• cümə, 19 Aprel, 01:20
  • Baku Bakı 18°C

13 yaşından SMM kimi çalışan oğlan

06.04.19 13:00 5642
13 yaşından SMM kimi çalışan oğlan
"Sosial media günümüzün ən maraqlı və əyləncəli sahələrindən biridir. Buna görə də sosial sfera hər kəsin marağını cəlb etdi və qısa müddətdə məşhurlaşdı. Amma bu o demək deyil ki, hər kəs bu işi professional səviyyədə görə bilir. "Filankəs evində oturub "Youtube”dan pul qazanır deyə, mən də bu işə girişim” deyənlər heç vaxt uğur qazana bilməz” - Bu sözləri bizimlə söhbətində 17 yaşlı sosial media mütəxəssisi Samir Ağayev söylədi.
Müsahibim deyir ki, kompüterə olan marağı onu bu sahəyə gətirib çıxarıb: "Hələ uşaq vaxtlarımdan kompüter oyunlarına, kompüterin özünə böyük həvəsim var idi. O vaxtlar sosial şəbəkələrin bəziləri yox idi, bəziləri isə az tanınırdı. Sosial media vasitələri artdıqca və məşhurlaşdıqca, mənim də bu sahəyə marağım yaranmağa başladı. Hətta bu sahəyə marağım o qədər idi ki, günümün böyük hissəsini kompüter qarşısında keçirir, araşdırmalar edirdim. 2015-ci ildə - 13 yaşımda isə bu işlə məşğul olmağa qərar verdim”.

"Bütün problemlərin öhdəsindən asanlıqla gəlməyi bacarıram”
Həmsöhbətim deyir ki, sosial media fəaliyyətinə "Youtube”da kanal açmaqla start verib: "Məndən "Youtube”da kanal yaratmağımı istədilər. Beləcə, sosial media ilə professional şəkildə məşğul olmağa başladım. İlk vaxtlar sırf "Youtube”da kanallar hazırlayırdım. Daha sonra qərara gəldim ki, bu işi genişləndirmək, digər platformalara daşımaq lazımdır. Beləcə, sosial media meneceri olaraq bütün sosial media platformalarında işləməyə başladım. Əslində hər bir sosial medianın özünəməxsus xüsusiyyətləri, çətin və asan tərəfləri var. Uzun müddətdir bu sahə ilə məşğul olduğuma görə, çətinlikləri arxada qoymuşam. İndi bütün problemlərin öhdəsindən asanlıqla gəlməyi bacarıram”.

"Hər kəs özünü sosial media mütəxəssisi hesab edir”
Çalışdığı sahənin çox maraqlı və əyləncəli olduğunu söyləyən həmsöhbətim deyir ki, buna görə də sosial media hər kəsin marağını cəlb edir və qısa müddətdə məşhurlaşdı: "Amma bu o demək deyil ki, hər kəs bu işi professional səviyyədə görə bilir. "Filankəs evində oturub "Youtube”dan pul qazanır deyə, mən də bu işə girişim” deyənlər heç vaxt uğur qazana bilməz. Əgər marağın varsa, zamanla özünü təkmilləşdirə bilərsən. Dediyim kimi, bizdə sahənin təhsili olmadığına görə, mütləq özün araşdırmalı və daim öyrənməlisən. Bəzən hətta sosial media sahəsini İT sektoru ilə səhv salırlar. Amma İT-nin sosial mediada tətbiq olunan funksiyaları var. Bəzi böyük şirkətlərin rəhbərləri isə sosial mediaya əlavə xərc kimi baxırlar. Elə bilirlər ki, hamı sosial media işlərini apara bilər. Amma bu sahənin öz xüsusiyyətləri var. Təəssüf ki, indi hər kəs özünü sosial media mütəxəssisi hesab edir. Süni şəkildə izləyici əldə etməklə sosial media mütəxəssisi olmaq mümkün deyil, bunu hər kəs adi proqramla da edə bilər. Əslində, sosial medianın təklif etdiyi xidmətlər daha fərqlidir və biz ondan düzgün istifadə etməyi bacarmırıq. Sui-istifadə edərək şirkətləri, tanınmış insanları aldadanlar heç də az deyil. Bu, elə bir sahədir ki, insanları aldatmaq həm asan, həm də rahatdır. Dəfələrlə belə halların şahidi olmuşuq”.

"Öz adını brend kimi tanıtmaq daha yaxşıdır”
Müsahibim hazırda fərdi şəkildə fəaliyyət göstərsə də, deyir ki, komanda daxilində işləmək daha rahat və faydalıdır: "Çünki belə olduqda iş bölgüsü aparılır. Bu mənada sərbəst olaraq işləyənlərin üzərinə böyük yükü düşür. Ona görə, komanda ilə işləmək daha yaxşıdır. Amma mən sərbəstliyi sevdiyimə görə, tək fəaliyyət göstərməyi üstün tuturam. Kiməsə qarşı cavabdehlik daşımaq mənə görə deyil. Həm də düşünürəm ki, hansısa şirkət daxilində tanınmaqdansa, öz adını brend kimi tanıtmaq daha yaxşıdır. Çətin olsa da, öz adını brend etmək mənə görə daha üstündür. Belə olan halda, şirkətə yox, sənin özünə etibar edirlər”.
"Sərbəst rejimlə işləmək qrafiklə işləməkdən daha çətindir”
Gənc mütəxəssisdən çalışdığı sahənin çətin və asan tərəflərini soruşduq: "Bəzən bir problemi aradan qaldırmaq üçün günlərlə yuxusuz qalırıq. Hərdən də elə olur ki, gecə saat 2-də zəng vurub səndən nə isə tələb edirlər. Yəni bizim konkret iş vaxtımız yoxdur. Günün istənilən saatı gələn zənglərə və mesajlara cavab vermək məcburiyyətindəyik. İşin yeganə yorucu tərəfi budur. Amma işi bitirib təhvil verdikdən sonra yaxşı nəticə əldə edirsənsə, bu, çəkdiyin bütün əziyyətlərə dəyir. Əslində sərbəst rejimlə işləmək qrafiklə işləməkdən daha çətindir. Çünki sən öz vaxtını özün təyin etməli, düzgün planlaşdırma aparmalısan. Buna görə də iki dəfə daha artıq məsuliyyətli olmaq məcburiyyətindəsən. Hər işin təhvil müddəti fərqli olur. Yəni bir saata və bir neçə günə təhvil verə bilərsən. Həmçinin hər bir platformanın öz xüsusiyyətləri var. Hazırda "İnstaqram” və "Facebook” digər sosial medialara nisbətən daha asandır. Çünki onların təklif etdiyi xidmətlər əlverişlidir”.
Sosial medianı ən gəlirli sahələrdən biri kimi qiymətləndirən Samir, hazırda sırf "Youtube” üzərindən gəlir əldə edir: "Məsələn, bir həftə ərzində bir milyon baxış qazanırsansa, bu, beş min dollar deməkdir. Yəni bu məbləğ müddətdən asılı olaraq dəyişir”.

"Bu günə kimi bir sıra tanınmış şəxslərlə işləmişəm”
"Hazırda əksər peşəkar insanlar və tanınmışlar sosial media mütəxəssislərinə müraciət edir. Sosial media onların gördüyü işi cəmiyyətə təqdim edir. İndi elə bir dövrdür ki, hər kəsin reklama ehtiyacı var. Sən öz işini nə qədər düzgün formada cəmiyyətə təqdim etsən, bir o qədər sənə tələbat olacaq. Günümüzdə sosial medianın gücü inkaredilməzdir. Ona görə də, onunla düzgün şəkildə davranmaq lazımdır. Əks halda illərlə qazandığınız etibarı bir neçə dəqiqə ərzində itirə bilərsiniz. Bu günə kimi bir sıra tanınmış şəxslərlə işləmişəm. Onların arasında azərbaycanlı və türkiyəli sənətçilər var. Bir dəfə türkiyəli sənətçilərdən birinin sosial media hesabları ələ keçirilmişdi. Uzun müddət idi ki, hesabını geri qaytara bilmirdi. 18 saat ərzində bu problemi aradan qaldırdıq və özünə təhvil verdik. Hətta sonradan onun hesabını rəsmiləşdirdik. Ümumiyyətlə, Türkiyədə bu, adi hala çevrilib. Əksər tanınmışların hesabı tez-tez xakerlər tərəfindən sındırılır. Orada bəzi xidmətlər bağlı olduğuna görə, problemi aradan qaldırmaq çətin olur. Amma saxtakarlığa əl atan tanınmışlar da var. Yəni əksəriyyətinin izləyiciləri heç də reallığı əks etdirmir. Çünki saxta yollarla izləyici sayını artırmaq çox asandır. Bu, bir növ artıq onlar arasında rəqabətə çevrilib. Hər kəs istəyir ki, izləyicilərinin sayı rəqibinkindən daha çox olsun. Amma bunu ayırd etmək heç də çətin deyil” – Samir əlavə etdi.

"Gələcəkdə öz şirkətimi qurmaq niyyətim də var”
Sonda Samirə uğurlar arzulayıb, gələcək planları haqda da soruşduq: "Gələcəkdə bu sahəni daha da inkişaf etdirmək və sosial media üzrə biliklərimi genişləndirmək istəyirəm. Öz şirkətimi qurmaq niyyətim də var. Bütün sosial media xidmətlərini təklif edən şirkət yaratmaq hədəflərim arasındadır. Məktəbi ötən il bitirsəm də, universitetə sənəd vermədim. Çünki mənim istədiyim sahə üzrə burada ali təhsil verilmir. Yəni universitetlərdə sırf sosial media üzrə ixtisas yoxdur. Ona görə də, təhsilimi xarici ölkələrdən birində davam etdirmək istəyirəm. Hələlik qərar verməsəm də, Almaniya, yaxud Amerikada oxumaq niyyətindəyəm”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər