• cümə, 29 Mart, 14:12
  • Baku Bakı 14°C

145 illik yol: Dünənimizə baxış, perspektivlərin müəyyənləşdirilməsində zəngin mənbə - Fotolar

07.07.20 17:39 1015
145 illik yol: Dünənimizə baxış, perspektivlərin müəyyənləşdirilməsində zəngin mənbə - Fotolar
Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazılıb. Milli mətbuatın bu illər ərzindəki tarixi inkişafını əsasən 4 mərhələyə bölmək olar: "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü.

Mətbuatımız bütün dövrlərdə həqiqətin carçısı kimi çıxış etmiş, milli-mənəvi dəyərlərimizin, Azərbaycan ədəbi dilinin, azərbaycançılıq ideologiyasının təbliğinə, maarifçilik hərəkatının inkişafına davamlı töhfələr vermişdir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ötən dövlərdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı hazırda özünün yeni inkişaf mərhələsini yaşayır.
Jurnalistlərin dostu
Yeni dövrün təməlini müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev qoyub. Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Lider söz, fikir azadlığının prioritetliyini önə çəkərək KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Onun 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə ölkəmizdə senzura ləğv olunub. Bununla da azad mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulub. Ulu Öndərin mütəmadi olaraq KİV və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşü, onların problemləri ilə yaxından tanış olaraq həlli istiqamətində addımlar atması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanırdı. Ümummilli lider Heydər Əliyevin mətbuata belə dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi və Ulu Öndər 2002-ci ildə "RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev "Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək olmaz” tezisini irəli sürərək bu istiqamətdə davamlı addimları ilə diqqət çəkir. Ölkəmizin artan iqtisadi qüdrəti azad mətbuatın inkişafına xidmət edən tədbirlərin həyata keçirilməsinə, Dövlət proqramlarının icrasına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradır. Belə ki, cənab İlham Əliyevin 31 iyul 2008-ci ildə imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi, 3 aprel 2009-cu il tarixli Fərmanı ilə Azərbaycan Republikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondu yaradıldı. Hər iki sənəd azad mətbuatın inkişafına geniş imkanlar yaratmaqla jurnalist peşəkarlığını artırmaq, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək və sair kimi məqrsədlərə xidmət edir. 2005-ci ildən jurnalistlərə fəxri adların verilməsi ənənəsinin qoyulması, milli mətbuatımızın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı sərəncamların imzalanması azad mətbuatın inkişafının prioritetliyini təsdiqləyən addımlardandır.

Azad sözün, fikrin qorunmasına və imkişafına xidmət
Bu məqamı da xüsusi qeyd etməliyik ki, 2003-cü ilin mayında mətbuata nəzarət funksiyasını tənzimləyən Mətbuat Şurasının yaradılması da azad sözün, fikrin qorunmasına və imkişafına xidmət edir. Atılan bu kimi addımlar ümumilikdə jurnalistlərin peşəkarlığını şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev 22 iyul 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında bildirmişdir ki, jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir: «Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm.»
Cənab İlham Əliyev hər addımında mətbuatın hamisi olduğunu nümayiş etdirir. Dövlətimizin başçısının 2010-cu ildə "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqinda” Sərəncamı dünyada analoqu olmayan addım kimi dəyərləndirildi. Bu yeni addım jurnalistlərin sevincini artırdı, onlara xoş ovqat bəxş etdi. Bu məqsədlə ilk Sərəncam 2010-cu ildə imzalanaraq birinci bina 2013-cü ildə Milli Mətbuat Günündə jurnalistlərin istıfadəsinə verildi. Növbəti sərəncamlar 2013 və 2017-ci illərdə imzalandı. 2017-ci ildə ikinci bina istifadəyə verildi, ücüncü binanın istifadəsi isə cari il üçün nəzərdə tutulub. Dövlətimizin başçısı İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində bildirmişdir: «Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir.»

Azərbaycanda demokratik islahatların aparılması
Ölkəmizin iqtisadi qüdrəti artdıqca, maliyyə imkanları genişləndikcə, bu, özünü digər sahələr kimi, mətbuatın da inkişafına yönələn addımlarda göstərir. Media ictimaiyyəti dövlətimizin bu diqqət və qayğısını yüksək dəyərləndirir. Belə ki, cənab İlham Əliyev son 16 ildən artıq dövrdə 3 dəfə "Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Cənab İlham Əliyev ilk «Jurnalistlərin dostu» mükafatının təqdimatında «Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Mən bu yüksək mükafata layiq görülmüşəm. İstəyirəm ki, bu kürsüdən bu mükafatı mənə verən, məni bu mükafata layiq görən bütün insanları salamlayım, onlara dərin minnətdarlığımı bildirim və sizi əmin edim ki, bundan sonra da mən öz fəaliyyətimdə çalışacağam ki, Azərbaycanda azad mətbuatın, müstəqil mətbuatın inkişafı üçün səylərimi davam etdirəm, Azərbaycanda bütün demokratik islahatların aparılmasında daha da fəal olam və beləliklə, biz ölkəmizin hərtərəfli inkişafını təmin edə bilək» söyləyərək dövlət başçısının bu vədi növbəti illərdə atdığı davamlı addımlarda öz aydın ifadəsini tapdı.

Bu gün dünyanı cənginə alan COVID-19-a qarşı mübarizə tədbirlərinin ölkəmizdə daha da gücləndirildiyi, sərt karantin rejiminin tətbiq edildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin 30 iyun 2020-ci il tarixli "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bir daha azad mətbuatın inkişafına verilən önəmi açıqladı. Sərəncamda Prezident Administrasiyasına COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb. Həmçinin Prezident Administrasiyası jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Prezidentinə təqdim etməlidir.

"Biz birlikdə güclüyük!”
Dövlətimizin başçısısının bu mühüm addımı jurnalist əməyinə verilən yüksək dəyərə bir daha işıq salır. Cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizənin ilk günlərindən "Biz birlikdə güclüyük!” çağırışı bütün ölkə vətəndaşlarını səfərbər etdi, insanların sağlamlıqlarının, Azərbaycanın davamlı inkişafının təmin edilməsi istiqamətində ciddi səylər göstərməyi bir tələbə çevirdi. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan mətbuatı öz vəzifə borcunu, missiyasını layiqincə yerinə yetirməyə çalışır. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımıza müraciətlərində əksini tapan fikirlər mətbuatın maarifləndirmə işinin gücləndirilməsi istiqamətində göstərdiyi səylərdə öz ifadəsini tapır. Mehriban xanım Əliyevanın xalqımıza müraciətində vurgulandığı kimi, bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq özünütəcrid rejiminə riayət etməkdir. Cənab İlham Əliyevin ilk gündən özünütəcridi mübarizədə qələbənin əsası kimi önə çəkməsi beynəlxalq səviyyədə də təqdir olundu və əksər dövlətlər ölkəmizin təcrübəsindən istifadə etdilər.

Hər bir məsələnin həllində maarifləndirmə işinin lazımi səviyyədə qurulmasının əhəmiyyətini nəzərə alsaq, yazılı və elektron KİV-in üzərinə düşən məsuliyyətin nə dərəcədə böyük olduğunu görərik. Pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici yazılar, verilişlər son dövrün əsas mövzularıdır. Çağırışımız belədir: Evdə qalaq, doğmalarımızı qoruyaq, həkimlərə dəstək olaq, dövlətimizin davamlı inkişafını düşünək!
Medianın inkişafını şərtləndirən başlıca amillər
Bu kimi məqamlar bir daha belə bir reallığı ortaya qoyur ki, mətbuat hər bir dövrün çağırışlarını lazımi səviyyədə cavablandırmalı, cəmiyyətin informasiya tələbatını hec bir qərəzə, təhrifə yol vermədən ödəməli, ən əsası qarşısında dayanan obyektivlik, milli şüur və vətənpərvərlik kimi prinsiplərə dönmədən əməl etməlidir. Dövlətimizin başçısı İlham Əliyevin mətbuatın 145 illiyi ilə bağlı Sərəncamında da bu vacib məqamlara xüsusi diqqət yönəldilib: Ökəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maaqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, KİV də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da artırmalıdır. Modernləşmə, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş şəkildə tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.
Təbii ki, bu tələblər mətbuatın inkişafına diqqət və qayğıdan irəli gəlir. Məhz atılan addımların nəticəsidir ki, Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında liderliyini qoruyur. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. İnternetin azad olduğu, heç bir məhdudiyyətin olmadığı ölkədə azad mətbuatın inkişafı qaçılmazdır. Demokratik, hüquqi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan bu yönümdə atdığı davamlı addımları ilə hər zaman demokratik ölkə imicinə yeni-yeni əlavələr edir. Mətbuatımız müasir dövrün yaratdığı imkanlardan istifadə edərək yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfələrini daha da artıraraq, dövlətimizin qətiyyətli mövqeyi, xalqımızın iradəsi, beynəlxalq dəstəyin fonunda qələbə sevincimizin müjdəçisi olacağına əmindir. O gün uzaqda deyil.
Xatirə Əliyeva
YAP Mətbuat Xidmətinin əməkdaşı,
Siyasi elmlər üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər