• çərşənbə axşamı, 19 mart, 07:08
  • Baku Bakı 8°C

“103” operatorlarının bir günü... - Peşə adamının bir günü

16.09.17 09:30 6034
“103” operatorlarının bir günü... - Peşə adamının bir günü
103... Hansısa tibbi yardımla bağlı təşvişə düşsək, ağlımıza gələn ilk rəqəmlərdir... Hətta bəzi hallarda bizə tibbi yardım göstərilsə belə, ən çox incitdiyimiz insanlardır. Onların "təcili yardım briqadası 5 dəqiqəyə sizin ünvanda olacaq” ifadəsi bizə 50 dəqiqə kimi görünür. Bəzən aqressiv danışsaq da, onlar bizdən nəvazişini əsirgəmir.

Söhbət Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Call sentr”, dispetçer xidmətindən gedir. İstədik ki, bir günümüzü onlarla keçirək və iş proseslərini izləyək.

Məlumat üçün bildirək ki, Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidmətinin yeni inzibati binasında müasir kompüter şəbəkəsi yaradılıb. "103” çağırış nömrələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə 2 ayrı istiqamətdən bir-birini əvəz edə biləcək fiberoptik kabel stansiyaya çatdırılıb. GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin mərkəzlə əlaqəsi yaradılıb. Xüsusi elektron xəritə üzərindən hər an hadisəyə ən yaxın avtomobilin təyin edilməsi mümkündür.

"Özümü sünnət etmişəm, təcili gəlin”
Əvvəlcə qarşısına "103” yazılan otağa daxil oluruq. Otaq arakəsmə ilə iki hissəyə bölünür. Birinci otaqdakı dispetçerlər zəngləri qəbul edir və ikinci otağa yönləndirir. İkinci otaqdakılar isə ünvanı dəqiqləşdirib əraziyə ən yaxın olan tibbi yardım briqadasına göndərirlər.

İnarə Məmmədova "103”-də zəngləri qəbul edir. Yəni birbaşa olaraq xəstə yaxınları ilə ünsiyyətdə olur. Səhər saat 9-dan axşam 9-a qədər işləyir. Bəzi günlər isə axşam saat 9-dan səhər 9-a kimi. İnarə deyir ki, axşam 7-dən 2-yə kimi çağırışlar daha çox olur: "Xəstə yaxınlarının əksəriyyəti bizimlə təhqiramiz formada danışır. Bizim ixtiyarımız yoxdur ki, onlara "adboy” və ya qarşılıq verək. Çünki o, xəstə yaxınıdır və biz də onun yerində özümüzü təsəvvür etməliyik. Bəzən olur ki, zəngdən 4 dəqiqə keçir, zəng vurub təhqir edir ki, bəs həkim niyə gəlmədi? Çox səbirsizdirlər. Amma mən onları anlayıram. 4 dəqiqə onlar üçün 40 dəqiqəyə bərabərdir”.

İnarə deyir ki, boş və ya maraqlı çağırışlar daha çox olur: "Bəzən zəng vururlar, təşvişlə deyirlər ki, sarı turbanın yanına gəl. Soruşuruq ki, sarı turba hansı ünvanda və ya ərazidədir, əsəbiləşib təhqir edirlər. Bəzən də ünvanı vermirlər, deyirlər ki, tez gəl. Unutmadığım və maraqlı çağırışlar çox olur. Məsələn, bir dəfə biri zəng vurub ki, özümü sünnət etmişəm, təcili gəlin. Yəqin ki, əqli cəhətdən zəif adam idi”.

"Saatı öyrənmək üçün təcili yardıma zəng vururlar”
3 ildir ki, "103”-də çağırış mərkəzində çalışan Minarə Məmmədova da boş zənglərdən şikayətlənir: "Məsələn, bir abunəçi var ki, hər gün saatı dəqiqləşdirmək üçün bizi məşğul edir. Bir dəfə biri hər dəqiqə zəng vurub "bayramınız mübarək” deyirdi. Bəziləri qaz, su idarəsi ilə bağlı suallar verirlər. İzah edəndə ki, siz təcili yardıma zəng vurubsunuz, deyir, bəs təcili yardım nəyə lazımdır, bizim problemimizi həll edin, o da təcilidir. Uşaqlar tez-tez zəng vurub mane olurlar. Kimisi də mobil telefonla zəng vurub "gör nömrəm neçədir, nömrəmi unutmuşam, təcili kömək edin” deyir.

Minarənin sözlərinə görə, yay aylarında günvurma, qida zəhərlənmələri və boğulmalarla, qışda isə dəm qazı ilə bağlı müraciətlər çox olur.

Qırmızı, yaşıl, qara...
Fəxriyyə Hüseynova isə digər otaqda ünvanların dəqiqləşdirilməsi və həkimlərin ünvana çatdığı vaxta nəzarət edir. Onun işi birbaşa həkimlərlə bağlı olduğu üçün o qədər də çətinlik çəkmir: "103-dən bizə zəng ötürülür və ərazini müəyyənləşdirib təcili yardım briqadasını yollayırıq. Kompüterdə qırmızı rənglə işarələdiyim ünvan çağırışın olduğunu bildirir. Yaşıl rəng də olanlar isə artıq icra olunub. İmtinalar isə qara rənglə işarələnir”.

Fəxriyyə ilə danışdığımız vaxt onun mikrofonuna səs gəlir: "Ramiz Qəmbərov adına iki küçə var. Hansına gedək...”
Fəxriyyə ünvanı araşdırır, biz isə onun işinə mane olmamaq üçün oradan uzaqlaşırıq.

"Həyat yoldaşımdan mənə quduzluq keçərmi?”
Bu zaman qarşımıza təcili tibbi yardımın həkimi Sübhan Həsənquliyev çıxır. Sübhan həkimin ürəyi sözlə doludur. O, səhər saat 9-dan axşam 10-a kimi işləyir. Amma çağırışdan asılı olaraq, bəzən 2-3 saat artıq işləməli olur. Deyir ki, çağırışları operativ şəkildə yerinə yetirirlər: "10 ildir ki, təcili yardımda işləyirəm. Hər günümüz maraqlıdır. Bir dəfə bir çağırışa getmişdik. Ər-arvad dalaşıblar və oğlan qızın baldırını dişləyib. Köpək dişi yoldaşının baldırına batıb. Çox böyük yara deyildi. Yaranı yuduq. Çağırışı qadın etmişdi. Bizi ona görə çağırıb ki, yoxlayaq, görək həyat yoldaşından ona quduzluq keçər, yoxsa yox. Mən də dedim ki, əgər yoldaşınız quduzdursa, keçəcək (gülür-A.Ə)”.

Sübhan həkim deyir ki, təcili yardıma aid olmayan çağırışlar çox olur: "Məsələn, yaşlı qadın pampers dəyişmək, işığı sönən adamlar lampa bağlamaq üçün təcili yardım çağırır. Bəzən də olur ki, qadın qocadır, divanda oturur. Divandan düşüb təzədən divanda oturtmaları üçün təcili yadım çağırırlar. Qonşudan narazılıq etmək istəyən, gəlininə, qayınanasına özünü xəstə göstərmək istəyən insanlar təcili yardım çağırırlar. Belə çağırışçılara demək istəyirəm ki, boş yerə çağırış verməsinlər. Çünki briqadalar məşğul olur və ciddi xəstələrə yardım etməkdə bəzən gecikirik. Təcili yardıma aid olan riskli xəstələr çağırsa, hamının çağırışını operativ şəkildə yerinə yetirməyə lazımi qədər briqada var. Amma belə boş çağırışlardan ötrü zəng vurmasınlar. İşə getməyib, xəstələndiyi üçün sənəd almaq istəyən də bizi çağırır. Təcili yardıma aid olmayan çağırışlar bizi çox incidir”.

Günə 2000 çağırış...
Əməliyyat və hospital şöbəsinin böyük həkimi Bənövşə Quliyeva deyir ki, təcili yardım fasiləsiz fəaliyyət göstərir: "Gün ərzində 2000-dən çox müraciət olur. 2000 çağırışın icrasını çeşidləmə aparılmadan icra etmək mümkün deyil. Çağırışı qəbul edən tibb bacısı protokola uyğun sualları verib, ona uyğun cavabları almalı, bunu sənədləşdirməlidir. O formada qəbul olunan informasiyaları da səyyar briqadaya ötürür ki, briqada ünvanı vaxtında tapsın. İkincisi, onun verdiyi çağırışın səbəbinə uyğun olaraq, biz mütəxəssisləri seçirik. Bunu xəstə barədə verilən məlumat əsasında həyata keçiririk. Çağırışları yerinə yetirmək üçün kifayət qədər briqadalarımız var. Amma boş çağırışlar daha çox olur. Çağırışları çeşidləməsək, daha ağır xəstələrə tez yardım göstərə bilmərik”.


Həkim istəməz ki, geciksin...
Həkim deyir ki, pik saatlarda yollardakı tıxaclar da gecikmələrə səbəb olur. Ən böyük problemi isə çağırış zamanı ünvanların düzgün verilməməsi yaradır: "Əhali öz yaşadığı ünvanı bilmir. Soruşanda harada yaşayırsınız, hansısa marketin ünvanını deyir, yaxud hansısa tikilini deyir, hansı ki, ona uyğun tikililər Bakı şəhərində çoxdur. Bəzən olduğu ünvanı bilmir, biz xahiş edirik, ya şəxsiyyət vəsiqəsindən, ya da kommunal ödəniş qəbzlərinin üstündə olan ünvanı bizə desin ki, tapa bilək. Heç bir həkim istəməz ki, geciksin, yaxud da onun işində xoşagəlməz hallar müşahidə edilsin”.

Çalışdıq ki, təcili yardımda işləyən operatorların rastlaşdıqları çətinlikləri sizinlə bölüşək. Növbəti saylarımızda təcili yardım briqadasının bir günü ilə də sizi tanış etməyə cəhd göstərəcəyik. Çalışın sağlamlığınızı qoruyun və boş çağırışlar edib briqadanı məşğul edənləri maarifləndirin!

Aygün ƏZİZ







banner

Oxşar Xəbərlər