• cümə axşamı, 26 dekabr, 20:37
  • Baku Bakı 9°C

183 yaşlı fransız şirkətinin azərbaycanlı maliyyə idarəçisi - Uğur hekayəsi

05.04.19 09:30 3348
183 yaşlı fransız şirkətinin azərbaycanlı maliyyə idarəçisi - Uğur hekayəsi
Yenilikçi, məqsədli, enerjili və pozitivdir. Qarşılaşdığı uğursuzluqlara görə belə, həyata minnətdardır. Düşünür ki, uğur qazanılan nailiyyət, uğursuzluq isə öyrənilən dərsdir. Dəyişməmək isə bataqlığa aparan yoldur. Ona görə, insanın iki yolu var: ya inkişaf edib qabağa gedirsən, ya da yerində dayanıb geridə qalırsan. Həyat mübarizədir, yerində dayansan, kimsə səni ötüb keçəcək.

Müsahibimiz Macarıstanda dünyada enerji sahəsində qabaqcıl qurumlardan biri olan fransız "Şnayder Elektrik” şirkətində maliyyə eksperti və idarəçisi kimi çalışan Nərmin Bəşirzadədir.

Nərmin 1987-ci ildə fevralın 7-də Bakıda anadan olub. 160 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin (BDU) iqtisadi kibernetika fakültəsinə daxil olub: "BDU-də oxuduğum zaman təhsilimi ölkə kənarında davam etdirmək istəyirdim. Bakalavrı bitirdikdən sonra Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinin iqtisadiyyat fakültəsinə - magistratura pilləsinə qəbul oldum. Həmçinin, Corc Soros təqaüdünü qazandım. Təhsilimin ikinci ilində Macarıstanda "IBM” şirkətində təcrübə keçmək imkanı əldə etdim. Təcrübəni uğurla bitirdikdən sonra şirkət mənə vergi mühasibatı sahəsində iş müqaviləsi təklif etdi. Bu təklifi qəbul etdim və "IBM”də üç il çalışdım. Daha sonra karyerada irəliləmək məqsədilə məşhur fransız şirkəti olan "Şnayder Elektrik”də maliyyə təhlilçisi mövqeyində işə başladım. Artıq 6-cı ildir ki, bu şirkətdə maliyyə idarəçisi kimi çalışıram”.

- Nərmin xanım, təhsil, dünyagörüşü, dil bilikləri… Uğurlu karyera qurmaq istəyən insanda "bu xüsusiyyət mütləq olmalıdır” dediyiniz nüans varmı?
- Qeyd etdiyiniz nüanslar çox əhəmiyyətli və vacibdir. Bunlarla yanaşı, məncə uğurlu karyera qurmaq istəyən insan ilk növbədə gördüyü işi, çalışdığı mühiti sevməli, daim öz sahəsi ilə maraqlanmalı, yeniliklərə və çağırışlara açıq olmalıdır. Nə qədər təhsilli, dünyagörüşlü olsanız da, əgər yenilikçi deyilsinizsə, yerinizdə sayacaqsınız. Həyat hər zaman bizə fürsətlər verir. Onu görüb dəyərləndirənlər və görə bilməyənlər var. Əlbəttə ki, həyatın verdiyi şansların fərqində olmalı, ondan səmərəli istifadə etməyi bacarmalısan.

- Əcnəbi şirkətin maliyyə məsələlərindən məsul olmaq çətin deyil ki?
- Çox məsuliyyətlidir. İşimin çətinliklərindən qorxmuram. Çünki işimin çətin tərəfləri əslində onu mənim üçün cəlbedici edir. Çətinlik məndən dinamikliyi, daim təkmilləşməyi, üzərimdə işləməyi tələb edir. 183 yaşlı, enerji sahəsində qabaqcıl qurumlardan biri olan şirkətin maliyyə eksperti və idarəçisi olmaq mənə geniş şəbəkədə özümü müsbət tərəfdən göstərməyə imkan yaradır. Düzdür, çox məsuliyyətli işdir. Amma gördüyüm işi sevdiyim və daim müsbət tərəfdən baxdığım üçün qarşılaşdığım problemləri və çətinlikləri sevə-sevə həll edirəm.


- Özünüz də qeyd etdiniz ki, eyni şirkətdə pillə-pillə yüksək vəzifəyə qədər qalxmısınız. Sizcə, hansı xüsusiyyətiniz işinizdə uğur qazanmağa yardımçı olur və sizi diqqət mərkəzində saxlayır?
- Bəli, 6 il qabaq bu şirkətdə maliyyə təhlilçisi kimi işə başladım. İlk karyera yüksəlişini 3 ay sonra, maliyyə nəzarətçisi vəzifəsinə keçərək ya.adım. Ondan sonrakı rolum bütöv Qlobal Təchizat Sistemini ( Global Supply Chain) əhatə etməyə başladı. Beləliklə, ayrı-ayrı vaxtlarda Maliyyə Standartlarının İdarəetmə Departamentinin müxtəlif mövqelərində çalışdıqdan sonra, biznes prosesinin idarəçisi pilləsinə qədər yüksəldim. Bu 4 illik təcrübəmin məntiqli nəticəsi idi. Təcrübə ilə bərabər, məncə, insanın karyerada irəliləməsi üçün xarakteri də az rol oynamır. Mənim proaktiv, ünsiyyətcil, enerjili olmağım, işin detallarına maraq göstərməyim və olmağım bu pilləyə gəlməyimə kömək oldu.

- Hər uğurlu kişinin arxasında bir qadın var deyirlər. Amma uğurlu qadınla bağlı dillərə dastan olan fikir yoxdur. Adətən qadınlar üçün bu yol daha keşməkeşli olur. Sizdə necədir?
- İş karyeramı yalnız Avropada keçirdiyim üçün bu baxımdan problemlə rastlaşmamışam. Avropalılar işdə qadın, kişi ayırımı etmirlər. Burada heç zaman qadın kimi çətinliklərim olmayıb. Çünki işlədiyim iki şirkətdə də cinsiyyətindən asılı olmayaraq, insanlara eyni münasibət göstərilir. Bu şirkətlərin ən əsas prinsipi layiqlik üzərində qurulub. Bu da o deməkdir ki, hər hansı bir işin görülməsi, işə qəbul və karyerada irəliləyiş yalnız layiqlik prinsipi əsasında olur. Yəni sən həqiqətən buna layiqsənsə, qadın və kişi fərq etməz, istədiyin uğuru əldə edəcəksən.


- Karyera yolu daş-kəsəkli olur deyirlər. Yəqin ki, uğurla yanaşı uğursuzluqla da rastaşmısınız. Bu zaman özünüzü necə motivasiya edirsiniz?
- Təhlilçi olaraq, rastlaşdığım bütün maneələri, uğursuzluğumu təhlil edirəm. Bunu nə üçün yaşadığımı anlamağa çalışır və bir dərs kimi qəbul edirəm. Hər birimiz istər karyerada, istərsə də şəxsi həyatda səhvlər edir, ruh düşkünlüyü yaşayırıq. Ən güclü insanların da uğursuz günləri olur. Özümə təhlil etmək və nəticə çıxarmaq üçün vaxt verirəm. Uğursuzluğu qəbul edib sıfırdan başlayıram və irəliyə doğru gedirəm. Bir misal çəkim: hər həftə iş komandası ilə ötən həftə gördüyümüz işləri və gələn həftənin planlarını müzakirə etmək üçün görüşlər keçiririk. Həmin iclasda təkrarlanan bir şüar var: "Hər birimiz səhv edə bilərik. Biz səhvlərimizdən nəticə çıxarmalıyıq”. Bu, komandada əhval-ruhiyyəni qaldırır. Çünki hamı başa düşür ki, hər bir çətinlik müvəqqətidir və hər bir problemin öz həlli var.

- Pozitiv insansınız. Ümumiyyətlə, insanın aurası iş mühitinə necə təsir edir?
- İnsanın aurasının, xarakterinin işinə çox böyük və birbaşa təsiri var. Gümrah, xoş əhval-ruhiyyəli, yaxşı yumor hissi olan insan komandada xoş abı-hava yaradır. Belə insanlarla işləmək yaxşıdır və iş daha rahat gedir. Neqativ ruhlu insanla çalışmaq çətindir. Belə insanlar komandaya da mənfi auranı ötürür və gərginlik yaradır. Bu işdə verimliliyə də çox pis təsir edir. Dedi-qodunu, qeyri-səmimiliyi sevmirəm. Əlbəttə ki, bütün insanlar müxtəlifdir və kollektivdə hamı ilə dil tapmağa məcburuq. Xoşbəxtəm ki, hazırda işlədiyim kollektiv gülərüz və pozitiv insanlardan ibarətdir. Bu səbəbdən işdə özümüzü evdəki kimi rahat hiss edirik. Əgər işə sevərək gəlirsənsə, bu ən böyük xoşbəxtlik və uğurdur.

- İşlə bağlı riayət etdiyiniz xüsusi rituallarınız (totem) olurmu?
- Ən sevdiyim rituallardan biri iş gününə yaxşı qəhvə ilə başlamaq və iş yerinə birinci çatmaqdır. Adətən saat 7.30-8.00- da artıq ofisdə oluram, sakitlikdən istifadə edib emailləri yoxlayıram, cavablayıram və günümün planını qururam.


- İşinizin xarakterinizdə qoyduğu iz və ya dəyişiklik varmı? İşiniz sizi hansı istiqamətdə dəyişib?
- Karyeramın əvvəlində daha qapalı və utancaq idim. İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Uğurlu karyera qurmaq üçün biliklərini təkmilləşdirməklə bərabər, öz şəxsi keyfiyyətlərimin üzərimdə də çox işlədim. Artıq çəkinmədən ünsiyyət qurur və utancaqlığımın öhdəsindən gələ bilirəm. Ən əsası, həyatda mənə israrlı olmağı işim öyrətdi.

- İsrarlı olmaq, tutduğunu qopartmağı sizə işiniz öyrədib deyirsiniz. Bəs işləyərkən öyrəndiyiniz bu xüsusiyyət sizə nə qazandırdı?
- Mənə məqsədlərimə çatmaqda, arzularımın həyata keçməsində məhz israrlı olmağım kömək etdi. İstəmək, təkidlə tutduğun yoldan dönməmək mütləq səni uğura aparır. İstədiyimə nail olmaq üçün çalışıram və ruhdan düşmürəm. Əgər bir məsələ həll olunmursa, ondan vaz keçmirəm, alınana qədər çalışıram və sonda alınır. İstədiyini əldə etmək üçün utanmaq, çəkinmək, ruhdan düşmək olmaz.

- Riskləri sevirsiniz…
- Risk etməkdən qorxmuram. Əslində, hər bir dəyişiklik riskdir. Dəyişməmək isə bataqlığa aparan yoldur. İnsanın iki yolu var ya inkişaf edir qabağa gedirsən, ya da yerində dayanıb geridə qalırsan. Həyatda durğunluğu, stabilliyi sevmirəm. Əgər arzularımıza, məqsədlərimizə çatmaq üçün risk etmiriksə, bu stabillikdir. Stabillik də mənim üçün ancaq geriyə addımdır. İnkişaf üçün risk etmək lazımdır. Nəticə ya gözəl dəyişiklik olacaq, ya da öyrənilən dərs. Heç nə etmirik. Sonradan cürət etmədiyimiz addımlardan daha çox peşman olmamaq üçün risk etməliyik və o addımı atmalıyıq. Hər nəticəyə hazır olmaq lazımdır. Həyat mübarizədir, yerində dayansan, kimsə səni ötüb keçəcək.


- Nərmin xanım, ümumiləşdirsək, uğurunuzun sirri sizcə nədir?
- İlk olaraq, öz üzərimdə işləmək, nə olursa olsun, arzularımın arxasınca israrla getmək, uğursuzluqlarda sınmamaq, əksinə dərs çıxarmaq və böyük arzulardan qorxmamaq. Ən əsası isə, hər zaman ürəyimin səsinə qulaq asıram. Hər kiçik qələbənin belə qədrini bilirəm.

- Bir yerdə oxumuşdum ki, insan pozitiv yüklənmək üçün daim minnətdar olmalı, təşəkkür etməlidir. Hər kiçik qələbənin belə qədrini bilirəm deyirsiniz…
- Tam razıyam. Çalışıram ki, gündəlik həyatımda bu yanaşmanı vərdiş halına gətirim. İnanıram ki, əldə etdiklərimizə şükür edəndə, həyat bizə şükür etməyə daha çox səbəb verir. Pis nə isə baş verəndə özümü inandırıram ki, bu, daha da pis ola bilərdi, amma şükür ki, olmadı. Bunun qədrini bilirəm. Bir də ki, cəlbetmə qanununa (law of attraction) riayət edirəm, kiçik qələbələrin qədrini bilməyimin daha böyük qələbələr qazanmağımda rolu olduğuna inanıram. Ən əsası, həyatımda baş verən uğurlu, uğursuz hər şeyə görə minnətdaram.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər