləcəyi, möcüzələrin gerçək olduğu, nağılın isə həqiqətən inanıldığı halda canlandığı vaxtdır. "Barboskinlər və ya kitab rəfinin sirri" tamaşasında Barboskinlərin ailəsini bu dəfə növbəti həyacanlandırıcı və əyləncəli səyahət gözləyir”.
Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün "Yeni il gəlir, xoş gəlir” adlı interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək. Yeni ilin ən sevilən personajları olan Şaxta Baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə olacaq, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə sevindirəcək və onlarla birgə əylənəcəklər. Azyaşlı tamaşaçılara təqdim olunacaq bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edəcək. İlk dəfə təqdim olunacaq Veniamin şou proqramı Yeni ilin gəlişini səbirsizliklə gözləyən uşaqların əyləncəsinə əlavə rəng qatacaq. Saat 13:00-da başlayacaq şənliklərin biletlərinin qiyməti 6 manatdan başlayır.
"Rəqs edən pinqvinlər” uşaqların görüşünə gələcək
Akademik Milli Dram Teatrında da Yeni il şənlikləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bayram münasibəti ilə hazırlanan "Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.
Maraqlı dekorasiyası, nağılvari tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.
Tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev (Şaxta baba) aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Nono), əməkdar artistlər Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı (Lolo), Mehriban Xanlarova (La), Mirzə Ağabəyli və aktyor Elnur Qədirov (Luz), aktrisa Firuzə Balayeva (Yoyo) və aktyor Rüstəm Rüstəmov (Panda) çıxış edəcəklər.
Yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabr tarixlərində və eləcə də yanvarın 7-dək hər gün dörd seansda təqdim olunacaq.
"Qış nağılı”na qonaq olmaq istəyirsiniz?
Kukla Teatrı uşaqların Yeni il şənliyinə xüsusi hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova deyir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün "Qış nağılı” adlı yeni səhnə işi ərsəyə gətirir: "Teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi "Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcəyik. Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqili tərtibat əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir. Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların Küpəgirənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir. Zəngin səhnə tərtibatlı tamaşaya səhnədə qurulan möhtəşəm şam ağacı maraqlı bir ovqat qatacaq. Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər”.
Məlumat üçün bildirək ki, 27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans (saat 12:00, 14, 16) Azərbaycan, bir seans isə (saat 18:00) rus dilində göstəriləcək. Tamaşaya biletlərin qiyməti 3 manatdır.
"Qoğalın Yeni il macərası”na nə deyirsiniz?
Azərbaycan Dövlət Musiqili Teatrı da Yeni ilə ciddi-cəhdlə hazırlaşan teatrlardandır. Teatrdan verilən məlumata görə, onlar bu il "Qoğalın Yeni il macərası” adlı tamaşa hazırlayırlar. Yeni il şənlikləri 29 dekabr tarixində başlanacaq. Bu münasibətlə "Qoğalın Yeni il macərası” adlı Azərbaycan və rus dillərində tamaşa hazırlanır. Azərbaycan dilində hazırlanan tamaşanın quruluşçu-rejissoru Elməddin Dadaşovdur. E.Dadaşov deyir ki, bayram tamaşası uşaqlıqdan hamıya maraqlı olan "Qoğal” nağlının motivləri əsasında hazırlanır: "Yeni ilin müjdəçisi olan Şaxta baba Yeni il axşamı istəkli nəvəsi Qar qızı sevindirmək, təəccübləndirmək istəyir. O, bayram süfrəsi üçün Qar qızdan qoğal bişirməyi xahiş edir. Qar qız qoğal bişirir. Qoğal Şaxta baba və Qar qızdan qaçaraq meşəyə gedir. Hər şey də elə bundan sonra başlayır. Əyləncəli, macəra dolu hadisələr, oyunlar, sirli-sehrli, möcüzəli olaylar sürətlə bir-birini əvəzləyir. Məhz elə bu səbəbdən də biz tamaşamızı möcüzəli oyun adlandırmışıq”.
Səhnə əsərində balaca tamaşaçılar əyripəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. 29 dekabrdan etibarən hər gün dörd seansın keçirilməsi nəzərdə tutulur. Tamaşalar saat 10.30, 12.30, 14.30 və 16.30-da baş tutacaq.
"Hörümçək adam” ADGTT-nın səhnəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıyeni tamaşanın hazırlanmasına start verib. Kollektiv hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq yeni - 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılara maraqlı tamaşa hazırlayır. Bu dəfə teatr sevimli uşaqların görüşünə Sten Linin "Hörümçək adam” tamaşası ilə gələcək.
"İnanıram ki, digər tamaşalarımız kimi, bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda böyük marağa səbəb olacaq. Onlar hər il olduğu kimi, bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval-ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar, həm də böyüklərə gözəl bayram hədiyyəsi olacaq, onların sevincinə sevinc qatacaq” - teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov bu fikirləri yeni tamaşanın hazırlıq prosesinə başlayan yaradıcı heyətə xeyir-dua verərkən söyləyib.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur, səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
Tamaşanın premyerası dekabrın 29-da saat 12:00, 14:00, 16:00-da baş tutacaq.
Bakı Dövlət Sirki qış proqramına hazırdır
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov bizimlə söhbətində dekabrın 23-dən start götürəcək "Hindistan fili və dostları” adlı proqramın yanvarın 10-dək davam edəcəyini dedi: "Bakı Dövlət Sirki bayram günləri fasiləsiz işləyəcək. Belə ki, ilk dəfə olaraq Macarıstandan sirk artistləri dəvət olunub, onlar əhliləşdirilmiş fillər və atlarla olan nömrələrlə çıxış edəcəklər”.
M.Hümbətovun sözlərinə görə, sirkin qış proqramında həmişə olduğu kimi, Rusiya Dövlət Sirkinin əməkdaşları da yer alır: "Qış proqramımızda Rusiyanın əməkdar artistləri Ruslan və Qalina Qubkayevlər, Rauf Rəsulovun rəhbərliyi ilə akrobat qrupu iştirak edəcək. Proqramda kloun çıxışları ilə bir yerdə 17 nömrə olacaq: "Proqram iki saatdan artıq davam edəcək. Proqram gün ərzində 3 seans olmaqla, saat 12:00, 15:00 və 19:00-da nümayiş olunacaq”.
Qeyd edək ki, qış proqramı üçünbiletlərin qiymətləri sıraya görə 10, 12, 15 manat təşkil edir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər