10 yaşından işləməyə başladı, gec də olsa təhsil aldı, hədəfə çatdı - Örnək
11.10.19 13:47
1953
Həyatda
yaşadığı çətinliklər onu uşaqlıq arzusu olan təhsil almaq istəyindən
uzaqlaşdırmayıb. Hərbi xidmətdən sonra olsa belə, ali təhsil alıb. İnkişaf üçün,
insanın sahib olduğu düşüncənin böyük rol oynadığını deyir. "Örnək”
rubrikasının budəfəki qonağı Orxan
Mahmudovdur.
Orxan
Mahmudov 1993-cü ildə anadan olub, Bakı Slavyan Universitetinin psixologiya
fakültəsində təhsil alıb. Hazırda beynəlxalq şirkətdə təlim və inkişaf
mütəxəssisi olaraq çalışır. Karyera və fərdi inkişaf sahələrində təlimçi kimi
tanınır. Bundan başqa, fərdi olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul olur.
- Sosial şəbəkədə bir
paylaşımızında "bu gün qazandıqlarımın arxasında uşaqlıqda yaşadığım
çətinliklər dayanır” yazıbsınız. Bilmək olar, o çətinliklər nələr idi? -
Bu vaxta kimi yaşadıqlarımın çox qısa hissəsini sizlərlə paylaşacağam. 7
yaşımdan anamdan eşitdiyim "Bala ümidimiz sənsən", "Gözümüzü
sənə dikmişik" ifadələr ilə böyüyüb, hər zaman bu məsuliyyəti üzərimdə
hiss etmişəm. Demək olar ki, 10 yaşımdan işləməyə başlamışam. 13 yaşım var idi,
atam ağır xəstə oldu və o andan artıq ailəmizin məsuliyyətini tam üzərimə
götürdüm. 15 yaşımdan başlayaraq, artıq evdən pul götürmədim, evə pul gətirdim.
İşlədiyim üçün məktəbə getmirdim, ona görə də, vaxtında oxuya bilmədim. 18 yaşımda, ailəmizin
ən pis vaxtında hərbi xidmətə yollandım. Hərbi xidmətimin 3-cü ayında hospitala
düşdüm, hospitalda olarkən atamın ölüm xəbərini eşitdim, amma mənə ölümündən 4
gün sonra demişdilər. Təbii ki, əyilmədim, ana-bacıma dəstək oldum. Hospitalda
olduğum üçün məzuniyyət vermədilər, yalnız atamın 40 mərasiminə gələ bildim.
Uğurlu nümunə çəkiləcək xidmət etdim. Hərbidən sonra fəhlə, qabyuyan kimi
müxtəlif işlərdə çalışdım. Amma uşaqlıqdan bir məqsədim var idi: insanlara
faydalı olmaq. Bu çətinliklərə rəğmən, heç zaman bəhanələr etmədən, üzərimdə
çalışdım və 22 yaşımda özüm hazırlaşaraq, istədiyim ixtisas üzrə ödənişsiz
əsaslarla universitetə daxil oldum. İlk gündən aktiv həyata qoşuldum, tələbəlik
dövründə də böyük çətinliklərlə qarşılaşdım, lakin yenə də hədəfimə doğru
inamla addımladım. Həyatımda heç vaxt mənəvi dəstəyim də belə olmayıb. Hər şeyi
öz gücümlə qazanmışam, "mümkünsüzdür, edə bilməzsən, sənlik deyil" ifadələrini
etmişəm. Bu gün də məqsədimə doğru inamla addımlayıram və istədiyim işdə
çalışıram. Hələ yolun başlanğıcındayam Allahın izni ilə gediləcək yol, görəcək
işimiz çoxdur. Bu gün məni formalaşdıran, həqiqətən də o çətinliklər olub, az
və ya çox, nə qazanmışamsa, uşaqlıqda yaşadıqlarım dayanır.
- Bəs, bu gün "qazandıqlarım” deyəndə nəyi nəzərdə
tutursunuz?
- Əslində,
ölkəmizdə yanaşma bir az fərqlidir. İnsanlarımız daha çox görünüşə önəm verir.
Düşünürlər ki, birinin biznesi varsa, mütləq onun maşını, bahalı evi, geyimləri
olmalıdır. Ancaq mən başqa cür düşünürəm. Əgər bu gün qazandıqlarımdan danışası
olsam, evdən, maşından yox, istəklərimə, hədəflərimə çatmaqdan danışaram. Bu
gün istədiyim yerdəyəm, hədəf aldığım sahədə işləyirəm və istədiyim həyat
tərzini yaşayıram. Təbii ki, hədəfim böyükdür, bu yolda daha da irəliləməyi
planlayıram.
- Qeyd etdiniz ki, hərbi xidmətdən sonra
hazırlaşaraq universitetə qəbul olubsunuz. Oğlanların əksəriyyəti əsgərlikdən
sonra təhsilə maraq göstərmir, gec olduğunu düşünərək ali təhsilin dalınca
getmirlər. Sizdə bu istək haradan idi? - Təhsil
almaq uşaqlıqdan arzum idi, amma bəzi səbəblərdən bu arzum yarımçıq qalmışdı.
Yəni bu, mənim hədəfim idi, 25 və ya 30 yaşımdan asılı olmayaraq, bunu
edəcəkdim. Hərbi xidmətdən gələndə də maddi vəziyyətimiz elə də yaxşı deyildi,
bir neçə il işlədikdən sonra, 22 yaşımda universitetə daxil oldum.
- Bəs, nə üçün psixologiyanı seçdiniz? - Açığı,
əsas məqsədim ali təhsil almaq idi, əvvəllər fakültə ilə bağlı qəti bir fikrim
yox idi. Ancaq əsgərlikdə əmin oldum ki, psixologiya sahəsində təhsil almaq
istəyirəm. Əsgərlikdə olarkən psixologiya ilə bağlı bəzi kitablar oxuyurdum və
çox maraqlı sahə olduğunu düşünürdüm. Hərbi xidmətdən qayıtdıqdan sonra isə
fərdi inkişafla maraqlanırdım, onda bildim ki, fərdi inkişafın əsasında
psixologiyanı bilmək dayanır. Bununla da, psixologiya ixtisası üzrə təhsil
almaq qərarım konkretləşdi.
- Həmin dövrdə maddi vəziyyətinizi necə təmin
edirdiniz? -
Universitetə daxil olan günədək səhər saat 9-dan, axşam 9-a qədər restoranda
işləmişəm. Sentyabrın 15-i dərslər başladığı üçün, 13-ü işdən çıxdım. Bir
müddət məni idarə edəcək pul yığmışdım. Amma əvvəl-axır, o pul da bitəcəkdi.
Ona görə, yenidən dərs saatlarıma uyğun işə başladım. Birinci kursda ikinci
növbə oxuduğum üçün gecə növbəsində işlədim.
- Həm oxumaq, həm işləmək çətin deyildi? - (Gülür)
Xeyr, 10 yaşından işləyən biri üçün çətin deyildi.
- Sizi şəxsi inkişaf üzrə gənc təlimçi kimi
tanıyırıq. Bu sahəyə maraq necə yarandı? - Şəxsi
inkişafla tanışlığım 2013-cü ildə olub. Amma təlimçilik haqqında düşünməmişdim.
Universitetə qəbul olduqdan sonra da özümün şəxsi inkişafımla məşğul olurdum.
Zamanla özümdə təlimçilik potensialını gördüm. Müxtəlif təlimlərdə iştirak
edirdim. Digər tərəfdən, mənim inkişafında, irəliləməyimdə heç kimin köməyi
olmayıb, amma gənclərimizə dəstək olmaq istəyirəm deyə, düşündüm ki,
öyrəndiklərimi insanlarla bölüşüm. Bu, məni xoşbəxt edən məqamlardan biridir.
Ona görə, düşündüm ki, bu işi daha intensiv hala gətirərək təlimlər keçim.
- Maraqlıdır, təlimçi kimi öz şəxsi inkişafınızı
necə təmin edirsiniz? - Mən bu yaşıma qədər həmişə qazancımın bir
hissəsini kitablara ayırmışam. 2012-ci ildə 180 manat maaş alırdım, onun 40
manatına kitab alırdım. Bir kitabı alıb oxuyurdum, sonra bir az ucuz qiymətə satıb
üstünü düzəldib, yenisini alırdım. Şəxsi inkişaf mənim üçün hər zaman prioritet
olub və olacaq da. İndi də qazancımın bir hissəsini təlimlərə xərcləyirəm.
Beynəlxalq ödənişli onlayn təlim layihələri götürürəm.
- Necə düşünürsünüz, insanın şəxsi inkişafı onun
şəxsi keyfiyyətləri ilə düz, yoxsa tərs mütənasib olur? - (Gülür)
Maraqlı sualdır. Düşünürəm ki, şəxsi inkişafla bağlı təbliğat prosesi düzgün
getmir. Şəxsi inkişaf hər bir insanın həyatının ayrılmaz hissəsi olmalıdır.
Şəxsi inkişaf kitab oxuyub, təlimlərə getməkdən ibarət deyil. Bizim idmanımız
da şəxsi inkişafımıza xidmət edən bir vasitədir. Amma bütün bu deyilənlərin
fonunda insanın şəxsi keyfiyyətləri dayanır. İnsanların istənilən sahədə
qazanacağı uğur, onun bacarığından çox, şəxsi keyfiyyətli üzərində qurulur.
Yəni yüksək səviyyədə bacarıqlı biri yalançıdırsa, məsuliyyətsizdirsə, təbii
ki, o, zamanla gözdən düşəcək və heç kim ona inanmayacaq. Sadaladığım bu
keyfiyyətlərə sahib biri, inkişaf etmiş hesab olunmur.
- "Facebook” da "insan mühəndisliyi” həştəqi ilə
paylaşımlarınız olur. Bilmək olar həmin statuslarla insanlara hansı mesajı verməyə
çalışırsınız? - İnsan
mühəndisliyinin əsasında psixologiya dayanır və mən onu Azərbaycanda inkişaf
etdirməyə çalışıram. Amma hələ ki tam aktiv bir şəkildə fəaliyyət göstərmirəm.
Hazırda fəaliyyət göstərən bir sıra kouçlar, mentorlar var. İnsan mühəndisinin
onlardan fərqi odur ki, məsələyə hərtərəfli baxır. Hələ ki, yaşım az olduğu
üçün bu sahəni daha da dərinləşdirə bilmirəm.
- Sosial media profilinizdə müxtəlif yaşda olan
gənclərlə baş tutan görüşlərinizdən şəkillər paylaşırsınız. Bir az da bu
görüşlərin mahiyyətindən danışaq.
- Əslində,
belə görüşlər çox olur. Profilimdə bir qismini bölüşürəm. Həmin görüşlər fərdi
dərslərdir. Bir ilə yaxındır ki, gənclərin fərdi inkişafı ilə bağlı belə
görüşlər keçiririk. Fərdi inkişaf, adından da göründüyü kimi, fərdi qaydada
olmalıdır. Təlimlər, sadəcə insanları öz şəxsi inkişafları ilə bağlı düşünməyə
sövq edir.
- Söhbətinizdən aydın olur ki, insanların
inkişafına fayda vermək istəyiniz böyükdür. Bu, nədən qaynaqlanır? - Bayaq da
dediyim kimi, mənim inkişafımda heç kimin dəstəyi olmadığından, necə çətin
olduğunu anlayıram. Əgər yol göstərənim olsaydı, bəlkə də, bu gün əldə
etdiklərimi daha tez qazanardım. Ona görə də, bu cür köməyə ehtiyacı olan
gəclərimizə əlimdən gələn dəstəyi göstərirəm. Sanki onlarda illər əvvəlki
Orxanı görürəm.
- Şəxsi inkişaf təlimlərinə qoşulanlar arasında
xanımlar, yoxsa bəylər üstünlük təşkil edir? - Artıq
neçə ildir ki, bu sahədə fəaliyyət göstərirəm və tam səmimi olaraq deyə bilərəm
ki, xanımlar daha fəaldırlar. Təlim auditoriyasının 80%-i xanımlardan ibarət
olur. Bu, sevindirici haldır ki, xanımlar üçün şəxsi inkişafları prioritet
məsələdir. Amma digər tərəfdən isə bəylərin azlığı məni narahat edir.
- Gənclərə məsləhətiniz nələrdir?
- Məsləhət
deməzdim, sadəcə bu yolu keçən biri kimi təcrübəmi və tövsiyələrimi bölüşə
bilərəm. Yaxşı olar ki, özlərində qlobal düşüncə tərzini formalaşdırsınlar. Bu
düşüncə harada yaşamaqlarından asılı olmayaraq, onları uğura aparacaq.
İnsanların məişət həyatını müzakirə edib beyinlərini o istiqamətdə yormasınlar.
Daha ciddi işlərlə məşğul olub, öz həyatlarına, inkişaflarına fokuslansınlar.
Öz inkişafları ilə bağlı məsuliyyəti başqa insanların üzərinə atmasınlar,
qərarları özləri versinlər. Arxadakı insanlara baxıb rahatlanmasınlar, əksinə
öndəkilərə baxıb rəqabətə girərək inkişafları üçün çalışsınlar.