• cümə axşamı, 09 may, 22:56
  • Baku Bakı 21°C

145 yaşlı mətbuatın mükafatçıları - Fotolar

23.07.20 18:58 1783
145 yaşlı mətbuatın mükafatçıları - Fotolar
KİV-lə bağlı verilən sərəncamlar ölkə başçısının mətbuata olan diqqət və qayğısının göstəricisidir

Əsası 1875-ci ildə Həsən bəy Zərdabinin "Əkinçi” qəzetinin nəşri ilə qoyulan mətbuatımızın bu il 145 yaşı tamam olur. Mətbuatımızın banisi Zərdabinin təbirincə desək, bir əsrdən çoxdur ki, mətbuat xalqın ictimai, siyasi həyatına güzgü tutur. Bununla bərabər, insanların milli mənlik şüurunun inkişafında və maariflənməsində böyük rol oynayır. 145 il əvvəl xalqın inkişafına, maariflənməsinə dəstək olan mütəfəkkirlərimizin missiyasını bu gün də yeni nəsil jurnalistlər davam etdirir. Uzun və şərəfli bir yol keçən mətbuatımız indi də peşəkar jurnalistlərin sayəsində varlığını qoruyub saxlaya bilir. Mətbuatın inkişafında işini bilən və vicdanla çalışan jurnalistlərin rolu böyükdür. Tarixin süzgəcindən süzülərək bu günümüzədək gələn mətbuat ənənələrini yaşadan həmkarlarımızın əməyini qiymətləndirməmək olmazdı. Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 145-ci il dönümündə bəzi jurnalistləri təltif edib. Həmkarlarımızı bu münasibətlə təbrik edib, fikirlərini öyrəndik.


«Xalq Cəbhəsi» qəzetininin baş redaktoru Elçin Mirzəbəyli«Əməkdar jurnalist» fəxri adına layiq görülənlər sırasındadır. Baş redaktor prezidentin ona göstərdiyi etimada görə minnətdar olduğunu qeyd edir: "Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adların verilməsi, media nümayəndələrinin orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına birdəfəlik maddi yardımın ayrılması ilə bağlı imzalanan sərəncamlar dövlət başçısının Azərbaycan mətbuatına, jurnalist əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Cənab Prezidentin sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülən media təmsiçilərinin sırasında adımın olmasından qürur hissi keçirirəm. Həmçinin ölkə başçısına mənə və baş redaktoru olduğum «Xalq cəbhəsi» qəzetinə göstərdiyi yüksək etimada və diqqətə görə dərin minnətdarlığımı bildirirəm”.


Parlament Jurnalistləri Birliyinin sədri, "Modern Media Group”un baş direktoru Elşad Eyvazlınınsözlərinə görə, insanın işinin dövlət başçısı tərəfindən yüksək dəyərləndirilməsi onun üçün ən böyük stimuldur: "Daha yaxşı işləmək üçün bundan böyük qiymət, məvacib yoxdur. Düşünürəm ki, bu mükafat mənim üzərimə əlavə bir məsuliyyət qoydu. Elə bir zamanda yaşayırıq ki, vətəndaş olaraq hər kəs çalışdığı sahədə daha çox aktiv olmalıdır. Biz güclü olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək. Biz güclü olmalıyıq ki, dövlətimiz də güclü olsun. Əməyimə verilən qiymətə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğluda cənab Prezidentə təşəkkürünü bildirir və qeyd edir ki, bir jurnalist üçün "Əməkdar jurnalist” adından daha qiymətli bir ad ola bilməz: "Çünki bu adı sənə Prezident verir, dövlət verir. Bu ad peşə fəaliyyətinə verilən ən yüksək qiymətdir, dövlətinin sənin fəaliyyətinə verdiyi dəyərdir. Öz peşəsinə hörmətlə, diqqətlə yanaşan, öz peşəsinin qiymətini bilən hər bir peşəkar jurnalist üçün bu ad olduqca qiymətlidir. Bu mənada xoşbəxtəm və çox sevinirəm. Şərəfli, tarixi bir yol keçmiş milli jurnalistikamızın, 1928-ci ildən başlayaraq Azərbaycanda ali jurnalistika təhsilinin əsasını təşkil edən fakültəmizin, 100 illik şərəfli tarixi olan elm məbədgahı Bakı Dövlət Universitetinin, kiçik də olsa, bir zərrəsi olmağımla qürur duyuram. Bu gün dövlətimiz iki cəbhədə - həm pandemiyaya, həm torpaqlarımızı qəsb etmiş işğalçılara qarşı mübarizə aparır. Və hər iki mübarizənin informasiya cəbhəsində ön sırada fədəkar jurnalistlərimizdir. Bizim hər birimiz öz peşə borcumuzu ləyaqətlə, vicdanla yerinə yetirərək dövlətimizin, Prezidentimizin yanında olmalıyıq. Bu, bizim, həm də jurnalist olaraq sosial məsuliyyət hissimizdən irəli gələn başlıca meyar olmalıdır. Zaman, o zamandır! Milli mətbuatımızın 145 illiyi münasibəti ilə təltif edilən bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Onlara peşə fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Ünvanıma təbrik yazan, telefonla arayıb axtaran dostlarıma, həmkarlarıma, ən azı mənim qədər sevinən əziz tələbələrimə təşəkkürümü bildirirəm”.


"Kaspi" qəzetinin parlament müxbiri, "Tərəqqi" medalı ilə təltif olunan jurnalist Rufik İsmayılovunfikrincə, prezident İlham Əliyevin imzaladığı sərəncamlar ölkənin ali rəhbərliyinin milli mətbuatımıza, milli jurnalistikamıza, peşəkar jurnalistika ilə məşğul olanlara ən yüksək səviyyədə diqqət və qayğıdır, onların əməyinə verilən yüksək dəyərdir: "Mükafatlandırılanlar sırasında olmağım həm qürur hissi yaşadır, həm də üzərimə böyük məsuliyyət qoyur. Çalışacağam ki, gələcəkdə öz fəliyyətimlə bu yüksək etimadı daim doğruldum. İdeoloji cəbhənin əsgəri olaraq hər zaman Azərbaycan xalqına və onun dövlətçiliyinə xidmət edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu dəstəkləyirəm”.


"ATV Səhər” redaksiyasının baş redaktoru, "ATV Qərargah” verilişinin müəllifi Yaqut Tapdıqqızıbu mükafatın peşə sahəsindəki məsuliyyətlərini ikiqat artırdığını söyləyir: "Sözün həqiqi mənasında böyük fəxr və qururdur. Dövlət başçısı tərəfindən verilən qiymət bu sahədə əmək sərf edən insanların gözlədiyi məqamdır. Jurnalist, ona verilən dəyərlə ruhlanır. Bəzən kiçik bir yazın, süjetin media aləmində necə səs-küyə səbəb olursa, bir neçə gün onun yaratdığı xoş təəssüratla yaşayırsan. Jurnalistika elə sahədir ki, burada ancaq onu dərinliyinədək bilən şəxslər qala bilir. Çünki jurnalistikanın əziyyətli, keşməkeşli məqamları çoxdur. Yorulduğun, apardığın mübarizəni dayandırmaq istədiyin anlar olur. Amma peşənə olan sevgi səni davam etməyə, yeni işlər görməyə sövq edir. Dövlət başçısının verdiyi qiymət, medal, ad, göstərdiyi etimad artıq sənin çiyinlərinə ikiqat məsulliyyət qoyur. Bu məqamdan sonra jurnalistikadan kənarlaşmaq yox, əksinə, yeni yaradıcı işlər görmək, uğurlara imza atmaq üçün daha çox çalışırsan. 145 yaşlı jurnalistikada 17 illik, kiçik bir payım var. Prezidentimizin verdiyi "Tərəqqi” medalı mənim üçün dəyərlidir, buna görə çox təşəkkür edirəm”.


İctimai televiziyanın aparıcısı, ictimai-siyasi proqramlar departamentinin direktor müavini Nigar Sabirqızıbugünkü uğurunda çalışdığı qurumun da rolu olduğunu vurğulayır: "Cənab Prezident tərəfindən bu cür yüksək dəyərə layiq görülmək mənim üçün olduqca xoşdur. Mətbuata göstərilən qayğı və diqqətə görə təşəkkür edirəm. Təbii ki, İctimai televiziyanın da rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Çünki onlar həmişə mənim işimi yüksək qiymətləndiriblər və düşünürəm ki, bu gün əldə etdiyim uğurda, çalışdığım qurumda gedən inkişaf, işçilərə verilən dəyər böyük rol oynayır. Bu, bizim üçün stimuldur. Mən izləyicilərimizə də təşəkkür etmək istəyirəm, çünki onlardan da çox gözəl təbriklər, xoş sözlər gəlir. Ən gözəli isə təbriklərin əksəriyyətində "siz buna layiqsiniz” fikri səslənir və bu, mənim üçün ən gözəl təbrikdir”.


"Bizimyol.info” saytının müxbiri Gülnarə Məmmədovaisə "Tərəqqi” medalı alan həmkarlarımız sırasındadır: "Prezidentimiz İlham Əliyev milli mətbuatın 145 illiyi münasibətilə media işçilərini, jurnalistləri mükafatlandırdı. Məni də "Tərəqqi" medalı ilə təltif etdi. Çox sevinirəm ki, dövlətimiz, ölkə rəhbəri mənim də bu sahədə çoxillik əməyimə yüksək qiymət verdi. Buna görə Prezident İlham Əliyevə, dövlətimizə minnətdaram. Bu mükafat məni həm sevindirdi, həm də daha yaxşı işləməyə ruhlandırdı. Eyni zamanda məsuliyyət hissini daha da artırır. Ümumən, jurnalist əməyinə, mediaya verilən yüksək qiymətdir. Aldığım mükafatda işlədiyim media orqanının, üzvü olduğum kollektivin də böyük payı var. Sevinc, paylaşdıqca çoxalır. Bu səbəbdən öz sevincimi kollektivimizlə paylaşıram. Bütün təltif olunan həmkarlarımızı da ürəkdən təbrik edirəm”.
Günel Azadə
banner

Oxşar Xəbərlər