• çərşənbə axşamı, 19 mart, 07:25
  • Baku Bakı 8°C

16 yaşa inanılmaz nailiyyətlər sığdıran yeniyetmə - Portret

15.09.18 09:00 2717
16 yaşa inanılmaz nailiyyətlər sığdıran yeniyetmə - Portret
Ən qədim idman növlərindən olan ağır atletika ilk Olimpiya Oyunlarından bu yana dördilliyin zirvə yarışının proqramında yer alır. Dünyanın müxtəlif bölgələrindən tapılmış, ilkin elementləri özündə əks etdirən tarixi nümunələrdən görünür ki, bu idman növü minilliklərə söykənən dövrü əhatə edir. Ağırlıqqaldırma, pəhləvanlar məskəni olan türk ellərində də qədim ənənəyə malikdir. Türkdilli ölkələrin Yay Olimpiya Oyunlarında ən uğurlu olduqları növ güləşdirsə, digəri ağır atletikadır. Üçqat olimpiya çempionları Naim Süleymanoğlu və Halil Mutlunun adını çəkmək kifayətdir ki, bu idman növündəki türk imzası bütün əzəməti ilə göz önündə canlansın. Azərbaycan ağır atletləri də bu şöhrətdə pay sahibidirlər. Təmsilçilərimiz indiyədək olimpiadalarda 1 bürünc, dünya çempionatlarında 3 qızıl, 2 gümüş, 3 bürünc, əsas qitə yarışında isə 7 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıblar.

Ağır atletika mürəkkəb, risk tələb edən idman növüdür. Son illər ətrafında baş verən dopinq qalmaqalları isə yükü xeyli ağırlaşdırıb. Atletlər ştanqla yanaşı, arası kəsilmədən tətbiq olunan sanksiyaların yaratdığı psixoloji gərginliklə mübarizə aparırlar. İndiki məqamda belə ağır məsuliyyətin altına girmək cəsarət tələb edir ki, bu hissi özündə tapanlardan biri də, yeniyetmələr arasında ikiqat Avropa çempionu Tarmenxan Babayevdir.


Şərurdan başlayan yol

Babayev Tarmenxan Turan oğlu 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində dünyaya göz açıb. Zəhmətkeş ailənin övladı olan Tarmenxan erkən yaşlarından idmana maraq göstərib. Bu həvəs onu 2012-ci ildə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin Şərur ağır atletika bölməsinə gətirir. Arıq, çəlimsiz uşaq ilk baxışda məşqçisi Şəfi Hüseynovda ümidverici təəssürat oyatmır. Lakin elə ilk tapşırıqlardan Hüseynov onun gizli potensialını kəşf edir. Əsas diqqətçəkən tərəfləri isə plastikası, inadkarlığı idi. Beləcə, bu ikili Şərurdan Bakıya uzanan, oradan da Buenos-Ayresə aparacaq şərəfli yola çıxır.
Məşqlərə başlamasından 2 il sonra məşqçisi Tarmenxanı ölkə birinciliyində sınamaq qərarına gəlir. Hədəf isə çempionluq idi. Tarmenxan, Hüseynovun ona bəslədiyi ümidi maksimum şəkildə doğruldur. Bu nailiyyət onun üçün zirvələrə gedən yolun açarına çevrilir.

Beləliklə, Tarmenxan yığma komandaya cəlb olunur. Bununla da, idman karyerasında yeni, parlaq dönəmin əsası qoyulur. Şərur ağır atletika bölməsindən tamamilə fərqlənən rejim, böyük rəqabət mühiti Tarmenxanın məsuliyyətini daha da artırır. Hazırlıqlar tezliklə özünü göstərməyə başlayır. Durmadan artan nəticələr özünəinamı birə beş yüksəldir, məqsədə gedən yolu hər keçən gün eyni qaydada qısaldırdı.

2016-cı ilin əvvəlində növbəti dəfə ölkə çempionu olur, ilin sonunda Azərbaycan kubokunda ən yüksək pilləni tutur. Həmin il yığmanın məşqçilər korpusu onu Malayziyada keçirilən dünya birinciliyində yoxlayır. Tarmenxan burada mükafat qazanmasa da, ilk beynəlxalq yarış üçün qənaətbəxş nəticə ilə yadda qalır.


Rekordlar yarışı və möhtəşəm il

2017-ci il Tarmenxan üçün sadəcə, fantastik alınır. Aprel ayında Tailandın paytaxtı Banqkokda keçirilən dünya birinciliyində 77 kiloqram çəki dərəcəsində çıxış edən Babayev birdən qaldırmada 125, təkanla qaldırmada isə 155 kiloqramlıq nəticə ilə yekunda B qrupunun qalibi olur. Bu, ona yeniyetmələrin olimpiadasına lisenziya qazandırır. Beləliklə, hələ 2015-ci ildə ilk dəfə ölkə çempionu olarkən, verdiyi sözü tutur.

Sentyabr ayı isə ilk beynəlxalq zəfərlə tarixə düşür. Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatında yaşı 15-ə qədər olan atletlərin 85 kiloqram çəki dərəcəsində yarışan Tarmenxan, rekordları ard-arda düzür. Birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək, sonda 130 kiloqramı ram edir və ən yaxın izləyicisi bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq, bu hərəkətdə 1-ci olur.

Təkanla qaldırma hərəkətində daha parlaq çıxış edir. O, ilk yanaşmasında 150 kiloqramı ram edir ki, bu, macar atlet Adrian Terebesinin həmin ilin aprelində Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunun (146) düz 4 kiloqram yenilənməsi demək idi. Babayev eyni zamanda yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276) yeniləyir. İkinci yanaşmasında 155 kiloqramı qaldıraraq, həm bu hərəkətdə, həm də toplamda daha 2 rekorda imza atır. Sonuncu yanaşmasında 161 kiloqramın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə ikisini də əlavə edir. Toplam 291 kiloqram (130+161) nəticə ilə Avropa birinciliyində 1-ci yeri tutur. Tarmenxanın birdən-birə 6 Avropa rekordunu yeniləməsi möhtəşəm, təkrar olunması olduqca müşkül bir hadisədir.

O, 2017-ci ildəki nəticələrinə görə, ölkəmizdə həmin ilin ən yaxşı ağır atleti seçilir. Şəfi Hüseynov isə ilin məşqçisi nominasiyasının qalibi olur. Tarmenxan həm də Naxçıvan MR Gənclər və İdman Nazirliyinin seçiminə əsasən, ilin idmançısı seçilir.


Buenos-Ayresə doğru əmin addımlarla


2018-ci ilin əsas yarışı, şübhəsiz ki, Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarıdır. Tarmenxan burada ölkəmizi təmsil edəcək idmançılar arasında ən çox ümid bəslənilənlərdəndir. Mükafat qazanması real görünən 16 yaşlı Babayevin özü ancaq çempionluğu hədəfləyib. O çempionluğu ki, ağır atletikada, sadəcə, bir dəfə qazanmışıq. Uğur 8 il əvvəl Sinqapurda baş tutan ilk belə yarışda, bu gün dünya ağır atletikasında kifayət qədər məşhur olan bir adla - Nicat Rəhimovla qazanılıb.

İnam uğurun yarısıdır, deyirlər. Tarmenxan indiyədək göstərdiyi nəticələrlə bu inamı özündə tapıb. Hətta o dərəcədə ki, cari ilin əvvəlində böyüklər arasında keçirilən respublika çempionatında da özünü sınayıb. Toplam nəticədə çempiondan yalnız 4 kiloqram geri qalmaqla, ölkənin ikinci ağır atleti olub.

Mayda yeniyetmələr arasında keçirilən analoji yarışda ikinci olan rəqibini toplamda 100 kiloqram qabaqlamaqla, növbəti dəfə ölkə çempionu adına yiyələnib. İyulda isə İtaliyanın Milan şəhərində keçirilən Avropa çempionatında 17 yaşadək olan oğlan atletlərin 94 kiloqram çəki dərəcəsində çıxış edərək, birdən qaldırmada 145 kiloqram nəticə ilə ikinci, təkanla qaldırmada isə 180 kiloqram göstərici ilə birinci olub. Toplamda 325 kiloqramlıq nəticə göstərən Tarmenxan, bununla da ikinci dəfə Avropanın ən güclüsü ünvanına sahib çıxıb.

Gələcəyin Mutlusu

Şəfi Hüseynovla ötən illərə işıq tuturuq: "O, əziyyətlərimin ilk bəhrəsidir. Buna görə də mənim üçün ikiqat dəyərlidir. Əvvəl çox arıq, cılız idi. Hətta o dərəcədə ki, onu Halil Mutluya bənzədirdim. Özünə də deyirdim ki, sən gələcəyin Mutlususan. Fiziki göstəriciləri getdikcə dəyişsə də, o, doğrudan da bu günün xoşbəxt idmançısıdır. Kim bilir, bəlkə, zaman gələcək, nəticələri Halil Mutlu ilə müqayisə olunacaq.

Tarix göstərir ki, yeddi aylıq doğulan insanlar böyük şəxsiyyət kimi həyatda iz qoyur. Tarmenxan da buna kiçik bir nümunədir. O, bu yerlərə prinsipiallığı, əzmi ilə gəlib. Bütün tapşırıqları tezliklə mənimsəyər, ən yüksək şəkildə yerinə yetirmədən zaldan çıxmazdı. Mən inanıram ki, bu qaydada da yoluna davam edəcək, qarşısına qoyduğu məqsədlərə pillə-pillə nail olacaq. O, bu günədək verdiyi hər sözə əməl edib.

Tarmenxanın uğurları Naxçıvanda bu idman növünün kütləviləşməsində böyük rol oynadı. Mənim yanıma gələn uşaqların sayında son bir ildə xeyli artım var.Hansını dindirsən, Tarmenxanın uğurlarını görüb, gəldiyini deyir".


Kumiri

Ölkə ağır atletika tarixinin ən yaxşısı hesab olunan Nizami Paşayev yüzlərlə yeniyetmə kimi, Tarmenxanın da kumiridir. Babayev məhz onu görüb, bu idman növünü seçib. Ən böyük arzusu onun kolleksiyasında yer almayan yeganə titulu - olimpiya çempionluğunu qazanmaqdır. Paşayevdən "oğurladığı" bir çox xüsusiyyət var ki, başlıcası qətiyyətlilikdir.

Maraqlı təsadüf

Ölkəmizin təmsilçiləri dördilliyin zirvə yarışında qızıl mükafat qazanmasa da, həmyerlimiz, Azərbaycan ağır atletika məktəbinin yetirməsi Nicat Rəhimov Qazaxıstan bayrağı altında bu titula sahib çıxıb. Mütəxəssislər isə erkən yaşdan ortaya qoyduğu yüksək potensialına, işinə məsuliyyət və tükənməz sevgisinə görə, Tarmenxanı ikinci Nicat Rəhimov kimi görürlər. Məhz həmin sevginin bir göstəricisidir ki, Tarmenxandan idmana başladığı ili soruşduqda, o, bunu gününə qədər ifadə etdi: 10 avqust 2012-ci il. Çox maraqlıdır ki, bu, Rəhimovun Rio Yay Olimpiya Oyunlarında çempion olduğu gündür.

Tokio əlçatmaz deyil

Tarmenxan yaşıdlarından çox fərqlənir. Əyləncə ilə heç arası yoxdur. Asudə vaxtlarını Ağır Atletika Federasiyasının Xırdalan şəhəri və Şüvəlan qəsəbəsində yerləşən təlim-məşq bazalarında keçirir. Öz xoşbəxtliyini tapdığı yerdən bir gün belə, ayrı qalmaq istəmir. Mədəni həyat tərzi keçirən, idmançı nüfuzunu qoruyan Tarmenxan, hər cür pis meyllərdən uzaqdır. Amalına doğru mətin, qüsursuz addımlayır. O, böyüklərin Yay Olimpiya Oyunlarında iştirakı 2024-cü ilədək ertələmək istəmir, elə 2 il sonra Tokioda bu ali missiyanı daşımaq arzusundadır.

Portret

16 yaşa bu qədər nailiyyət sığdırmaq hər idmançıya nəsib olmur. Sadəcə, fitri istedada malik, zəhmətkeş, əsl idmançı ruhunu kəşf edən yeniyetmələr belə göstəricilərə imza atır. Tarmenxan indidən könüllərdə taxt qurub. Bu, həm də böyük məsuliyyət deməkdir. Özü də bunu yaxşı dərk edir. Xoşbəxtliyini idmanda tapıb. Bu xoşbəxtliyin zirvəsini yaşamaqda qərarlıdır. Tarmenxan Babayev Azərbaycan ağır atletikasının parlaq gələcəyidir.

Sahib
banner

Oxşar Xəbərlər