AZE | RUS | ENG |

10 ildir şəriklik edən dostlar - Biznes

10 ildir şəriklik edən dostlar - Biznes
Fuad Ağayev: “Dost olsaq da, işimizi bəlli qanunlar əsasında idarə edirik” Tural Aslanlı: “Əgər bizim aramızda pul məsələsində nəsə anlaşmazlıq və ya inamsızlıq olsaydı, şəriklik 10 il davam etməzdi”

Bir-birilərini uşaq vaxtından tanıyırlar. Heç vaxt nə zamansa bir yerdə iş qurub şərik olacaqlarını düşünməyiblər. Amma sonra elə alınıb ki, bir yerdə iş qurublar və bu, davamlı olub. Hazırda 3-cü ortaq işlərinin üzərində çalışırlar. Deyirlər ki, bu şəriklik yalnız düşüncə tərzlərində fərqlilik yaranarsa, bitə bilər. Həmsöhbətlərim iki fərqli biznes sahəsində işlərini quran, "Black Street” və "Street Food” bizneslərinin yaradıcıları Fuad Ağayev və Tural Aslanlıdır.
 
- İki fərqli biznes sahəsində fəaliyyət göstərirsiniz, ilk olaraq hansını başlayıbsınız? 
Fuad:İlk olaraq "Black Street” geyim mağazasını açdıq. Bu, 2010-cu ilə, bizim tələbə olduğumuz dövrə təsadüf edir. Bazarda bu sahəyə tələbatın olduğunu gördük, Turalla danışıb bu istiqamətdə bəzi müzakirələr etdik. İlk mağazamızı açmaqda başqa iki dostumuzun da köməyi oldu. Həmin dövrdə heç birimizin pulu yox idi. Yəni, ideyamız olsa da, bunu reallaşdırmaq üçün nə biznes planımız, nə də investisiyamız yox idi. İlk mağazamızı Gəncə şəhərində açdıq. Götürdüyümüz yerin kirayə pulunu vermək üçün ordan-burdan borc tapdıq. Tural əmisindən borc aldı, bir dostumuz yığdığı  təqaüdünü verdi, bir dostumuz isə əl işləri ilə bizə kömək etdi. Beləcə, ilk mağazamızı açdıq. Daha sonra zamanla, dostlardan aldığımız borcları qaytardıq. Hazırda 6 mağazamız fəaliyyət göstərir.
 
 
- İkinci biznesə başlayıbsınızsa, demək ki, birincinin gəliri yaxşı olub.
Tural: Yadımdadır, ilk geyim dükanını açarkən bir dostumuzun təhsil ödənişini almışdıq və söz vermişdik ki, 6 ay sonra qazancımızla onun yerinə universitetə ödənişi biz edəcəyik (gülür). Bəli, işlər çox yaxşı oldu, 3 ay ərzində bütün borclarımızı qaytardıq, həmin dostumuzun da ödənişini etdik.  
 
Fuad:Bilirsiniz, bu, böyük risk idi. Düşünürəm ki, işə başlayan hər kəsin baxış bucağı fərqli olur. Yəni o, başlayacağı işin necə irəliləyəcəyini görür. Biz də bu işin axırının yaxşı olacağına inanırdıq. İlk işimiz yaxşı alındığına görə, əldə etdiyimiz qazancl ikinci işimiz olan "Street food”u yaratdıq. Mən həmişə deyirəm ki, "Street food” kəndçinin bazarıdır. Yəni bəzi souslarımızdan başqa, bütün məhsullarımız yerlidir. Onu da qeyd edim ki, bu yaxınlarda artıq həm regionlarda, həm da Bakıda şöbələr açmağı düşünürük.
 
- Hazırda Bakıda kifayət qədər məşhur "McDonald”, və "KFC” kimi yerlər var, sizcə, "Street food” bunlarla rəqabətə davamlı ola biləcək? 
Tural: "Black Street” açılanda Sumqayıtda, Bakıda və digər bölgələrdə geyim mağazaları vardı. İndi bazarda onlar da, biz də fəaliyyət göstəririk. Düşünürəm ki, müştəriyə daha fərqli nəsə verə bilirik ki, onlar bizim mağazalardan alış-veriş edirlər. Misal üçün, "Black Street” mağazasını Sumqayıtda açanda bizdən geyim alan müştərilərimizə meyvə hədiyyə verirdik. Bu kompaniyanı həyata keçirməyimizdə məqsəd həm məhsulumuzun satışını təmin etmək idi, həm də insanlara vitamin verməyə çalışırdıq. Bu kimi fərqlilikləri "Street food”da tətbiq etmək istəyirik.
 
Fuad:Bizə görə, heç nə mükəmməl deyil. Komandamızın bir ideologiyası var. Bizimlə eyni sektorda xidmət göstərənlərdən fərqli olmağa, fərqlinin daha yaxşısını etməyə çalışırıq. Düşünürəm ki, bu fərqliliyi tətbiq edə bilsək, işimizdə uğur əldə edəcəyik.
 
 
- İki biznesdə ortaqsınız. Şərikli iş görmək çətin olmur? 
Fuad: Məncə, ilk növbədə işi qanunlara əsasən idarə etmək lazımdır. İşi qanunlara əsasən quranda və tərəflər də həmin qanunlara əməl edəndə lap yüz il də şərikli işləmək mümkündür. Nizam-intizam olmayan, qanunlara məhəl qoyulmayan işdə problemlər yaranır. Biz nə qədər dost olsaq da, işimizi bəlli qanunlar əsasında idarə edirik. Bu şəraitdə şərikli olmaq insanı daha da gücləndirir. Və təbii ki, mütləq şəkildə vəzifə bölgüsü olmalıdır. Tərəflərin ikisi də eyni işi görməməlidir. Hər ikisi fərqli sahələr üzrə rəhbər ola bilər. Məsələn, mənim işim daha çox, şirkətin gələcək strategiyasını hazırlamaqdır. Tural isə şirkətlərin reklam və marketinq, müştəri məmnuniyyətinin təmin edilməsi kimi işləri həll edir. Təbii ki, hər iki işdə bir-birimizin fikirlərini alırıq, məsləhətləşirik.  
 
Tural: Şəriklik məsələsində insanların xarakterindən də çox şey asılıdır. Bu işdə şəxsi keyfiyyət ön plana çıxır. İnsanlarda dəyər anlayışı olmalıdır. İndiki dövrdə insanlar şəxsi keyfiyyətlərə çox böyük önəm verirlər. Ona görə, düşünürəm ki, bu kimi işləri görəcək şəxslərin xarakterləri normal olmalıdır, müəyyən dəyərlərə sahib olmalıdırlar.
 
 
- İşə başlayarkən təcrübə nə qədər önəmlidir?
Tural: Təcrübə hansı sahədə işləyəcəyindən asılıdır. Amma mənə görə, bir işə başlayarkən təcrübədən əvvəl, həmin işə istək olmalıdır. Və o qədər böyük olmalıdır ki, səni bu işi görməyə vadar etsin. Təcrübən varsa belə, içində istək olmasa, yenə də səhv edəcəksən. Əgər təcrübə yoxdursa, hər hansı problem yarandığı zaman bu sahədə təcrübəsi olan birindən məsləhət ala bilərsən. Yəni işi müəyyən səviyyəyə gətirmək üçün təcrübəyə ehtiyac yoxdur. Məsələn, biz hazırda 3-cü işimizi qururuq, turizm şirkəti açırıq. Bu sahədə təcrübəmiz yoxdur, əvvəllər hansısa turizm şirkətində işləməmişik. Amma içimizdə istək var, işimizi sevərək görürük. Belə olan halda, kömək etmək üçün bu sahədə təcrübəyə malik insanlar tapılacaq. 
 
Fuad: Mən şəxsi keyfiyyətlərə önəm verən biriyəm. İşə başlamaq üçün cəsarətli olmaq vacibdir. Digər tərəfdən, insanları inandırmaq və komanda formalaşdırmaq qabiliyyəti olmalıdır. Çünki bir insan beynindəki ideyaları digərlərinə izah edib, bu işin alınacağına inandıraraq, onları komanda kimi ətrafına toplamalıdır. Bu saydığım keyfiyyətlərə sahib olan şəxs, hansı sahədə biznes qurmağından asılı olmayaraq, müsbət nəticə əldə edə bilər. Gənclərimiz bəzən kimlərisə örnək alıb onun etdiyi işləri görməyə çalışır. Məsələn, İlon Mask. Onu bütün dünya tanıyır. Bir çox gənc də onun kimi işlər görmək istəyir. Amma məsləhət görərdim ki, ilk olaraq onun şəxsi keyfiyyətlərinə önəm versinlər. Onun xarakterini, hislərini anlamaq lazımdır. Yəni, İlon Mask həmin keyfiyyətlərə sahib olduğu üçün bu gün tanınır.
 
 
- Bu gün marka yaratmaq, onu brendə çevirmək üçün nə etmək lazımdır? 
Tural: İnsanlara dəyər verməlisən. Bir məhsulun brend olmasına onu yaradanlar yox, müştərilər qərar verir. Yaradılan məhsulu fərqli təqdim etmək lazımdır.
 
Fuad:Bu, bir anda olan iş deyil, mərhələli şəkildə baş verir. Hansısa işi görərkən bir müddət düşünmək, analiz aparmaq vacibdir. Onu da qeyd edim ki, Azərbaycanda brend yaratmaq digər ölkələrdəkindən daha rahatdır. Çünki bu sahədə bəzi boşluqlar var. Bazarda yerli brend azdır. 
 
- Sizcə, əlində pulu olan hər kəs öz işini qura bilər? 
Fuad: Öz işini qurmaq üçün pul vacib deyil. Düşünmürəm ki, əlində pulu olan hamı biznes qura bilər. Belə deyim də, investisiya bir işin təməlinin qoyulmasında 4 ya da 5-ci yerdədir. İşi qurarkən öncə dövrün tələbini düzgün qiymətləndirmək şərtdir. Daha sonra hansı mühitdə, hansı komanda ilə işləyəcəyin kimi nüansları nəzərə almaq lazımdır. Bir məsələni də qeyd edim ki, bəzən insanlar sıfırdan nəyəsə başlamaq əvəzinə, hansısa təməli qoyulmuş işə pul qoya bilərlər. 
 
  
 
- İki fərqli - geyim və qida sahəsində biznes qurubsunuz. Hansı sahə daha çətindir? 
Tural:Çətinlik deməyək, sadəcə qida sahəsinə daha məsuliyyətli yanaşırıq. Yəni geyimdə hansısa problem yaranarsa, müştəri onu qaytarıb, əvəzində yenisini alar. Amma yemək belə deyil. Yemək işi daha çox məsuliyyət tələb edir. Çünki birbaşa insanın sağlamlığına təsir edir. Digər tərəfdən, hər zaman eyni dadı verməlisən. Müştəri bu gün yeyib bəyəndiyi dadı sabah almazsa, onu itirə bilərik. 
 
- Maraqlıdır, gəlirlərinizi necə bölürsünüz?
Fuad: Məncə, hər şey müəyyən qanunvericilik əsasında olmalıdır. Bizim işdə hər kəsin öz vəzifəsi var və gəlirlər də buna uyğun bölünür.
  
Tural: Bilirsiniz, bəzi məsələlərdə pul elə də böyük önəm daşımır. Əgər bizim aramızda pul məsələsində nə isə anlaşmazlıq və ya inamsızlıq olsaydı, bu şəriklik 10 il davam etməzdi. 
 
- Bəs, bu şəriklik hansı halda bitə bilər?  
Fuad: Beyinlər dəyişdiyi zaman, yəni ikimiz də fərqli düşünməyə başladıqda şəriklik bitə bilər. Burada məsələ pul və ya vəzifədə deyil. Düşüncə tərzi, işə yanaşma dəyişdikcə məcburi olaraq şəriklik bitəcək. 
 
 
- Deyəsən, "Street Food”da həftədə bir gün özünüz xidmət göstərirsiniz. Bunun, işiniz üçün üstünlüyü nədir?
Tural:Əslində, bu, həftədə bir dəfə yox, çox olur. Hər bir şirkətin idarəetmə strategiyası var. Biz bazardakı rəqiblərimizi araşdırmağa vaxt sərf etmək əvəzinə, müştərilərimizlə daha yaxından əlaqədə olaraq onların xidmətimiz haqqındakı fikirlərini öyrənirik. Digər tərəfdən işçilərimizin iş şəraitinə bələd oluruq. Çünki ilk müştərimiz elə bizim işçilərimizdir.
 
Fuad: Müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir. Bunun üçün də mütləq işin içində olub, xidmət səviyyəmizi bilməliyik. Həmçinin, biz, işçilərlə rəhbər arasında uçurum yaratmamağın tərəfdarıyıq. Digər bir məsələ isə odur ki, işçilərdən yaxşı işləməyi tələb edirik. Biz düşünürük ki, yaxşı işləməyi tələb etməmişdən əvvəl, bunu ona özümüz əyani şəkildə göstərək. 
 
- Öz işini qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Tural: Sadəcə "əlimdə pul var, iş qurum” düşüncəsi ilə işə başlamasınlar. Daxilən həmin işə istək və maraqları varsa, öz işlərini qurmağa cəhd etsinlər. Ən əsası, gördüyü iş onu həyəcanlandırmalıdır.
 
Fuad:Heç vaxt ilk olaraq pulu, "mən nə qədər qazancam” sualını düşünməsinlər. İşə başlamaq üçün sevgini, ürəyini, bütün enerjini ortaya qoymalısan.
 
Günel Azadə
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311